"O günü görməmiş ölmək istəmirəm" - Əkrəm Əylisli ilə müsahibə

Əkrəm Əylisli, yazıçı

Əkrəm Əylisli, yazıçı

6 dekabr 2023
# 20:27

Bu gün görkəmli yazıçı Əkrəm Əylislinin doğum günüdür.

Kulis.az doğum günü münasibətilə sənətkarı təbrik edir və Ömər Xəyyamın onunla söhbətini təqdim edir.


Ustad, istəyirəm, söhbətimiz məşhur "Əkrəm-Anar" məsələsindən, "Erməni- vətənpərvərlik" qarğaşasından iraq olsun, bu vaxtacan demədiyiniz, yaxud ertələdiyiniz məsələlər haqqında danışaq.

– Bu saat mən 86 yaşın içindəyəm, əzizim Ömər. İndiyənəcən demədiklərimin hamısını deyəsi olsam, bundan ötrü bir neçə gün vaxt lazımdır. Ancaq elə şeylər var ki, lap 100 il yaşasan da, heç vaxt yaddan çıxmır. İndi mən onların bir qismini adda-budda yadıma salıb, səninlə səmimi surətdə bölüşə bilərəm.

86 illik ömrümün yalnız 16 ili, ardıcıl olaraq, Əylisdə keçib. Ömrümün 70 ilini, əsasən, Bakıda yaşamışam. Ancaq sən işə bax ki, Əylisdə keçirdiyim o 16 il indi mənə Bakıda yaşadığım 70 ildən xeyli uzun gəlir, qat-qat zəngin görünür. Axı niyə, görəsən? Bunun ağlabatan izahı varmı?.. Bəli, var. Həm də – olduqca sadə. O qədər sadə ki, o haqda düşünməyin özü də bizə qəribə gəlir, mənasız və əhəmiyyətsiz görünür.

“Kimsə məni başa düşməz, bəlkə, aydınlığımdandır” – səhv etmirəmsə, Əli Kərimin misrasıdır.
Hamı bilir ki, uşaqlıq ayrıca bir dünyadır. Onun öz coğrafiyası, özünəməxsus ruhi ərazisi var. Uşaqlığın ağacları olduğundan ucadır. Otu otdan yaşıl, suyu sudan durudur. Uşaqlıq dünyamızın ayı aydan işıqlı, ulduzu ulduzdan parlaqdır. Orada rənglər də adi rəng deyil. O rəngləri yalnız uşaq gözü ilə görmək olur.

Mənim də uşaqlığımla bağlı ətirli xatirələrim var. Kəndimiz haqqında, atam haqqında. Siz ən çox nəyi xatırlayırsınız?

– “...hər şeydən çox dağlar yadımda qalıb. Bir də Günəş yadımda qalıb. Bir da orası yadımdadır ki, bir zaman gün çıxanda dağlar gülümsəyərdilər.... Dağların gülümsəməyi hərdən yuxuma girir və hərdən yuxumda dağlar gülümsəyəndə mən dünyada saysız-hesabsız rənglər görürəm. Mənə elə gəlir ki, o rənglərin hamısını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gəlir ki, o rənglərin çoxusunu yavaş-yavaş, yaşaya-yaşaya itirmişəm. Hər dəfə əlimə qələm götürəndə o rənglərin hansınısa tapacağıma ümidim olur”.

Bu sözlər “Adamlar və ağaclar”a yazdığım giriş sözündəndir. Yazılmağından 50 ildən çox keçib. Ancaq məndəki yazmaq həvəsinin nədən yarandığını və hardan qidalandığını soruşan olsaydı, 50-55 il bundan qabaq yazdığım o sözləri bir də deməkdən zərrəcən ehtiyat eləməzdim. Uşaqlıq mənim üçün bitmiş nağıl deyil. Əvvəli-axırı olmayan sehrli gerçəklikdir.

Məncə, siz uşaqlıqda da cığal, şuluq olmusunuz...

– Qoy deyim, hamı bilsin: mən həddən ziyadə həssas və olduqca qorxaq uşaq olmuşam. Uşaqlığın ilk illərində az qala, hər şeydən qorxurdum: arıdan, cırcıramadan, qarışqadan... Öz bağımızda ulayan bayquşdan, özgə həyətində hürən itdən...

Anam bir yerə gedəndə qorxurdum ki, bir də evimizə dönməyəcək, inəyimiz naxıra gedəndə elə bilirdim ki, bir də qayıtmayacaq.

Bir az böyüyəndən sonra vəzifəli adamlardan dəhşət qorxmağa başladım: kolxoz sədrindən, məktəb direktorundan, rayon mərkəzindən kənddə yoxlama aparmağa, iclas keçirməyə gələn təkəbbürlü, kostyumlu-qalstuklu şəhər adamlarından.

O mistik qorxuların nə vaxt canımdan çıxdığını deməyə çətinlik çəkirəm. Amma burası yaxşı yadımdadır ki, böyüyüb məktəbli yaşına çatanda da o qorxu hələ canımdaydı. Məktəb məni necə qorxutdusa, elə birinci sinifdə, birinci dərsdən sonra, tənəffüsdə, hamının gözündən yayınıb, qaça-qaça özümü evə yetirdim. Heç kəs görməsin deyə, həyətimizdəki fındıqlıqda, kol-kosun arasında gizlənib, məktəbdə dərs qurtaranacan yerimdən tərpənmədim. Bundan sonra birinci sinfin sinif rəhbəri, məktəbin direktoru, dərs hissə müdiri bir neçə gün bizim evə gəlib-getdi. Ancaq o il məni heç kəs o məktəbə qaytara bilmədi. O qorxaqlığın ucbatından mən öz tay-tuşlarımdan bir il geri qaldım.

Allahın işinə bax: cəmi bircə il sonra bir də məktəbə gedəndə mən daha heç kəsdən və heç nədən qorxmurdum. Üçüncü-dördüncü sinifdə oxuyanda mən artıq cürətli-cəsarətli oğlan olmuşdum. Ağacların ən uca budağına dırmaşa bilirdim. Hasarların ən hündüründən tullana bilirdim. Çayın gur yerində balıq kimi üzürdüm. Koramalı, kərtənkələni qorxmadan boğazlayırdım. Hər ağacını tanıdığım, hər meyvənin dadını bildiyim kolxoz bağlarının əriyi, albuxarası, cevizi, badamı yetişəndə kolxozun qaravulçusuna göz verib, işığ vermirdim. Ciblərimi, qoyun-qoltuğumu meyvə ilə doldurub, elə becid, elə qəşəng qaçırdım ki, məni tutub tanbeh eləməyin ləzzətini dadmaq kolxoz qaravulçusuna heç vaxt nəsib olmurdu.

Məndə də oxşar qorxular olub, amma Leylanın sevgisiylə xilas oldum. Ona görə tezdən dururdum, saçımı kremləyirdim, məktəbə hamıdan əvvəl gedirdim. Sonradan bildim ki, mən onu sevirəmmiş.

– İlk sevgi bəlasına hansı yaşda düçar olduğumu dəqiq deyə bilmərəm. Ancaq o vaxt sevdiyim qız mənim üçün elə o vaxtkı yaşında da həmişəlik qalır.

1950-ci ilin əvvəllərində Əylisə rayon mərkəzindən ilk dəfə kino gətirmişdilər: “Tahir və Zöhrə”. Zənnimcə, özbək kinosuydu. Mən o Zöhrəyə elə dəlicəsinə vuruldum ki, bir müddət iki sevginin arasında qaldım.

Məktəbdə oxuduğum bütün illərdə həmişə əlaçı şagird, sinfimizin dəyişməz lideri olmuşam. Əylisin 7-illik məktəbini tərifnamə ilə bitirib, Bakıda Kitabxanaçılıq texnikumuna imtahansız qəbul edilmişəm. Texnikumun qırmızı diplomu ilə Universitetə də imtahansız girmişəm. Universitetdə 2 il oxuyandan sonra birdən həvəsə düşüb, sənədlərimi Moskvaya, Ədəbiyyat İnstitutuna göndərmişəm.

Sonra 4 il Moskva tələbəliyi, Türkmənistanda 1 il dərviş həyatı.
Sonra – yenə Bakı, evsizlik, işsizlik, pulsuzluq.

Bakıda ilk mənzilim – bir vaxt ikinci mərtəbəsində Yusif Vəzir Çəmənzəminlinin yaşadığı balaca binadakı birotaqlı, şərikli mənzil.

Qarşıdakı binada – Anar, Elçin, Yusif Səmədoğlu, Əli Kərim, Fikrət Sadıq, Çingiz Ələkbərzadə....

Sonra, yazmaq, tərcümə eləmək – bəzən gündə 10 saat!

Mənə vəzifələr də, mükafatlar da verdilər. Ancaq, nədənsə, heç birinə sevinə bilmədim.

Sonra nə gəlir: Mirzə İbrahimovla savaş, Anarla münaqişə...

Lap sonra isə – ömrümün ən qorxulu nağılı: ermənipərəstlik tragikomediyası.

Beləcə, bütov bir ömür göz qırpımında yoxa çıxdı... Belə-belə işlər, Ömər əfəndi.

– Göz qırpımında yoxa çıxan ömür... Əslində, Əkrəm Əylisli kimdir? Biz nəyi bilmirik, hansı həqiqətin yanından ötmüşük?


– Mənim kim olduğumu Azərbaycanda bilən çoxdur. Azərbaycandan kənarda da bunu çox sayda bilənlər var. Ancaq burası da var ki, bizdə adamın kimliyini öləndən sonra təyin eləyirlər. Buna görə də məni yaxşı tanımayanlar gərək bir-iki il gözləsinlər.

Adam yaşlandıqca körpələşir, kövrəkləşir. Yəqin ki, kövrəldikcə, körpələşdikcə xəyalən Əylisə qayıdırsınız. Biz indi elə yerdəyik ki, burdan Əylis görünmür, aydındır, bəs ordan bura necə görünür?

– “Səni görüm Əylis yuxusundan ayılmayasan”. Bu sözləri bir vaxt Vaqif Səmədoğlu mənə “Ağ dərə” povestimi oxuyandan sonra demişdi. Vaqif qəliz adam idi. Onun doğru sözünü yalan sözündən ayırmaq, nədə saxta, nədə səmimi olduğunu ayırd eləmək hər adamın işi deyildi. Vaqifin o sözlərini o vaxt mən ədabazlıq kimi qəbul eləmişdim. Mənə elə gəlmişdi ki, Vaqif əsəri bəyənməyib, bunu da ona görə deyir ki, povestim barəsində ciddi söz demək istəmir.

Vaqifin sözlərinin mənası mənə sonralar aydın oldu. İnandım ki, onun dediyində heç bir əllaməçilik, ədəbazlıq-filan yoxdur. “Oxudum, xoşuma gəldi. Əladır, gözəldir, dahiyanədir” – Vaqif ədəbiyyat barədə heç vaxt bu dildə danışmırdı. Mənim povestimə münasibətini də, təbii ki, özünəməxsus formada ifadə eləmişdi.

Vaqif povestdən razı qalmışdı. Buna şübhə ola bilməzdi. Bəs bu “Əylis Yuxusu” Vaqifin görəsən hardan ağlına gəlmişdi? Povesti tərifləmək üçün başqa söz tapmaq olmazdımı? Məni heyrətləndirən də məhz bu idi. Çünki Vaqifin sözündəki həqiqət təkcə “Ağ dərə”nin həqiqəti deyildi. Mənim 75 illik yazıçı həyatımın heyrətamiz həqiqətiydi. Bunu Vaqif böyük həssaslıqla müşahidə eləyib, bircə cümlə ilə deyə bilmişdi.

Əylis mənim üçün coğrafi məkan deyil, dünyanın ən sehirli ruhi ərazisidir. Dünyaya göz açandan mən bu ərazidə yaşayıram. Əylisdən sonrakı 70 illik ömrümün, bəlkə, bir saatı da Əylissiz keçməyib.

İnsanın xəyali dünyası gerçək dünyanın özündən qat-qat geniş, qat-qat zəngindir. Əgər belə olmasaydı, bədii ədəbiyyata heç vaxt ehtiyac olmazdı. Ancaq xəyal da var, xəyal da. Xəyaldan fil də doğula bilər, siçan da.

"Ətirşah Masanı" Əylisdə yazmısız?

– Əylis yuxusundan, 50 yaşımın ərəfəsində, gedib orda özümə ev tikib, bir müddət yaşayandan sonra ayıldım. Onda “Ətirşah Masan”ı yazdım. Bu əsər mənim o vaxtacan Əylisdən yazdıqlarıma qarşı bir növ üsyan idi. Bu əsərdə Əylisə, Əylis adamına kəskin ironiya vardı.

Yəni siz busunuz, mənim çəhrayı rənglərdə gördüyüm, qaldırıb dağ başına qoyduğum insanlar siz deyilsiniz. Özünüzə biraz diqqətlə baxın.

Əsər çap olunan kimi əldən-ələ gəzdi. Ancaq povest ürəyimcə alınmamışdı. Onu olduğundan qat-qat yaxşı yazmaq olardı.

Ömrün bu çağında, bu boz cəngəlliyin içində kimin üçün darıxırsınız? Məsələn, kimin zəngini gözləyirsiniz? Kimin sizi bağışlamağını istəyirsiniz?

– Mən təbiətən hədsiz dərəcədə darıxan adamam. Yalnız yazandan-yazana darıxmıram. Yazmayanda bəzən elə darıxıram ki, özümü öldürməyim gəlir. Ancaq “bağışlanmaq” məsələsində çox yaralı yerimə toxunursan. Axı mən kimin qarşısında günahkaram? Yəqin ki, övladlarımın qarşısında. Çünkü əlimdəki fürsətdən istifadə eləyib, onlar üçün firavan həyat qurmadım. Bir də arvadımın qarşısında. Ona görə ki, arzuladığı güzaranı onun üçün yarada bilmədim. Məsləkdən, əqidədən dönməmək və yaddaşa xəyanət etməmək nə vaxtdan yazıçı üçün günah sayılır? Gəlin, özümüzü aldatmayaq – həqiqət heç kəsin şəxsi mülkiyyəti deyil. Necə ki, həmişə günahsız olanlar var, dünyada günahkarlar da daim olacaq. Gərək çətinə düşəndə özünü itirməyəsən. Total mənəviyyatsızlıqla üz-üzə gələndə, biləsən ki, sənin üçün yalnız bir çıxış yolu qalır: var gücünlə çalışmalısan ki, öz tərəfindən heç bir mənəviyyatsızlığa yol verməyəsən. Kütləvi nadanlığın mövsümü istəklərinə qul kimi təslim olub, sınanmış bəşəri dəyərlərdən imtina etməyəsən.

Ötən əsrin 30-cu illərində insanı sıradan çıxarmaq üçün cəmi ikicə söz bəs eləyirdi: “panturkist” və “panislamist”. Başqa sözlə: türkpərəst və islampərəst. Bu "pərəst" simasızı indi başqa bir sözün böyrünə pərçimləməyi özümüzə vəzifə borcu sayıb, kimisə sıradan çıxarmağa tələsməyək, hər fürsətdə vətənpərvərlikdən dəm vurub, özünə gün ağlayanların ölkədə əl-qol açmağına çox da imkan vermək olmaz. Müşfiqi, Cavidi, Əhməd Cavadı gedər-gəlməzə göndərənlərin hələ də cəzasız qalmağı bizi çaşdırmasın, qorxutmasın. Ədalətin gec-tez öz yerini tutacağına ürəkdən inanmadan müstəqil söz sahibi olmaq mümkün deyil.

Kim üçün darıxmağıma, kimin zəngin gözləməyinə gəldikdə, bunu açıb-ağartmaq istəməzdim.

Deyirlər, Heydər Əliyev sizə bir-iki dəfə qonaqlıq verib? Münasibətiniz necə idi? Yəqin ki, Heydər Əliyevlə hələ o, Prezident seçilməmişdən əvvəl tanış idiniz.

– Qonaqlıq məsələsi kiminsə güclü fantaziyasının məhsuludur. Ancaq Heydər Əliyevin həmin münasibətlə mənə göndərdiyi isti təbrik məktubu bir neçə qonaqlığa dəyərdi. O adamın mənə xüsusi münasibəti vardı. Bunu Anar da məqalələrinin birində qeyd eləmişdi.

Münasibətlərimiz bir o qədər sadə olmasa da, bizim biri-birimizə həmişə qarşılıqlı hörmətimiz olmuşdu.
Bədii yazılarımı deyə bilmərəm. Ancaq bütün mətbu çıxışlarımı diqqətlə izləyirdi. Hətta onların bir qismi barədə fikir söyləməyə də hərdən vaxt tapırdı. Məsələn, Mirzə Cəlilin Moskvada nəşr edilən “Dəli yığıncağı” adlı kitabına rus dilində yazdığım ön sözü çox bəyənmişdi. Onu Azərbaycan dilinə tərcümə eləyib, Bakıda da çap etdirməyi mənə məsləhət görmüşdü. “Əlvida, Moskva” adlı bədii oçerkim də xoşuna gəlmişdi.

Nə vaxtsa Heydər Əliyev haqqında yazmısınız?

– Heydər Əliyevin yenidən hakimiyyətə gəlməyindən az sonra belə bir məqalə yazmışdım: “Azərbaycanda xaos diktaturası kimə lazımdır?”. Məqalədə Əliyevin Prezident seçilməyindən əvvəl Azərbaycanda baş alıb gedən dərəbəylikdən, onun böyük siyasətə yenidən qayıtmağının hansı obyektiv zərurətdən yaranmağından bəhs olunurdu. Məqalədə tərif, mədhiyə – belə şey yox idi. Yazını o vaxtkı populyar qəzetlərin birinə göndərmişdim.
O günlərdə, təxminən, saat 10-da Prezident aparatından ev telefonuma zəng elədilər: “Cənab Prezident sizinlə danışmaq istəyir”. Mən onda bildim ki, məqalə çıxıb və ölkənin Prezidenti, hələ səhər-səhər, vaxt tapıb, məqaləni oxuyub. Belə şeyə necə heyrət etməyəsən!

Heydər Əliyev hər mənada azərbaycanlı idi. Azərbaycanı ovcunun içi kimi aydın görürdü, onu beş barmağı qədər yaxşı tanıyırdı. İş rejimi nə qədər gərgin olsa da, bu tükü tükdən seçən siyasi fərasət sahibinin mədəniyyətə diqqət yetirməyə də həmişə vaxtı olurdu.

Kinonu, teatrı çox sevirdi. Yazıçı mühitinə yaxından bələd idi. “Ulduz”, “Qobustan”, “Azərbaycan” jurnallarının hər nömrəsini oxuyurdu. Qəzetlərin hamısını hər gün nəzərdən keçirirdi.

O zəngdən sonra görüşdünüz?


– Mən Heydər Əliyevlə çox görüşmüşəm: rəsmi iclaslarda, cürbəcür toplantılarda, Yazıçılar İttifaqının tədbirlərində.

Siz yazıçı, o siyasətçi. Nə haqqında danışırdınız? Özü də ölkənin çətin günlərində...
– Naxçıvana 70 yaşını təbrik etməyə getmişdim. Gördüm ki, Bakı mühiti, Bakı ziyalıları üçün çox darıxıb. İki saatdan çox söhbət elədik. Azərbaycanın parçalanmaq təhlükəsi o vaxt Heydər Əliyevi çox narahat eləyirdi. Ovaxtkı rəhbərliyin siyasi səriştəsizliyindən də olduqca narazıydı. Kaş hələ yaşayaydı. Onun 100 yaşının təbrikinə gedəydim, onunla bir də doyunca söhbət eləyəydim. Mənim o kişiyə deməyə sözüm çoxdur.

Əbülfəz Elçibəylə münasibətiniz necə idi? Ümumiyyətlə, necə düşünürsünüz, bu iki Prezidenti müqayisə etmək olarmı?

– Onu Heydər Əliyevlə müqayisə eləmək nəinki böyük avamlıq, həm də çox böyük nadanlıq olardı.
Əbülfəz siyasət adamı deyildi. Filoloji təfəkkürlü, sadə və səmimi insan idi.

Məncə, Əbülfəz bəyin də ədəbiyyata marağı olub, bir çox yazıçılarla, şairlərlə dostluq edib.

– O illər – mən “Azərbaycan” jurnalının baş redaktoru olanda – ətrafıma toplaşan qələm adamlarının hamısı Bəyin rəğbət bəslədiyi adamlardı: Dilsuz, Natiq Səfərov, Vaqif Bəyatlı, Eldar Baxış, Ramiz Rövşən, Mövlud Suleymanlı, Aydın Məmmədov, Kamil Vəli, İsa İsmayılzadə, Ələkbər Salahzadə... Məni Rüstəm Behrudi ilə Bakıda Bəy görüşdürmüşdü.

Ən çox sevdiyi əsər – mənim ilk tərcümələrindən olan – “Çevrilmiş səhifə” adlı roman idi. Ərəb yazıçısının əsəriydi. Əlcəzairdəki milli azadlıq hərəkatından bəhs eləyirdi.

Bəyin ən çox sevdii şair Əli Kərim idi. Sabir Əhmədlinin və Yusif Səmədoğlunun nəsrini bəyənirdi. Natiq Səfərovla isə xususi, şəxsi dostluğu vardı.

O illər, yay aylarının birində Bəy Natiqi, ailəsi ilə birgə, Kələkiyə qonaq aparmışdı. Mən də Əylisdəydim. Xəbər göndərdilər, gəldim Kələkiyə. Bəygilin evlərinin qabağında iki dost yan-yana durmuşdu: biri bəstəboy, biri uzun-şivərək. Don Kixotla Sanço Pansanı yada salırdılar.

Məni görən kimi Natiq uzaqdan üstümə cumdu: “Ə, gəl çıx da, hardasan?.. Bu adam “bəy” deyə-deyə acından qırdı bizi. Səhər maş şovrası, axşam maş şovrası. Dünyada ayrı yemək-zad yoxmuş”. Ordubadlılar lobya şorbasına “maş şovrası” deyirlər.


– Mən bəyəm ayrı şey yeyirəm? – bunu Bəy elə yazıq, elə yanıqlı səslə dedi ki, mən o səsi hələ də eşidirəm.

Sonra Bəyin qardaşı Almurad tapılıb çıxdı. Çəpiş kəsib – çaşırlı, baldırğanlı, tutovkalı – gözəl süfrə açdı.
Sonra gecəyarısı, ay işığında mən Kələkinin gur çayında, ucadan oxuya-oxuya, üzdükcə üzdüm. Bəylə Natiq çayın qırağında oturub, mənim o çayda balıq kimi üzməyimə heyrətlə tamaşa elədi.

O gecəni Kələkidə gecələdim. Səhərisi yuxudan oyanıb, eyvana çıxan kimi həyətdəki yamyaşıl maş, yəni lobya kollarının arxasından Əbülfəzin dilli-dilavər anasının mehriban səsini eşitdim: “Bu Natiqin də işi Allaha qalıb, ay Əkrəm. “Az yeyəndə arıxlıyır, çox yeyəndə tırıxlıyır".


Böyük ehtimal, Ermənistanla sülh müqaviləsi bağlanacaq, hər halda gedişatdan belə görünür. Demək olar, sizin köhnə arzunuz reallaşır...


– Ermənistanla münasibətlərimizin tam normalaşdığı gün təkcə Azərbaycanın yox, Qafqazın hər üç ölkəsinin həyatında ən gözəl bayram günü olacaq. Bunu mən, illərdir ki, hər gün gözləyirəm və o günü görməmiş ölmək istəmirəm.

Qələbədən sonra Qarabağa getmisinizmi? Belə bir təklif olunubmu sizə? Ümumiyyətlə, Qarabağa getmək istəyərsinizmi?


– Mən Sovet dövründə Qarabağda çox olmuşam. Bir dəfə Şuşaya 3-4 günlüyə gəzməyə getdim. Şəhərin havasından, sakitliyindən, ağcaqanadsızlığından o qədər xoşum gəldi ki, orda düz 40 gün qalası oldum. Şuşanın bütün kəndlərini, Laçını, Əskəranı qarış-qarış gəzib dolandım. Çoxdandır ki, Qarabağa getməmişəm. İndi istəsəm də gedə bilmərəm. Aeroport Polisinin qondarma ittihamı ilə Prokurorluq mənim Bakıdan çıxmağıma 7 ildir ki, qadağa qoyub. Heç səhhətim də buna imkan verməz. Yaş da amansızcasına öz sözünü deyir.


Ustad, deməli, süni zəka proqramları düzəldiblər. Düzdür, hələ ibtidai mərhələdədir, fəqət mövzunu verirsən, hekayə yazır, ssenari yazır. Yəqin ki, zamanla təkmilləşəcək. Bəzi adamlar düşünür ki, gələcəkdə yazıçıya, ssenaristə ehtiyac olmayacaq.


– Məni qorxutma, Ömər. Onsuz da bəzi yazıları oxuyanda mənə indi də elə gəlir ki, onu insan yazmayıb, maşın yazıb. Əgər hekayəni süni ağıl yazacaqsa, onda bəs Allahın bizə verdiyi ağıl necə olacaq? Əgər insan hissdən-duyğudan məhrum olacaqsa, bu cür yaşamağın mənası nədir?.. Belə şeyləri Rafiq Əliyevdən soruşmaq lazımdır. Yəqin ki, qeyri-səlist məntiqdə bunun da izahı var.

Unutmadığınız qadın... Yaxud hansısa əsərinizi ithaf etdiyiniz, hansısa əsərinizi xəyalıyla yazdığınız qadın... Yaradıcı adamların qəribə şakəri olur. Çoxsevgililiyə, xəyanətə meyilli olurlar. Yaxud dövranın gərdişi ucbatından təkçənəliyə çəkilirlər, içkiyə qurşanırlar...


– “Çoxsevgililiyin”, “xəyanətə meyyilliliyin” insanın yazıçı olub-olmamağına, məncə, bir o qədərdə dəxli yoxdur. Burası daha çox hər kəsin təbiətindən, xasiyyətindən asılıdır. Bir kişi bir ömürdə 50 qadınla da intim əlaqədə ola bilər. Ancaq bir kişinin bir ömürdə hətta iki qadını xoşbəxt edə biləcəyinə inanmağın özü də mənə bir qədər çətin gəlir. “Mən ömrümdə cəmi bir qadın sevmişəm” deyən kişilər, zənnimcə, daha səmimidir. Üstəlik, hər kişinin öz övladı qarşısında atalıq borcu da var. Bir ailədə övlad-uşaq sahibi olub, başqa bir ailədə də həqiqi ata olmaq, mənə görə, təkcə ağılsızlıq deyil, həm də əxlaqsızlıq və mənəviyyatsızlıqdır. Belə ailələrdə doğulan uşaqlar, əksər hallarda, əvvəlcədən çətin tale yaşamağa məhkum edilir.

“Mən tanınmış yazaram. Məşhuram, istedadlıyam. Kefim nə istəryir, eləyirəm”. Dünyanın məşhur insanlarının barəsində ordan-burdan allı-güllü nağıllar oxuyub, öz ağlını azdıran bir-iki yelbeyin gənc yazara mən də rast gəlmişəm. Adam var üç dılğır hekayə yazıb, özünü dahi bilib, üç dəfə arvad alıb. Beləsinin aqibəti çox pis olur: dördüncü arvadı alanacan qanadlı ilham pərisi ondan həmişəlik üz döndərir. İşi bitir, kitabı bağlanır. Beləsi içkiyə qurşanmasın, bəs neynəsin?

Bir sağlam kişinin təbii seksual ehtiyacını ödəmək üçün bir sağlam qadın ömürlük kifayətdir. Seksi məşğuliyyətə çevirənlər, mənə görə, seksual manyaklardır. Qadın seks aləti deyil. Dostdur, yoldaşdır, əzabdaşdır.
Mən, məktəbdə oxuyanda, bir qızın diqqətini çəkmək üçün xeyli şeir yazmışam. Ancaq sonralar heç bir qadının həvəsinə heç vaxt əsər yazmamışam.

Ustad, niyə roman yazmadınız?


– Ona görə ki, romanı Lev Tolstoy yazıb. Servantes, Balzak, Dikkens, Folkner, Steynbek yazıb. Hələ ki, “Qılınc və Qələm” ciddi roman sayılır, Azərbaycanda həqiqi roman yazılmayacaq.


Gənclərə nə tövsiyə edirsiniz? Necə olmasınlar? Kimə oxşamasınlar?


– Gənc yazıçının, ilk mərhələdə, kiməsə bənziyib-bənzəməməyi onun sonrakı yazıçı taleyində əsaslı rol oynamır. Söz yox ki, hər kəs özünə bənzəyəndə maraqlıdır. Ədəbiyyata kimin hardan – kənddən ya şəhərdən, dağdan ya arandan gəlməyi tamamilə mənasız söhbətdir. Bura hardan gəlməyindən asılı olmayaraq, hər kəs hansısa ədəbiyyatın içindən keçib gəlir.

Mən indi “Qılınc və qələm”i bəyənmirəm, uğurlu bədii əsər hesab eləmirəm. Ancaq gəncliyimdə o əsəri dəli həvəs, sonsuz heyranlıqla oxumuşam. Həmçinin “Saçlı”nı, “Gələcək gün”ü, “Yanar ürəyi”...

Mənim yazıçı olmağımın ruhi energetika mənbəyi folklor olub: nağıllar, dastanlar, bayatılar. İnternet-elektronika indinin gəncliyini bu böyük energetika mənbəyindən məhrum edib. Dili söz tutanların hamısı Kafkadan, Kamyudan dəm vurur. Heç o “Qılınc və qələm”i də indi yada salan yoxdur.

İnternetin hesabına üləmalıq eləyən, özgənin fikirlərini öz adına yazıb, millətin gözünə kül üfürənlər də az deyil. Bunu eləməyə nə var ki: internetdən istədiyin mövzuda mətn tapa bilərsən,onu istədiyin şəkilə salıb, öz adından asanca çap elətdirə bilərsən. Naşı oxucunun mədəsi hər şeyi həzm eləyir.

Gənc müəlliflərdən kimləri oxuyursunuz?

– Mən cavan yazıçıların yazdığını, imkanım daxilində, həmişə izləyirəm. Hərdən məni yaxşı mənada heyrətləndirən məqalələr, şeirlər, hekayələr də rastıma çıxır. Keçən ilin payızında KULİS-də Allahşükür Ağa adlı bir müəllifin silsilə şeirləri yayınlanmışdı. Oxudum, ləzzət verdi. O şeirlərin heç biri, məsələn, Ramiz Rövşənin ən yaxşı şeirlərindən qalmaz.

Yazan çoxdur. Ancaq yaxşı yazanı pis yazandan, istedadlını istedadsızdan ayırmağın ədəbiyyatın inkişafı üçün nə qədər vacib olduğunu indi kimsə ağlına gətirmək istəmir. Yaltaqlar, yaramazlar ağlımızı, zövqümüzü gözümüz baxa-baxa zorlayırlar: dəyərli, diqqətəlayıq əsərləri saya salmadan, masa və mənsəb sahiblərinin naftalin iyi verən “şedevrlərini” yaxşıca bəzəyib-düzəyib, böyük canfəşanlıqla millətə sırıyırlar. Yazıçıya münasibət gör nə günə qalıb ki, Çingiz Abdullayevin hər yaşına bol-bol mədhiyyələr deyilir, ancaq Mövlud Suleymanlı kimi bənzərsiz yazıçının 80 yaşı az qala heç kəsin yadına düşmür, binəva Əlisa Nicata 300 manat pensiya ayırmaq həlledilməz problemə çevrilir...

Tənqid ölüb. Nizami adına Ədəbiyyat İnstitunun nə işlə məşğul olduğunu institutun rəhbərliyindən savayı, hələ ki, heç kəs bilmir. Yazıçılar Birliyi 40 ilə yaxındır ki, bir adamın istəyinə tabedir. Sərbəst fikir sahibi olan və şəxsi təmənna güdməyən, qocalı-cavanlı, qələm adamlarının heç biri indi ora gözünün ucuyla da baxmaq istəmir. Axı niyə belə olmalıydı?..

Müstəqil ölkənin söz sahibləri müstəqil düşünən insanlar olmalıdır.

Bu gün belə insanlara heç vaxt olmadığı qədər ehtiyac var.

# 75408 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #