Valideynlərini bağışlamayan uşağın güzgüsü - Orxan Adıgözəl

Valideynlərini bağışlamayan uşağın güzgüsü - Orxan Adıgözəl
5 fevral 2024
# 09:00

Kulis.az Orxan Adıgözəlin Andrey Tarkovskinin "Güzgü" filmi haqqında yazısını təqdim edir.


“İnsanın simasını ən düzgün görən kimdir: fotoqraf, güzgü, yoxsa rəssam?
Pablo Pikasso


Bəlkə, insan simasını daha aydın göstərən kinorejissordur?! Həm də çəkib nümayiş etdiyi üzlərdə daxili təlatümlərin, qəmin və keçmişin izsiz tarixçəsi yer alıbsa...

Kinomatoqrafiya Heraklı sayılan rus rejissor Andrey Tarkovskinin xatirələri barədə kitabı bitirdim. Kitabda dahi rejissorun həyatının müxtəlif məqamları barədə yazdığı qeydlərindən ibarət "Martiroloq"u və doğmalarının, dostlarının və iş yoldaşlarının xatirələri yer alıb.

“Tarkovskinin üzündə təbəssüm çox az hallarda peyda olardı.” – iş yoldaşının onun barədə qabarıq fikrinə dostları da qoşulur. Əlbəttə, əgər sırf Tarkovskinin yaxınlarının onun barədə xatirələrin oxusaydım, “o çox ciddi adam olub” ifadəsi ilə kifayətlənərdim. Ancaq özünün qeydə aldığı “Martiroloq”dakı qeydlərindən, bir də bacısı Marina Tarkovskayanın öz qardaşı barədə xatirələrdən də bəlli olur ki, Andrey kədərli insan olub. Bu ciddiyətdən daha çox, kədərin yaratdığı əhvalın təbii nəticəsidir. Xatirələrin ümumi mənzərəsi göstərir ki, onun həyatı elə də asan keçməyib. Kədərin kökü isə uşaqlıqdan gəlir. Valideylərinin boşanması, daha doğrusu şair atasının başqa qadınla yaşamağa başlaması ona ömürlük, sağalmaz psixoloji narahatlıqlar yaşadıb.
Gənclik dövründə o da atası kimi baz kişi oldu. Bir şey var ki, Tarkovski çoxlu qadınla yaxınlıq etsə də, həyat yoldaşı Larisanı atıb getmədi. Atasının sevgisinə olan ehtiyacı, isti ailə qayğısına olan xiffəti onu ömür boyu izləyib və iztirablarını sönməyə, buxarlanmağa qoymayıb.

Filmlərində metafizik nəsnələr, spritual məsələlər qabardılsa da Tarkovskinin bacısının onunla bağlı xatirələrindən də bəlli olur ki, rejissorun yaradıcılıq məhsullarında uşaqlıqda yaşadıqları sərgilənib. Onsuz da Tarkovskinin 1974-cü ildə çəkdiyi “Зеркало”(“Güzgü”) filmi bioqrafik dramdır.

“Güzgü” çox harmonik və orijinal filmdir, eyni zamanda, şəxsi məhsuldur. Bəli, Tarkovskinin özü demişkən, “kino – çox şəxsi və ən intim sənət növüdür.” Demək olmaz ki, kinomatoqrafiyada ümumi olaraq Tarkovskinin bu sitatı dominantlıq edir. Xeyr, elə deyil. Təbii ki, “Güzgü” kimi geniş olmayan auditoriya üçün çəkilən filmlər də az deyil və onların əksəriyyətində yer alan müəlliflə bağlı şəxsi nüanslar filmin çoxluq tərəfindən dərk edilməsinin qarşısını alır.

Etiraf edim ki, mənim üçün “Güzgü” filmini resenziyalaşdırmaq heç də asan deyil. Digər etiraf da ondan ibarətdir ki, bu film, mənim üçün unikal, məmnunluq gətirən ekran əsəri sıralarında yer tutmayıb. “Güzgü” Sovet epoxasının dolub-daşan ruhunun əksini göstərir. Orada müəllifin titrək, daim qıcıqlanan yaddaşının üfüqlərinin şüaları öz əksini tapır. Həmin şüalar da bir yerə yığılıb forma alaraq, şəxsi məhsula və ən intim məsələləri özündə daşıyan sənət əsərinə çevirilib.

Bu filmi qiymətləndirmək həm də ona görə asan deyil ki, ona müəllifin gözü ilə baxa bilmirsən. Bütün hallarda “Güzgü” bədii filmi izləyiciyə çoxsaylı fikirlər, düşüncə üçün qida və təhlil imkanları yaradır.

Filmin əsas qəhrəmanı olan ana obrazını Marqarita Terexova(Маргарита Терехова) canlandırır. Marqarita Terexova öz rolunu o qədər mükəmməl və təbii canlandırır ki, ona valeh olmamaq olmur. Xanım Terexovanın filmdəki xanım-xatınluğı, müəmmalı enerjisi və incəliyi açıq-saçıq, intim səhnələr olmadan belə məndə şəhvani duyğular oyatdı. Arseniy Tarkovskinin şeirlərinin fonunda o, daha cazibədar və şeirdəki ahəngə uyğun əsrarəngiz bir atmosfer yaradır. Bu, sanki dini ritualın ən səmimi və məhrəm təzahürüdür. Terexovanın sakit, adi jestlərdən ibarət halları da psixoloji orqazm yaşamağıma vasitəçi oldu.

“Güzgü”də çoxlu metaforlar, alleqoriyalar var və əslində, süjeti mürəkkəbləşdirən də budur. Təkrar da olsa bildirim ki, Tarkovski avtobioqrafik və çox şəxsi film çəkib. Rejissorun bacısı Marina Tarkovski öz xatirələrində “Güzgü”nü təhlil edərkən bildirir ki, oradakı hər detal bizim uşaqlığımızı əhatə edib.

Qəhrəmanın daxili dünyası güzgüdə onun psixologiyasının mürəkkəb çalarlarını əks etdirir. Tarkovskinin istedadı burda özünü sübut edir. O, psixoloji məqamları ustadcasına, yerindəcə çatdıra bilib.

Güzgü – həqiqəti göstərən simvoldur. Onunla təkbətək qalmaq və reallığı görmək mümkündür. Oradakı öz əksinlə danışmaq və emosiyalarını göstərmək də olar. Psixoanalitik Jak Lakanın “güzgü mərhələsi” də bu cəhətdən çox maraqlı nüanslarla zəngindir. Tarkovski də bu film vasitəsilə onun güzgüsünə baxmağı və həyatının bir hissəsini göstərməyə çalışır. Güzgüyə baxan da özünü görə biləcək. Güzgünün səthi isə onun problemləri və məziyyətləri ilə örtülüdür. Tarkovski güzgünün üzünü nə qədər bulanıq göstərməyə çalışsa da, psixoloji tərəfdən o çox şəffaf görünür. Müəllifin kompleksləri, üzünün gülməməsi, kədəri elə onun uşaqlıq çağında “gizlənib”. Filmdəki Alyoşa kimi, o, da atasını – anasını və onları atıb getdiyi üçün bağışlaya bilməyib. Buna baxmayaraq, o, “Güzgü”nü atası Arseniy Tarkovskinin şeirləri ilə zənginləşdirib və kinonu film-poemaya çevirə bilib.

Bu filmə 20 dəfədən çox baxdığını bildirən kinorejissor Lars Von Trierin ən sevdiyi kinosunun “Güzgü” olması da əbəs deyil. Trierin doğma anası ilə bağlı acığı onun zövqünü oxşayan filmlə ortaya çıxıb.

Tarkovski deyirdi ki, filmin süjeti gərək sirli ola. Beləliklə, onun sirli-ələmli “Güzgü” filmi barədə subyektiv fikirlərimi bölüşdüm.

Təbii ki, kinonu izləyənlərə, orada sirli nələrəsə mütləq ki rast gələ bilər.

# 1784 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #