Nə olsun ki, Təbrizdə yaşayıram? - Güneydən şeirlər

Təbrizli şair Çalğın Məhəmməd

Təbrizli şair Çalğın Məhəmməd

26 may 2023
# 17:35

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Çalğın Məhəmmədin şeirlərini təqdim edir.

Ad

Adım bir dəcəl uşaqdır,
xətər axtarır yer kürəsində,
arıların yuvalarına çöp uzadır adım.
Adım o qədər oğurlanmış ki,
şişib hadağadan çıxmış.

Nə çox qızlar adıma sevgi məktubu yazıblar gündüzlər,
nə çox oğlanlar adımdan diksiniblər gecələr,
adımın kötəyini yeyənlər az olmayıb…

Adım kötəklə gəlin gedən bir qız kimi bəzənib,
əmniyət qüvvələrinin yaddaşlarında,
gömrük məmurlarının tablolarında,
küçələrdə,
şəhərlərdə.
Adıma toplantılar qurulmuş otellərin lobilərində
adımın çörəyini yeyənlər də az olmayıb.

Adımın başını dik tutaraq,
hər şeyi çiyinlərinə götürür,
mənim gücüm çatmayanları,
şeiri və siyasəti…

Adımın bu qədər dadlı olduğunu bilməzdim.
Bilməzdim,
adım duz olub, çoxlarının aşına tökülüb,
adımın bu qədər ağır olduğunu da bilməzdim.
və bilməzdim,
adım daş olub
çoxlarının başına düşüb.


Xiyaban

Adım Xiyabandır,
bəlkə də xiyovlulardan bu ad miras qalıbdır mənə,
bilmirəm…
İstər taxma adımı “cümhur” qoysunlar,
istər “diktator”.
İstər sol böyrümə şah yapışdırsınlar
istər imam
adım Xiyabandır

Məndən maşınlar keçir,
ağ maşınlar, gəlin rəngində…
qara maşınlar, mənim rəngimdə…
sən yalnız məndən keçən maşınları görürsən,
üstümdən maşınlar dolusu adamlar keçir.

Gündə neçə ambulans keçir məndən,
içərilərində əzraillə Pasor(kart) oynayan canlar
bir neçə çodar keçir üstümdən,
Göy Nisanı ilə,
arxasında mələşən qurbanlar…
Ölü daşıyan maşınlar məndən keçirlər saatbasaat,
ölü sahiblərinin göz yaşları üstümdən keçsə də,
ölülərin günahları altımdan keçir.

Qara roz çiçəklərilə bəzədilmiş ağ maşınlar məndən keçirlər
və ağ güllərlə bəzədilmiş qara maşınlar
Bir sarı tel qırmızı yaylığını yelləndirir avtobusun pəncərəsindən
bir şüşə göz arxa səndəldə qaval çalmaqda
ayaqüstündə duran o sarı Kirman qıza baxsana!
Əllərinə xına yaxıb- aləmdir!
Bu qızcığazların arzuları altımdan keçsə də,
ağ gəlinlər təbəssümlə üstümdən keçir.

Adım Xiyabandır
məndən maşınlar keçir,
məndən adamlar keçir,
ya mən sizə məndən nələr keçə bilir desəm?
Qanından keçə bilsən,
məndən istiqlal keçir…
məndən azadlıq keçir…

***

Postmodernizm

Səni yayın üstünə çəkirəm
qış kimi.
Bu quraqlığın üstünə
yağış kimi.
Bu səhranın üstünə
qönçə kimi...
Məcnunun üstünə çəkirəm səni
topança kimi...
Çubuqları gətir alaçığımızı quraq, Leyla.
Mən Məcnun deyiləm xətər eləyəm
bu isti səhranın düzəngahında.

"Şirinəm Kirmanşaha
yol gedir Kirmanşaha
yeni kan-kan tapmışam
Xəbər ver Kirman şaha".
“Bu da Bistun dağı, çatdıq
əl at, bu dəvənin yükünü boşaldaq
Oooooohooooo
Bu dağı mən çapacağammı?
Görüm o teşəni
Şirin,
o şirinliyindən bir az bu teşənin ağzına sürt, lütfən!
Mən Fərhad deyiləm xətər eləyəm
və teşənin ağzını qanımnan şirinlədəm.

Nə olsun ki, Təbrizdə yaşayıram, Əsli.
Nə olsun ki, Qaraməliyin qulağının dibindən keçirəm hər axşamüstü.
Məni küçələrdə az süründür bu qış günləri
Lələ, Qadın haqları üstündə güllələndi Şəhnaz da
Əsli!!
Anana söylə, buğda qovursun axşama
Mən Kərəm deyiləm xətər eləyəm,
mənim ağrıyan dişim yoxdur.

Yox, yuxuda deyiləm.
Bu yaz yağışının gözəlliyini düşünmək üçün
zanbaqlar kimi ağzını göyə açmalısan
gəl adımızı göylərə yazaq
yüksəklikdən qorxuram, Günay.
Gəl, dünyanı fəth edək
at çapmaq bacarmıram, Günay.
Gəl, bu insanları dəyişək.
O yuxu dərmanlarından az doldur qarnına, Günay.
Pəncərəni bağlarsan,
Gecən xeyrə!


# 2091 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #