Şekspirin unitaz səyahəti

Şekspirin unitaz səyahəti
15 iyun 2015
# 14:54

Mən Azərbaycan teatr mədəniyyətində yaşanan proseslərə, fristayl üslubunda gerçəkləşən improvizlərə, düşüncə moduslarına hərdən, Türkiyə türkləri demişkən, “bayılıram”.

Xalq yazıçısı Elçin Şekspirin “Romeo və Cülyettası”nı dəlixana “kosmodrom”undan uçan boşqabla əcayib-qərayib planetlərə göndərir.

Bu, romantika ilə dolu maarifçi modernizmidir. Mesaj: hələ ümid var və Xilaskar gələcək!

Xalq artisti Bəxtiyar Xanızadə isə Şekspirin “Hamlet”ini götürüb aktyor Azər Axşamın əliylə unitaza tullayır.

Bu isə özünə və hər şeyə qarşı kinayə ilə aşılanmış postmoderndir. Mesaj: heç bir ümid-filan yoxdur; ölüm olumun, olum da ölümün tayıdır və həyat ona görə absurddur ki, seçmək şansı həmişə sıfırdır: yəni bir kimsə belə xilas olmayacaq!

Münasibət fantastik şəkildə qütbləşir.

Müasir teatr hər hansı bir konkret ideyaya doğru yönlənmir: çalışır ki, fikirlər çoxluğuna çıxsın, qəfil diskurslar yaratsın, hər bir fraqmenti sərbəst bir performans kimi həll eləsin, teksti disk-jokey kimi “fırlatsın”, epizodları improviz montajlarla birləşdirsin, dekonstruksiya zamanı bədii mətnin sinirlərini doğrayıb onları yeni enerji bloklarına calasın, təhqiramiz şəkildə tabuları sındırsın; sındırsın ki, səhnəyə unitaz gətirsin; gətirsin ki, gerçəkliyi unitaz aşağılığından bir də modelləşdirsin.

Təqribən Pantomima Teatrı da Şekspirin “Hamlet”inə belə yanaşıb.

Unitaz teatrda yeni dəb deyil; hətta bəlkə köhnəlib də. Avropa onu bir vaxtlar səhnədə kulta çevirmişdi; “nə təbiidirsə, ayıb sayılmaz” ideyasından itələnmişdi; seyrçilərə ədəbsiz yüngül şok yaşatmışdı; daha düşünməmişdi ki, unitaz Avropa tipli komfortun emblemidir. Postdramatik Avropa teatrı onunla özünə bəraət qazandırırdı ki, əgər gün unitazla başlayıb onunla da tamamlanırsa, həyatda nəyinsə (fəlsəfənin, siyasətin, tarixin, dinin, mədəniyyətin, ehkamın, adətin, ehtirasın, pulun, dəbin, ideyanın) köləsi-fanatı olmağına, sözlərə bağlanmağına dəyərmi?

İnsan yaşamaq üçün özünü dilə tutanda kölə olmaq ehtimalı ilə barışır və “mən”ini ovundurmaq xatirinə bəhanələr axtarır.

Dünyada sözlər qarderobdan paltarlar asılan kimi asılıb: zamanında hansı gərəkli olursa, onu da geyinirsən. Geyinəndən sonra söz sənin enerjini alır. Odur ki, sözü kimin dediyinin fərqi böyükdür. Günahınızı sözlərin boynuna yıxmayın, cənablar!

“Hamlet ədəbiyyatın Mono Lizasıdır”, fəlsəfənin – Axillesi. Onun işlətdiyi “Sözlər... Sözlər... Sözlər...” ifadəsi isə Mono Lizanın təbəssümü kimi bir şeydir: bir kimsə bilmir o nə demək istəyib.

Rejissor Bəxtiyar Xanızadənin “Hamlet” tamaşasının zil qara bəhanələr məkanı sözlərə inam və etibarın qurtardığı məkanı bildirir. Sözlərin yalanlardan üzü qarsalanıb, yanıb, qaralıb.

Sən bəhanə gətirəndə yalan danışırsan.

Sözlər bəhanələrdən ötrüdür. Bəhanə tapmayan adam susur, sözlərə ehtiyac duymur.

Tənha adamın sözü olmur. Söz ünsiyyət bəhanəsidir.

Qara da susqunluğu eyhamlaşdırır. Onunla al qırmızının uyuşması da ecazkar, psixosomatik...

Öldürmək üçün Hamletə bəhanə lazım: ona görə lazım ki, intiqamını alıb da rahat vicdanla kral olsun, yaşasın, “sən qatilsən” yarlığından qurtulsun.

Dekorsuz məkan içrə yeganə rekvizit – kürsü – al qırmızı məxmər örtüyə bürünüb; arabir işıqlarla fokuslaşdırılır: o, səltənətin taxt-tac simvolu, hansının ki, altından sonucda unitaz çıxacaq.

Qımışmaq və pıqqıldamaq, teatrın ironiyasını anlamaq olar: yer üzünün bütün nazı-neməti, malı-dövləti, səri-sərvəti unitaza axır. Məxluqatın hamısı unitaz sistemindədir.

Bir tək fikir unitazdan qorxmur. Fikir yaşadır və öldürür: amma özü ölmür. Fikir hər yerdə diridir, hər yerdə pakdır: unitaz ona nə eləyəcək ki? Hamlet də yalnız fikirdir. Kitabı unitaza ata bilərsən, fikri – qətiyyən. Murdar fikirlər də murdarlığa bulaşmır: səni bulaşdırır. Fikir nə çürüyür, nə batır, nə də yanır. Gərçi belə olmasaydı, Şekspir Azərbaycan teatrının səhnəsində nə gəzirdi ki? Nə gəzirdi ki, onu unitaza vızıldatsınlar?

Bax, indi görək, Pantomima teatrı niyə belə davranıb Şekspir əfəndinin və dünya dramaturgiyasının bir nömrəli pyesilə?

Bir aktyor (Azər Axşam), sonra biləcəyik ki, o, Horatsidir, qara bir kitabı eynəkli gözlərindən xeyli aralıda tutub uzaq, özgə, yad bir mətn kimi “Hamlet” pyesini oxuyur. Oxuyub da kürsünün böyründə yerə əyləşir və tütəyi üfürür: tənhalığın bir duman melodisi... Projektor sönür; təzədən yananda görürük ki, aktyorlar dəyişib, Azər Axşamı Əli Əlizadə əvəzləyib: amma poza da, geyim də, tütək də həmən-həməndir.

Aydındır: teatr kitabçı Horatsionun (müəllfin-oxucunun) təsəvvürünü, xəyalını oynayacaq. Yoxsa Bəxtiyar tamaşanın proqramına janr əvəzinə yazmazdı ki “Horatsionun gözü ilə”? Üstəlik o da zəif ola, şil ola. Xatırlamaq üçün göz lazım deyil ki: kor da xatırlaya bilir... Ona görə də seyrçinin baxdığı oyun “Hamlet” tamaşası deyil, daha çox “Horatsio xatırlayır” tamaşasıdır. Hər bir xatirədə isə montaj, yadlaşma, təhkiyə mütləqdir.

Bu aspektdən yanaşanda görəcəyik ki, B.Xanızadə Şekspiri haradasa yüngülvari brextləşdirib. Tamaşa hadisələr ardıcıllığı yox, Şekspir mətninin olay bildiriciləri və “flashback”lər üzərində sürətli şahmat seansı kimi qurulub: yəni gəldi, dedi, getdi; detallar önəmli sayılmır. Sanki rejissor özü oyundan darıxır və tamaşanı tezcənə finala çatdırmağa tələsir. Emosional qatın dominantası rişxənd və kinayədir: qiymətləndir, mühakimə yürüt, yaşantı sorağında bulunma və əgər bacarırsansa, gülümsə.

Personajların hamısı qara geyinib, eyni tərzdə geyinib və mümkün ki, potensial Hamlet variantları kimi yozula bilərlər. Ancaq bu, mənim qənaətimdir. Olsun ki, heç Bəxtiyarın konsepsiyasına dəxli yoxdur.

Tamaşa ləng başlayır, heç cür temp yığa bilmir. Sözlər... Sözlər... Sözlər... mimlərə “ilişir” və onlar dil açıb dram aktyorları kimi danışırlar. Başa düşürsən ki, adətkərdə, öyrəncəli deyillər, vərdişləri azdır: söz söylənilir, amma heç kimdə heç bir reaksiya oyatmır, taxtaya dönüb taqqıldayır. Hərçənd bu rəy Nurlan Rüstəmovun Polonisinə aid edilmir. Aktyorun pırsımış saray yaltağı kimi rəsm etdiyi personajı nitq və davranışına görə şarjdır; elə bir şarj ki, asanlıqla karikaturaya çevrilə bilir və əlüstü reflektiv olur. Təəssüf ki, onun ifası tərəfmüqabibllərində güzgülənmir. Sonucda elə alınır ki, sanki bu aktyor estrada variantında mono oynayır.

Praktiki şəkildə yalnız “Siçan tələsi və ya Qonzaqonun ölümü” səhnəsindən sonra Bəxtiyarın “Hamlet” tamaşası teatral bir oyun halına gəlir, ritmlənir. B.Xanızadə maskalar, Noh teatr üslubunda səslənən musiqi fraqmenti və pantomima vasitəsilə çox ilginc, effektli bir epizod qurur. Adətən mənim gördüyüm “Hamlet” tamaşalarının (hətta kinofilmlərinin) ən uğursuz, ən kasad, ifadəcə ən boz yeri həmişə “Siçan tələsi” olub. Rejissorlar elə bil həmişə çalışırlar ki, bu səhnədən apar-topar canlarını qurtarsınlar. Çünki lal oyunudur və dram aktyorları lal olub nəsə anlatmaqdan zorlanırlar. Burada isə əksinə: məhz “Qonzaqonun ölümü” səhnəsi fenomenaldır; iri planda tünd boyalarla əla fakturada işlənilib və bu parça haradasa yapon Noh aktyorlarının oyun manerasından xəbər verir. Yəni Pantomima Teatrı öz stixiyasına döndüyü zaman vizual görüntüləri dolğun teatral leksemalara çevirməkdə inamlı görünür.

Şekspir mətninə gəldikdə isə məsələ bir xeyli əngəlli olur. Bu səbəbdən aktyorların hər biri yalnız fitrətən bacardığını oynayır və hər şey qalır personajlar arasındakı münasibətlər xaricində. Odur ki, seyrçi kimin kim olduğunu ancaq təxmin eləyə bilir. Hərdən məndə elə təəssürat yaranırdı ki, aktyorlar nə oynadıqlarını, nə üçün oynadıqlarını, niyə məhz “Hamlet” tamaşasına çıxdıqlarını, niyə Klavdi (E.Rəfiyev), Rozenkrants (E.İsmayılov), Gildenstern (C.Dadaşov), Ofeliya (S.Bədəlova) olduqlarını aydın təsəvvür etməkdə çətinlik çəkirlər və ona görə də zahiri effekt peşində bulunurlar. Bu da ona dəlalət eləyir ki, tamaşanın əməl xəttinin kontrapunktu tapılmayıb, sözlərin içindən keçən sinirlər bir-birilə düyünlənməyib.

Hamletin ifaçısı Əli Əlizadə də belə bir durumdadır. Onun Hamleti məqamlarca çox infantildir, bəzən kuklavaridir, bəzən özünü doğrultmayacaq dərəcədə çılğın və impulsivdir. Bəzənsə aktyor göz yaşları imitasiya eləyir. Nə üçün? Bəxtiyarın sərt postmodernist konsepsiyası hara, Hamletin bir nöqtəyə zillənmiş şüşə kimi parıldayan gözlərindən axan damlalar hara? Bir də Şekspir öz faciəsinin qəhrəmanını ağlamağa proqramlaşdırmayıb. Zarafat-zarafat, amma, razılaşaq ki, beş adamın qətli məhz onun boynundadır! Yəni Bakı göz yaşlarına inanmır! Hərçənd dediklərimin dışında Əli Əlizadənin Hamleti aşırı çevikdir, manevrlidir, plastikdir, öz qəzəb və intiqam püskürmələrində yeniyetmə qədərincə səmimi azərbaycanlıdır.

Olsun elə buna görədir ki, Hamletlə Layertin (Bəhruz Əhmədli) duel səhnəsi seyrçidən ötrü daha cəlbedicidir: çünki zatən iki gənc adamın döyüş ehtirasını dinamikada sərgiləyir. Bu da təsadüfi sayılmaz. Nədən ki, əksərən Azərbaycan rejissorları öz tamaşalarında qılıncoynatma səhnələrini qurmaq üçün məhz B.Xanızadəyə müraciət eləyirlər. Çünki pantomima ustası bunu əla bacarır.

Gertruda (Səbinə Hacıyeva) faktura baxımından elə bil Medeya, Antiqona kimi qədim yunan faciələrinin qadın personajlarını oynamaq üçün doğulmuş aktrisadır. Lakin danışmaq, dialoqda bulunmaq bu xanımdan ötrü aşkar əziyyətdir: tələffüz problemlidir, səsin plastikası çox zəifdir və ifa manerası monotondur.

Öz-özümə soruşuram: görəsən, tamaşa niyə bu cür sınıq, təsirsiz alınıb. Çalışacağam sualıma konkret cavablar tapım. Birinci: rejissorun konsepsiyası mətn kontekstində yalnız fraqmentdən fraqmentə işləyir; ikinci: tamaşa vahid üsluba “oturdulmayıb”, aktyorların ifa maneraları bir-birini kəskin şəkildə “vurur”; Azər Axşam, Əli Əlizadə, Nurlan Rüstəmov sanki fərqli-fərqli tamaşalarda oynayırlar. Elman Rəfiyev tamaşada ola-ola tamaşaya kənardan baxan bir seyrçi kimidir: nə baş verdiyini və niyə baş verdiyini heç bir vəchlə kəsdirə bilmir. Solmaz Bədəlova isə tamaşadan öylə bir uzaqlıqda dayanıb ki, düşünürsən: Ofeliyanın oyun məkanına çıxmasına ehtiyac vardımı? Ona görə tamaşa yığılıb bütövlənmir. Üçüncü: tamaşanın mizan partiturası çox qarmaqarışıqdır (Bəxtiyarın “Mənim düz-əməlli səhnəm yoxdur!” etirazını qəbul eləyirəm). Dördüncü: aktyorlar nəfəs dərmədən məkanda at kimi “çapırlar”: enerji bolluğu isə mənəvi-ruhsal keyfiyyətlərə çevrilmir. Beşinci: tamaşa kontrapuktsuz oynanılır: bu, B.Xanızadənin rejissurasına da, aktyorların ifasına da aiddir. Yalnız Azər Axşam özünün rola və özünün özünə münasibətini qarşılaşdıra bilir; yəni oyununun nöqtəsi, vergülü, tiresi və nidası var.

Mənim məqaləm də sözlər yığınıdır: çox bənd olmayın, tənqidimi qüsura yozmayın. Görürəm ki, yazmadıqca, dinmədikcə peşəkarlar da özfəaliyyətlə məşğul olmağa başlayırlar. Amma nə etməli: olanı budu və bu da Pantomima Teatrı üçün bir təcrübədir; sırğa eləməyinə dəyər və əgər bugün biz Hamleti unitaza atırıqsa, gör, bizim özümüzü sabah hara atacaqlar!

Sözlər neyləsin: onları mənasızlaşdıran biz özümüzük!

# 3443 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #