Tamaşa, yoxsa palatka toyu? - Bu lap ağ oldu

Tamaşa, yoxsa palatka toyu? - Bu lap ağ oldu
27 oktyabr 2023
# 17:00

Kulis.az Həmidə Nizamiqızının "Bu lağlağı lap ağ oldu ki... və ya Molla şilləni kimə vursun?" adlı yazısını təqdim edir.

Necə qeyzə gəlmişəmsə, dilim də topuq vurur e. Sözlər ağzımda yığışıb dağa dönüb. Nə uda bilirəm, nə də yaza. Niyə? Çünki kül halında ortada olan əməyə, daha doğrusu, o əməyin əməkdarlarına (oxu: günahsız səbəbkarlarına) söz deməyə ürəyim ağrıyır, dilim göynəyir, səsim titrəyir. Ona görə cavabınızı da Molla versin, - deyib, özümə bir lətifə ilə “kiri” əmri verirəm. İmkan eləsəniz gülərsiniz.

Demək, bir gün Molla Nəsrəddin yol ilə gedərkən tanımadığı bir adam onun boynuna bir şapalaq vurur. Molla geri dönən kimi o adam deyir:
─ Bağışla, tanımamışam. Mən daldan səni yaxın dostlarımdan birinə oxşadıb zarafat elədim.
Bu hərəkətdən qəzəblənmiş Molla onu tutub birbaş qazının yanına aparır. Təsadüfən həmin adam qazının dostlarından imiş. Odur ki, öz adamını təmizə çıxartmaq üçün qazı deyir:
─ Molla, o səni qəsdən vurmayıb. Əgər bağışlamırsansa, sən də ona bir şapalaq vur.
─ Yox, mən ədalət istəyirəm, ─ deyə Molla israr edir.
─ Onda cərimə olaraq bu adam sənə bir qızıl versin, ─ deyə qazı təklif edir.

Kişi yanında qızıl olmadığını bildirib evdən pul gətirmək üçün icazə istəyir. Qazı işarə ilə onu başa salır ki, daha qayıdıb gəlməsin.

Molla bir-iki saat gözləyir, görür ki, pul gətirməyə gedən adam qayıtmadı. Axırda qazının kələyini başa düşüb ayağa qalxır və ona yaxınlaşıb soruşur:
─ Cənab qazı, qanuna görə, demək, sillənin biri bir qızıldır, eləmi?
─ Bəli, qanunda olmasaydı, bu hökmü verməzdim ki?!
Molla bunu eşidən kimi cəld qazının üzünə bir sillə vurub deyir:
─ Doğrusu, mənim onu gözləməyə vaxtım yoxdur. Vacib iş üçün tələsirəm. O gələndə bir qızılı sən alarsan.

Hə, bax, bu, başqa məsələ. Az-maz ürəyim soyudu. Ən azı, arif adamlar şillə haqq-hesablarını öz aralarında çürüdüb, nəticəsini bəyan edərlər. Niyə bəyan? Çünki bu teatr cameəsi elə bir yerdir ki, burada nəinki ala, heç gözünə döndüyüm qara qarğa da bala çıxarmaz. Odur ki, ya düz, ya da əyri, tüstüsü çıxacaq.

Əlqərəz, bu günlərdə “Molla Nəsrəddini tapın” əmr-fərmaişinə əməl edib yol aldım hələ ki, Bakıda məkan olub, arabir Şuşaya gedib-gələn Şuşa Dövlət Musiqili Dram Teatrına. Daha dəqiqi, sentyabrın 16-da premyerasını etdiyi, bundan da əvvəl azad və abad Qarabağda bəh-bəh ilə göstərdikləri “Molla Nəsrəddini tapın” adlı birhissəli məzhəkələrinə baxmağa. Hə, bax, o məzhəkə sözünü yadınızda saxlayın. Çünki məhz onunla “söhbətim” var. Amma, hələ mətləbə keçmirəm.

Tamaşa teatrın son premyerasıdır və gənc yazar Jalə Novruzun “Molla Nəsrəddini tapın” əsəri, novellası, hekayəsi və ya pyesimi, - bilmirəm, amma qeyd olunub ki, məhz bu tamaşanın mətninin müəllifi haman adını çəkdiyim gənc xanımdır.
Məndən at verib, dəvə istəmir ki, deyib yüngülvari axtarış etdim və quqlda qabağıma xanımın İlqar Fəhminin təqdimatında bir neçə novellası çıxdı. Bu qədər.

Şuşa teatrında toplaşıb, çoxu da şuşalı olmayan teatrçıların çıxardığı tamaşasının quruluşçu rejissoru xətrini lap çox istədiyim və özünün də bunu lap yaxşı bildiyi (odur ki, bərk inciməz) Əməkdar artist, teatrın baş rejissoru Loğman Kərimovdur.

Quruluşçu rəssam işindən əsər-əlamət olmayan “podbor” tərtibatlı işin titul vərəqindəki qeydə görə quruluşçu rəssamı da Valeh Məmmədovdur.

Teatrın ansamblının iki dəfə səhnədə zühurunu çıxmaq şərti ilə bizi asanlıqla “palatka toyu”nda şıdırğı oynadan musiqi tərtibatının müəllifi də Ağasəlim Feyzullayevdir.

Tamaşada Molla Nəsrəddin rolunu Əməkdar artist Teymur Məmmədov, Mollanın arvadı Məsməxanım rolunu Xalq artisti Şükufə Musayeva, həmçinin Xanı Rasəf Mehdiyev, Əzraili Hamlet Qənbərov ifa edirlər.

Digər obrazları isə teatrın aktyorları Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Nihad Heybətov, Mobil Qurbanov, Vüsal Məmmədov, Sevinc Ağayeva, Bahar Həmzəyeva, Gündüz Qasımov və Orxan Abışov təqdim edirlər.

İki dəfə var qüvvələri ilə bizi feyzyab etdiklərindən, üstəlik, musiqili teatr statuslu bir müəssisənin ansambl üzvləri olduqlarından qoyun, onları da sadalayım: xanəndələr Bəxşeyiş Mehdiyev, Vüsalə Allahverdiyeva, Rakif Rüstəmov, Maşallah Mirzəyev, musiqiçilər Ozal Məmmədxanlı (tar) və Elmar Ələkbərov (kamança).

Hə, bayaq demişdim axı məzhəkə məsələsini yadıma salın. Haman o məbud gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun, əhvalat, lətifədir.

Dilimizin izahlı lüğətində belə yazılıb.

Amma mənim yaddaşım bu məzhəkəbazlığı böyük Mirzəmizin “Dəli yığıncağı”nda işlətdiyi “Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tumanbağısını məzhəkəyə qoymazsınız”la başlayıb bitirir.

Çox başınızı ağrıtmadan ərz edim ki, məzhəkə məhzi budur, əfəndilər.

O boyda mərəkədə hadisə, təsvir, konflikt, remarka, kulminasiya, final, əşi bunlar cəhənnəm, adi ideya belə yox idi. Bir çətən adam səhnədə nə deyib, nə göstərirdilər, nə qandım, nə də qandırdılar.

Hərçənd yazıq Mollada yazı və göstərmək üçün o qədər material var. Belə olmasaydı, əsrlərdir az qala bütün dünya türkləri onu bayraq edib düzə düz, əyriyə əyri qalxanı ilə ov edib, “quş” quşlamazdılar. Lənət sənə kor şeytan, bu quş nə idi pırr eləyib söhbətin üstündən “uçdu”?!.

Tamaşa boyu səhnədə bir fağır Xan və onun sağ-solunda gonbul-arıq tərs mütənasibliyində iki arvadı var. Xan bizim uzaq keçmişdəki məmurlardan biri kimi danışır deyə zal yalnız o diksiyaya gülür və bu sayədə aktyor oyundan çox təqlid edir. Rejissor da məhz bunu istəyib və məncə, düz edib. Çünki səhnədəki xanın ən böyük dərdi gülməkdir. Daha doğrusu, bütün tamaşadakıların ən ümdə vəzifəsi oradakı xanı güldürməkdir. Hekayə də buradan başlayır. Naxoşlayan xanı güldürmək üçün şəhərin ən baməzə adamı olan Molla Nəsrəddini soraqlayırlar. Carçı deyir ki, bəs, kim xanımızın kefini açıb, onu güldürsə, özü ağırlığında ənam alacaq. Yox, əgər bacarmasa, boynu vurulacaq, yəni xan “Cəllad, boynunu dıt” əmri verəcək. Hə, vallah, məhz dıt.
Əlqərəz, şəhərin nə qədər divanxana lotusuna oxşayan bikar, aciz-avarası var, hərəyə bir əmmamə qoyub yol alırlar saraya. 4-5 dəfə xanın qarşısına çıxıb hərəsi bir Molla Nəsrəddin əhvalatı danışmağa çırmanırlar. Heç biri onu güldürə bilmir və hər dəfə “Cəllad, dıt” əmri verilir. Baş üstə Allah var, dalınca da “Qonaqlar var, sonra” ilə ertələnir.

Qısacası, o dövrdən baqqal, bu dövrdən çaqqal, o mühitdən üzgörən, bu zamandan “üzdəniraqlar”a tənələr səhnəyə tökülür.

Allaha pənah, gülən gülür, düşünən də özü bilər. Nəhayət, Molla Nəsrəddin gəlir. Özü də arvadının əlində əsir olan Molla Nəsrəddinin nə edib, nə niyyətdə olduğunu dərk gücü və gücümüz çatmasa da. Sonra muğamçılar yetişirlər. Axırda da “palatka toyu” ilə şıdırğı oynayırıq. Əl çalırıq və pərdə bağlanır.

Hələ də oturmuşam. Hadisənin şokunda zadında da deyiləm. Bu kimi bir neçə tamaşa görmüşəm son 15-20 ildə. Sadəcə bu dəfə Mollaya qəzəblənirəm.

Ürəyimdə “Ay kişi, o boyda ad-sanın var, xeyli də yol yortub gəlmisən. Bu nə məzhəkə idi çıxardın?” demək istəyirdim ki, gec açılıb, tez bağlanan pərdənin arxasında eşidiləcək qədər qulağa gələnləri “götürüb” (səhnə də, kulis də aktyorundur və öz oyununa ən yaxşı qiyməti məhz o özü verir) musiqili teatrı tərk edirəm.

Bayırdakı bərk külək vıyıldaya-vıyıldaya qulağıma Mollanın “Cənab qazı, zəhmət çəkməyin!... Mən kağıza baxmışam. Səhv kağızda deyil, yağ küpəsindədir” əhvalatını yetirir. Öz-özümə “Şükür, yenə yaxşı qurtardıq” deyib qəşş edirəm. Məhz bu an işdən yorğun qayıdan acıqlı adamların baxışları altında onlara qoşulub qaşqabağımı sallayıram...

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #