Kulis.az Ruslan Mollayevin "Ərini gözləyən qadın" hekayəsini təqdim edir.
Sevib ailə qurmuşdular, saatlarla sevişib, bir-birindən ayrı qala bilməyən cütlüklərdən idilər. Sonra necəsə oldu, o, getdi və qadın pəncərə önündə dayanıb ərini gözləməyə başladı.
Bayırda möhkəm payız yağışı yağırdı. Mətbəxdə boş masanın üzərində, gözünü bir nöqtəyə zilləyib şəhadət barmağı ilə rəsm çəkirmiş kimi, ehmalca gəzdirdi.
Buruq tünd qəhvəyi uzun saçları xalatının yarıaçıq qalmış yaxasından döşlərinin üstünə tökülmüşdü. Yumru hamar üzü, şabalıdı iri gözləri, yetişmiş xurmanı xatırladan dodaqları vardı. Bədən quruluşunun iriliyindən amazon qadınlarını xatırladırdı. Gözünü qırpanda kirpiklərinin bir-birinə toxunması isə zərifliyindən, həssaslığından xəbər verirdi.
Pıçıltı ilə eşidilən yağışın səsi, soba üzərində asta-asta qaynayan çaydanın səsinə qarışmırdı. Sanki eyni vaxtda iki ayrı mahnı oxunurdu.
Uşaqlar yataq otağında analarının iç dünyasından xəbərsiz, adəti üzrə növbə ilə oxuduqları nağıl aləminə qərq olub şirin yuxuya getmişdilər.
Qadın masanın üzərində özündən başqa bir kimsənin görə bilməyəcəyi rəsmi çəkirdi. Saymamışdı, bununla neçənci kişi idi ki, qapını açıb evə daxil olurdu. Onların hər biri, bir-birindən fərqli adamlar olsalar da, bir nəfər kimi keçib masanın başında oturub elə hey danışırdılar. İşlətdikləri sözlərin əksəriyyətində sualdan əsər əlamət olmayan əmr cümlələri idi.
Qadının gözləri hələ də yol çəkirdi, yenicə böyük ümidlə gəlmiş çağırılmamış qonaq ayağa durub qadının saçlarını oxşadı, ətrini ciyərinə çəkib dodaqlarından öpməyə çalışdı. Qarşılıq görməyən kişi ağzı köpüklənə-köpüklənə danışıb pərt olmağını, qızarıb, pörtmüş sifətini gizlətməyə çalışdı. Qadın isə yağan yağışın və çaydanın səsindən başqa heç nə eşitmirdi, əliylə təxəyyülündəki rəsmi çəkməyə davam edirdi. Bu rəsm artıq neçə illərdi gözlədiyi həyat yoldaşının rəsmi idi.
Yorulduğunu, havası çatmadığını hiss etdi, pəncərəni açıb başını bayıra çıxartdı, yağış damcıları qadının üzündən sinəsinə qədər axdı, bir neçə yağış damcısı da çəkdiyi rəsmin üzərinə düşdü.
Ərindən ona yalnız iki övladı qalmışdı, bir qız, bir oğlan. Bu evi də onlara xeyli kirayədə yaşadıqlarından sonra qadının atası hədiyyə etmişdi. O adla ki, təki qızına yaxşı olsun, nəvələri yad qapılarda böyüməsin.
Bezmişdi özünü günahlandırmaqdan, səhv axtarmaqdan.
- Bəlkə sadəcə çox sevmişdim, bu idi səbəb...
Ardı-arası kəsilməyən sual cavabdan başa düşürdü ki, ərini uşaqlardan çox sevir. Kiməsə deməyə, bölüşməyə utansa da açıq şəkildə bunu özü öz boynuna alırdı. Uşaqlarının onu xatırladacaq hər hansı hərəkətini, xasiyyətinə uyğun davranışını görəndə qadın bir anlıq zamanı durdurmaq istəyirdi. Uşaqlar analarının birdən-birə nə səbəbdən onları qucaqlayıb qəhərlənməsini başa düşmürdülər, susub mat-mat bir birilərinə baxırdılar. Atalarını soruşmağa gəldikdə isə:
- Sizin üçün çoxlu oyuncaq ala bilməsi üçün uzaqlara, məzuniyyətə gedib. - deyə bildirmişdi.
Gözdən salmaq, onların 5-6 yaşlı düşüncəsini zədələmək istəmirdi. Uşaqlar əvvəl bu xəbərə sevinsələr də çox keçmədən analarına yaxınlaşıb:
- Atamıza de gəlsin, daha oyuncaq istəmirik. - demişdilər.
O gedəndən qadın hamıya acıqlı olmuşdu, ən çox da anasının qırxı çıxmamış evlənən atasına tökürdü hirsini. Ögey anası dəfələrlə təklif eləsə də:
- Uşaqları gətir qoy bizə, sən get gəz, dolaş - xeyri olmamışdı. “Cavansan, həyatın hələ qarşıdadır!” - deyəndə, daha da coşub özündən çıxırdı.
Qadın çevrilib çəkdiyi rəsmə baxdı, yaş ovucunu masanın üstünü silirmiş kimi gəzdirib yenidən əlini yağışın altına tutdu. Gözlərini yumub ovucuna toxunan yağış damcılarını hiss etməyə çalışdı. Qarışmış rənglər barmaqlarından süzülüb tamamilə yuyulana qədər gözlərini açmadı. Sonra islanmış saçlarını arxaya yığıb, yenidən, masanın üstünə baxdı; ərinin rəsmi pozulmuşdu.
Danışdıqlarına fikir verilmədiyini başa düşən qonaq, çıxıb getdi. Qapının çırpıldığını eşitdikdə, qadın, dərindən köks çəkib başını buladı, qeyri-ixtiyarı onu gülmək tutdu, keçib bayır qapını kilidləyəndə dəhlizdəki güzgüdə özünü görüb diqqətlə gözlərinin içinə baxdı, hönkürüb ağlamaq istədiyini hiss eləsə də bir anlıq daxilində özü ilə mübarizə apardı; ağlı bədənini bu şəkildə görmək istəmirdi. Əlini dişlərinə sıxdı ki, səsi möhkəm çıxmasın...
Xəzərin xırda dalğaları üzərində Bakının sahilini bəzəyən gəmi dayandı. Pəncərədə yanan yeganə işıqdan elə təəssürat yaranırdı ki, binada, bu qadından başqa kimsə yaşamır. Ağlayıb sakitləşəndən sonra pəncərəni bağlayıb soyuqdan biz-biz olmuş canını sobanın istisində qızındırmaq istədi, dizlərini qucaqlayıb otursa da canı qızmadı.
- Saat 4 oldu, bu gün də gəlmədi.
Göz yaşını silib ayağa durdu, heç nə olmayıbmış kimi yataq otağına keçdi, uşaqlarını qucaqlayıb gözünü yuman kimi dərin yuxuya getdi.
Küçədən arabir maşınlar keçib ümumi səsin ahəngini dəyişirdi, sobanın kənarına qoyulmuş çaydan da qaynayıb mətbəxin aynalarını buxarlandırırdı. Güzgüyə çevrilən aynada damcılar ilk dəfə idi ki, öz əkslərini görürdülər. Beləcə, bu qadına bənzər küçə və evin sirli səsi, dan yeri sökülənə qədər şəhərin küyünə qarışıb qeyb oldu.