"Ulucayın hekayəsini oxuyandan sonra halım xarablaşdı" – Vüqar Van

"Ulucayın hekayəsini oxuyandan sonra halım xarablaşdı" – Vüqar Van
28 iyun 2024
# 10:24

Kulis.az Vüqar Vanın Ulucay Akifin "Nərgiz" hekayəsi haqqında yazdığı “Ulucayın qeyri-adi macəraları” adlı yeni yazısını təqdim edir.

Bir vaxtlar Ulucay əfəndi bir milyard neçənci səfər idi ki, siqareti atmağa qərar vermişdi və bu dəfə lap ağın çıxardıb, trenajora yazılmışdı. Həftədə üç-dörd dəfə idman zalına gedir, idman eləyir, ağırlıq qaldırır, dartınır, jim vurur və hər gün zaldan əzələlərini şişirdib şəkil paylaşırdı. Bəzən hətta bir yerdə olanda əzələlərini sıxıb özüylə fəxr edirdi, biz bir evdə qalanda axşam güzgünün qabağına keçib özünə baxırdı. Onun hərəkətləri mənə çox gülməli gəlirdi. Bilirdim, çox uzun çəkməz bu zal söhbəti, bir az çətinə düşən kimi siqaret axtaracaq. Bu “hoqqalarının, kliplərinin” adını da qoymuşduq: “Balaca Ulucayın qeyri-adi macəraları”. Bir sözlə, bir könüldən, min könülə özünə elə aşiq olmuşdu ki, daha nə deyim. Lap təzə hekayəsindəki yazıçının həyat yoldaşına aşiq olduğu kimi.

Bu xatirəm yazıya giriş-çıxış tapmaq xətrinə deyil, tələsməyin, əcəl aman versə, sonda hamısını əlaqələndirəcəyəm.

Keçən günlərdə milli ədəbiyyat dequstatorumuzdan (eşitmişəm, o özünü bu cür adlandırır, bizim də boynumuzun borcudur, yazıda hərdən yeri gələndə onu bu adla çağıraq) belə bir mesaj gəldi.

“Salam, sənə pis xəbərim var”.

Dalağım sancdı, fikirləşdim, ay dili-qafil, ilin günün bu isti vaxtında yenə nə oldu? Cavab yazmağa imkan tapmamışdım ki, ədəbi dequstatorumuz bir link göndərdi. Linkə hələ daxil olmamış gördüm ki, Ulucay əlində siqaret tutub, elə çəkir ki, adam deyər, allah-allah, belə gözəl siqaret çəkən növcavan yer üzündə yoxdur. Linkin sərlövhəsi də nə olsa, yaxşıdır? “İnternetdə ifşa videosu yayılan Nərgiz”. Buyur, bu da sənə pis xəbər.

Halım lap xarablaşdı. Kimdir bu Nərgiz? Niyə bunu mənə pis xəbər kimi deyir? Adamın ağlına milyon dənə şey gəlir. Məndə canmı qalar həyəcandan? İncəvara, keçirdiyim bu narahatlığın ömrü heç çiçək qədər də olmadı. Məlum oldu ki, ədəbiyyat dequstatorumuz təzə hekayə yazıbmış, adını da sonradan dəyişib, eləcə “Nərgiz” qoyubmuş. Bu qədər stress keçirəndən sonra qərar verdim ki, yazı əhvalım yaranıb, boş yerə getməsin, hekayə haqqında acizanə bir yazı yazıb, dequstatorumuzun qabırğalarını yoxlayım, görək trenajordan bu yana axırıncı dəfə haçan belə ağırlıq qaldırıb?

Nə demişdik? Bir hekayə nə ilə başlayırsa, deməli, ondan danışır. “Nərgiz” hekayəsi nə ilə başlayır?

“Arvadının ona xəyanət etdiyini öyrənəndə, əl-ayağı boşaldı, dünyası başına fırlandı, elə bildi bu dəqiqə yıxılacaq...”

Deməli, hekayəmiz xəyanət haqqındadır. Çox uzağa getməyək, dünyanın böyük kişiləri – olsun elə Şekspir, – Şekspirdən üzü bəri öz dilində və öz məzhəbində xəyanət haqqında nə qədər əsər yazıb, bu qədimdən qədim mövzunun şiti-şoru o qədər çıxıb, adam lap istəyir bundan sonra xəyanəti bağışlasın, bu şair-şüürlər, yazıçı-mazıçılar əl çəksinlər xəyanət temasından. Hələ-hələ elə bir dövrdə yaşayırıq ki, o tərəfdə zuhaltopallar, esrazrollar, sedasayanlar, bu tərəfdə xoşqədəmlər, laləazərtaşlar, elgizlər Domokl qılıncı kimi başımızın üstünü kəsdirib. Bu verilişlərdə elə unikal, elə orijinal, elə marjinal xəyanət söhbətləri eşidirsən, inana bilmirsən ki, vurma cədvəlini 3-ə qədər bilməyən bu adamlar necə belə unikal xəyanətlər edə bilirlər. Qayın yeznə ilə tutulur, qayınata qudası ilə tutulur, nə bilim, baldız gəlinlə tutulur, bəy yengə ilə tutulur. Bir sözlə, at izi it izinə qarışıb. At izinin, it izinə qarışdığı bir dövrdə ədəbiyyat dequstatorumuzu nə məcbur edib ki, oturub xəyanət haqqında hekayə yazsın? Adam belə bir dövrdə xəyanət haqqında təzə nə deyə bilər? Xəyanət mövzusu yazıçıdan ağır intellekt, zəngin həyat təcrübəsi, dərin peşəkarlıq tələb edən bir mövzudur. Görünür, Ulucayın bu cəsarəti də bilərəkdən yox, bilməyərəkdən yaranan cəsarətdir.

Deməli, ilk təəssürat mənfidir. Keçək hekayənin ikinci və üçüncü abzasına.

“Hekayənin ilk cümləsini yazıb dayandı. Üç ildən çox idi ki, heç nə yazmırdı, yaza bilmirdi. Özünə görə bəhanələri, tutarlı səbəbləri də var idi, amma bu, həqiqəti dəyişmirdi: üç ildən çox idi ki, heç nə yaza bilmirdi!

Artıq içini qorxu bürümüşdü. Bəlkə, innən belə heç vaxt yaza bilməyəcək. Əslində, indiyə kimi yazdıqlarının gücünə də şübhəsi var idi… Amma bir daha yaza bilməmək qorxusu canına üşütmə salırdı”.

Ulucay bu abzaslarda o qədər “yaza bilmirdi, yazmırdı” ifadəsi işlədib ki, həmin effekt özünə də təsir edib, bu abzasları yaza bilməyib. Belə alaq otlarına oxşayan, ordan burdan cücərən cümlələrdəki informasiyanı çox rahatlıqla ikicə-üçcə cümlə ilə, səlis və qısa şəkildə ifadə etmək olmazdımı? Cavab verənlər varsa, əziyyət çəkməsinlər. Sual ritorikdir.

Deməli, növbəti təəssürat da mənfidir. Vay dədə, ədəbiyyat dequstatorumuz 0:2 uduzur. Özü də elə ilk dəqiqələrdə buraxdığı səhvlərə görə.

Toz-duman seyrələndən, ara sakitləşəndən sonra, bir də baxırsan, dərdimiz azmış kimi, “Nərgiz”də də bir dərdimiz var. Nədir bu dərdimiz? Yazmaq və yazmamaq dilemmasının məngənəsində sıxılıb əzilən, qürbət ellərdə ömür çürüdən bir yazıçının taleyi. O həm öz taleyini yazır, həm də qəhrəmanının taleyini. Ya da o həm öz taleyini yaşayır, həm də qəhrəmanının taleyini.

Açıq danışaq. Belə manevrlər, ucuz forma oyunları, keçmişlə indi arasında oynanılan oyunlar, stilistik gedişlər yalnız və yalnız diletant, adi, hazırlıqsız oxucuları təəccübləndirə, onları sevindirə və həyəcanlandıra bilər. Saqqalını dəyirmanda ağartmış adamları bu cür forma oyunlarıyla təəccübləndirmək olmaz.

“Nə demək istəyir” bu hekayə? Tutaq, heç bir funksiyası olmayan bu forma oyununu mətndən çıxarırıq. Bizə məzmun, informasiya lazımdır. Yerdə nə qalır? Cavab verməyə tələsməyin, bu da ritorik sualdır.

Ulucayın qeyri-adi macəraları, “musqul” və əzələ nümayişi bütün hallarda davam edir. Hər şeyin köhnəsi, məzmunun təzəsi. Məzmunun təzəsi isə, dediyim kimi, “xoşqədəm-elgiz-laləazərtaş” fəsilələrində doludur.

0:3.

“Nə demək istəyir bu hekayə?” sualından daha ağır bir sual da var. Yaxşı, deyin görüm, “niyə yaza bilmir bu yazıçı?” Niyə həyat yoldaşına söz verib ki, daha yazmayacaq? Niyə üç ildir yazmırdı? Nə idi özünə görə bəhanələri? Niyə gedib qürbət ellərdə yaşayır? Konspirologiyalar uydurmaq olar, bəlkə də, özünü sıxsan mətndən nəsə çıxardarsan, amma sizə bir şey deyim, ədəbiyyat dequstatorumuz bu sualları cavablandırmayıb. Qəhrəmanın inkişafı “yox oğlu yoxdur”. Hər şey tamamilə təsadüfi baş verir. Bu ziddiyyətli məqamlar, dağınıq ifadələr, təsadüfi epizodlar, açıq suallar da Ulucayın qapısına daha bir qol vurur.

0:4

Mətnin dili rahat və həcmi yığcamdır. Bəzi xırda redaktələrlə, kosmetik düzəlişlərlə daha da yaxşı eləmək olardı. Amma bütün hallarda dil yüyrəkdir. Bəzi yerlərdə türk sözlərindən istifadə olunmuşdu. “Bir tərəfdən qəhrəmanı Elnurun başına gələnlərə üzülür”.

Bəzi yerlərdən Feysbuk statusu dadı gəlirdi:

1. Xəyanətə uğrayan kişiyə nə ad vermək olar?

2. Guya kim toy şəklində xoşbəxt görünmür ki?

Dilin bu başadüşülən və düzəldiləbilən problemlərini çıxsaq, Ulucay axır ki, bir qol vura bilir.

1:4

Sonluq yaxşı qurtarır, paralel həyatlar arasındakı keçid çox uğurlu alınıb. Üstəlik, gurultusuz, pafossuz, sadə və iddiasız. Sonluğa görə Ulucayın aktivinə lap 2 qol da yazmaq olar.

Yekun hesab: 3-4.

***

Mən Ulucayı tanıyıram. Onun nəsrdə ilk kövrək addımlarını atan vaxtlarından... Sizə danışıram, “balaca Ulucayın qeyri-adi macəraları”ndakı Ulucaydan. Nə üçünsə, “Nərgiz”i oxuyandan sonra da yadıma onun əzələlərini şişirdib özünə aşiq olduğu dövrlər düşdü. Bunun bir səbəbi olmalıydı.

Vardı da. “Nərgiz” mifologiyada heç kimi sevə bilmədiyinə, heç kəsi bəyənmədiyinə görə allahlar tərəfindən özünü sevməklə cəzalandırılmış bir qəhrəmandır. Rəvayətə görə çox yaraşıqlı oğlan olduğu üçün kim onu görürmüş, sevməyə başlayırmış. Lakin onun hamıdan zəhləsi gedirmiş. Axırda da məlum məsələ. Allahlar onun bu lovğalığına dözə bilmir və bir gün su içən yerdə Nərgizi oxlayırlar. O, birdən öz əksiylə qarşılaşır və özünə vurulur.

Belə-belə işlər, Ulucay əfəndi...

# 26218 dəfə oxunub

Oxşar xəbərlər

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

16:00 17 iyul 2024
"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

14:58 17 iyul 2024
Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

15:00 16 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
Qar tanrısının qeydiyyatı haradır? - Qismət Rüstəmov

Qar tanrısının qeydiyyatı haradır? - Qismət Rüstəmov

16:25 15 iyul 2024
# # #