"Mirvari"də balıq qonaqlığı, gavur Hüseyn və üç manat iyirmi qəpik - İsmayıl Şıxlını tanımayan qız kim idi?

"Mirvari"də balıq qonaqlığı, gavur Hüseyn və üç manat iyirmi qəpik - İsmayıl Şıxlını tanımayan qız kim idi?
12 noyabr 2024
# 15:00

Kulis.az Nahid Hacızadənin İsmayıl Şıxlıya həsr etdiyi "İllərin xatirə işığında" silsiləsindən bir xatirə yazısını təqdim edir.

1983-cü il. Yazın aşıb-daşan vaxtıydı. Onunla "Kitab passajı"nın qabağında rastlaşdım. İsmayıl müəllim mehribanlıqla mənə əl uzatdı.

- Ya Allah, ya Allah, xoş gördük, - dedi.

- Ya Allah, İsmayıl müəllim, nə vaxtdır sizin üzünüzə həsrətik.

- Nahid, görünür, yaş da öz işini görür. Gedib dərsimi deyir, qayıdıram evə. Sonra da yazı-pozu. Günlər, beləcə, axıb gedir. Biz də yavaş-yavaş qocalırıq. Rəhmətlik Mehdi Hüseynin bir sözü var idi. Deyərdi ki, yaradıcılıq elə bir şeydir ki, gərək qələmi soyutmayasan. Yazı stolundan aralandın, qayıdıb özünü kökləyə biləsən. İndi gəlmişəm ki, "Xatirəyə dönmüş illər" kitabımdan 15-20 nüsxə alım. Evdə vur-tut bircə nüsxə qalıb, onu da heç kəsə verə bilmərəm.

Mağazanın "Azərbaycan ədəbiyyatı" şöbəsinə keçdik. İsmayıl müəllim piştaxtaya yaxınlaşıb satıcıdan soruşdu:

- Mənim "Xatirəyə dönmüş illər" kitabım sizdə varmı?

Qız diqqətlə İsmayıl müəllimi süzsə də, bilmədi ki, qarşısındakı yazıçı kimdir. O, qızın çaşqın-çaşqın baxdığını hiss edib, onu vəziyyətdən çıxarmaq üçün əlini gözlüyünə uzadıb gülümsədi:

- Mən İsmayıl Şıxlıyam, əgər sizdə varsa, kitabımdan bir-iki bağlama götürmək istəyirəm.

Qız özünü itirmiş halda:

- Bağışlayın, bu dəqiqə baxıb deyərəm. - O, bizdən aralandı və quşun qanadında geri qayıtdı. - İsmayıl müəllim, nə götürmüşdüksə hamısı satılıb. Cəmi iki nüsxə var.

- Heç olmasa, o iki nüsxəni gətir. Ancaq bununla yara sağalan deyil. Sizcə, hansı mağazadan tapmaq olar? Nömrə bilirsinizsə, mənə deyin, zəng eləyim.

- İsmayıl müəllim, bu işlərə bizdə Daşqın Qasımzadə baxır. O, heç vaxt ehtiyatı üzmür. Yazıçılar həmişə ondan razılıq edirlər. Deyilənə görə, onun atası da şair olub.

- Əgər siz deyən kimidirsə, Daşqınla özüm məsələni həll edərəm.

Ağır bir yükün altından xilas olubmuş kimi sifəti çiçəkləndi. İsmayıl müəllim gülümsəyərək:

- Yaxşı, bu iki nüsxənin qiyməti neçə elədi?

- Üç manat iyirmi qəpik, - qız təbəssümlə dedi.

İsmayıl müəllim dönüb kassaya tərəf getmək istərkən qabağını kəsdim:

- İsmayıl müəllim, məni utandırmayın, bu dəqiqə.

- Nahid, əliuzunluq eləmə, qayda-qanun var, axı!

- İsmayıl müəllim, kitabın biri mənimdir.

- Qurbandır sənə.

- Özü də avtoqrafla.

- Əlbəttə ki, avtoqrafla, - dedi, - biz neçə ilin dostuyuq, duz-çörək kəsmişik, yol yoldaşı olmuşuq.

Kitabı alıb qapıya sarı yönəldik. Bayıra çıxanda Daşqın Qasımzadə ilə üzbəüz gəldik. O, çox əziz, doğma bir adamını görürmüş kimi əllərini irəli uzatdı:

- Nə yaxşı adamlar gəlib bizim tərəflərə.

- Yaxşı günün olsun, ay Daşqın, - deyə İsmayıl müəllim əlini onun çiyninə qoydu. - A saqqalı ağarmış, haralardasan? Lap aya-günə dönmüsən.

Daşqın özunəməxsus şuxluqla:

- Ay İsmayıl müəllim, başımızı qaşımağa macal tapırıq ki? Hərdən vaxt oğurlayanda da dostlarla özümüzü veririk kababxanaya. Neyləyək, ölüm-itim dünyasıdır.

İsmayıl müəllim başının işarəsilə:

- Nahidlə tanışlığın yoxdur?

- "Yoxdu" deyəndə ki... Onunla çox kolbasa-çörək yemişik. Vaxt olub ki, üstündən yüz-yüz də vurmuşuq.

- Bəs onda bu kişi ilə niyə görüşmürsən?

Daşqın əlini şəstlə mənə uzatdı:

- Salam, köhnə dost, köhnə qonşu!

- Demək, qonşu da olmusunuz?

- İsmayıl müəllim, bu qonşuluq məsələsi bir az qəlizdi.

- Nə mənada?

- O mənada ki, ikimiz də radioda işləyirdik. Nahid Xarici verilişlərdə idi. Mən də səs operatoru idim. Mənə çox işi düşürdü. Bəzən, gecələr də montaj eləyirdik. Komitə İnşaatçılar prospektində "Efir" kooperativi tikdirirdi. İkimiz də yazıldıq. Nahid birotaqlıya, mən də üçotaqlıya, - gülümsədi. - Anam kömək elədi. Püşkatmada Nahid də, mən də beşinci bloka düşmüşdük. Buna çox sevinirdik. Vəziyyət elə gətirdi ki, mən köçəsi oldum.

"Kitab passajı"nın boya-boy vestibülündə adam əlindən tərpənmək olmurdu. Biz bir tərəfə çəkilsək də, könlümüzcə azad-asudə söhbət edə bilmirdik. Deyəsən, bunu ev sahibi kimi Daşqın daha aydın hiss eləyirdi.

- İsmayıl müəllim, yolunuz, səmtiniz hansı tərəfədir? - Daşqın gözlənilmədən soruşdu.

- Hara olacaq, bir az hərlənəcəyik, sonra da üz qoyacağıq evə sarı.

- İsmayıl müəllim, bir az əvvəl dediniz ki, axşam Daşqına zəng eləyəcəyəm. Zəngdənsə, elə indi üzbəsurət danışsanız yaxşı olar. Necə deyərlər, dəmiri isti-isti döyərlər.

Gözlüyünü əlinin dalı ilə yuxarı qaldırdı:

- Daşqın, bu yaxınlarda mənim bir kitabım çıxıb.

- "Xatirəyə dönmüş illər"i deyirsiz?

- Özüdür ki, var.

- Oxumuşam, qiymətli kitabdır, şirin oxunur. Atam haqqında da çox ürəkdən, səmimi yazmısınız. İki-üç dəfə oxumuşam. Hər dəfə də kövrələ-kövrələ. Kitabdan yaxın qohumlara da vermişəm. Onlar da çox bəyəniblər, sizə minntədarlıq eləyirlər.

- Onda, sən gəl bir yaxşı oğlan ol! O kitabdan iki-üç bağlama tap mənim üçün.

Daşqın əlini gözünün üstünə apardı:

- Elə hesab eləyin, üç bağlama kitab ya bu axşam, ya da səhər tezdən sizdədir.

- Yəni, inanaq? - mənalı-mənalı gülümsədi.

- İsmayıl müəllim, əlbəttə, - dedi, - Daşqının söz ağzından çıxdı, qurtardı getdi.

- Onu mən də bilirəm. Ancaq burası da var ki... həmişə başın qarışıq olur, qaçhaqaçdasan...

- İsmayıl müəllim, Allaha şükür, məndən də yaxşı bilirsiniz ki, bunun sizə heç bir dəxli yoxdur. Siz Qasımzadələr ailəsi üçün çox əziz adamsınız, həm də böyük yazıçısınız. Ancaq indi bu məsələ ilə bağlı mənim bir şərtim var. - Pencəyinin qolunu geri çəkib saata baxdı. - Nahar vaxtıdı...

İsmayıl müəllim onun nə demək istədiyini göydə tutdu:

- Ay Daşqın, bir yandan vacib işim var, bir yandan da dərman atıram.

- İsmayıl müəllim, siz yazıçı kimi söz deyərsiniz, Nahidlə mən isə "Xatirəyə dönmüş illər"ə "xoş gəldin" eləyərik.

İsmayıl müəllim daha onun sözünü döndərmədi. Bilirdi ki, o, öz sözünü hər addımda yerinə yetirən kişidir. Daşqın bir ayağını qaçaraq qoyaraq:

- Qadanızı alım, - dedi, - siz yavaş-yavaş gedin Sahil bağına, daha doğrusu, "Jemçujina"ya. Mən də sənədlər var, müdirə qol çəkdirib, özümü yetirirəm sizə.

Biz söhbət eləyə-eləyə onun dediyi kimi üz qoyduq dəniz qırağına.

- Bu Daşqın çox qiyamət adamdır, - İsmayıl müəllim dedi. - Xasiyyətdə atasına oxşayır. İstiqanlı, xeyirxah. Yadımdadır, Böyükağanın ilk oğlu olanda düz bir ay elliklə ona ad axtardıq. Nə təklif etdiksə, Böyükağa heç birini bəyənmədi. Axırda özü tapdı. Mehdi Hüseynin "Daşqın" romanı köməyinə gəldi. Oğlunun adını Daşqın qoydu.

- Demək, adının maraqlı tarixçəsi varmış dostumuzun.

- Elədir. Rəhmətlik atası ilə tələbə yoldaşı olmuşuq, - İsmayıl müəllimin səsi dəyişdi. - Sonra mehribanlaşdıq. Cəbhə yollarından keçmişik. O, hələ müharibədən əvvəl də tanınır, sevilirdi. Biz, köhnə dostlar onunla fəxr edirdik.

- Ancaq yaman az yaşayıb.

- Elədir. Görünür, qisməti beləymiş. Böyükağa heç yadımdan çıxmır. Bilmirəm, necə oldu ki, tanrı ona qıydı. Yaşasaydı, yəqin ki, çox məşhur bir söz adamı olardı. Eh, neyləyəsən? O, mənim yaddaşımda istedadlı bir şair kimi, işıqlı bir insan kimi yaşayır.

Aradan çox illər keçib. Hərdən mənə elə gəlir ki, ilk dəfə rastlaşdığımız, kəlmə kəsdiyimiz gün dünən olub. Danışığı da, gülüşü də bircə-bircə yadımdadır. Xatirimə gəlir: Mühazirə çoxdan başlamışdı. Mən isə gözaltı yanımdakı oğlana baxır, onun dəftər-kitabına nəzər salır, kimliyini öyrənmək istəyirdim. Elə bil, ürəyimdən keçənləri duymuşdu. Tənəffüs zamanı mənə yaxınlaşıb, mehribancasına əlini uzatdı.

- Gəl tanış olaq, mənim adım Böyükağadır, Böyükağa Qasımzadə.

- "Murad"ı sən yazmısan?

- Bəli.

- Ola bilməz.

- Niyə?

Mən dinmədim. Hələ instituta gəlməzdən əvvəl, rayonda pioner baş dəstə rəhbəri işlədiyim zaman uşaqlara Abdulla Şaiqin "Məktub yetişmədi", Mikayıl Müşfiqin "Qaya" və bir də Böyükağa Qasımzadənin "Murad" kitabını oxutdururdum.

Mən qarşımda duran qarayanız, sivri burunlu oğlana heyrət və şübhə ilə baxır, onun məni aldadaraq zarafat etdiyindən ehtiyatlanırdım.

- Niyə inanmırsan, şairə oxşamıram?

Çiynimi çəkdim. O, dəftərlərin arasından birini götürüb mənə verdi. Vərəqləməyə başladım. Birinci səhifədə özünün şəkli yapışdırılmışdı. Ətrafı gül-çiçəklə bəzədilmişdi. Sonra məktəbli səliqəsi ilə, aydın xətlə şeirlər yazılmışdı. Hər səhifədə şeirə uyğun şəkillər çəkilmişdi: qızılgül və bülbül, dimdiyində məktub aparan göyərçin, oxlanmış ürək və şairin təxəllüsü - "Böyükağa Ruhi". Sözün düzü, mən elə bildim ki, öz dəftərçəmi vərəqləyirəm. Axı, mən də hərdənbir "Tənha", "Yalqız" təxəllüsü ilə şeirə oxşar şeylər yazıb ətrafını gül-çiçəklə bəzəyirdim.

- İndi inandın?!

- İnandım.

- Sən də şeir yazırsan?

Boynuma almadım.

Bizim tanışlığımız belə başladı. Böyükağa şirindil, zarafatcıl bir oğlan idi. Zarafatlarında ilıq bir həlimlik vardı. Bu, onun qəlbinin təmizliyindən irəli gəlirdi. Elə buna görə də azacıq sonra bütün tələbələrin sevimilisi oldu. Biz onun hər addımını izləyir, çap olunan, olunmayan şeirlərini tapıb əzbərləyirdik. Bunun bir səbəbi də o idi ki, Böyükağa az, amma yaxşı yazmağa çalışırdı. O, tərcümələr də edirdi. Pəsdən oxumağı da vardı. Tənəffüslərdə meylinə yatan şeirləri "Şur", ya da "Rast" üstündə oxuyardı. Bu onun şeirlərinin, yaxud da tərcümələrinin axıcılığına kömək edirdi.

Böyükağanın şeirləri çap olunduqca biz öz "şairimizlə" fəxr edirdik. Onun Yazıçılar İttifaqının Şeir bölməsinə rəhbər seçildiyini eşidəndə və "Kommunist" qəzetinin birinci səhifəsində şəklini görəndə uçmağa qanad axtarırdıq.

Şair Böyük Vətən müharibəsi cəbhələrində bir komandir kimi döyüşdü. Cəbhə yolları onu uzaqlara apardı, nəmli səngərlərdə süründürdü, mərmi çuxurlarında gizlənməyə məcbur etdi, od-alov içinə saldı, lakin şair geri çəkilmədi.

Böyükağa qələbə gününə qədər əsgər şinelini soyunmadı...

Dünyanın qəribə işləri var. Topların, mərmilərin, bombaların altından salamat çıxırsan, başına torpaq sovrulur, odlu güllələr yanından ötüb keçir, bəzən dəniz hayqırıb gəmini qayalara çırpır, sən uçduğun təyyarə göydə od tutub yanır, salamat qalırsan, amma adi bir xəstəlik aman vermir...

Bir gün qardaşı Həsənin titrək səsini eşitdim:

- Böyükağa qolumun üstündə keçindi. İkicə dəqiqənin içində. Əlimdən heç nə gəlmədi. Baxa-baxa qaldım...

Bəli, şair bir insan ömrünü axıra qədər yaşaya bilmədi. Onun ürəyi həyatının 41-ci ilində dayandı.

... Daşqın bizi çox gözlətmədi. Gələn kimi də uca səslə:

- Özünüz bilirsiniz ki, "Jemçujina"nın emblemi nərə balığının kababıdır, - dedi. - Gəlin biz də bu ənənəni pozmayaq.

- Çox adam ənənəni bəyənməsə də, mən həmişə tərəfdarı olmuşam, - deyə İsmayıl müəllim onun sözünə qüvvət verdi.

Daşqın çönüb mənim üzümə baxdı:

- Nahid, yəqin, sənin də balıq kababı ilə aran sazdır.

- Bundan yaxşı nə ola bilər ki? - mən gülümsədim. - İsmayıl müəllim, birdən mənim kitabım yaddan çıxar haaa...

- Yox, çıxmaz, - stolun uc tərəfində qoyduğu kitablardan birini götürüb, - bu da olsun sənin, - dedi. - Yadıma gəlir ki, mən sənə çox kitab bağışlamışam. "Dəli Kür", ikicildlik "Mənim pərim". Gərək ki, başqaları da var. Hamısına da ürəkdən avtoqraflar yazmışam. Bu gün isə hava çox istidir, nə fikirləşməyə, nə də yazmağa heyim yoxdur. Ona görə də ikicə kəlmə ilə - "Əzizim Nahidə" sözləri ilə kifayətlənməli olacağam.

- İsmayıl müəllim, çox sağ olun, minnətdaram, - dedim. - Sizin bu mübarək kitabınız əvvəllərkilərin cərgəsinə qoşulacaq. İşim nə qədər gərgin olsa da, oxuyub sizə zəng edəcəyəm.

- Mənim üçün çox xoş olar. Sənin zövqünə də, duyumuna da bələdəm. İndiyəcən xeyli adam zəng eləyib, fikrini bildirib. Hələlik sorağı yaxşı gəlir. Yazıçı üçün bu, çox böyük fərəhdir.

Başımızı qaldıranda gördük ki, şair Hüseyn Arif yanımızdakı boş stola baxır. İsmayıl müəllimin gözü onu tez aldı:

- Qağa, qağa!..

Hüseyn müəllim əvvəlcə özünü o yerə qoymadı. Mən qalxıb onun qolundan tutdum:

- Hüseyn müəllim, İsmayıl müəllim sizi stola dəvət edir.

- Bıy-bıy, bizim feodal da buradaymış ki!

- Ay gavur, gəl otur, - İsmayıl müəllim əlini bığına çəkdi, - Ay zalım, deyirəm bu isti havada səni bir doyunca tərif yağışında çimizdirək. Necə bilirsən?

Hüseyn müəllim zarafata zarafatla cavab verdi:

- İsmayıl, təriflinin nəyini tərifləyəcəksən ki?!

...İsmayıl Şıxlı könlünə yatan ziyalılarla həmsöhbət olmağı xoşlayırdı. Akademik Firudin Köçərli də bu sırada idi. Onlar ikisi də çox saf insan idi. Həmişə dedi-qodulardan, şərə-şür işlərdən, dəstəbazlıqdan uzaq durmağa çalışırdılar. Qəlbən, ruhən XIX əsr maarifçilərinə, onların ideallarına yaxın idilər. Yıxılanı qaldırmaq, köməksizə kömək göstərmək, ürək qırmaq yox, ürək tikmək, xalqın əsl övladı olmaq onların amalı idi. Uzun illər idi ki, yaxınlıq, dostluq eləyirdilər.

Onlar axşam sərinində dəniz qırağında görüşür, ləpədöyəndə dənizin səsinə qulaq asa-asa bu başdan o başa gedir, axşamdan xeyli keçəndə sağollaşıb ayrılırdılar.

Belə günlərin birində Hüseyn Arif onlarla rastlaşır. Firudin müəllim də, İsmayıl Şıxlı da Hüseynlə doğmalaşmışdılar. Xəfif zarafatları var idi. Hərdən məzələnirdilər.

İsmayıl müəllim ona deyir:

- Ay gavur, gəl qoşul bizim dəstəyə.

- Siz hara, mən hara? - Hüseyn Arif ayağını yavaşıdır. - Vəzifədən çıxmış adamlarla mənimki tutmaz. Ay İsmayıl, səni Yazıçılar İttifaqından, Firudin qağamı akademik olsa da, Fəlsəfə İnstitutunun direktorluğundan atıblar. Mən qağanız isə o boyda Aşıqlar Birliyinin sədriyəm. Sağlığınıza kabinetim, katibəm, altımda da maşınım...

- Qağa, düz deyirsən, - deyə İsmayıl Şıxlı cavab verdi, - ancaq bircə onu düz demirsən ki, bizi atıblar. Ay böyük sənətkar, onu bil ki, Firudin müəllim də, mən də öz ərizəmizlə aralanmışıq o sən dediyin yerlərdən. Ona görə ki, istəyirik ürəyimiz istəyən qədər saf dəniz havası alaq. Yoxsa ikimiz də oralarda boğulurduq.

...Yeməklər gəldi. Qədəhlər cingildədi. Sağlıqlar başladı. İsmayıl müəllimlə Hüseyn Arifin şux zarafatları, gülməli əhvalatları biri qurtarmamış o biri başlayırdı. Beləcə, ömrümüzə yazılan bir gün yaşadıq.

# 8868 dəfə oxunub

Oxşar xəbərlər

"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

12:00 15 noyabr 2024
Xalq artisti:  "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

Xalq artisti: "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

17:00 14 noyabr 2024
Azərbaycan arağının qələbədə rolu - “Tamamilə məxfi” sənədlər

Azərbaycan arağının qələbədə rolu - “Tamamilə məxfi” sənədlər

15:00 14 noyabr 2024
Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə

Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə

09:00 14 noyabr 2024
Özünə qəsd edən hamilə qadına ölən uşağın beynini köçürürlər... - Ülvi Babasoy

Özünə qəsd edən hamilə qadına ölən uşağın beynini köçürürlər... - Ülvi Babasoy

12:00 12 noyabr 2024
“Daha anam yoxdu mənim...” - Zülfüqar Rüfətoğlunun şeirləri

“Daha anam yoxdu mənim...” - Zülfüqar Rüfətoğlunun şeirləri

12:01 10 noyabr 2024
#
#
# # #