Onun meyvəsi – Furqandan yeni hekayə

Onun meyvəsi – Furqandan yeni hekayə
25 yanvar 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Furqanın “Onun meyvəsi” adlı yeni hekayəsini təqdim edir.

“İdman malları” mağazasında satıcı işləyən Bəhmən sol ayağının dizdən aşağısını Cəbrayıl torpağında ağac kimi əkib. Tez-tez həmin ağacı yuxusunda görür. Hər dəfə görür ki, ağac bir az da boy atıb. İstəyir ağaca su versin, tez böyüsün, meyvə gətirəcəkmi, gətirməyəcəkmi, maraqlıdı ona. Amma su vermək istəyəndə yuxudan oyanır.

Müharibədən əvvəl də həmin mağazada işləyib. Əzələli qolları var idi onda, indi qol ağacı da var. Mağazanın sahibi deyib ki, qazilərə canımız qurbandı, gəl yenə öz işində işlə. Maaşını yüz manat artırıb. Razıdı mağazanın sahibindən. Başqası olsaydı, deyərdi ki, ayağına görə mağazada iş axsayar. Bu demir.

Bəhmən döyüş haqqında danışmağı sevmir. O günləri xatırlayanda fərəhlənsə də, yanında şəhid olmuş döyüş yoldaşlarına görə kədərlənir. Həmin anları yaddaşından silmək istəyir.

Əsgərlikdə “82 millimetrlik minaatan batereyası”nda tuşlayıcı olsa da tuşlamağı unutmuşdu. 2013-cü ildə gəlmişdi əsgərlikdən. Üstündən yeddi il keçəndən sonra hesablayıcını, bussolu duman kimi xatırlasa da, səfərbərlik zamanı onu çağırıb elə minaatan batareyasına göndərmişdilər. Amma tez xatırlamışdı hər şeyi. Minaatanı tuşlamağı bircə dəfəyə təkrar öyrənmişdi.

***

Əyilib yarımçıq ayağına baxanda dizdən aşağı boşluq əvəzinə minaatan lüləsi görür. Elə bilir ki, hər an yarımçıq ayağının içindən mərmi çıxa bilər.

İşdi, birdən torpaqlar alınmasaydı, dəli olardı bəlkə. Düşünür ki, mənim neçəsə faizim getdi, ölkənin iyirmi faizi qayıtdı. Yenə yaxşıdı.

***

Müştəri tennis topu istəyir, göndərir onu tennis topları olan tərəfə. Geniş mağazadı, nəsə axtaranda tapmaq asan deyil.

Bəhmən də müharibədən qabaq yaxşı masaüstü tennis oynayan olub. Onu udmaq mümkün olmayıb. Dostlarına da o öyrədib oynamağı. Amma heç kəsə uduzmayıb. Hərdənbir dostları ilə tennis oynamağa gedəndə bir-bir hamını udub, sonra zarafatlaşıb, məzələnib onlarla. “Öyrənin, a kişi” deyib, “öyrənin oynamağı! Bu qədər zəif bilməzdim sizi!”

Dostları onun tennis oynamağına həsəd aparıblar.

İş o yerə çatıb ki, Bəhmən onları udmaqdan yorulub. Tək ayaq üstə oynayıb. Hoppana-hoppana. Yenə udub.

Həmin gündən sonra dostları tennis oynamağa tövbə ediblər.

“Bir ayaq üstə də uduram sizi. Nə gündəsiz, ə!” deyib Bəhmən. “Öyrənin, sonra gəlin, oynayaq!”

Daha dostları onunla heç vaxt oynamayıblar. Bəlkə də lovğalanmağından inciyiblər.

***

Maaş aldığı günün gecəsi ağacın çiçəklədiyini gördü. Ağ-narıncı çiçəkləri çox qəşəng görünürdü. Sevinə-sevinə qalxdı yuxudan. Anası qəribə-qəribə baxdı ona. Bəhmən desəydi ki, yuxuda ayağımı görmüşəm, çiçək açmışdı, anası ağlayardı.

Bəhməndən soruşan olsa, deyər ki, ən çox peşman olduğu şey, dostları ilə bir ayaq üstə tennis oynamaqdı. Lovğalanb deyə Allah onu cəzalandırıb.

Hər dəfə qol ağacına söykənəndə qulağına səs gəlir:

“Oğulsan, həyata da bir ayaq üstə qalib gəl!”

Ayağına protez qoyulan gün gec yatdı. Yata bilmirdi sevincdən. Bir ayaq üstə yaşamaq asan deyilmiş. Bir neçə ay ərzində gördü bunu.

Yuxuda gördü ki, ağac meyvə gətirib. Sevindi. Dadına baxmaq istədi, yaxınlaşdı ağaca. Lap yaxına gələndə gördü ki, meyvə deyilmiş bu, tennis topuymuş, sən demə!

Elə yuxudaca ağladı.

Furqan. Yıxılmağı sevirdim (Hekayə)

# 1354 dəfə oxunub

Oxşar xəbərlər

# # #