Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?
23 iyul 2024
# 09:00

Özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən görkəmli yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) XX əsr Azərbaycan nəsri tarixində ilk intellektual mövzulu əsər sayıla biləcək "Studentlər" romanını yarım əsr bundan əvvəl - universitet tələbəsi olduğum dövrdə oxumuşdum. Təbii ki, əvvəla, mənim o zamankı məlumat və bilik səviyyəm, eləcə də Vətən tarixinə bələdliyim (bu isə obyektiv səbəblərə görə yalnız özümdən asılı məsələ deyildi) əsəri bütün tutumu, əhatə dairəsi və dolğunluğu ilə qavramağa yetərli deyildi. Digər tərəfdən həmin dövrdə oxuduğum nəşrin ixtisardan xali olduğuna da əmin deyiləm. Çünki söhbət rəsmi ideologiyadan gedəndə sovet senzurası klassik mətnin toxunulmazlığı, sənətkar mövqeyinə hörmət və s. yaradıcılıq, əxlaqi-mənəvi anlayış məsələlərinə heç bir əhəmiyyət vermir, mətn üzərində istədiyi növ "redaktə" aparırdı. Sovet oxucusunda sual doğura bilən epizod və səhnələr, personajların fərqli fikir və mülahizələri senzor qayçısından yan keçə bilmirdi.

Kulis.az Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı haqqında Vilayət Quliyevin yazdığı "Studentlər" romanı tariximizin güzgüsü kimi" adlı məqalənin birinci hissəsini təqdim edir.

İki il yarım əvvəl, Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü ilə "Studentlər"in Ukrayna dilində çıxan ilk nəşrinə ön söz yazmalı oldum. Bu münasibətlə romanı yenidən, artıq müəyyən gizlinlərə bələdlik zəminində, daha diqqətlə oxudum. Etiraf edim ki, vaxtı ilə, sadəcə, bədii əsər kimi mütaliə etdiyim "Studentlər"lə növbəti təmas zamanı qarşımda yeni bir mənzərə açıldı. XX əsrin inqilablar, ictimai-siyasi və mədəni-mənəvi təlatümlərlə zəngin ilk iki onilliyinin rəngarəng, ziddiyyətli panoramı fərqli rakursda gözlərim önündə canlandı. 120 il əvvəlki Azərbaycan gəncliyinin toplu portretini gördüm, onları məşğul edən, düşündürən fikir və əməllər dünyasına səyahətə çıxdım.

Aralarında müxtəlif siyasi mövqeyə, çeşidli intellektual və mənəvi keyfiyyətlərə, dəyişik sosial zəminə malik şəxslər olsa da, Kiyevdə təhsil alan azərbaycanlı tələbə mühiti əksəriyyət etibarı ilə işıqlı təəssürat yaradır. Mülahizələrindən, hərəkətlərindən də göründüyü kimi, çoxunun istəyi, məramı bilik və mənəviyyatının imkan verdiyi dərəcədə yurd təəssübü üzərində köklənib. Azərbaycan türklərinin sayca üstünlüyünə, torpaqlarının zənginliyinə, tarixlərinin qədimliyinə rəğmən, Cənubi Qafqazda aparıcı mövqe tuta bilməmələri onların izzətini-nəfsini təhqir edir. "Yox millətimin xətti bu imzalar içində!" xiffəti ilə kədər və qüssəyə qərq olsalar da, ruhdan düşmürlər. Bu imzanı atmaq üçün məhdud təcrübə və imkanları daxilində bacardıqları işləri görməyə, ən azı tələbə mühitində ictimai fikri hərəkətə gətirməyə can atırlar.

Bir araya gələndə boş lağlağıdan daha çox dindən, siyasətdən, sinfi mübarizədən, erməni millətçilərinin "müsəlman" əhaliyə iddialı-düşmən münasibətindən danışırlar. Pədərşahi-patriarxal yaşam tərzinin xalqın ayağında buxova, irəliyə doğru hərəkətində maneəyə çevrildiyini, "zindəganlıq cəngində" (H.Zərdabi) təhsil və mədəniyyətin rolunun günbəgün artdığını yaxşı başa düşürlər. Kiyevdən Bakıya maarif işığı, oyanış və tərəqqi siqnalları göndərmək üçün milli birlik ocağı - "müsəlman tələbələrin" Zemlyaçestvosunu (həmyerlilər təşkilatı) yaradırlar. Türk-müsəlman qadınlarının gerçək azadlıq yolları haqda düşünürlər. Dayaqları çürümüş çarizmin günün birində süqut edəcəyini anlayaraq milli muxtariyyət fikri ilə yaşayırlar. Fəhmlə, təxminlə də olsa, müstəqil dövlət qurmaq imkanı yarananda ermənilərin öz xəbis əməlləri ilə Azərbaycana və azərbaycanlılara quyu qazacağının fərqinə varırlar. Ona görə bir qədər təhtəlşüur şəkildə olsa da, müasir beynəlxalq hüququn "remedial secession" - "xilas naminə ayrılmaq" adlandırdığı vasitə - hərənin öz milli mənzilinə çəkilməsi ilə bağlı fikir mübadiləsi aparır, iki qonşu xalqın muxtariyyətinin yalnız bu yolla mümkün olacağına inanırlar. 1905-ci ildə Cənubi Qafqazda erməni-müsəlman qarşıdurmasının başlanmasını çap hökumətinin gələcək milli istiqlal fikirlərinin qarşısında çəkməyə çalışdığı keçilməz divar sayırlar. Ermənilərin bu azadlıq mübarizəsində mənfəətləri naminə çar hakimiyyətinin əlində alətə çevrildiyini yaxşı anlayırlar.

Romandakı hadisələr tarixə ayrı-ayrı ekskurslar istisna olunarsa, təxminən 1910-1915-ci illəri əhatə edir. Kiyevdəki azərbaycanlı tələbələr, xüsusən də onların müəyyən milli əqidəyə malik, ictimai baxımdan fəal nümayəndələri Vətəndə baş verən hadisələri diqqətlə izləyir, təhlil edib dəyərləndirməyə çalışırlar. Ad çəkmədən, daha doğrusu, bir qədər dəyişdirilmiş ad və soyadlar əsasında ayrı-ayrı gerçək şəxslər və onların fəaliyyəti müzakirə obyektinə çevrilir, mühüm hadisələrə münasibət bildirilir.

Məlumatsız oxucu, bəlkə də, belə epizodlara ümumi süjet xəttinin bir hissəsi, yaxud roman qəhrəmanlarının sərbəst mülahizələri kimi baxa bilər. Dövrün hadisələri kontekstində götürdükdə isə burada bəlli tarixi kəsimdə cəmiyyət həyatındakı real hadisələrdən, real şəxslərdən söhbət getdiyini, cəmiyyətin onların hərəkətlərinə pozitiv, yaxud neqativ münasibətinin nümayişini görməmək olmur.

Məsələn, əsərdəki personajlardan biri - Cəlal söhbət əsnasında tələbə dostlarına son zamanlarda Bakıda cərəyan edən və şəhər əhalisinin diqqətini çəkən qəribə olaylardan söz açaraq deyir: "Mənim bədbin olmağa haqqım var, çünki savadsız bir milyoner türk ziyalısını rüsvay edir, özü də ziyalılar əli ilə. Məsələ də ziyalılar arasında olan, ziddiyyətdən doğur. Bilirsiniz ki, 1905-dən başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi, bir çox cəmiyyətin başında durmuşdu, "Difai" kimi Azərbaycana muxtariyyət tələb edən komitə də bunun işi idi. Qoçuluğu qaldırmaq üçün "Hidayət" cəmiyyəti təşkil edən də Ağabəy idi. Bu adamın nüfuzunu təsəvvür ediniz: sünnilərlə şiələri barışdırmaq üçün Şəkiyə gəldikdə şəhərin bütün əhalisi onu qarşılamağa çıxmış və "La-ilahə-illallah, Ağabəy rəsulillah", - deyə bağırmış. Ağabəyin bu nüfuzu millətpərəstliyi inhisarında saxlamağa qalxışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy Tağıyevin sadiq qullarından idi və onun naşiri-əfkarı olan rusca "Kaspi" qəzetəsinin başında dururdu. Əliyarbəy Tağıyevin kapitalına istinad etdiyi kimi, Ağabəy də milyoner Murtuza (Murtuza Muxtarov nəzərdə tutulur - V.Q.) söykənirdi. Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər, onların ətrafına toplanan ziyalılar da çarpışırdı. Millətpərəstliyə baxırsınızmı?.. Behbudov məsələsi Əliyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əliyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı məsələsi saldı. Həm də bunun təməlini "Bakı padşahı" Tağıyevin evində atdı. Nəticədə Əliyarbəy Ağabəy dəstəsinə qələbə çaldı... Qəribə burasıdır ki, Əliyarbəyin özü tiflisli idi..."

Rüstəm bəy onun sözlərinə qüvvət verərək deyir: "Bəs nə? Axırda Behbudov Qarabağa getməyə məcbur oldu, Ağabəyi əvvəl klubda döydülər, sonra Tağıyev çağırıb Qafqazı tərk etməsini tələb etdi. Ağabəyin Türkiyəyə fərar etməsinin səbəbi budur. Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalını Tağıyev nəşr edirdi, Sultan Əbdülhəmidin işarəsinə görə Tağıyev bu jurnalı qapamışdı. Türkiyədə hürriyyət elan olunar-olunmaz Hüseynzadə də oraya getdi... Mənim eşitdiyimə görə, Ağabəyin Qafqazdan getməsinin səbəbi "Difai" məsələsi olmuş, çünki "Difai" terror gücü ilə zənginlərdən pul tələb etməyə başlamışdı. Hətta Musa Nağıyevi oğurlayıb, yüz min manat aldıqdan sonra buraxmışdılar. Təbiidir ki, Tağıyev təşvişə düşmüş və Ağabəyin getməsini tələb etmiş. Yadımdadır, Ağabəy Şuşaya gəlmişdi. Orada "Difai" komitəsi təşkil etmək istədi, tacirlər əvvəl etiraz etdilər. Bir axşam camaatı Gövhər ağa məscidinə topladı. Birinci erməni-türk vuruşmasından bir az keçmişdi. Vəziyyət olduqca gərgin idi. Ermənilər şəhərdən altmış araba arvad-uşaq toplayıb, başqa şəhərlərə göndərmişdilər, yeni vuruşmaya hazırlaşdıqları duyulurdu. Doğrudan da, bir il sonra şiddətli vuruşma oldu. Belə həyəcanlı bir zamanda Ağabəyin şəhərə gəlməsi kimi fərəhə, kimi də qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi, Şuşanın Zaqafqaziya türkləri üçün böyük mənası olduğunu anlatdı, dedi: "Şuşa bir qaladır, bura əldən getsə, çoluq-çocuğumuzu götürüb, Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır..." Sonra "Difai" məsələsini açdı və gizli bir təşkilat yapacağını söylədi. Tacirlər əl-ayağa düşdülər, terror gücü ilə pul tələb edilməsindən qorxub, razılıq vermədilər. Ağabəy əsəbi bir adamdır, küsüb getdi. Sabah tezdən camaat tökülüb qapısına gəlmişdi, on mindən artıq adam vardı. "Bizi hara qoyub gedirsən?" - deyə bağırışırdılar. Nəhayət, Ağabəy komitə təşkil etməmiş getməyəcəyini bildirib, camaatı sakit etdi".

Başqa bir tələbə Ağabəyin mübarizə üsulunu, xüsusi ilə müsəlman birliyinə nail olmaqla bağlı düşüncələrini qəbul etmədiyini bildirərək deyir: "Qoçaqlığına qoçaq idi, ancaq... Tutulan yol düz deyildi. Əvvəla, Ağabəy ittihadi-islam məfkurəsi daşıyırdı: Nə qədər boş bir məfkurə! İkinci, "Daşnaksütyuna" qarşı "Difai" ilə çıxmaq qanı qanla yumaq demək idi. Madam ki, avtonomiya üçün etnoqrafi hüdud məsələsi meydana çıxırdı, bunu bir erməni-türk müşavirəsi çağırıb sülhlə həll etmək olmazdımı?" Çingiz isə onun fikirləri ilə razılaşmayaraq yuxarıda qeyd etdiyim "xilas naminə ayrılma" fikrini ortaya atır: "Bu əngəl məsələdir. Gərək türk arasındakı ermənilər erməni arasına, erməni arasındakı türklər türk arasına keçəydi. Çar hökuməti buna razı olmazdı. Bu, avtonomiyaya hazırlıq demək idi. Çar siyasəti bu avtonomiya məsələsini boğmaq üçün türk-erməni düşmənçiliyini məxsusi körükləyirdi..."

Tələbə dostlarının fikir alış-verişindən məmnun qalmış Rüstəmbəyin düşüncəli üzündə bir fərəh ifadəsi yaranır. Bütün ziddiyyətlərə rəğmən, gələcəklə bağlı işıqlı, inamlı ümidlərini dostları ilə paylaşır: "Ah, bizim ziyalıların tarixi yazılsa da: ittihadi-islam, Turan... min bir çarpışma... Keçilən yolların böyük qüsurlarına baxmayaraq, axırda öz doğma ölkəmizin siyasi, iqtisadi, mədəni ehtiyaclarına dönəcəyik, ermənilərlə də barışıq yolu bulacağıq... Bunlar olacaq. Xalqımıza fayda verəcək ziyalılar da yetişəcək. Bu da mütləq olacaq! Ancaq Cəlal kimi bədbin olmağa da gəlməz: mədəniyyətə doğru yeni addım atan xalqların tarixində də belə şeylər olmuşdur. Yeni yetişənlər yaxşı olarlar" - deyə mübahisəyə nikbin notlarla yekun vurur.

Belə uzun iqtibasa görə oxucudan üzrxahlıq edərək tələbələrin söhbətində toxunulan şəxslər və olaylarla bağlı məsələyə aydınlıq gətirmək istərdim. Hadisələrin təqdimi zaman və mahiyyət baxımından dəqiqliyi ilə seçilmir. Bunu müəllifdən tələb etmək də düzgün olmazdı. Çünki o, tarix dərsliyi yox, bədii əsər yazmışdı. Məşhur xeyriyyəçi-zəngin, "millət atası" kimi tanınan Hacı Zeynalabdin Tağıyev öz adı ilə təqdim olunur və burada əlavə izahata ehtiyac yoxdur. Eyni sözləri milli ədəbi-mədəni fikir tariximizdə yeni ideya istiqamətinin tribunasına çevrilmiş "Füyuzat" məcmuəsinin qurucusu və redaktoru Əli bəy Hüseynzadə haqda da demək mümkündür.

Ağabəy - təbii ki, XX əsrin əvvəllərindəki Bakı, bütünlükdə Cənubi Qafqaz mühitinin ən narahat, dinamik, haqsızlıqlara qarşı barışmaz mövqe tutan ədəbi-ictimai simalarından Əhməd Ağaoğludur. "Kaspi" qəzetinin redaktoru tiflisli Əlyar bəy adı altında isə ilk baxışdan da göründüyü kimi, görkəmli ictimai-siyasi xadim, Rusiya müsəlmanlarının lideri Əlimərdan bəy Topçubaşov nəzərdə tutulur. Həqiqətən də, xalqın oyanmasına, maariflənməsinə mühüm töhfə vermiş "Kaspi", "Həyat" kimi nəşrləri Hacı Zeynalabdin maliyyələşdirmişdi. Milli məsələdəki sağlam, döyüşkən mövqeyi baxımından onlardan geri qalmayan "İrşad", "Tərəqqi" qəzetləri isə başqa bir xeyriyyəçi zənginin - Murtuza Muxtarovun puluna çıxırdı. O da həqiqətdir ki, Əhməd Ağaoğlunun həm millət atası Hacı, həm də "Kaspi"də birgə çalışdığı Əlimərdan bəylə bəzən açıq müstəviyə çıxan ciddi fikir ayrılıqları, sərt münaqişələri olmuşdu. Bu mövzu ilə bağlı vaxtı ilə "Əlimərdan bəy Topçubaşov - Əhməd Ağaoğlu: problemli dostluq" adlı polemik yazımda geniş söz açdığımdan təkrara ehtiyac duymuram.

Sadəcə, diqqəti ona çəkmək istəyirəm ki, millətini sevən zəngin şəxsin, yaxud şəxslərin vəsaiti hesabına qəzet və kitab nəşri, mədəni-ictimai tədbirlərin təşkili dövrün Azərbaycan cəmiyyətində "yazıçının kapitalistin pul kisəsindən asılılığı" (Lenin) sindromunu ortaya çıxarmışdı. İlk qəzetimiz "Əkinçi" belə asılılıqdan qismən (doğrudur, onun nəşri üçün ilkin kapitalı Abdulla ağa Bakıxanov vermişdi) azad idi. XX əsrin əvvəllərində isə vəziyyət fərqli şəkil almışdı. Hökumətin mətbuata, xüsusən 1905-ci il inqilabının ərsəyə gətirdiyi və mövcudluğuna zorla dözdüyü "müsəlman mətbuatına" münasibəti qətiyyən dostanə deyildi. Senzura tələbləri sərtləşdirilmişdi. Könüllü şeytançılıq vəzifəsini üzərlərinə götürən erməni millətçilərinin əl-qolu daha da açılmışdı. Nəticədə Bakı, Gəncə, İrəvan, yaxud Tiflisdə qəzet, kitab, teatr tamaşası, xeyriyyəçilik və digər milli-mədəni tədbirlərə vəsait ayıran şəxs özünü qorumaq üçün həm də qeyri-rəsmi senzor vəzifəsini yerinə yetirməli olurdu.

"Kaspi"də ictimai borca münasibətdən qaynaqlanan epizodik Əhməd Ağayev - Topçubaşov münaqişəsi "Həyat" qəzetində birgə çalışdıqları dövrdə daha kəskin xarakter almışdı. Məlum olduğu kimi, XX yüzilliyin bu ilk Azərbaycan dilli qəzetinin imtiyaz sahibi H.Z.Tağıyev, naşiri Ə.Topçubaşov, redaktorları isə Ə.Ağayevlə Ə.Hüseynzadə idi. Sərbəst yaradıcı fərdlər kimi çıxış edən, heç kimdən asılılıqları və şəxsi planda hər hansı təhəddüdləri olmayan həmkarları ilə müqayisədə Əlimərdan bəy imtiyaz sahibi qarşısında məsuliyyət daşıyırdı. Bu səbəbdən də redaksiyada "Tağıyevin adamı" kimi tanınırdı. Əslində də, belə idi - "millət atası" önündəki cavabdehlik naşirin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu. O, təkcə qəzeti deyil, xeyirxah Hacının təmiz adını, hakimiyyət dairələri ilə münasibətlərinin loyallığını qorumağı da özünə borc bilirdi. Bu səbəbdən də problemli ictimai-siyasi hadisələrə, rus administrasiyasının atdığı bu və ya digər addıma, verdiyi qərara münasibətdə dostları ilə müqayisədə bəzən barışdırıcı mövqe tutmağa çalışır, ehtiyatlı davranmağı daha məqbul sayırdı. Qısa müddət ərzində "Həyat"ı erməni millətçiləri və Qafqaz canişinliyinə qarşı ideoloji mübarizənin tribunasına çevirən sərt, çılğın təbiətli Əhməd bəy isə belə yanaşma ilə qətiyyən razılaşmırdı. Münaqişə də buradan qaynaqlanırdı.

1905-ci ilin oktyabrında bir neçə günlüyə dincəlmək üçün getdiyi Mərdəkan kəndindən Əli bəy Hüseynzadəyə fransızca (təbii ki, məxfiliyi qorumaqdan ötrü!) yazdığı məktubda Ə.Ağaoğlu bəy bir tərəfdən imtiyaz sahibi, o biri tərəfdən isə naşirlə aralarında yaranan fikir ayrılıqlarına toxunaraq ortaya belə bir mövqe qoyurdu:

"Qəzetin dünənki sayından üzülmüşdüm. Bugünkü say isə o qədər razı saldı.

Məni dəstəklədiyin üçün təşəkkür edirəm. Bu, şəxsi bir sevgi nümayişi deyil. Xeyr! Bütün məsələ sərvət, sərmayə, yaxud başqa yolla, bir sözlə, pul hesabına güc sahibinə çevrilmək istəyən kobud bir adamla azad və müstəqil olmağa can atan bilikli, bacarıqlı insanlar arasındakı uçurumdadır. Azad, sərbəst olmağı bacarmaq lazımdır. Hələ dünənə qədər ticarətlə uğraşmış və bu gün ancaq bank sahibi düşüncəsinə malik bir şəxsin mayasında duyğu və düşüncə dayanan belə böyük, müqəddəs davaya qarışmasına göz yummamalıyıq" (seçmə mənimdir V.Q.).

"Dünənə qədər ticarətlə uğraşan", "pul hesabına güc sahibinə çevrilən", "bank sahibi düşüncəsinə malik şəxs" təyinləri heç şübhəsiz, Hacı Zeynalabdin barəsindədir. Pulu ödəyənin musiqini də sifariş vermək haqqına malik olması prinsipini qəbul etməyən Əhməd bəy, göründüyü kimi, Hacının qəzetin yaradıcılıq məsələlərinə qarışmasının, nəşrin mövzu, mövqe və istiqamətinə hər hansı şəkildə müdaxiləsinin əleyhinə idi. "Müdaxilə" isə heç şübhəsiz, Hacının özü deyil, ona daha yaxın olan və naşir kimi məsuliyyət daşıyan Əlimərdan bəy vasitəsi ilə həyata keçirilirdi.

"Studentlər" romanında haqqında narahatlıqla söz açılan "türk ziyalısı-milyoner" qarşıdurması təbii ki, hər kəsdən öncə Əhməd bəylə H.Z.Tağıyevin münasibətlərinə aid idi. Çünki Hacı ilə ilk münaqişə onun arasında olmuşdu. Gizli deyil ki, o dövrdə yaradıcı milli ziyalılar xeyirxah Bakı zəngininə yaxın olmağa çalışırdılar. Bu yaxınlığın əsasında isə hansısa şəxsi mənfəət güdməkdən daha çox Hacının yardımı ilə teatr, maarif, nəşriyyat sahəsindəki planların gerçəkləşdirilməsi dayanırdı.

Nəriman Nərimanov 1900-cu ildə "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri" adlı kitab çap etdirmişdi. Əhməd bəy Ağayevin özünün 1902-ci ildə nəşr olunan, fanatik din xadimlərini hədəf alan "Axund, islam və hatifülqeyb" əsəri Hacıya müraciətlə açılırdı. Müəllif yazırdı: "Cənab Hacı! Sizin müsəlmanlar barəsində etdiyiniz hümməti-ali və təlaşi-pəsəndidə hər kəsə məlumdur. Bu yolla nə zəhmət və hümmət və nə xərclər çəkmisiniz, hər gün müşahidə olunur. Burada məktəb güşadı, orada fəqir, mühəssil və tüllabə bəzlü ehsan və qeyr yerdə ürəfa, yazıçı və oxumuşlarımıza kömək və himayət, xülasə, hər növ vəslilə və vasitə ilə ruzü şəb millətin fikrindəsiniz. Əlan Zaqafqazda bir məhəl yoxdur ki, sizin hümməti-alilərinizin əsəri oraya sirayət etməmiş olsun. Fikri-asəfanənizin bərəkəti ilə intişari-ülum və fünunu, tərəqqiyi-ədəbiyyat və məkatibi millət üçün rahi-nicat intixab etmisiniz və bu yolda bəzl etdiyiniz hümməti-alinin nətayici şimdidən müşahidə olunur".

Təbii ki, N.Nərimanovun, yaxud Ə.Ağayevin yazdıqları Hacının ünvanına oxunan ucuz difiramblar deyildi. Yaxud əliaçıq zəngindən nə isə "qoparmaq" məqsədi daşımırdı. Bu müəlliflər Hacının gördüyü xeyirxah işlərin həqiqi dəyərini verməklə ona səmimi minnətdarlıq hisslərini bildirir, milli maarif və mədəniyyət sahəsində daha böyük addımlara təşviq edirdilər. Yaxın çevrəsində qazanc hərisi olan acgöz işbazların deyil, xalqı düşünən ziyalıların olmasını istəyirdilər.

Dövrün şəxsiyyət və hadisələrinə yaxşı bələd olan Abdulla Şaiq xatirələrində bu münasibətlə yazırdı: "Hacı Zeynalabdin Tağıyev başqa kapitalistlərdən bir çox cəhətdən fərqlənir. Başqa kapitalistlər hamıya yuxarıdan aşağı baxır, maarif işlərində iştirak etmirdilər. Küçədə üz-üzə gəldikləri zaman o ağalar dik-dik baxıb salam gözləyərkən, ziyalılar da baxıb yanlarından düz keçirdilər. Tamamilə savadsız olan Hacı isə Azərbaycanın həm maarif, həm də ictimai işlərinə qarışırdı. Bu ondan irəli gəlirdi ki, o biri milyonçuların çoxu xırda burjuadan başlayaraq kapitalist olmuşlar. Hacı isə kimsəsiz olduğundan 8-9 yaşından bənnalara palçıq daşıyıb gündəlik muzd alır, onunla da keçinirdi. O fəhləlikdən kapitalistə qədər yol keçmişdir. Hacı maarif işlərində çalışan ziyalılarla oturub durmağı sevərdi".

XIX əsrin sonu - XX əsrin başlanğıcı Azərbaycanda "türk ziyalısı-milyoner" münasibətlərinin müəyyən idilliya dövrü idi. Əvvəla, cəmiyyətdə ali təhsil almış insanların sayı o qədər də çox deyildi. Olanların əksəriyyəti isə həqiqi mənada ideya, məslək sahibi idi. Millətə xidmət amalı ilə yaşayıb şəxsi mənfəət güdmürdülər. Sonrakı illərdə təəssüf ki, sayla sanbal, ideya ilə məqsəd arasındakı nisbət pozulmuşdu. Nəticədə Üzeyir bəyin məşhur "O olmasın, bu olsun" komediyasında haqlı gülüş hədəfinə çevirilən psevdoziyalılar meydana çıxmışdı. Belələrinin sərvət sahiblərinə yaxınlaşması isə tamamilə fərqli hədəflərdən qaynaqlanırdı.

Öz növbəsində yerini və qiymətini bilən həqiqi ziyalıların, millət xadimlərinin zənginlərə olan münasibəti də dəyişmişdi. Cəmiyyəti silkələyən inqilablar, milli və sinfi mübarizə insanların gözünü açmışdı. Artıq ziyalı təbəqə nümayəndələri zənginlərə yalnız minnətdarlıq bildirməklə yetinmirdilər. Həm də fikir və şəxsiyyətlərinə, fəaliyyətlərinə hörmət tələb edirdilər. Yalnız şükran və heyranlıqla kifayətlənmirdilər, tənqidəlayiq saydıqları cəhətlərlə bağlı çəkinmədən, cəsarətlə söz açırdılar. Məsələn, aşağıda üzərində nisbətən geniş dayanacağım Tağıyev-Behbudov qarşıdurması zamanı dövrün prinsipial, cəsarətli publisistlərindən biri kimi tanınmış Rəhim bəy Məlikov (Zərdabinin qardaşı oğlu - V.Q.) "Baku" qəzetində dərc erdirdiyi məqalədə xeyirxah Hacının mədəni-ictimai mühitin bütün sahələrinə yayılmış diktat kultuna qarşı etiraz səsini ucaltmağı məqsədəuyğun saymışdı. O, yazırdı:

"Müsəlman həyatının indiki şəraitində cənab Tağıyevin hökmranlıq etmədiyi hansısa bir məhkəmə, cəmiyyət və ya təşkilatın mövcudluğu həqiqətən mümkündürmü? Cənab Tağıyevin sərvət və nüfuzu sayəsində şəxsən özü həyata keçirmədiyi istənilən ictimai məsələ ilə bağlı indiyədək hansısa bir qərar verilibmi? Müsəlmanların elə bir yığıncağı olubmu ki, orada cənab Tağıyev də iştirak etsin və irəli sürdüyü təkliflə razılaşmayan təhsilli şəxsə adəti üzrə "kəs səsüvi" deməsin? Bəlkə, Dr. Qarabəyov məndən faktlar tələb edəcək? Buyurun: 1) müəllimlər qurultayında cənab Nərimanovla qarşıdurma, 2) müsəlmanların Qasprinskinin ildönümü ("Tərcüman" qəzetinin nəşrə başlamasının 1903-cü ildə Bakıda qeyd edilən 20 illik yubileyi nəzərdə tutulur - V.Q.) münasibətilə təşkil etdikləri toplantıda cənab Ağayevlə qarşıdurma… "

Ə.Ağayevdən sonra Hacının ziyalılarla növbəti münaqişəsi Novorossiysk İmperator universitetində təhsil xərclərini ödədiyi gələcəyin görkəmli dövlət xadimi Nəriman Nərimanovla olmuşdu. Hadisə Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən birinci qurultayında baş vermişdi. Bu haqda müasirlərin xatirələrində və mövcud araşdırmalarda geniş məlumat verilib. Sadəcə, onu deyim ki, N.Nərimanovun qurultay adından Qafqaz canişininə göndəriləcək məktubda "xahiş" əvəzinə "tələb" ifadəsini təklif etməsi, qurultayın da natiqi dəstəkləməsi Hacını haldan çıxarmışdı. Hamının qarşısında "Cibində beş qəpiyi yoxdur, bunun tələb eləməyinə bax!" (Abdulla Şaiq, "Xatirələr") - deyə stipendiatını acılamışdı. Nərimanov isə elə oradaca ayağa qalxıb "heç zaman ideyasını lənətə gəlmiş sarı metala (qızıla -V.Q.) satmaq niyyətində olmadığını və günü bu gündən Hacının pul yardımından imtina etdiyini bildirmişdi.

Lakin tələbələrin dilindən böyük xeyriyyəçiyə qarşı səsləndirilən "ziyalını ziyalı əli ilə rüsvay etmək" ittihamında fikrimcə, Ə.Topçubaşovun hansısa rolundan danışmaq ədalətsizlik olardı. Səbri, təmkin və ağayanalığı ilə seçilən Əlimərdan bəy mübahisəli məsələlərin məsləhət-məşvərət yolu ilə həllinə daha çox üstünlük verirdi. Bunu Əhməd bəy Ağayevə münasibətində də dəfələrlə nümayiş etdirmişdi.

(Ardı var)

# 4016 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #