Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?
1 mart 2024
# 15:00

Bu gün görkəmli Polşa bəstəkarı Frederik Şopenin doğum günüdür.

Kulis.az bu münasibətlə Ülvi Bahadırın "Əmirovun Şopeni" yazısını təqdim edir.


Yağmurlu küçələrdə dolaşa-dolaşa Şopenə qulaq asıram. Bu sərhədsiz dühanın musiqlilərini dinləyə-dinləyə bioqrafiyasını vərəqləyirəm. Şopenin kövrək bədəni 1849-cu ildə - 39 yaşında vərəmə məğlub olur. Bacısını da vərəmdən itirmişdi. O vaxt 17 yaşı vardı. Böyük ehtimalla, xəstəliyə də onda yoluxmuşdu. Avopanın müxtəlif şəhərlərində yaşayan Şopenin ürəyi vəsiyyət etdiyi kimi doğulduğu Varşavada - bir kilsədə basdırılıb. Bədəni isə Parisdə, Per Laşez qəbiristanlığındadır. O Per Laşez ki, Piyer Abelar, Migel Anxel Asturias, Onore de Balzak, Anri

Barbüs, Vinçenzo Bellini, Jorj Bize kimi nəhənglərin bədənlərinin əbədi məbədinə çevrilib.

Əcəlin naməlum ilğımı yorğan kimi örtəndə alatoran röyalarımı...

Göydələnlər yağmura qarışıb axdı xəzanın arasından...

Boşluqda süzüldü Tanrının nəfəsi...

Susmursa əbədiyyətdə kilsə zəngləri...

Deməli hələ də yaşayır Şopen...

Bu məhrəm məqam məni həmişə ovsunlayıb. Bütün kilsə divarlarında, zənglərində var Şopenin o mübariz, o kövrək nəfəsi... Bundandır hər dəfə bir kilsəyə ayaq basanda ilk yadıma düşən onun zərafət və nəciblikdən yoğrulmuş bəstələri olur.

Şopen ölümündən bir ay əvvəl uşaqlıq dostu Titus Voysiekovskiyə məktub yazır:

"Səni buraya gətirməyə vaxtım olmadı. Günümün yarısını yataqda keçirdiyimə görə vacib işlərimi yerinə yetirəcək vəziyyətdə deyildim. Mən də bir dostumdan xahiş elədim ki, yerimə keçsin. Ancaq şənbəyə qədər dəqiq cavab ala bilməyəcəyəm. İlk fürsətdə Valansyenə gəlib səni bağrıma basmaq istəyirəm. Ancaq bir neçə gün əvvəl Versal yaxınlığındakı Vil Davredə vəftiz qızımı görə bilmədim. Həkimlər Parisdən çıxmağıma icazə vermirlər. Qışda daha isti yerə getməyimə belə icazə yoxdur. Xəstə olduğuma görə günahkaram, yoxsa Belçikada görüşə bilərdik.

Bəlkə, Parisə gəlməyin yolunu taparsan. Səni burada sırf özüm üçün saxlayacaq qədər eqoist deyiləm. Mənim kimi bir xəstənin yanında narahatlıq və üzüntünün xoşbəxtlik və gözəl xatirələrə qarışdığı bir neçə saat keçirəcəksən. Ancaq mən yenə də birlikdə keçirəcəyimiz vaxtın əvvəldən-axıra qədər xoşbəxtlikdən ibarət olmasını istəyirəm.
Hər zaman dostun, Frederik. 12. 10. 1849 Paris"

Əziz oxucuma maraqlı gələ bilər ki, görəsən, mən niyə Fikrət Əmirov haqqında yazıma Şopenlə başlayıram? Əslində, hər iki bəstəkarın yaradıcılığına bələd olan hazırlıqlı oxuculara səbəb bəllidir.

Fikrət Əmirov dühasının açarı çoxəsrlik xalq musiqimizdir. Onun mənəviyyatının, ruhunun və musiqisinin aynası analarımızın, nənələrimizin könül nəğmələridir. Qədim Gəncə torpağının suyunu içən, havasını udan, laylalarını, oxşamalarının mənəviyyatının, saflığının ələyindən keçirən böyük bəstəkarın gələcək yaradıcılığının rüşeymləri atılıb.
Uşaqlıq insanın ən saf, ən təmiz illəridir. Çox kiçik yaşlarımızda yaşadığımız hadisələri belə unutmuruq bəzən. Bu da uşaq yaddaşının təmizliyindən, duruluğundan qaynaqlanır.

Tolstoy “Uşaqlıq” əsərində yazır ki, üzün gözəlliyi gülüşdən ibarətdir. Gülüş bəlkə də, insanlığın ən böyük kəşfidir. Gülüş sayəsində bəlkə də, onlarla müharibədən yan keçib bəşəriyyət... Milyonları xilas eləyib təbəssümlər... Ürkək... Xəfif... Şaqraq...

Əmirovun böyük rəsminin qarşısında dayanmışam. Bilmirəm, neçə dəqiqədir rəsminə baxıram. O saf gülüşün arxasında, gözlərə sığışmış bir qurtum xoşbəxtlik, bir damla ümid, saflıq və əminlik... Etiraf eləyim ki, Əmirov qədər özümə yaxın bildiyim, mənəvi bağ qurduğum ikinci yaradıcı şəxs yoxdur ölkədə. Bu baxışın arxasından boylanmaq, bu gülüşün məsumiyyətinə toxunmaq Əmirov dühasına, onun bəşəri, dünyəvi musiqilərinin notlarını sığallamağa bərabərdir. O gülüşdə, o baxışda gizlidir hər şey...

Bəstəkar özü musiqisinin xalqın mənəviyyat bulağından su içdiyini xüsusi vurğulayır:

"Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğrulub. Mən həmişə öz yaradıcılığımda doğma xalqıma, onun zəngin və tükənməz musiqi mədəniyyətinə arxalanmışam. Musiqi folklorumuzu toplamaq, nəşr etdirmək, onlardakı sadəliyin, güclü emosiyanın sirlərini öyrənmək böyüklü-kiçikli hamımızın əsas vəzifəsi olmalıdır. Bəstəkar xalq musiqisindəki melodiyanın gözəl ahəngdarlığının sirrlərini öyrənməli, əsərlərində bundan sənətkarlıqla istifadə etməlidir”.

Hə, Şopen deyirdim axı. Böyük bəstəkar Polşa xalq musiqisini və adət-ənənələrini dərindən bilirdi. Elə bunun sayəsində də xalqının musiqisini sərhədsiz isteadı ilə birləşdirərək dünyəvi və unudulmaz əsərlər bəxş edib bəşəriyyətə. Məhz Şopen sayəsində Varşava dünyanın mədəni paytaxtlarından birinə çevrilib. Şopen demək olar ki, heç kimdən nümunə götürməyib, əksinə, elə bu sayədə dünya musiqisində novatorluğu ilə ad çıxarmışdır.

Müşahidələri, daxili təlatümləri sayəsində Şopen özündən öncə yaşamış bəstəkarların əsərlərini ifa etdikdə belə stilinə sadiq qalmışdır. Daima vətən həsrəti ilə qovrulan bəstəkarı yadelli işğalında olan vətəninin düşdüyü vəziyyət daha da sarsıtmış, bu da onun yaradıcılığına təsir etmiş və ortaya belə kövrək və mübariz, üzüntülü və cəsarətli bəstələr çıxmışdır. Şopen yaradıcılığının ən böyük özəlliklərindən biri də bu vəziyyətdə belə zülmətin içindən işığı seçə və bəşəriyyətə göstərə bilməsidir. Şopen musiqisi ümiddir. Gələcəyə, işıqlı sabahlara tuşlanmış ümid. Əərlərinin üzərində dəfələrlə, dəfələrlə, dəfələrlə işləmirdi, ürəyindən keçənləri sərgiləyirdi bizlərə...

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anre Jid Şopen haqqında yazır:
“Şopendə işığın yumşaq əksi, su səsi, küləyin xəfif toxunuşları, yarpaq tərpənişləri var. O, yüksək səslə danışmır, iddialı deyil, astadan toxunub-keçir. Qəlbinizin incə tellərinə toxunur, yuxularda gəzdirir və bu yuxulara inandırır insanı. Nə qədər sakitcə, ürkəkcə danışsa, biz onu daha yaxşı anlayırıq”.

Bu cümlələri yazdıqca “Mən səni araram” ın kövrək musiqisi gəlir qulağıma. Nələr yoxdur o musiqidə. İşığın yumşaq əksi, su səsi, küləyin xəfif toxunuşları, sonbahar yarpaqlarının xışıltısı... Jid necə də haqlıdır... O mənada ki, hər dövrün və hər xalqın öz Şopeni var. O yuxulara, gəcəyə inandıran, qabarlı əllərinə, titrəyən dizlərinə sığal çəkən, leysanda çətiri, şaxtada əlcəyi olan...

Bir günəş nuru var üzündə,
Gözlərin hər zaman gözümdə.
Mən səni araram, anaram,
Gül-çiçək sanaram, sanaram.

Hələ “Azərbaycan kapriççiosu”. Belə bir əsəri ancaq və ancaq bir Azərbaycanlı yaza bilər. Onun küçələrində dolaşan, keçmişinə, indisinə, gələcəyinə bələd olan, xalq musiqisini ələyindən keçirən bir bəstəkar...

Rusiyanın əməkdar incəsənət xadimi Abram Staseviç bu fövqəl sənətkarlıq nümunəsini nahaq yerə dahi Çaykovskinin “İtalyan kapriççiosu” ilə müqayisə eləmir. Ehtişamla kövrəkliyin vəhdətindən yaranan bu nadir inci Əmirov yaradıcılığındakı Azərbaycandan sadəcə bir hissədir. Belə deyək böyük ağacın bir budağıdır.

“Nizami” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamlarının axarında yaranan bu yüksək sənətkarlıq incisini dinləyərkən, onun peşəkarlığından bir daha əmin oluruq. Azərbaycanı - doğma vətənini ruhunda daşıyan bəstəkar yurdunun hər daşını, ağacını, yarpağını, quşunu, səmasını artıq daha qabarıq, daha canlı bir formada təqdim eləyir dinləyicilərə.

Əsərdən xeyli təsirlənən Avstriya əsilli türk pianoçu Ferdi Ştatser rəğbətini belə ifadə edir:

“Fikrət Əmirov “Azərbaycan kapriççiosu” nda folklor materialı üzərində, lakin onu təkrarlamadan incə motivlər yaratmışdır. Atonallığın təsirinə düşmədən, artıq, mənasız akkordlardan uzaq qaçaraq, o, ustalıqla orkestrləşmədə Bartok üslubunda gözəl və heyrətamiz əsər bəstələyə bilmişdir”.

Bir çox musiqiçilər “Azərbaycan kapriççiosu” nu “Şərq barokko üslubu” adlandırır. Bu da əsərin ehtişamına, dəbdəbəsinə görədir. Cəlbedicilik və ehtişamla bərabər əsərdə bir kövrəklik və incəlik hakimdir. Mövzudan-mövzuya keçişlər o qədər yumşaq və estetikdir ki, dinləyici əsərin bütünündən ruhunun dərinlikləri ilə zövq alır. Əmirov musiqisi ona Azərbaycanı gəzdirir. Qarabağlı dostlarım Əmirovun əsərlərini bir başqa dinləyirlər. Nə xoş bizə ki, artıq ordumuz sayəsində böyük bir qəmdən, nisgildən, ağrı-acıdan xilas olduq. Ancaq bu illər ərzində hər birimiz çox acı çəkdik. Əmirovun əvəzsiz yaradıcılığı bu dərdə məlhəm oldu. Minlərlə insanın ağrı-acısını dindirdi, ona ümid oldu. Nə vaxtsa, hər şey daha gözəl olacaq. Nə vaxtsa, ədalət Günəşi bizim də səmamızda doğulacaq. Biz də səmaya baxıb ümidlə gülümsəyəcəyik. Əlimizi ürəyimizin üstünə qoyub qəlbimizin aramlığından təskinlik tapacağıq. O gün ruhumuzda Əmirov musiqiləri cövlan edəcək. “Azərbaycan kapriççiosu” ilə gedəcəyik Şuşaya, Ağdama, Füzuliyə.

Elə də oldu. Dostlarım Şuşaya bu möhtəşəm sənət incisi ilə girdilər. Ağlaya-ağlaya... Bu yaşlar kədərlə sevincin vəhdətindən yaranmışdı. İllərin həsrəti bitirdi. Belə məqamlarda Remarkın müharibə şedevri “Qərb cəbhəsində yenilik yoxdur”dakı bir cümlə gəlib-dayanır gözümün qabağında:

“Göz yaşlarım yanaqlarımdan axır. Silmək istəyərdim, ancaq yaylığım çox kirlidir”.

Bəli, müharibə hər şeyi ilə kədərlidir, ağrılıdır. Öndəki üçün də, arxadakı üçün də. Ancaq mən həmişə arxa cəbhədəki anaları düşünmüşəm müharibələrdə. Onlar övladları ilə birgə vuruşurlar. Ürəklərinin döyüntüsü saxlayır bəlkə də, onların balalarını ölümdən. Azərbaycan musiqisinin beşiyi olan Qarabağın hər daşı, hər yarpağı musiqidir. Milli musiqimizin ən mükəmməl istifadəçisi olan Əmirovun musiqisinin hər səhifəsində, hər vərəqində Qarabağ yaşayır.

Varşava və Gəncə

Varşava... Hər daşında, hər binasında tarix, mədəniyyət yatan möcüzəvi bir şəhər... Kimləri-kimləri yetişdirməyib ki bu şəhər... Vladislav Şpilman, Tamara de Lepiçka, Natan Alterman, Moşe Vilenski və daha kimlər, kimlər... Tarixi mübarizələrlə, ağrı-acılarla keçənVarşava dəfələrlə işğalçılar tərəfindən dağıdılıb. Xüsusilə də Rusiya ilə olan müharibələri Polşanı mənəvi olaraq birləşdirmiş, soyuqqanlı, mübariz insanların yaşadığı ölkəyə çevirib.İkinci dünya müharibəsində də Hitlerin ilk hədəfi Polşa idi. Varşava çox böyük dağıntılara, çöküşə şahidlik edib. Yəhudi əsilli polyak rejissor Roman Polanski 2002-ci ildə çəkdiyi “Pianoçu” filmində də bu mövzunu işləyib. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilib. Dəhşətli təhlükələrlə üz-üzə qalan Şpilman gizlənməyə məcbur olur. Şpilmanın gizlənməsində çalışdığı Polşa radiosunun əməkdaşlarının və ən əsası isə alman zabiti Vilm Hosenfildin böyük rolu olub. Şpillman haqqında deyilən məşhur fikirlərdən biri də heç kimin Şopeni onun kimi ifa edə bilməməsidir. Əslində, qətiyyən təsadüf deyil. Hər ikisi ölkəsi işğal olunan, mənəvi sarsıntılar içərisində yaşan böyük sənətkarlar olublar. 1830-cu ildə qəlbini Polşada qoyub Vyanaya gələn o kövrək və mübariz dahi görəsən, hansı duyğular içərisində idi? Nələr keçirdi ruhunun dərinliklərindən... Bəlkə də, bu həsrətin, yanğının üzə çıxması nəticəsində Şopen qısa müddətdə Avropanın ən sayılıb-seçilən musiqiçilərindən olur.

Gəncə... Azərbaycan mədəniyyətinin simvollarından biri... Şeyx Nizamidən, Məshətidən üzü bəri Azərbaycan mədəniyyəti və incəsənətinə yüzlərlə sənətkar, mütəfəkkir bəxş etmiş istedadlar fabriki... Eyni zamanda tarixi işğallarla dolu olan, adı dəfələrlə dəyişdirilən, sonra yenidən iradə və cəsarəti sayəsində həqiqi adına qovuşan qəhrəman şəhər. 1139-u ildə Gəncədə böyük bir zəlzələ baş verir. Şəhər uçulub-dağılır. Elə bu zaman fürsət güdən gürcü qarətçilər XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmış Gəncə qapılarını oğurlayaraq özləri ilə Gürcüstana aparırlar. Hazırda qapıların bir tayı Gelati monastrında saxlanılır. Qapıları oğurlansa da adı, özü hər zaman bizimdir, bizimlədir.

Gəncənin əzmkar taixini oxuduqdan sonra Əmirov musiqilərini artıq əvvəlki təəccüblə dinləmir insan. “Azərbaycan kapriççiosu”nu, “Azərbaycan suitası” nı başqa kim bəstələyə bilərdi ki? Tarixi keşməkeşlərlə, üsyanlarla, mübarizələrlə dolu olan bir şəhərin övladı... Gəncənin tarixində kiçik bir Azərbaycan gizlənib.

Elə Əmirovun da həyatı Gəncə kimi keşməkeşli keçib. Hələ gəncliyində yaxın qohumunu “xalq düşməni” adı ilə həbs edirlər. Nəticədə, Əmirov “xalq düşməninin qohumu” damğası ilə komsomoldan çıxarılır. Bu da gənc və perspektivli Fikrətə çox ciddi təsir edir. Ona ən böyük təsəllini isə anası Dürdanə xanım verir:

“Sənin komsomolun tarındır, musiqindir”.

Əmirovun yetişməsində bacısı Yaxşı xanımın da böyük rolu olub. Gözəl, məlahətli səs sahib olan Yaxşı xanımı çıxışları zamanı tarda qardaşı Fikrət müşaiyət edirdi. Hər dəfə də gənc Fikrətin musiqiyə sevgisi daha da artırdı, bir dəniz kimi çağlayırdı.

Gəncəyə gələn dahi Üzeyir bəy Məşədi Cəmilin övladlarını da görür. Yaxşı xanımın xanəndəliyə çox böyük marağı olub. İstedadı və çalışqanlığı da buna təkan verib. Ancaq qardaşı ona müğənniliyi məsləhət görmür. Bu məsləhəti dinləyən Yaxşı xanım Tibb İnstitutuna daxil olur. Fikrət isə konservatoriyanı seçir.

Fikrət Əmirovun sənətdəki inkişafına yön verən adamlardan biri də heç şübhəsiz ki, böyük Bülbül olmuşdur. Əmirov Bülbüllə ünsiyyətdə olduğu dövrləri belə xatırlayır:
"Mənim yaradıcılıq həyatım demək olar ki, ən çox Bülbüllə bağlıdır. İndiki kimi yadımdadır, 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı: “Fikrəti göndər, gəlsin, musiqi məktəbinə düzəldim. Onun dediyi kimi də oldu. Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Üzeyir Hacıbəyovun kabinetinə aparıb dedi: "Üzeyir, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir."

O gündən etibarən mən bu iki şəxsiyyətdən atalıq qayğısı görməyə başladım.

Bülbülü Azərbaycan musiqisi haqqında dərin mənalı, canlı bir kitaba bənzətmək olardı. Mən tez-tez bu kitaba müraciət edirdim. Bu vaxtadək yaratdığı əsərlərin ən yaxın dostu, məsləhətçisi və köməkçisi bizim Bülbül olub. “Şur” və Kürd ovşarı” simfonik muğamlarının yaranması Bülbülün təşəbbüsüdür. “Ürəkçalanlar” və “Gözün aydın” musiqili komediyalarını da yazdıran Bülbül olub. Yaxşı yadımdadır, o deyirdi ki, xalqa daha yaxın olmaq üçün sənin musiqili komediyalar yazmağın da məsləhətdir.

Fikir fikir doğurur. Bülbül haqqında düşündükcə yaradıcılıq həyatımda onunla bağlı olan misallar zəncir kimi bir-birinə düzülür, xəyalımdan gəlib keçir. Mənə böyük müəllim kimi məsləhətlər verən gülərüzlü, genişürəkli Bülbül gözlərimin önünə gəlir.

Arzum budur ki, biz Bülbülün surətini bədii əsərlərimizdə də görək, onun zəngin sənət irsini gələcək nəsillərə ləyaqətlə çatdıraq. Çünki Bülbül nadir şəxsiyyətdir, tarix Bülbül kimilərini az yetişdirir:

Böyük təbəitlər yaranır az-az
Hər yerdə, hər zaman inci tapılmaz”. (S. Qasımova. Z. Abdullayeva – Fikrət Əmirov)

Burda da biz şagirdin ustasına, ona yön, istiqamət verən insana bağlılığını, ehtiramını görürük. Şərq insanının qanında, ruhunda var ustaya sayğı. Həzrəti Əli nahaq demirdi ki, mənə bir hərf öyrədənin köləsi olaram. Öyrənmənin xoşbəxtlini, işığı dərk eləyən hər kəs onu öyrədən qarşısında hörmətlə dayanır. Qazananlar, tarixə düşənlər də elə onlar olur.

2010-cu ildə Polşada Şopen muzeyi açıldı. Onun haqqında ən dəqiq məlumatları da məhz hazırda muzeyə çevrilən evində öyrənmək mümkündür. İnsanları bura gətirən səbəb təkcə Şopenin bəşəri musiqisi deyil, həm də müstəsna şəsxiyyəti və mübariz xarakteridir. Muzey 15 otaqdan ibarətdir. Hər bir otaqda dahi bəstəkarın həyatından bir və ya bir neçə ana şahidlik edirik. Burda bəstəkarın həyat və yaradıcılığı ilə yaxından tanış oluruq, ailəsini, qohumlarını görürük. Qeyd eləyim ki, muzeydə uşaqlar üçün də ayrıca otaq var. Təbii ki, bu kövrək ruh uşaqları daha da saflaşdırır, durulaşdırır.

Muzeydə həmçinin bəstəkarın pianoları vardır. Şəksiz ki, bu pianolar muzeyin ən dəyərli eksponatlarıdır. Çünki bəstəkar son ürək çırpıntılarını məhz bu pianolara həkk eləyib. Əminəm ki, o pianolara hər toxunan insan Şopenin ruhundan nələrsə götürür və artıq əvvəlki insan olmur, Şopen ruhunun daşıyıcısına çevrilir.

Şopenə nahaq yerə “fortepianonun şairi” demirlər. Onun hər əsəri bir şeirdir sanki. Yarpaqların xışıltısı, yağmur damlalarının rəqsi, səmanın gah dolub, gah günəşlənməsi...

Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.

Hər dəfə böyük Mikayıl Müşfiqin bu şeirini oxuyanda ilk yadıma düşən Şopen olur, beynimdə onun sərhədsiz musiqisi. Elə bilirəm ki, Müşfiq poeziyası ilə Şopen musiqisi arasında mistik bir əlaqə var. Onları həm də tale birləşdirir. Biri vətən sevdası ilə sinəsini güllə qabağına verdi, birininsə vətən həsrəti ilə ürəyi qubar bağladı.

Şopen ürəyini Varşavaya bağışlasa da, musiqiləri dünyaya çıxdı. Bütün dünya artıq neçə əsrdir ki, bu seirli, kövrək, cəsarətli musiqilərdən zövq alır, onun məzarını ziyarət eləyərək dahi bəstəkara öz sevgisini göstərir, minnətdarlığını bildirir.

Şopen kimi Fikrət Əmirovun da musiqisi sərhədləri aşaraq bütün dünyanı özünə heyran qoyub. “Fortepiano üçün konsert”i 1958-ci ildə Moskvada Natan Raxlinin rəhbərliyi ilə ümumittifaq radiosunun Böyük Simfonik orkestrinin ifasında səslənib.

1959-cu ildə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti məktub vasitəsilə Fikrət Əmirova Stokovskinin salamını satdırır. Böyük dirijor məktubunda yazırdı:
“Biz sizin Azərbaycan muğamlarını Hyüstonda və Texasda ifa edərkən tamaşaçılar əsərlərinizə böyük maraq göstərdilər. Hörmətli cənab Əmirov, sizin əsərlərinizi orkestr çox gözəl qəbul etdi. Mən hələ dinləyiciləri demirəm. Dövlət musiqi festivalı günlərində bu əsərlərin yenidən ifa edilməsini nəzərdə tutmuşam. Həmin festival Nyu-Yorkun yaxınlığında keçirilir. Hər il də mən diriforluq edirəm. Bu yaxınlarda sizin musiqini lentə yazmışıq. Etiraz etməsəniz, val hazır olan kimi sizə göndərə bilərik. Musiqinizlə bizə zövq verdiyiniz üçün təşəkkür edirik.

L. Stokovski. Nyu-York”.

Həmin vaxt Əmirov çox məşğul idi. Azərbaycan Əədəbiyyatı və Mədəniyyəti Ongünlüyünə hazırlaşırdı. “Sevil” in yeni redaktəsi üzərində işləyən bəstəkar ongünlükdən qayıdan kimi Stokovskiyə cavab məktubu yazır. Bəstəkar məktubunda onun simfonik muğamlarını “Korneqi Holl” da ifa etdiyinə və dəvətinə görə Stokovskiyə təşəkkür eləyir.

Qısa müddət sonra bəstəkar öz sənət dostları ilə birgə Amerikaya yola düşür. “Park Şeraton” mehmanxanasında gecələyir. Əmirov xatirələrində Nyu-Yorkda dörd dəfə olduğunu və orada məşhur bolqar müğənnisi Uzunovla görüşdüyünü yazır.

Bundan sonra böyük bəstəkar Londona dəvət alır. Onu Londonda Böyük Britaniya Bəstəkarlar Cəmiyyətinin sədri Riçard Ariell, bəstəkar Momlinson və əfsanəvi sovet dirijoru Gennadi Rojdestvenski qarşılayır. Londonda Rojdestvenskinin dirijorluğu və London simfonik orkestrinin müşayiəti ilə Əmirovun bir neçə əsəri səslənir. Əmirov hər dəfə ayağa qaxıb səhnəyə çıxanda alqışlar havada pərvaz edirdi.

1968-ci ildə bəstəkar Türkiyə hökümətinin dəvəti ilə qardaş ölkəyə səfər eləyir. Ordan sonra isə bəstəkar İranda olur. Hər iki ölkədə istiqanlılıqla qarşılanan bəstəkar qeydlərində bu ölkələrdən razılığını dilə gətirir.

Şopenlə Əmirovu birləşdirən çox şey var, ancaq ikisi hər şeyin fövqündədir:

- Bəşəri və əbədi musiqiləri.

- Hər ikisinin ürəyinin vətəndə, xalqının ruhunda və yaddaşında yaşaması...

# 6122 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #