Üstümdə torpaq da etmədi üsyan – Rəhmət Babacanın şeirləri...

Üstümdə torpaq da etmədi üsyan – Rəhmət Babacanın şeirləri...
19 may 2022
# 17:00

Kulis.az özbək şair Rəhmət Babacanın şeirlərini təqdim edir.

Rəhmət Babacan (1998) – Özbəkistanda, Xarəzm vilayətinin Şovot bölgəsində anadan olub. Urgənc kollecində təhsil alıb. “Kitab dünyası” qəzetində çalışır və şeirləri Özbəkistanın ədəbi mətbuatında ( “Kitab dünyası”, “Şərq ulduzu”, “Cahan ədəbiyyatı”, “Gənclik” və s.) vaxtaşırı olaraq dərc edilir. Gənc ədibin əsərləri türk, Azərbaycan, rus, ingilis, ispan, hind dillərinə çevrilib. Rəhmət eyni zamanda Azərbaycan dilindən özbək dilinə (və tərsinə) tərcümələr edir, hər iki ölkənin ədəbiyyatlarının təbliğinə öz töhfələrini verir.

Ruhum ağrılardan qıvrılır yenə

Ruhum ağrılardan qıvrılır yenə,
Vücudun soyuyub sönməyi vardır.
Bu suçsuz ürəyim sızlayır yenə,
Yenə yarın məndən dönməyi vardır.

Sənə gəlməkdəyəm könlümdə umud,
Gecəni, gündüzü düşünüb yordum:
Ya sözün kölgəli bəyaz bir bulud,
Ya qara gözlərin əzabın yurdu.

Sonra Allah dedim, bax, mən allahsız,
Köksümdə daşlaşdı bir qərar: – İlğım!
Hamı günahkardır, hamı günahsız,
Əzab dalımızca düşüb, yazığıq.

Bilirəm, yanında xətrim əzizdir,
Bu canın o cana enməyi vardır.
Asi ürəyimdə gözlənti izi,
Yenə yarın mənə dönməyi vardır.

O sakit gözlərdə rəqs eləyir eşq

O sakit gözlərdə rəqs eləyir eşq,
Ahımda,
ofumda
ismi naayan.
Hər bir nöqtəsində əks eləyir eşq,
Bir nəğməm vardır ki,
Allaha ayan.


Ruhu zərrə-zərrə yığdım neçə yol,
Gəldim hüzuruna mən könlü nalan.
Ələmi qəlb yaxan,
həsrəti qatil
Bir cəzam vardır ki,
Allaha ayan.


Özümü dikəltdim sənin gözündə,
Gələnlər getdilər gah o yan-bu yan.
Ariflər də görməz köksüm içində
Bir əzam vardır ki,
Allaha ayan.

Mən ki, öz-özümə kəfən biçmədim,
Üstümdə torpaq da etmədi üsyan,
Mən ona keçsəm də, o heç keçmədi
Bir xətam vardır ki,
Allaha ayan.


Mən sənə məktublar yazdım

Mən sənə məktublar yazdım
hər axşam,
sözlər sehrlədi dörd bir yanını.
Ehtimal,
üzünə sürtdün məktubu,
ehtimal, dişlədin bal dodağını.

Bu dəmdə diksinib birləşdi ruhlar,
həsrətlər bərabər qol-qola girdi.
Mən səni aradım
dünyabadünya,
Sən də yol-yol gəldin
mənim yanıma.

Qarşında qəlbini açıb tökər kim
hərfbəhərf, sözbəsöz, məktubbaaməktub?
Bilmirəm,
əzabmı, sevincmi bizə –
eşq hansı məktubu sayacaq məqbul.

Ağlım vücudumda yanar, titrəyər,
bu təsadüf vüsal xəyala dönər.
İndi hər nəfəsdə səslərəm,
canım,
gəlsənə, gəlsənə, gəlsənə mənə.

Dar hücrəm doludur dilsiz kağızla,
İnlədi qələmdən ayrı əllərim.
Özünü şüşəyə çırpdı dünyanın
qanadlı, qanadsız kəbutərləri.

Bağışla!
Nə yazım, dilimdə söz yox,
təəssüf, görmədin qəlbimdəkini.
Hansı asimana, yavrum, sevinclə
Sənsiz gözlərimlə baxım mən indi?

Qələmi sındırdım,
iş oldu tamam.
Bir sirri anlatdım, köhnədir, dinlə:
“Baxışımdan köçər baxışlarına
Könlümdə yazılan ən gözəl namə...”

Mən sənə məktublar yazdım
hər axşam...


Tərcümə: Səlim Babullaoğlu

# 3933 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

18:40 23 iyul 2026
"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər