Qadın obrazlarını canlandıran, sülaləsi məhv edilən baş nazirin faciəvi həyatı

Qadın obrazlarını canlandıran, sülaləsi məhv edilən baş nazirin faciəvi həyatı
3 noyabr 2023
# 12:00

Kulis.az Fidan Əzraqın yeni yazısını təqdim edir.

Tərcümeyi-halında qeyd edib ki, nə atam, nə anam savadlı olub, ona görə də dəqiq təvəllüdüm bilinmir. Təxminən 1886-1888-ci illər arasında doğulmuşam.

Fatmayı kəndində, Xocabəy kişinin ailəsində dünyaya göz açıb. Qardaşı Cəfərin mətbu orqanda qeyd etdiyinə görə, onların əsli Güney Azərbaycanlı Şeyx Bünyada gedib çatır. Dadaşın özündən başqa ailədə Əliəşrəf, Adil, Cəfər və Məhəmmədhüseyn adlarında qardaşları və Reyhan adında bacısı olub.
9-12 yaşlarında müsəlman məktəbində təhsil alıb. Növbəti il Bakıda - rus-tatar məktəbində təhsil almağa başlayıb. Təhsilini davam etdirmək arzusunda olsa da, maddi məsələlərə görə arzusu gerçəkləşməyib və daş karxanasında fəhlə işləməyə başlayıb.

1904-cü ildən H.Z.Tağıyevin toxuculuq fabrikində işləməyə başlayır və Tağıyevlə məsləhətləşərək 1918-ci il daşnak vəhşilikləri nəticəsində yandırılan teatr binasını bərpa edir.

1905-ci ildə dəmirçi yanında şagird durur, işi hərtərəfli öyrəndikdən sonra isə dostu ilə birgə dəmirçi dükanı açır. Və tezliklə dəmirçi kimi məşhurlaşır.

Elə həmin vaxt "Nicat cəmiyyəti" fəaliyyətə başlayır.

undefined

"Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il.

"Nicat" cəmiyyətinin axşam kurslarında iştirak edir, mədəni-siyasi dünyagörüşünü inkişaf etdirir və 1908-ci ildə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirir.

"Səhərdən gündüz saat 3-dək mən çəkicvuran fəhlə sifətilə işləyirdim, gündüz saat 4-dən axşam saat 7-dək axşam kursuna gedir, axşam 8-dən sonra isə axşam kursunda rus dili öyrənirdim."

Kursu bitirən Dadaş Bünyadzadə dəmirçi fəhlə işləməklə yanaşı, axşam kurslarında türk dilindən dərs deyir, türkdilli qəzetlərlə əməkdaşlıq edir.

Əhməd bəy Ağaoğlunun redaktorluq etdiyi "Tərəqqi" qəzetinin 1909-cu il 2 yanvar tarixli nömrəsində onun "Həvəsmi və yaxud cəhalətmi" başlıqlı yazısı dərc olunur.

1908-ci ildən sosial-demokratlar partiyasına üzv olur, partiya tapşırığı ilə İranda şah zülmünə qarşı Məhəmmədəmin Rəsulzadə ilə birgə fəaliyyət göstərir.

Həmin vaxt Məhəmmədəmin Rəsulzadə "Yeni həyat" qəzetinin redaktoru, Dadaş Bünyadzadə isə qəzetin müxbiri kimi fəaliyyət göstərir.

Ancaq Bakıya qayıda bilmir. Onun inqilabi fəaliyyəti İrandakı jandarm idarəsinə məlum idi və o, Tiflisdə həbs olunur:

"1909-cu ildə Tiflis jandarm polkovniki qarşısında bir cavan inqilabçı sosial- demokrat sifətilə durarkən, polkovnik məndən yoldaşlarımı və onların adlarını söyləməyi soruşdu. O, məni bir neçə dəfə öz hüzuruna apartdırıb gətirəndən sonra mənə dedi: "Hər nə istəsən verərik, söylə görək, siz nə istəyirsiniz, yoldaşlarınız haradadır? Mən hətta fikir etmədən sakitcə, lakin dərhal polkovnikə dedim ki, cənab polkovnik, mənim istəyim odur ki, bir də sizin üzünüzü görməyim. Polkovnik qəzəbləndi və həbsxanaya göndərilməyimi əmr etdi".

3 ay sonra azad edilir, amma yenə dinc durmur. Qardaşı Cəfərin işlədiyi "Səda" qəzetində müntəzəm yazılarla çıxış etməyə başlayır.

Cəfər Bünyadzadə

Dadaş Bünyadzadənin məqalələrində bir tərəfdən xalqın, onun balalarının maariflənməsi, tərbiyəsi məsələləri qoyulubsa, digər tərəfdən də, dövrün ictimai-siyasi hadisələrinə, İslam dininin həmin dövrdə düşdüyü vəziyyətə nəzər salınıb, oxuculara vətən və millət ruhu aşılanıb.

1910-cu ildə "Molla Nəsrəddin" satirik jurnalının davamçısı olan "Arı" satirik jurnalını təsis edir və onun baş redaktoru olur.

Jurnalda Dadaş Bünyadzadə ilə yanaşı, onun qardaşı Cəfər Bünyadzadənin də yazıları çap edilib.

İstər Dadaş Bünyadzadənin "Arı" satirik jurnalının, istərsə də Cəfər Bünyadzadənin naşiri və redaktoru olduğu "Tuti" satirik jurnalının dərc edilməsində qardaşları Məşədi Adilin maliyyə dəstəyi mühüm rol oynayıb.

Məşədi Adilin Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər neft mədənləri, balıq vətəgələri, papaqçılıq emalatxanaları olub. Sovet dövründə isə "Bakı Xəz-Dəri" kooperativinin sədri olub.

Dadaş Bünyadzadənin sosial-demokratlarla tanışlığı Sultanməcid Əfəndiyev və Həmid Sultanov vasitəsilə olubsa, teatrla tanışlığı Azərbaycanın ilk xalq artisti Hacıağa Abbasov vasitəsilə olub.

Sultanməcid Əfəndiyevin nəvəsi Fövziyə xanım qeyd edib ki, babamla Dadaş baba Sovet dövründə eyni binada qonşu olublar və nənəm repressiyadan qayıtdıqdan sonra biz ondan repressiyadan əvvəlki dövrlə bağlı soruşanda o, Nəriman Nərimanovla Dadaş Bünyadzanin münasibətindən danışırdı.

Sultanməcid Əfəndiyev — Vikipediya

Sultanməcid Əfəndiyev

Nəriman Nərimanovun evinə tez-tez qonaq getdiklərini, Dadaş babanın isə onlarla qonşu olduğunu və çox mədəni insan olduğunu xatırlayırdı.

Həmid Sultanovun qohumu Şərif Sultanov öz xatirələrində qeyd edir ki, Həmid Sultanov və yoldaşları qayıqla Həştərxana gedərkən Dadaş Bünyadzadənin iki polisin yaxasından tutub baş-başa vurmasından, digər üç polisi sürüyüb dənizə atmasından danışıb, gülüşürlərmiş.

Dadaş isə zarafata zarafatla cavab veribmiş:
- Bəli, yaxşı dostlarsınız, polislər gələndə məni qabağa salırsınız, təkbaşına vuruşuram. Ancaq gəmidə çörəyi böləndə mənə bir adamın normasını verirsiniz.

Sonra da yoldaşlarının xahişi ilə "Mən yaralıyam" mahnısını oxuyub.

Hacıağa Abbasovla tanışlığı "Arı" satirik jurnalında başlayıb. Jurnalın işlərində Dadaş Bünyadzadəyə Hacıağa Abbasov ilə yanaşı, Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir Vüsaqi də yaxından kömək edib.

Hacıağa Abbasov — Vikipediya

Hacıağa Abbasov

Dadaş Bünyadzadə "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında (qardaşı Cəfər də) aktyorluq edib. Bir sıra kiçikhəcmli pyeslər yazıb, üstəlik, qadın obrazlarını da canlandırıb.

Vahid Lütfinin "Nacibəy fədakarı-hürriyyət" və Əsgər Kamalın "Bəxtsiz igid" əsərlərini dilimizə uyğunlaşdırıb. N.D.Noskovun "Süpəhsalari – kəbir: Napoleonun tarixi” əsərini M.A.Abdullazadə ilə birgə tərcümə edib ,

Əbdürrəhim bəy Haqverdiyev qeyd edib ki, Dadaş tamaşaya inqilabi xarakterli ifadələr əlavə edirdi və bu, onda çox yaxşı alınırdı.

"Səda" qəzetində 1911-ci ildə dərc olunan "Nəşriyyat cəmiyyəti" məqaləsində nəşriyyat cəmiyyətinin təşkilinin zəruriliyi məsələsini qaldırıb və bu cəmiyyətin yaranmasının milləti sevənlərdən, onların birliklərindən çox asılı olduğunu qeyd edərək onları bu işin həyata keçirilməsinə dəvət edib.

Bu cəmiyyət tərəfindən nəşr olunacaq kitabların ucuz qiymətə satışa qoyulmasını və Qafqazda yaşayan bütün imkanlı müsəlmanların bu işə qoşulması məsələsini qabardıb.

1912-ci ildə "Bakı həyatı" qəzetində yazdığı məqalələrə görə Türküstana sürgün edilib.

Sürgündən qayıdandan sonra dilindən qəzetlərdə məqalələr yazmayacağı barəsində iltizam alınsa da, başqa imzalarla məqalələr dərc etdirib. Eyni zamanda, fəhlə kooperativləri təşkil edib.

1917-ci il fevral inqilabından sonra "Hümmət" partiyasına keçib və N.Nərimanovun sədrlik etdiyi "Hümmət" təşkilatının katibi seçilib.

1918-ci ilin avqustunda daşnak vəhşiləri ilə döyüşdə öldürülən qardaşı Cəfərin başı kəsilərək quyuya atılıb.

Azərbaycanda Sovet hökumətinin ilk Xalq Maarif komissarı olub. Bu da təsadüfi deyildi, çünki onun cəmiyyətin inkişafındakı fəal iştirakı Nəriman Nərimanova yaxşı bəlli idi.

"Füqəra füyuzatı" jurnalındakı bioqrafik məlumatlardan bəlli olur ki, o, Nərimanovun ən yaxın adamı olub: "Azərbaycanın hankı bir nöqtəsində doğru bir siyasət və müstəqim bir təriqlə İnqilab Komitəsinin icrayi-nüfuz etməsi lazım görünürsə, İnqilab Komitəsi, baxüsus böyük yoldaşımız Nəriman Nərimanov bunun namizədliyini irəli çəkiyorlar."

Həmçinin, jurnaldakı yazıdan bəlli olur ki, Qarabağ üsyanının qansız yatırılmasında Dadaş Bünyadzadənin böyük səyi olmuş, üstəlik, o, idarələri türkləşdirəcək heyətin siyasi sədri idi.

Azərbaycan türk dilinin həmin dövrdə dövlət idarələrində kargüzarlıq dili kimi istifadə olunmağına başlanılması məhz Nəriman Nərimanov və Dadaş Bünyadzadə sayəsində olub. Əlbəttə, Hüseyn Cavidlə birgə.

Hüseyn Cavid ocaqları məhz onun Xalq Maarifi komissarı olduğu dövrdə təşkil edilib.

Məhəmməd Səid Ordubadi əlyazmalarında Nəriman Nərimanovun ən çox incidiyi şəxsin də elə Dadaş Bünyadzadə olduğunu qeyd edib.

Bəli, Dadaş Bünyadzadə Nərimanovun özünə ən yaxın hesab etdiyi şəxs olduğundan Nərimanovun incikliyi təbii idi, amma unutmaq olmaz ki,

Nərimanovun həmin dövrdə mərkəzlə arası dəymişdi. Onu müdafiə etmək isə siyasi müstəvidə milli təmayülün müdafiəsinin davam etdirilməsi səbəbilə mümkünsüz idi.

Nərimanovun ölümündən sonra "Cəbiyevçilik", "Xanbudaqovçuluq" kimi yerli kommunistlər tərəfindən milli təmayülçülük qrupları təşkil olunsa da, mərkəzin onları bir-birinə vurmağı ilə bu qruplar çox tezliklə dağılıblar.

Azərbaycanda Nərimanovdan sonra mərkəzə qarşı müstəqillik iddiaları ilə çıxış etmək üçün güclü siyasi lider lazım idi.

Dadaş Bünyadzadə 1920-ci illərin sonu-1930-cu illərin əvvəlində Teymur Əliyev, Yusif Qasımov kimi hakimmillətçi kimi xarakterizə olunan partiya üzvlərinin dəstəyilə respublikanın 1-ci katibi Polonskinin vəzifədən azad edilməsi üçün mübarizə aparmağa başlayır.

Mircəfər Bağırov ona "Xoca" deyə müraciət edirdi. Onların münasibətləri Qasım bəy Camalbəyovun qanunsuz həbsindən sonra daha da pisləşir.

Dadaş Bünyadzadənin mərkəzin yürütdüyü siyasətə qarşı mübarizəsi daha çox Yusif Qasımov vasitəsilə icra edildiyindən mərkəzin hücumları da daha çox Qasımova qarşı yönəlib və Dadaş Bünyadzadə hər dəfə hücumlardan yayına bilib.

Polonski qeyd edib ki, ən təmkinli və təhlükəli adam Bünyadzadədir.

Dadaş Bünyadzadə hiyləgərliyi sayəsində Mərkəzi Moskvaya qarşı partiyadaxili müxalifətin lideri olmadığına inandıra bilib. Üstəlik, təcrübəli olduğuna görə Moskva onu özünə yaxınlaşdırmaq istəyib.

Dadaş Bünyadzadə korrupsiyadan uzaq və lider təbiəti ilə Moskvanın daim diqqət mərkəzində olub, amma yenə də mərkəzə qarşı Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığından barəsində iki dəfə ləğv edilən ölüm hökmü artıq üçüncü dəfə icra olunub.

O barəsindəki ölüm hökmü iki dəfə ləğv edilən yeganə azərbaycanlı siyasi rəhbər olub.

Oğlu Nadir və Cahangir müxtəlif internat məktəblərinə yerləşdirilib. Qardaşı Əliəşrəfdən hələ də xəbər yoxdur. Digər qardaşı Məhəmmədhüseyn övladları ilə birgə Qazaxıstana sürgün edilib. Qızı Nəsibə akademik Əşrəf Hüseynovla ailəli olub, "xalq düşməni"nin qızı olduğu üçün Tibb Universitetindən uzaqlaşdırılıb. O da həyat yoldaşı ilə birgə sürgün ediləcəkmiş, ancaq Teymur Quliyevin xahişilə Mircəfər Bağırov onların "ölüm fərmanını" imzalamayıb.

Ancaq Dadaş Bünyadzadənin qohumu Örəz xanımı rəhbər şəxslər üçün şokolad istehsal edən fabrikdən qovdurub. Bünyadzadələr nəslindən olan birinin onu zəhərləyəcəyindən qorxub. Dadaş Bünyadzadənin həmin dövrdə rəhbər vəzifədə çalışan qohumu Mahmud Bünyadzadə də sürgün edilib və 31 dekabr günü güllələnib. Dillər əzbəri olan "Tut ağacı" mahnısının sözlərinin müəllifi Zakirə Allahverdiyeva Dadaş Bünyadzadənin bacısı Reyhanın davamçılarındandır. Dadaş Bünyadzadənin nəvəsi Dilarə xanım mərhum AMEA prezidenti Eldar Salayevin həyat yoldaşı olub.

Dadaş Bünyadzadə Mingəçevir İstilik Elektrik Stansiyasının və Şərqdə ilk konservatoriyanın yaradılmasının siyasi təşəbbüskarı kimi yadda qalıb.
Azərbaycan tarixinin 1920-1930-cu illərinin obyektiv araşdırılmasına ciddi ehtiyac var. Belə olduğu təqdirdə Dadaş Bünyadzadə, Həbib Cəbiyev kimi kommunistlərin niyə övladlarına türk hökmdar adlarını qoyduğunu, xain olaraq qaralanan Əliheydər Qarayevin nə üçün Sovet hakimiyyətinə qarşı üsyan qaldıran Həmdullah əfəndi ilə əlaqələndirildiyini tapa bilər və bu xadimlərin güllələnməyindən sonra türk dilinin Azərbaycan dili ilə əvəz edilməsi və onların Türkiyə ilə nə dərəcədə bağlı olmağı arasındakı əlaqəni tapa bilərik.

Axı Dadaş Bünyadzadəyə qarşı irəli sürülən ittihamlardan da başlıcası elə pantürkizm idi..

# 3260 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #