MÖVLANƏ

MÖVLANƏ
29 dekabr 2013
# 16:19

Vaqif İbrahimoğlunun xatirəsinə!

“Yuğ” teatrında tamaşa. Adı “Eşq”. İzahı: biz hamımız doğmayıq. Doğmaları sevmək asan. Yadı doğma eləmək çətin. Eşqin ipindən tutanda yadı da doğmaya çevirmək mümkün. Mənəviyyat və əxlaq oyunu. Çillə keçirik. Mürşid və mürid. Xeyir və Şər mələkləri. Nəfs və Xilas: “İxlas” surəsi. Farsca yazılmış “Quran”ın müəllifi Mövlanədir. Məsnəvilər: hekayətlər ordandır. Hadisəyə reaksiya və fəzaya qırma kimi saçılan mənalar. Şam işığı, çillə ayinləri, gəzişmələr, dönmələr, ruhun ayətləri və neyin nəfəsi: nəfsi öldürürük, nəfsin qarasından qurtuluruq. Ruhlar azadlığı sevər.

Mən tamaşaya baxıram və öz-özümə deyirəm: “Odur, Odur, Odur Vaqif İbrahimoğlu: Gəl, Gəl, yenə Gəl, Sən Burdasan, İlahi, Sən “Yuğ”dasan, İlahi!”

Məmmədsəfa Allahla İblisin arasında gündə min kərə yol gedib qayıdır Azərbaycanın teatr və kino sənətində. Bir üzü İblisdir, Şeytandır, Mefistofeldir, o biri üzü – Pir, Filosof, Salik. Mürşidi-kəbir onun aktyorluğunda bir partitura, bir rəng, bir qayə, bir ruhsallıq işarəsi. Heç bu tamaşa da istisna deyil. Mürşid (Rəşid, Ərşad, Rəşad və hətta Rüşdinin kökü birdir) ətrafına işıq saçandır: pak ruhu təmsil edər: nəfsindən qurtulan özünə xəyanətdən qurtulur; özünə xəyanətdən qurtulanın tövbəyə ehtiyacı qalmır.

Əməl: Mürşid bir fahişəni qucağına alıb çayı keçirdir.

İttiham: Sən o, əxlaqsız qadına toxunmamalıydın – Mürid yalnız zahiri görür.

Bəraət: Mən ona yardım elədim və qucağımdan düşürdüm – Mürşidin təmkini ümmandır; çünki özünə arxayındır, niyyətindən əmindir.

Nurlanma: Sənsə onu hələ də qucağından yerə qoya bilmirsən – Mürşid Müridə onun batinini göstərir.

Mürid hələ yolun başlanğıcındadır: şübhələrindən titrər, imanı qırıqdır, gözü dörddür, ehkamların əsarətindədir, öyrəndiklərini əzbərə öyrənib deyə, vara bilmir çillənin mahiyyətinə. Bu nə yahu – səhərdən axşamacan işləmək, qab yumaq, xorək bişirmək, çamura batmaq?! Sürt-ha-sürt bu nimçəni parıldayanacan, sürt-ha-sürt deyinə-deyinə (əsl Vaqifsayağı bir mizan), görüm, nura yetişərsənmi? Dəxli nə? İnsan beləmi çatır mənəvi kamilliyə? Şübhələr, təftişlər, gedib mənanın mənasını tapmaq, öz içində daim bir üsyanda bulunmaq Qasım Nağının aktyor stixiyası: o – haradasa katastrofik... o – haradasa siçovul... o – haradasa Daos rahibi... o – haradasa qul.. o – haradasa diktator Əliflam... o – haradasa Məkkə zəvvarı... ancaq ruhu bu adamın “Yuğ” teatrının gümbəzi altında... pərvazlanıb baxır dünyaya və fikirləşir: “Allahın ədaləti doğrudanmı qiyamət gününə qalır?”

Dilemma: əgər Allahın bəndəsi Allahın bağından Allah xurmasını dərirsə, bu, niyə oğurluq sayılır?

Mürşid müridi döyür, döyür yox, şallaqlayır: çünki cavabı bula bilmir; harada “Mən” varsa, orada Allah olmur. Kim hirslənərsə, çilləni pozar və təzədən çilləyə başlar. “Mən”dən qurtulanda kamillik qapısının qıfılı düşür. Döymək ayıltmaq kimi də yozulur ürfan aləmində...

Qəfil sillənin səsi...

Mürşid və Mürid arasında iki mələk: biri təhrikçi, bais (Təranə Ocaqverdiyeva), digəri həmdəm, yar (Könül Cəfərova). Biri sınaqla məhv edər, o biri sınaqla göylərə qaldırar: birində insana qarşı kin, nifrət, digərində – sevgi, mərhəmət... “Yuğ”un qapılarından içəri... Vaqif İbrahimoğlunun yoxluğunda... bu oyunu düzüb-qoşan Aytən Məmmədova... Niyə mən ona Vaqifsayağı Aytən Nur deməyim? Yəni təxəllüsü məndən olsun... İşini bəyəndim, ruhu da çox yaxın idi Vaqifə... Hələ ki çillədədir...

“Kasıb teatr” estetikası... Ənənə çərçivəsində özünü axtaran avanqard... Sufi irsinə dekonstruktiv baxış... Dörd künc... Hər birinin sirri Vaqifə əyan... Dörd aktyor... Rumidən iqtibaslar... Pritçalar tam oynanılmır, eyhamlarla xatırladılır... Aktyorların fakturası, predmetlə oyunu, predmetə reaksiyası sözdən daha irəli... Hər şey sona qədər minimallaşdırılıb... Bir çimdik də mistika... atmosferdə... Pərdə arxasında kölgələr... təzim edib gedərlər... Eşq qalar... Mövlanə eşqi... Vaqif eşqi...

Mən tamaşanı tamaşa-esse, tamaşa-ithaf kimi, Vaqifin “Mən Məhəmməd Füzuli”sinə bir bənzətmə kimi qəbul etdim: hər şey aydın idi mənə... Mövzu mənimdir, yuğçular doğmalarımdır... Bu, bizlikdir. Bəs seyrçi... əgər o, mən bilənləri bilmirsə... deməli, qaranlıq otaqda qara pişiyi tutur... vay o gündən ki o da orada olmaya...

# 3741 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər