Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli
12 aprel 2024
# 10:00

Kulis.az İlham Rəhimlinin “Dahiliyin zirvəsi və yaxud bu zirvəyə aparan yolun kədərli keşməkeşləri” adlı məqaləsini təqdim edir.

Azərbaycan milli mədəniyyətimizin dahilik dərgahında Üzeyir bəy Hacıbəylinin öz müqəddəs hücrəsi var. Bu, təkcə mənim fikrim deyil və həmin həqiqəti mədəniyyət və incəsənətimizlə bağlı olan bütün sənətkarlar bəyan ediblər. Qədirbilən musiqişünaslarımız Üzeyir bəy dühasının əzəməti barədə çox-çox yazıblar, yazırlar və yazacaqlar da. Onun yaradıcılığı barədə tədqiqatlar da az deyil, çoxdur. Amma və di gəl ki, mənim fikrimcə, bu çoxluğun özü kifayət qədər, tam yetərincə deyil. Xüsusən də Üzeyir bəy və teatr mövzusuna dərindən-dərinə çıraq tutub gizli mətləbləri, yaxud zamanın alatoranında ilişib qalmış həqiqətlərə çıraq tutmağa ehtiyac duyulur.

Mən musiqişünas deyiləm, ancaq bəstəkarın musiqi dünyasına az-çox bələdliyim var. Bununla belə hiss edirəm ki, hələ bu sahədə də daha dərindən araşdırmalar aparmağa ciddi ehtiyac var. Bu yazımda elmi araşdırmalar aparmaq fikrim yoxdur. Sadəcə, musiqi və teatr ictimaiyyətinə az-çox məlum olan müəyyən fakt və olayları bir qədər geniş nəzərə çatdırmağa çalışacağam. Əmin olmaq istərdim ki, bir yerə topladığım faktlar hansısa tədqiqatçının və ya tədqiqatçıların Üzeyir bəy irsinin daha dərin qatlarının mahiyyətini açmalarına açar ola bilər.

Əvvəlcə Üzeyir bəyin opera və operettalarının ilk tamaşa tarixlərini bir daha xatırlayaq. Çünki onun əsərlərinin premyera tarixlərindən bəhs edən bəzi tədqiqatçılar, xırda da olsa, yanlışlığa yol veriblər.

1908, 12 yanvar. “Leyli və Məcnun”. Tağıyev teatrında. Quruluşçu rejissor Hüseyn Ərəblinski, dirijor Əbdürrəhim bəy Haqverdiyev, xorbaşı (xormeyster) Məmmədhənifə Terequlov.

1909, 30 noyabr. “Şeyx Sənan”. Nikitin qardaşlarının sirkində. Quruluşçu rejissor Hüseynqulu Sarabski, dirijor Üzeyir bəy Hacıbəyli, xorbaşı Məmmədhənifə Terequlov.

1910, 24 may. “Ər və arvard”. Nikitin qardaşlarının sirk binasında. Quruluşçu rejissor Hüseyn Ərəblinski.

1910, 12 noyabr. “Rüstəm və Söhrab”. Nikitin qardaşlarının sirk binasında. Quruluşçu rejissor Hüseynqulu Sarabski, dirijor Üzeyir bəy Hacıbəyli, xorbaşı Məmmədhənifə Terequlov, rejissor yardımçısı Xəlil Hüseynov.

1911, 25 aprel. “O olmasın, bu olsun” (“Məşədi İbad”). Mayılov qardaşlarının teatrında. Quruluşçu rejissor Hüseynqulu Sarabski.

1912, 10 mart. “Şah Abbas və Xurşid banu”. Nikitin qardaşlarının sirk binasında. Quruluşçu rejissor Hüseyn Ərəblinski, dirijor Müslüm Maqomayev, xorbaşı Məmmədhənifə Terequlov.

1912, 18 may. “Əsli və Kərəm”. Mayilov qardaşlarının teatrında (indiki Opera və Balet Teatrı. Bina 1911-ci ildə istifadəyə verilib). Quruluşçu rejissor Hüseynqulu Sarabski, dirijor Müslüm Maqomayev, xorbaşı Məmmədhənifə Terequlov.

Qeyd. Operanın adı bəzi mənbələrdə “Çoban operası” kimi verilib (bax: “Tazə xəbər”, 28 may 1912).

İkinci qeyd. Bəzi tədqiqatçıların operanın premyerasını 17 may yazmaları səhvdir. Həmin gün Ağəli Ağayev və Xanlarovun işlədikləri “Əsli və Kərəm” operası göstərilib. Üzeyir bəyin operası bir gün sonra oynanılıb. (Bu barədə bax: “Sədayi-həqq” qəzeti, 14 may 1912). Hüseyn Ərəblinski yazırdı: “Cümə günü, mayın 18-də oynamalı “Əsli və Kərəm” adlı Üzeyir bəyin operasında mən rejissor deyiləm. Mən cümə axşamı, may ayının 17-də oynanılacaq “Əsli və Kərəm” operasında rejissoram” (“Sədayi-həqq” qəzeti, 15 may 1912).

1913, 25 oktyabr. “Arşın mal alan”. Tağıyev teatrında. Quruluşçu rejissor Hüseynqulu Sarabski.

1937, 30 aprel. “Koroğlu”. Opera və Balet Teatrında. Quruluşçu rejissor İsmayıl Hidayətzadə, rəssam Rüstəm Mustafayev, dirijor Üzeyir bəy Hacıbəyli.

Üzeyir bəy ilk operalarını direksiyon deyilən üslubda yazıb və bəstəkar Əfrasiyab Bədəlbəyli, rejissor Soltan Dadaşov, daha bir neçə tədqiqatçı müxtəlif əsər və məqalələrində “direksiyon” ifadəsini işlədiblər, ancaq onun mahiyyətini açmayıblar. Məncə bu məsələyə musiqişünasların aydınlıq gətirməsinə müəyyən ehtiyac var.

Üzeyir bəy məsləkdaşı və bacanağı Müslüm Maqomayevə Şimali Qafqazın Jeleznovodsk şəhərindən göndərdiyi 3 iyul 1912-ci il tarıxli məktubunda yazır: “İyunun 21-dən Jeleznovodskdayıq. Məleykə müalicə olunur, mən isə piano çalmağı öyrənirəm. Burada özümə müəllimə tapmışam. O, həftədə üç dəfə mənimlə məşğul olur və hər gün onun royalından istifadə edirəm”.

Картинки по запросу uzeyir hacıbəyov qəzet

Qeyd edim ki, bu və digər məktubların mətni Qulam Məmmədlinin “Üzeyir Hacıbəyli (həyat və yaradıcılığının salnaməsi)” kitabından götürülüb.

7 fevral 1914-cü ildə Peterburqdan yenə Müslüm bəyə yazdığı növbəti məktubda Üzeyir bəy göstərir: “Nəhayət ki, konservatoriyadayam. Mən harmoniya klasına, o klasa ki, nəzəriyyəçiləri qəbul edirlər, daxil oldum. Əgər fortepiano çalmaq bacarsaydım, kontrapunkt klasına daxil ola bilərdim... Hazırda mənim işim çox-çoxdur, hər gün konservatoriya, həftədə 2 dəfə fortepiano, 2 dəfə praktiki harmoniya...”.

Bəstəkar bu fikrini 12 gün sonra yazdığı başqa məktubunda belə davam etdirir: “Müslüm bəy!

Məktubun məni və Məleykəni nə qədər sevindirdiyini təsəvvür edə bilməzsən. Yay istirahətimizi təmin etmək üçün 150 manat göndərməyin bizi çox mütəəssir etdi...

Təhsilim müvəffəqiyyətlə davam edir, kontrapunkt klasına keçməyimə ümidim var, orada kontrapunktla yanaşı instrumentovkanı da keçəcəyik. Deməli, bir ildən sonra harmoniya, kontrapunkt və orkestrovka təlif (ərəbcə yazılmış, tərtib olunmuş mənasını verir – İ.R.) etmək üşün nə lazım olduğu mənə məlum olacaqdır. Ondan sonra biz səninlə allahın köməyilə daha əsaslı, mütəşəkkil və maraqlı işə başlaya bilərik”.

“Leyli və Məcnun” operası 1907-ci ilin sonlarında hazır idi. Amma və di gəl ki, Bakı neftxudası, məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində tikdirdiyi teatr binasının (hazırki Dövlət Musiqili Teatrının yerində olub) icarədarı Polonski ilə dil tapıb tamaşanı oynamaq müşkülə düşmüşdü. Yeri gəlmişkən, 1918-ci ilin mart ayına, erməni daşnaqları binanı yandıran vaxta qədər Polonskinin öz truppası həftənin altı gününü Tağıyev teatrında (mətbuatda Şəhər teatrı kimi də yazılıb) tamaşa göstərirdi. Yalnız həftənin cümə günləri Müsəlman (Azərbaycan – İ.R.) teatr dəstəsinə,“Nicat”, “Səfa”, “Həmiyyət”, “Müdiriyyət” truppalarına tamaşa göstərmək üçün bina icarə verilirdi. Teatrın pərdələrinə səhnə tərəfdən qıfıl vurulurdu, azərbaycanlı teatr fədailəri icarə pulunu əvvəldən verməsə qıfıl aşılmırdı.

Həmin dövrdə Bakıda tamaşa, xüsusən opera oynamaq üçün daha əlverişli bina Tağıyev teatrı idi. Çünki onun səhnəsinin önündə orkestr çökəyi var idi. Müəyyən qədər əlverişli bina Nikitin qardaşlarının sirki (Nizami küçəsi ilə Bülbül prospektinin kəsişdiyi tində olub. Köhnə mərkəzi bank binası ilə üzbəüz) və Musa Nağıyev teatrı (indiki Zabitlər evi) idi.

Üzeyir bəyin “Leyli və Məcnun” operasının tamaşaçılara göstərilməsinin gecikməsinin bir səbəbi də məhz bununla bağlıdır.

Başqa bir məsələ. “Leyi və Məcnun”un ilk afişalarında Üzeyir bəyin adı ilə yanaşı, onun kiçik qardaşı Ceyhun Hacıbəylinin də adı yazılıb. Bu məsələyə də müəyyən aydınlıq gətirmək istəyirəm. Üzeyir bəy Hacıbəyli opera üzərində işləməyə 1906-ci ilin sonlarında başlayıb. Onda Ceyhun bəyin 16 yaşı vardı və o, qardaşına Füzuli şeirlərini toplamaqda, Üzeyir bəyə lazım olan qəzəllərin üzünü köçürməkdə yaxından kömək edib. Üstəlik də bəzi aktyorlar ilk dəfə göstəriləcək operanın tamaşaçılar tərəfindən necə qarşılanacağı ilə bağlı oynamağa tərəddüd edirdilər. Məcburiyyət qarşısında qalan Üzeyir bəy Nofəl rolunu Ceyhun bəyin oynamasını tamaşanın rejissoru Hüseyn Ərəblinskiyə tövsiyə etmişdi. Operanın ilk proqramında “İbn Səlam – C.Dağıstanlı” və Nofəl – N.N. Ceyhun bəydir. Digər tərəfdən, Ceyhun bəyin Parisdə mühacirət həyatı yaşadığı dövrdə yazdığı xatirələrdə operanın yazılışına necə yardımçı olduğunu açıqca təsvir edir.

Tamam başqa bir yanaşma. Ceyhun bəy şəksiz istedadlı gənc idi, bu, öz yerində. Əgər onda musiqi , xüsusən bəstəkarlıqla bağlı fitri istedad olsaydı yəqin o da Üzeyir bəy kimi, yaşda Üzeyirdən də böyük olan Zülfüqar bəy kimi opera və operetta yazardı.

***

Üzeyir bəy Hacıbəylinin musiqi əsərləri əsasən “Nicat” mədəni-maarif cəmiyyətinin eyniadlı truppası tərəfindən alınaraq oynanılıb. Amma və də gəl ki, “Nicat” əksər vaxtlarda bəstəkarla konfliktdə olub. Dəfələrlə məhkəmə çəkişmələri baş verib. Üzeyir bəyin Moskvada konservatoriyada təhsili alması üçün ona pul lazım idi. Bu məqsədlə bəstəkar “Nicat”a rəsmi müraciət edərək “Şah Abbas və Xurşid banu” operasına 5 min manat qonorar istəyib. Lakin cəmiyyət həmin məbləği verməyib (bax: “Baku”, 7 fevral 1912).

Ziyalılardan bir qrup işə qarışdıqdan sonra “Nicat” bəstəkarın hər dəfə oynanılacaq əsərinin gəlirindən müəyyən faizə yiyələnməklə tələbə Üzeyir bəyə ayda 200 manat göndərməyə razılıq verib. Üzeyir bəy məcburiyyət qarşısında buna razılıq verib. Ancaq “Nicat” razılaşmaya əməl etməyərək müəyyən hallarda özünü Hacıbəylinin əsərlərinin sahibi kimi aparıb. “Nicat”la bəstəkar arasında çəkişmə, Üzeyir bəyə qarşı ədalətsiz mövqe qəzetlərdə də yer alıb. Elə buradaca qeyd edim ki, “Kaspi” 29 dekabr 1912-ci il tarixli sayında yazır: “Sentyabr ayından başlayaraq “Nicat” cəmiyyəti müsəlman kompozitoru Ü.Hacıbəyli ilə xüsusi müqavilə bağlayıb, onun musiqi əsərlərini əlinə aldı və öz truppasını təşkil etdi...

Operalardan “Əsli və Kərəm” 2 dəfə, “Şah Abbas” 2 dəfə, “O olmasın, bu olsun və “Leyli və Məcnun” oynandı. Ən çox gəlir verən “Əsli və Kərəm” idi. 1800 manat gəlir vermişdir”.

Bu tamaşalar 1913-cü ilin payızına qədər (yəni bir dərs ili müddətində) dəfələrlə oynanılıb. “Nicat” yalnız özünə 10 min manatlarla gəlir götürüb, amma və di gəl ki, tələbə Üzeyir bəyin halal qazancının çox az hissəsini ona çatdırıb. Onu da min bir bəhanə ilə gecikdirə-gecikdirə.

“Baku” qəzeti 31 mart 1913-cü tarixli sayında yazır: “Leyli və Məcnun” operası bir mövsümdə dəfələrlə oynandı və hər dəfə “Nicat”a 3 min manat gəlir verdi”.

Bunu həssaslıqla duyan Üzeyir bəy 25 noyabr 1912-ci ildə Müslüm Maqomayevə ünvanladığı məktubunda yazır: “Nicat”ın fırıldaqçıları bizi aldatmaq istəyirlər. Mən nəinki onların iki ildən sonra mənə verməli olduqları məbləğin əlimdən çıxacağından, həm də mənə layiq məvacib verməkdən bir gün imtina edəcəklərindən qorxuram. Əgər bu qorxuma sən də şəriksənsə, məni qabaqcadan xəbərdar et, bir tədbir görüm, yoxsa çıxılmaz vəziyyətdə qalaram”.

Oxucuda belə təəssürat yaranmasın ki, mən “Nicat”ı yalnız tənqid etmək fikrindəyəm. Qətiyyən! “Nicat” Azərbaycan teatr sənətinin tərəqqisində böyük işlər görüb və bu barədə kitablarımda kifayət qədər yazmışam. Söhbət Üzeyir bəyin yaradıcılıq yolunun mürəkkəb olduğunu, bəstəkarın çox ədalətsiz münasibətlərlə, haqsızlıqlarla qarşılanmasını oxuculara çatdırmaqdır.

“Nicat”la Üzeyir bəyin arasındakı opera və operettaların müəlliflik hüququ ilə bağlı konfliktlərə “Kaspi” (28 may 1913), “Sədayi-həqq” (29 may 1913), “İqbal” (29 may 1913) qəzetləri də münasibət bildiriblər. Bu münasibətlərdə, məsələnin şərhində haqsız mövqelər çoxdur. İş o yerə çatmışdı ki, “Nicat”ın rəsmisi “Kaspi” qəzetində (1 iyun 1913) yazırdı: “Qafqazın ayrı-ayrı şəhərlərindən alınan xəbərlərə görə oralarda “Leyli və Məcnun” operası oynanmaqdadır. Halbuki bu opera “Nicat cəmiyyətinə məxsusdur və onu başqaları tamaşaya qoymaq hüququna malik deyildir”.

Məncə əlavə şərhə ehtyac yoxdur.

Üzeyir bəy Moskva və Peterburqda təhsil alanda çox maddi sıxıntılar keçirib. Həmin vaxt o, ailəli idi və Həmidə xanım da onun yanında idi. Üzeyir bəyin əsərlərini Bakıda oynayıb müəyyən qazanc götürən dostları də gələcəyin dahisinin maddi durumuna müəyyən məqamlarda laqeyd yanaşıblar. Bəstəkarın Müslüm Maqomayevə 13 avqust 1913-cü ildə yazdığı məktuba nəzər salaq.

“Əzizim Müslüm!

Sükut etməyimin səbəbi, çox məşğul olmağımdır ki, səhərdən gecə yarısınadək işləyirəm. Əvvala, qarşıdakı imtahanlara hazırlaşıram, ikincici operetta yazıram (bəstəkar “Arşın mal alan” operettasını nəzərdə tutur – İ.R.), özü də müvəffəqiyyətli olacaqdır, allah qoysa vaxtında sənə göndərərəm. O ki, qaldı Zülfüqarın Şuşada verdiyi tamaşalara, sözün düzü, mənim xoşuma gəlmədi... Sarabskiyə məktub yazıb öz 400 manatımı istəmişdim. Heç olmasa 200 manat göndərəydi, lakin bir cavab almadım. Halbuki, pula ehtiyacım vardı, ciddi teleqram vurmağa məcbur oldum. Bir neçə gün sonra 100 manat aldım. İndi yenə də pul gözləyirəm. Lakin pul əvəzinə israğa gün Sarabskidən və kompaniyasından teleqram almışam ki: “içirik sənin sağlığına. “Əsli və Kərəm” müvəffəqiyyətlə keçdi”. Mən cavab vermədim. Dalısı nə olacaq, bilmirəm...”

Burada bir məsələyə də toxunmaq istəyirəm. Bəzi tədqiatçılar belə bir fikir irəli sürürlər ki, Moskvada və Peterburqda tələbə olan Üzeyir bəyin bəstəkarlıq fəaliyyətindən nə üçün müəllimləri xəbərdar deyildilər. Həmin dövrün təhsil qanunlarına görə konservatoriya tələbəsi diplom almamış bəstəkarlıqla məşğul ola bilməzdi. Belə bir hal olardısa, həmin tələbə təhsildən uzaqlaşdırılardı. Məhz buna görə də tələbə ola-ola “Arşın mal alan” kimi şedevr bəstələyən Üzeyir bəy bunu nəinki bütün müəllimlərindən, hətta yaxın ünsiyyəti olan tələbə yoldaşlarından da gizli saxlayıb. Elə buna görə də o, operettanın premyerasında iştirak etnəyib. Bu barədə Üzeyir bəy Peterburqdan Müslüm Maqomayevə yazdığı 16 may 1914 cü il məktubunda da məlumat verib.

***

Üzeyir bəyin Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələri bəyənən və onu alqışlayan ziyalılar çox idi. Ancaq opera və operettaların dram teatrını məhvə apardığını iddia edən, bəstəkara şər-böhtan atan, hətta ona həcv yazan bir qrup qəzetçilər də vardı. Görkəmli salnaməçi-tədqiqatçımız Qulam Məmmədli öz kitabında bu məsələlərə geniş yer ayırıb. Yeri gəldikcə sitat gətirəcəyim parçaları Qulam müəllimin kitabındakı kimi verəcəm.

“Kəlniyyət” qəzetinin 7 sentyabr 1912-ci il tarixli sayında Kərbəlayı Dəyirqoz imzalı kimsənə yazır: “Bəli, rəmazan getdi, sentyabr gəldi. Biz də yavaş-yavaş daçalardan yığışıb gəlirik. İndi gərək səhnələr bəzənə, operalar işə düşə. Üç aydır “Leyli və Məcnun” və “Əsli və Kərəm” vaqiələrinin xəyaləti ilə keçmişik. Həmd olsun ki, yetişdik o vaxta ki, üç gündən bir operalar tərtib olunacaq...

Gəl baba, gir bucağa

And olsun pirə, ocağa.

Döndü oyun-oyuncağa

Ay opera, opera,

Hay opera, opera!..

“Şah Abbas” hekayəti,

“Xurşid banu” rəvayəti

Qabağa saldı milləti,

Ay opera, opera!..

“Leyli”vəşin hekayəti,

“Əsli” xanım təravəti

Əldən alıbdı taqəti

Ay opera, opera!

“Ər arvad”ın hırıltısı,

Kəblə Qubad nəriltisi

Saz-balaban zırıltısı

Hay opera, opera!..

Sarabskinin səs salması,

Millətin əl-qol çalması,

“Qulu”nun tuman alması,

Ay opera, opera!..

“Leyli”nin işvəsazlığı

“Əsli”nin qəmzə-nazlığı

Öyrədir eşqbazlığı,

Hay opera, opera,

Huy opera, opera!..

Mən bu və aşağıda verəcəyim faktları göstərməklə onun müəlliflərini lənətləmək fikrində deyiləm və heç buna ehtiyac da duymuram. İstəyirəm oxucular Üzeyir bəy kimi dühanın bütün təhqir və həcvlərə, şər və hədyanlara necə tab gətirdiyini, yaradıcılığını günü-gündən zənginləşdirdiyini bir daha dərindən duysunlar. Duysunlar və bir daha əmin olsunlar ki, Üzeyir bəy Hacıbəylinin yaradıcılıq yolu heç də hamar, daş-kəsəksiz olmayıb.

Belə hədyan hücumlar başqa mətbuat nümunələrində də olub və 1918-ci ilə kimi vaxtaşırı özünü göstərib.

“Tuti” jurnalı 9 may 1914-cü il sayında Pompaşa imzalı birinin həcvini çap edib. Altı bənddən ibarət cızma-qarada aşağıdakı təhqiramiz misralar da vardı.

Min təşəkkür Üzeyirin bizə xidmətlərinə,

Xalqa göstərdiyi ol səhnəyi-ibrətlərinə.

“Ər və arvad” ilə “Arşın mal alan”ayinədir,

Ta baxa xalq, görə ondakı əxlaq nədir.

Səhnə məktəbmidir, ya cib sovuran bir gənədir?

Bəstəkar da uşaqdır da, cəmaət nənədir

Ki, əmər ciblərini, baxmayıb halətlərinə.

Necə şükür eyləməyək, bir belə xidmətlərinə?!

Dirijor olmuş Hambal ilə Məşədi İbad...

Elə bil qəzet və jurnalın “millət qəhrəmanları” Üzeyir bəyə rişxənd eləmək üçün bəhsə girişmişdilər. “Məzəli” jurnalı 9 may 1914-cü il sayında birinci səhifəsində ağzından qan axan dramın üstündə oturmuş yarıçılpaq, yanbızına “operetta” yazılmış xanım karikaturasını çap etmişdi. “Tuti” isə Pompaşanın hədyanından heç bir ay keşməmiş Sırtıq imzası ilə Üzeyir bəyin ünvanına daha bir hədyan çap etmişdi.

Açmışam bir dənə, başdan-başa dükan – opera,

Satıram, etgilən artistlərə elan – opera!

“Məşədi İbad”, “Xosrov Şirin” ilə “Arşın mal alan”,

“Leyli Məcnun”, “Şah Abbas”, nə bilim bir də filan,

“Əsli və Kərəm” heç də çıxarmı yaddan...

Dərk edər cümlə xəlzayiq ədəbi bunlardan.

Yazmışam mən də birin, adı “Hacı İmran” – opera,

Satıram, egilən artistlərə elan – opera!

Mənim bu müəlliflərin yazdıqlarına da şərh vermək istəmirəm. Şərhi tarix verib. Üzeyir bəyin “Arşın mal alan”ı dünyanın iyirmidən çox dilində səslənib. Şəninə abidələr ucalıb, adına küçə, Musiqi Akademiyası var, barəsində bədii, sənədli filmlər çəkilib, yaradıcılığından bəhs edən cild-cild kitablar çap olunub. Amma nə tarix, nə tarixlə məşğul olanlar, nə də Azərbaycana qənim kəsilən naşükürlər də bilmirlər ki, Kərbəlayı Dəyirqoz, Pompaşa, Sırtıq kimdir, kimsənədir, onların aqibəti necə olub, öldü-qaldısı bir kimsəyə məlumdurmu...

Opera və operettanın əleyhinə verilmiş yazılardan müəyyən sətirləri təqdim edirəm.

“Leyli və Məcnun”dan sonra, həmişəlik olmasa da, hazırkı zaman üçün dram öldü” (“Baku”, 31 mart 1913).

“Operalar meydana çıxmaq ilə büsbütün dram və məzhəkələr və sair əsərlər bilmərrə mahiyyətlərini itirmişlər” (“İqbal”, 9 sentyabr 1913).

“Onsuz da sübhdən axşama kimi restoranlarda və bilməm nə kimi yerlərdə müsəlmanlar zövqü-səfa sürürlər. Mənbən-ədəb və ürfan olan səhnəni dəxi bir zövqü-səfa, bir şıldırıq məclisinə döndərmək heç də rəva deyildir.

Hər nə isə, “Arşın mal alan” operettası bir dərəcə fars tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir” (“İqbal”, 27 oktyabr 1913).

“O ki, bəzi opera və operetta yazanlarımızdır, onların da qulluğu çoxdur. Amma bir yana baxanda onların milləti də puldur... Mən də sənə əyləncə üçün opera yazım. Xülasə, pul, pul, pul!” (“Tuti”, 27 iyun 1914. Müəllif: Ə.Düdük).

“Bir neçə nəfər cibişdanməzaclar, cümlə müsəlman qardaşlarımıza xəbər veririk ki, bu il də keçən ildəki kimi dalbadal opera qoymaqlıq ilə dramaya yol verməyəcəyik ki, hər cür bir oyunbaz üçün təntənəli benefis quracağıq” (“Tuti”, 5 sentyabr 1914. Müəllif: Zilcovşən).

***

İstərdim musiqişünaslarımız və teatrşünaslarımız aşağıdakı faktlara da diqqət yetirsinlər və bu istiqamətdə axtarışlar aparsınlar. Əldə olunan hər hansı məlumat, not yazısı Üzeyir bəy Hacıbəyli irsinin möhtəşəm və ecazkar zənginliyini bir qədər də artırar.

1910-cu il dekabr ayının 9-da Tağıyev teatrında binanın 30 illik yubileyi keçirilib. (Halbuki istifadəyə verildiyi 28 il idi. Görünür tikintinin başlandığı il əsas götürülüb). Tədbirdə Üzeyir bəyin rəhbərliyi və dirijorluğu ilə orkestr bəstəkarın həmin gecə üçün bəstələdiyi marş səsləndirilib (bax: Baku” qəzeti, 11 dekabr 1910).

Картинки по запросу uzeyir hacıbəyov qəzet

Üzeyir bəy Hacıbəyli 1911-ci ilin iyun və iyul ayında bir qrup aktyorla Tiflisdə qastrolda olub. Əbülfət Vəlinin rejissorluğunda “Leyli və Məcnun” və “Məşədi İbad” tamaşaları göstərilib. Tamaşalara dirijorluğu Üzeyir bəy özü edib. “Məşədi İbad”da Zülfüqar bəy Hacıbəyli Rüstəm bəy, Üzeyir bəy isə Rza bəy rollarını ifa ediblər. Qastrol Suxum və Batumda da davam edib (bax: “Tiflisskiy listok”, 15 iyun 1911; “Tiflisskiy listok”, 17 iyun 1911; “Zakavkaziye”, 29 iyun 1911; “Kaspi”, 14 iyul 1911).

Opera və operettalara hücumların qarşısını daha səmərəli yaradıcılıq işləri ilə almaq, musiqi əsərlərini hazırlayanda onlara meyxanalar, həcvlər, satirik lövhələr əlavə edənlərin özbaşınalığının qarşısını almaq üçün Üzeyir bəy böyük qardaşı Zülfüqar bəylə 1916-cı ildə bir truppa yaratdılar. Truppa “Üzeyir bəy və Zülfüqar bəy Hacıbəli qardaşlarının müdiriyyəti adlanırdı. Müxtəlif mətbuat səhifələrində həmin dəstə “Hacıbəyli qardaşlarının müdiriyyəti” və “Müdiriyyət” kimi də təqdim olunub. “Müdiriyyət”in bir məramı da o idi ki, müxtəlif kiçik truppalara bölünən, az-çox tanınan aktyorların dəstə bağlayıb zəif tərkibdə qastrollara çıxmasının qarşısını almaq idi.

1916-1919-cu illərdə fəaliyyət göstərən “Müdiriyyət”in baş rejissorları mütəlif vaxtlarda Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə və Üzeyir bə Hacıbəyli olmuşlar. Dəstə-truppaya həmin dövrdə Azərbaycanın məşhur aktyorları Mirzağa Əliyev, Abbasmirzə Şərifzadə, Hüseynqulu Sarabski, Xəlil Hüseynov, Şura Olenskaya, Yeva Olenskaya, Raza Darablı, Cəlil Bağdadbəyov, Əbülhəsən Anaplı, Mir Paşa, İbrahim Atakişiyev (Azəri), Mehdi bəy Hacınski, Bağır Cabbarzadə və başqaları daxil idilər.

«Müdiriyyət» ilk pərdələrini 1916-cı il sentyabrın 9-da Opera teatrında Zülfüqar Hacıbəylinin «Aşıq Qərib» operasının tamaşası ilə açıb. Noyabr aynının 10-da isə Tağıyev teatrında «Yezid ibn Müaviyyə» (Curci Zeydanın romanı üzrə işləyəni Mehdi bəy Hacınski) dramı ilə yaradıcılığının yeni janrda fəaliyyətinə başlayıb. «Müdiriyyət» ilin sonuna kimi dörd opera və üç operetta premyerası və altı yeni dram tamaşası göstərib. Bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı ələ ala bilib. Müsəlman təqvimində səfər ayının başlanması ilə əlaqədar olaraq teatr bir müddət opera və operetta oynamayıb. Bütün tamaşaların rejissorluğunu Abbasmirzə Şərifzadə və dirijorluğunu isə Üzeyir bəy Hacıbəyli etmişdilər.

Musiqi əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkrar-təkrar göstərilib.

18 sentyabr. «Əsli və Kərəm», Üzeyir bəy Hacıbəyli.

23 sentyabr. «Məşədi İbad», Üzeyir bəy Hacıbəyli.

26 sentyabr. «Şah Abbas və Xurşid banu», Üzeyir bəy Hacıbəyli.

30 sentyabr. «Arşın mal alan», Üzeyir bəy Hacıbəyli.

6 oktyabr. «Evli ikən subay», Zülfüqar bəy Hacıbəyli.

7 oktyabr. «Aşıq Qərib», Zülfüqar bəy Hacıbəyli.

20 dekabr. «Leyli və Məcnun», Üzeyir bəy Hacıbəyli.

«Müdiriyyəti»in dram tamaşaları aktyor ansamblının ciddi və peşəkar işi, yeni rejissor təfsiri ilə seçilirdilər. «Yezid ibn Müaviyyə»də əsas rolları Abbasmirzə Şərifzadə (Yezid), Şura Olenskaya (Səlma), Xəlil Hüseynov (Şümür) oynayıblar.

11 noyabr. «Ağa Məhəmməd şah Qacar», Əbdürrəhim bəy Haqverdiyev.

18 noyabr. «Tariq ibn Ziyad», Əbdülhəq Hamid. Osmanlıcadan çevirəni Dadaş Bünyadzadə.

25 noyabr. «Dəmirçi Gavə», Şəmsəddin Sami. Osmanlıcadan çevirən Səməd Mənsur.

2 dekabr. «Qara bəla» («Əkbər şah Hindu»), Namiq Kamal. Osmanlıcadan çevirən Cəlil Bağdadbəyov.

9 dekabr. «Dağılan tifaq» («Qumarbazın axır günü» adı ilə), Əbdürrəhim bəy Haqverdiyev.

15 dekabr. «Bahadır və Sona», Nəriman Nəimanov.

«Müdiriyyət» 1918-ci ildə, 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. Tağıyev teatrı yandığına görə əksər tamaşalar Opera teatrında, az qismini isə «Mikado» teatrının və «Malı teatr»ın binalarında göstərilib. Bakıdakı peşəkar teatrlar əsasən Üzeyir bəy Hacıbəylinin ətrafında birləşmişdilər. Dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu.

İlin dörd ayı ərzində fəaliyyət göstərərək, yaradıcılığına son qoyan «Müdiriyyət”in ən uğurlu və yeni işi Müslüm Maqomayevin “Şah Ismayıl” (libretto müəllifi Mirzə Qədir İsmayılzadə) operasının tamaşası olub. Opera Hüseynqulu Sarabskinin (Şah Ismayıl) benefisinə həsr edilib və mart ayının 7-də göstərilib. Tamaşa martın 5-də oynanılmalıydı, lakin Hüseyn Ərəblinskinin qətlə yetirilməsi ilə əlaqədar iki gün sonra nümayiş etdirilib.

Картинки по запросу uzeyir hacıbəyov proqram

1919-cu ilin payız mövsümü başlayanda artıq Bakının irili-xırdalı bütün truppaları Hökumət Teatrı kollektivində birləşdirildi. Düzüdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ada altında və yeni emblemlə göstərib.

Bununla da “Müdiriyyət” özünün fəaliyyətinə son qoyub. Bu kollektivin əksər opera və operetta tamaşalarının xorbaşısı Hənifə Terequlov olub. Dirijorluğu isə Üzeyir bəylə yanaşı, Müslüm bəy Maqomayev və bəzən Zülfüqar bəy Hacıbəyli ediblər.

“Müdiriyyət” daha kamil və daha məzmunlu repertuar uğurunda müəyyən nailiyyətlər qazanıb.

“Müdiriyyət”in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter yaratmaq vərdişlərinə yiyələnmələri artıb.

“Müdiriyyət” peşəkar teatr üçün vacib olan estetik prinsiplərə cəsarətlə yiyələnməyə şərait yaradıb.

“Müdiriyyət” milli teatr sənətinin institussional (təsisatlı) mədəniyyətin faktına keçməsi mərhələsini peşəkarlıqla təminatlandırıb.

***

Üzeyir bəy Hacıbəylinin teatrla bağlı yaradıcılığının 1920 – 1947-cı il dövründən bəhs edəndə tədqiqatçılar nədənsə onun fəaliyyətinin yalnız “Koroğlu” ilə bağlı mərhələsindən bəhs edirlər. Əlbəttə bu, təbidir, çünki “Koroğlu” təkcə milli incəsənətimizin möcüzəsi deyil, dünya opera janrında şərəfli yer tutur. Sözüm ondadır ki, Üzeyir bəyin hətta yarımçıq işlərinin də notlarını tapıb nəşr etmək, onların sənətkarlıq xüsusiyyətləri barədə danışmaq lazımdır. Həmin faktlardan bir neçəsini nəzərə çatdırmaq və fədakar musiqişünaslarımızın yazacaqlarım ətrafında tədqiqatlar aparması geniş mənada Üzeyirşünaslığın zənginləşməsinə səbəb olar.

Mən heç bir şərh vermədən vaxtilə mətbuatda çap olunmuş teatr sənəti ilə bağlı müəyyən faktları təkrar xatırlatmaq istəyirəm. Elə buradaca daha bir arzumu bildirmək istəyirəm. Elmlə məşğul olmaq istəyən gənc musiqişünaslara namizədlik və hətta doktorluq dissertasiyası üçün belə bir mövzu təklif olunsun: “Üzeyir bəy Hacıbəylinin operettaları dünya səhnəsində”.

Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi qəzeti olan «Azərbaycan» 1919-cu ildə belə bir məlumat çap etmişdi. «Üzeyir bəy Hacıbəyli tərəfindən digər bir balet-rəqs yazılıbdır ki, bunun da adı «Azərbaycan»dır. Keçən günlərdə yazmış olduğu bu yeni «Azərbaycan» baleti tərəkəmə səpgisindədir. Hər iki oyun Hacıbəyov bəradərləri müdiriyyəti tərəfindən səhnəyə hazırlanmaqdadır».

Sözsüz hər iki musiqi lövhəsi sırf balet üslubunda yazılmayıb, ancaq bununla belə, rəqs qurumu üzərində tamaşa hazırlamaq baxımından tarixi yaradıcılıq faktı kimi dəyərlidir. Həmin lövhələr aprel ayının 4-də opera teatrında (Hökumət teatrı) «Arşın mal alan» operettası ilə birgə ifa olunmuşdur. «Azərbaycan» və «Ləzgihəngi» balet-rəqs musiqi lövhələrinin quruluşçusu və əsas ifaçısı Yunis Nərimanov idi. Dirijorluğu Üzeyir bəy özü edirdi. Tamaşalar göstərilməmişdən əvvəl Üzeyir bəy Hacıbəylinin «Azərbaycan» milli marşı kimi təqdim olunan Dövlət himni ilk dəfə ifa olunub.

Məmməd Səid Ordubadi 1932-ci ili xatırlayaraq “Azərbaycan Elmlər Akademiyasının xəbərləri”nin 1948-ci il 12-ci nömrəsində yazır ki, Üzeyir bəylə birlikdə “Dəmirçi Gavə” operası üzərində xeyli işləmişik. Bu əsər osmanlı ədibi Şəmsəddin Saminin “Dəmirçi Gavə” qəhrəmanlıq faciəsidir. 1908-ci ildən başlayaraq 1930-cu ilin əvvəllərinə kim Akademik Milli Dram Teatrı bu əsəri dəfələrlə müxtəlif quruluşlarda tamaşaya qoymuşdur. Naxçıvan, Gəncə, İrəvan, Tiflis və Aşqabad Azərbaycan teatrları də vaxtaşırı öz repertuarlarnda “Dəmirçi Gavə”yə yer vermişlər.

“İnqilab və mədəniyyət” jurnalı 1932-ci il iyun-iyul nömrəsində yazır: “Hazırda Məmməd Səid Ordubadi tərəfindən yoldaş Heydər İsmayılovun librettosu üzrə “Koroğlu” əsərinin sözləri və Üzeyir bəy Hacıbəyli tərəfindən də həmin əsərin musiqisi yazılır.

Bunlardan başqa Üzeyir bəy “Gavə”operasını yazıb qurtarmaq üzrədir”.

“Kommunist” qəzeti 26 sentyabr 1932-ci il tarixli sayında belə bir elan verib. “Axundov adına Böyük Dövlət Operası Türk Teatr Sektoru 1932 – 1933-cü il mövsümü...

Repertuar. Operalar: “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”.

Təzə operalar: “Koroğlu”, “Səfa”, “Gavə”.

“Ədəbiyyat qəzeti” 1940-cı il 14 yanvar tarixli sayında yazır: “Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi Böyk Nizamiyə həsr olunmuş opera və balet əsəri üçün konqurs elan etmişdir... SSRİ Xalq artisti, ordenli kompazitor Üzeyir Hacıbəyli “İsgəndərnamə” operası yazır. Operanın librettosunu kompozitor özü yazmışdır”.

Azərbaycan Dövlət Konservatoriyasının direktoru Ramazan Xəlilovun imzası ilə 1944-cü ildə belə bir vəsiqə verilib. “Bu vəsiqə Azərbaycan Dövlət Konservatoriyasının əməkdaşı Əli Cənnət oğlu Əsgərova ondan ötəri verilir ki, o, həqiqətən hazırda “Dədə Qorqud” operasının librettosu və mətni üzərində işləyir. Operanın musiqiçisi SSRİ Xalq artisti Üzeyir Hacıbəylidir”.

Bəstəkarın “Babək” operası üzərində işlədiyi barədə də məlumatlar var.

Yenə təkrar edirəm: mən şərh verməkdən uzağam. Sadəcə, arzu edərdim ki, Üzeyir bəyin yaradıcılığı ilə məşğul olan musiqişünaslar bu faktların izi ilə yeni axtarışlar aparsınlar. Ola bilməz ki, sadaladığım əsərlərlə bağlı bəstəkarın hansısa parçaları əks etdirən not yazıları olmasın...

Ümidlə və intizarla dahi sənətkarın yaradıcılığından yeni incilərin üzə çıxacağını intizarla gözləyək...

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #