Qanunsuz varlanmağın yolunu tapan qadın - İlahə Səfərzadə

Qanunsuz varlanmağın yolunu tapan qadın - İlahə Səfərzadə
18 dekabr 2023
# 15:00

Kulis.az İlahə Səfərzadənin ""Sonuncu ölən ümidlərdir” əsərində qadın" yazısını təqdim edir.

Varisin “Sonuncu ölən ümidlərdir” əsərində SSRİ-nin dağılma ərəfəsində yaşanan yoxsulluq dövrü, yeni quruluşa adaptasiya olmağa çalışan xalqın həm maddi, həm mənəvi həyatına çökmüş böhran ön plana çəkilib. Əsərin əsas xəttini qadının faciəli həyatı timsalında cəmiyyətin yaşadığı sarsıntılar təşkil edir.

Romanın əvvəllərində varlı və kasıb təbəqənin həyata fərqli baxış bucaqlarından baxdığını görürük. Nailə həyatı boyu məhdudiyyətlər, kasıblıq içində böyüdüyünə baxmayaraq, onun böyük arzu və idealları var. Həyatı ilə arzuları təzad təşkil edən bu qıza ətrafındakı insanların münasibəti, ümumiyyətlə, cəmiyyətin yenicə həyata atılmış qadına, xüsusən də, kasıb təbəqədən çıxan qadına münasibəti kimi mənalandırılır. Əsərin əvvəlində qadın qəhrəman üçün çox xoş gedən sevgi münasibəti ciddi mərhələyə keçə bilmir, sevdiyi oğlanın ailəsi onu öz evində gəlin kimi görmək istəmir. Bununla da sinfi ziddiyyətin və ardından gələn fəlakətlərin təməli qoyulmuş olur.

Baş qəhrəman özünü və az qala, oxucunu da inandırmağa çalışır ki, onun tək çıxış yolu var. Hansı yolla olur-olsun, o da zəngin olmalıdır. Bu isə qızın cəmiyyətin qəbul etdiyi əxlaq qanunlarından kənara çıxmasına və nəticədə onun çirkaba batmasına təkan veirir.

Müəllif qızın atasız böyüməsinin – ümumilikdə ailədə kişi yoxluğunun qadınların həyatında hansı problemlərə səbəb ola biləcəyini, qadının cəmiyyət tərəfindən həm mənəvi, həm də fiziki istismar olunmasının hansı bəlalara yol açdığını, belə qadınlara cəmiyyətdəki şüuraltı və şüurlu yanaşma psixologiyasını diqqətə çatdırmağa çalışıb.

Roman təhkiyəçinin insanlar haqqında mülahizələri ilə başlayır: “Bu adamlar, bu adi adamlar, hər biri özlüyündə bir-iki balaca qayğısıyla yaşayan bu lap adi adamlar necə də qeyri-adi adamlarmış, ilahi…

Bəlkə, insan dünyaya ona görə ac və çılpaq halda gəlir ki, bütün həyatı boyu başı qarnını doydurmağa və əyin-başını düzəltməyə qarışsın?...”

Bu cümlələr həm də müəyyən qədər qadın obrazlarının daxili aləminin açılmasında açar rolunu oynayır. Toplum psixologiyasında qadının vəsifəsi uşaq dünyaya gətirmək, uşağı tərbiyə etmək, ev işləri görməkdir. Bu düşüncə əsərdəki qadın obrazların dilindən də deyilir. Bəs ailədə pul qazanan kişi yoxdursa, onda bu qadını nə gözləyir?

Nailə obrazı məhz bu suala cavabdır. O, cəmiyyətdə əzilən, köməksiz qalan qadınların səsidir. Müəllifin bu xarakterin timsalında eyni həyatı yaşayan qadınların yerə-göyə sığmayan nifrətini, aşıb-daşan intiqam hisslərini göstərməyə çalışır, onların nifrəti valideyinlərinə, sevgilisinə, rəfiqəsinə, müdirinə - ümumiyyətlə cəmiyyətə yönəldilib.

Romanda Nailə əri tərəfindən tərk edilən üçuşaqlı ananın böyük qızıdır. Sevdiyi oğlanla arasında güclü bağ olsa da, oğlanın ailəsi onu başqa bir qızla evləndirir. Oğlanın evləndirildiyi isə Nailənin rəfiqəsi, həm də işlədiyi müəssisənin müdirinin qızıdır.
Gizli şəkildə toya gələn Nailə sevdiyi oğlanı bəy kürsüsündə görəndə sarsıntı keçirir. Çoxdandır onunla münasibət qurmaq istəyən müdirinə zəng edib onun sevgilisi olmağa razı olduğunu bildirir.

Bir müddət maddi sıxıntılarından azad olsa da, müdirin etibarsızlığı nəticəsində Nailə işdən çıxarılır və daha onunla maraqlanan olmur. Ətrafdan özü haqqında eşitdiyi sözləri udmaqda çətinlik çəkdiyi üçün keçmiş müdirini öldürərək həbsə düşür.

Bundan sonra Nailə təzadlı düşüncələrə dalır. O, özü də qərar verə bilmir ki, başına gələn bütün fəlakətlərin günahını kimdə görsün.
Dialoqların birində Nailə anasının onu evin kişisi yerində gördüyünü deyir. Bu düşüncənin kökündəki əsas fikir budur ki, Nailə həm pul qazanmağın çətin olduğu həyat şərtlərində ailəsini dolandırmaq qədər çətin bir öhdəliyi üzərinə götürmüş, həm də qadın olmağın imtiyazlarından istifadə etməyə çalışmışdır. Nailə “müsbət” və ya “mənfi obraz” qəlibinə sığmayan insandır. Müəllif Nailənin bütün səhvlərinin səbəbini onun yaşadığı ölkədə qadına münasibətlə bağlayır, siyasi və ictimai sistemlərin bir-birini əvəzləməsindən yaranan mənəvi və maddi böhran bir xalqın tarixinin müəyyən bir dönəmi şikəst edir.

Əsər boyu tez-tez deputatlığa namizədlərin xalqın “könlünü almağa” çalışdığının şahidi oluruq. Əhalinin bəzi təbəqələri sürətlə varlanır, bəziləri isə ən vacib maddi ehtiyaclarını belə qarşılaya bilmir. Tarazlıq pozulur və xüsusən qadınların timsalında riyakar bir mühit formalaşır. Nailənin sevgisi ikiləşir: maddi ehtiyacları ucbatından ondan istifadə etməyə çalışan kişilərin hamısına qeyri-səmimi üz göstərməli olur. Sırf maddi ehtiyaclarını ödəmək naminə müdiri ilə “sevgili” münasibəti yaşayır. Nəticədə, cəmiyyət tərəfindən ona “əxlaqsız qadın” damğası vurulması onun həyatında heç vaxt qurtula bilməyəcəyi girdabın başlanğıcı olur...

Əsərdə qoyulmuş əsas problem qadının taleyinə girib onu addım-addım uçurumun kənarına gətirən çirkin mühitin eybəcərliyini açıb göstərməkdir.

Bununla belə, müəllifin özünün mübaliğəli düşüncələri, təzadlı fikirləri də nəzərdən yayınmır.

Nailə həbsdən azad olunduqdan sonra qanunsuz varlanmağın yolunu tapır, arzuladığı varlı həyata qovuşur və qarşısına onu incidən hər kəsdən intiqam almağı məqsəd qoyur.

Əxlaqsızlığın seçim, yoxsa məcburiyyət olması dilemması qarşısında qalan Nailəni müəllif öz vicdanı ilə baş-başa buraxır...

Həbsdə keçirdiyi illərdən sonra Nailə artıq cəmiyyətlə baş-başa gəlmək, döyüşmək, mübarizə aparmaq iqtidarındadır. “Kişiləşmiş” Nailə artıq zərif, kövrək, inanan, qoruyan, bəsləyən, həyat bəxş edən – məhz qadına aid xüsusiyyətlərindən məhrumdur. O, artıq intiqam alan, dağıdan, yıxan, öldürən, rəhmsiz bir insana çevrilmişdir.

Qadın iç dünyası ilə idealların ziddiyəti arasındadır. Romanın birinci hissəsində Nailə öz içindəki zərif duyğular ilə yaşayır, zaman-zaman içindəki konfiliktdən qurtula bilmir. Lakin zaman və mühit onu dəyişir, o, özünə güvənən, məqsədlərinə çatmaq üçün qərarlı, taledən öz intiqamını almağa hazır bir cəngavərə çevrilir və müəllif bununla ona daha çox kişiyə xas xarakter yükləmiş olur. Əsər boyu kişinin qadına qarşı qurmaq istədiyi hakimiyyəti artıq Nailə cəmiyyətə qarşı qurur...

Romanda hadisələr bir-birini əvəzləyərkən sosial-siyasi məsələlər ön plana çəkilir, ilk baxışda sadə məhəbbət macərası kimi görünən hadisələrin axışında ictimai fikrin qadına yanaşması və bunun fəsadları göstərilir və cəmiyyətin sütunu olan qadına yönəlmiş mənəvi terror ifşa olunur.

Ümidlərsə, öldürülməməlidir. Nə əvvəldə, nə də sonda!..

# 2126 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #