İt sarayı - Xəyyam Rəfilinin yeni hekayəsi

İt sarayı - Xəyyam Rəfilinin yeni hekayəsi
22 avqust 2023
# 10:00

Kulis.az "Hekayə günü" layihəsində Xəyyam Rəfilinin “İt Sarayı” adlı yeni hekayəsini təqdim edir.

Taksidən düşüb çamadanımı götürmək üçün maşının yük yerinə tərəf gedəndə, hotelin bağçasından ala bir it mənə tərəf qaçdı. Qeyri-ixtiyari bir addım geri çəkilsəm də, özümü sındırmadım. Bir ayağım irəlidə, o biri geridə yarımüdafiə, yarıqaçış duruşunda əlimdən gəldiyi qədər sərt baxışlarla itə baxdım. Həyəcandan ürəyim ağzıma gəldi. Çənəsinin altından sinəsinə kimi ağ, qalan yeri qap-qara it gəlib bir metr aralıda dayandı. Taksinin açıq qapısından içəri boylandı, sonra məni aşağıdan yuxarı süzdü. İtin gözləri bir insanda görməyəcəyiniz qədər kədərli idi. O zamana qədər heç vaxt itlə bu şəkildə göz-gözə gəlməmişdim. Baxışları içimi titrətdi. Üzümə diqqətlə baxandan sonra quyruğunu sallayıb, gəldiyi tərəfə getdi. Yolun yarısında çönüb bir də mənə baxdı və tində gözdən itdi.

Hotelin girişində, deyərsən, bütün həyatını o qapıda keçirmiş, elə orada da qocalmış admiral mundirli kişi çamadanı əlimdən alıb:

– Qorxmadınız inşallah? – dedi.

– Yox, qorxmadım, - özümü toxtaq göstərdim, - amma bir fincan su olsaydı, içərdim, – cümlənin sonunu ürəyimdə dedim.

– Bu it belədi. Hər dəfə sarı taksi gələndə qabağına qaçır. Başqa maşınlara baxmır da. İndiyə kimi heç kimə toxunmayıb, amma çox adamı qorxudub.

Söhbəti uzadıb, özümü qorxaq göstərmək istəmədim, həm də artıq qeydiyyat masasına çatmışdıq. Pasportumu qeydiyyat masasının arxasında şax dayanmış, üzünü, deyəsən, elə indicə qırxmış cavan oğlana uzatdım. Oğlana baxa-baxa düşündüm ki, görən bu gənc evində də belə dim-dik dayanır? Üzünü hər günmü qırxır? Adam ömrü boyu bu nizamla necə yaşaya bilər? Şux qamətli gənc otağımın açarını mənə uzadıb, duruşuna layiq nəzakətlə sağ tərəfdəki lifti göstərdi.

– İkinci mərtəbə, 208-ci otaq. Sizə xoş istirahətlər – dedi.

Açarı alıb, əlimdə oynada-oynada liftə getdim. Açarın arxasından üstündə 208 rəqəmi yazılmış sümük fiquru sallanırdı. İstanbula ilk gəlişimin həyəcanı, üstəlik, qapıdakı itin hələ canımdan çıxmayan qorxusu ilə ətrafa baxmadan otağıma qalxdım. Elə yenicə çamadanı açıb, əşyalarımı çıxardırdım ki, sağ qonşumun otağında it hürdü. Qonşumun itinin hürüşünə başqa otaqlardan da bir neçə it qoşuldu. Qulaqlarıma inanmadım. Dəhlizə çıxdım. Məndən üç qapı o tərəfdə orta yaşın üstündə dolu bir qadın qucağında cinsini bilmədiyim çirkin bir itlə otağa girdi. Qapını bağlayıb, lobbiyə düşdüm. Qeydiyyat masasındakı şax qamətli oğlan məni görəndə onsuz da tarıma çəkilmiş gövdəsini bir az da dartıb, üzümə gülümsündü.
– Bağışlayın, hotel itlə doludur, – dedim.
– Bəli, əfəndim. Hotelimizin konsepti budur. Siz də kiçik dostlarınızla hotelimizdə qonaq ola bilərsiniz. Bu haqda “Booking”də də bildiriş var. Görmədinizmi? – soruşdu.

O an beynim aydınlandı, elə bil, dünyanın sirləri mənə agah oldu. Ətrafa baxdım; divarlarda it rəsmləri, xaltalar, miz-kətillərin ayaqları it ayağı formasında... İçində it şəkli olan divar saatına baxanda yadıma düşdü ki, saat üçdə “İstanbul Kitap Fuarı”nda olmalıyam. “İt saatı” bir tamamı göstərirdi. Otağıma qayıdıb özümü kresloya atdım. Gözümü tavana zilləyib ah çəkmək istədim, kreslonun dik və hündür söykənəcəyi başımı önə əydi, ah çəkə bilmədim. “Ömründə ilk dəfə İstanbula gələsən, kitab sərgisində romanının təqdimatı ola, özün də heyvan hotelində qalasan” - düşündüm. “Kinos Palas” sözləri, hotel barədə rəylərdə “körfəz mənzərəsi”, “geniş, yaşıl bağçası” təsvirləri məni çaşdırmışdı. Buranı film-sənətlə bağlı bir yer sanmışdım. Eləcə, “İt Sarayı” yazsaydılar, işimi bilərdim.

***

“İstanbul Kitap Fuarı”nda romanımın təqdimatı gözlədiyimdən yaxşı keçdi. Tanımadığım adamlar, oxucular, yazarlar mənə elə diqqətlə qulaq asır, elə baxırdılar, hərdən hərəkətlərimi itirirdim. Gah qələmi yerə salırdım, gah mikrofonu unudurdum. Amma sonda hər şey yaxşı bitdi. Hətta, bir nəfər romanımı oxuduğunu da dedi. Çox sevindim.

Təqdimatdan sonra xeyli adamla tanış oldum. Bir naşirlə də görüşdüm, qəhvə içib, dərdləşdik. Mən ona müasir Azərbaycan ədəbiyyatından, istedadlı yazıçı və şairlərdən danışırdım, o isə mənə öz yayın evində saxladığı yeddi pişikdən danışdı.

Gözəl bir günün sonunda yenidən “İt Sarayı”na qayıtdım. Hotelin girişində sabahkı ala dostum yenə məni qarşıladı. Bu dəfə qorxmadım, əksinə, bu kədərli itlə müəmmalı bir yaxınlıq, doğmalıq hiss elədim. Əyilib əlimlə iti yanıma çağırdım. Asta-asta mənə sarı gəldi, qarşımda şöngüdü. Xeyli baxışdıq. Elə bil, məndən nəsə istəyirdi, ya da bir şey deməyə çalışırdı. Yadıma düşdü ki, çamadanımda simit var. Hotelin giriş qapısını aralayıb əlimlə “gəl” dedim. Çox fikirləşmədən ardımca gəldi. Liftə minmədim. Pilləkənlə ikinci mərtəbəyə qalxdıq. Otağın qapısını açan kimi, ildırım sürətilə özünü içəri atdı. Çarpayının yanlarını, kreslonun üstünü, dolabın içini, ləhləyə-ləhləyə hər yeri iylədi. Qapının ağzında donub qalmışdım. Qarşıma gəlib üzümə elə bir baxışla baxdı ki, içim yandı. Quyruğunu sallayıb yanımdan keçdi və pilləkənlə aşağı endi.

Kresloya oturdum, soyuducudan sərin su götürdüm, birnəfəsə başıma çəkib, fikrə getdim. İlahi, bir it niyə bu qədər kədərli olsun axı? İtlər haqqında çox az şey bildiyimi, çoban iti ilə ovçarka cinsindən başqa heç birini tanımadığımı xatırladım. Telefonu açıb it cinslərini, onların xasiyyətini araşdırmağa başladım. Xeyli məqalə oxuyub, şəkillərə baxandan sonra bildim ki, mənim ala dostum “Berner Sennenhund” cinsindənmiş. Yazırdılar ki, bu cinsdən olan itlər sahibinə çox bağlanırlar. Sahibindən ayrı qalmaq onlar üçün əsl faciədir. Çox darıxan, heç vaxt aqressiv olmayan, heç kimə zərər vurmayan itlərmiş. Telefonu əlimdə o tərəf-bu tərəfə çevirib, əl alışqanlığı ilə rəsm albomunu açdım. Qızımın altı il əvvəl çəkilmiş şəkillərinə baxdım. Hamısında da ya oturub, ya da qucaqdadır. Onda hələ yeriməyə başlamamışdı. Nəfəsimin daraldığını hiss elədim. Eyvana çıxıb hotelin bağçasına göz gəzdirdim. Bağçada xeyli it var idi. Çoxu da sərsəri, küçə iti. Bizim ala dostumuz onlara qarışmadan bir kənarda başını pəncələrinin üstünə qoyub, gözlərini qırpırdı. Otağa qayıdanda yadıma düşdü ki, hotelin körfəz mənzərəsi olmalı idi axı. Geri baxdım və İstanbulun o möhtəşəm siluetini, körfəz sularının şəhərin işıqlarını əks etdirməyini, uzaqda adını bilmədiyim körpülərdən birinin parlayan işıqlarını gördüm. İstanbul mənim İt Sarayımdan çox gözəl görünürdü.

Gecəni ilan vuran yatdı, mən yatmadım. Bir tərəfdən ala dostumun dərdi, o biri tərəfdən də rahatlıq tapa bilməyəcəyim qədər yumşaq çarpayı kələyimi kəsdi. Telefonun saat yeddiyə qurulmuş zəngi çalanda elə bildim, indicə yuxuya getmişəm. Evdə olsaydım, telefonun səsini alıb, yarım saat da artıq yatardım, amma İstanbulda bunu etməyə qıymadım. Özümü məcbur edib, ayağa qalxdım, eyvana çıxıb, İstanbulun axşamkı mənzərəsini axtardım. Qarşımdakı şəhər elə bil tam başqası idi. Gün işığında görünən İstanbul ay işığında görünənə oxşamırdı.

Hotelin bağçasında ala dostumu axtardım, gözümə dəymədi. Səhər yeməyi üçün iki saata yaxın vaxt var idi. Gecə yuxuya getmək üçün oxumağa çalışdığım kitabı götürüb, vərəqlədim.

İt Sarayının səhər yeməyi pis deyildi. Altıncı mərtəbədə yerləşən restoranda heyvanlar üçün də guşə ayrılmışdı. Gözümə ilk sataşan dünənki çirkin it və sahibi oldu. Sahibi itini yenə qucağına almış, əzizləyə-əzizləyə onu yedirdirdi.

Bir fincan kofe içib lobbiyə endim. Ağlımda sirr kimi qalmasın deyə, bu ala itin niyə başqa küçə itlərinə oxşamadığını, həmişə ayrı dolaşdığını və belə yorğun göründüyünü öyrənmək istədim. Şax qamətli oğlan ala itin hekayəsini danışanda, çiyinlərini boşaldıb, mənə tərəf əyildi:

– Əfəndim, bu it küçə iti deyil zatən, ev itidir. Üç ay əvvəl hotelimizə bir cütlük gəlmişdi. Üç gün qaldılar, üçüncü gün nə oldusa, onların arasında qırğın düşdü. Səsləri bütün hoteli götürmüşdü. Qadın əsəbi halda taksiyə minib, getdi, ardınca da kişi başqa taksiylə çıxdı. Nə olduğunu anlamadıq. Yalnız onlar gedəndən sonra baxdıq ki, it qalıb hotelin bağçasında. Axşama yaxın iki polis gəldi. Dediklərindən belə çıxdı ki, sahil tərəfdə davam edən çəkişmədə, kişi qadını itələyib və qadının başı səkiyə dəyib. Qadını öldürdüyünü başa düşəndə, özünü körfəzin sularına atıb, intihar edib. Polislər iti heyvan sığınacağına aparmaq istəyirdilər, biz razı olmadıq. Elə o gündən bu ala it hotelin bağçasında yaşayır. Adını da bilən yoxdur. Hotelin işçiləri yeməyini, suyunu verirlər. Kimsəyə bir zərəri toxunmaz bu itin.

Cavan oğlan danışdıqca, beynimdə “ev iti” sözü əks-səda verir, internat məktəbdə böyümüş dostumu xatırlayırdım. Bir dəfə yanımızdan keçən birini göstərib, “bu adamla uşaq vaxtı hər gün dalaşırdıq”- demişdi. “O da sizin yataqxanadandır?”- soruşanda, verdiyi cavab mənə sillə kimi dəymişdi. “Yox, o, ev uşağı idi. Yataqxananın yanında yaşayırdı”- demişdi. Leksikonumda “ev uşağı” sözünün olmaması, yəni dostumun qəsd etdiyi mənada olmaması məni elə sarsıtmışdı ki, özümü bütün kimsəsizlərin səbəbkarı, günahkarların ən böyüyü kimi hiss etmişdim.

Gözüm iti gəzirdi. Bağçaya tərəf boylandım, orda da yox idi.

– Yeri gəlmişkən, o cütlük sizin otaqda qalırdı, – cavan oğlan əlavə etdi.
Dodağımın altında kimə dediyimi özüm də anlamadan: “Allah bəlanızı versin”- deyib ayrıldım.

***
İki saatdan sonra kitab sərgisində idim. Qürur və sevinclə stendlərin arasında gəzişdim. İlk yarım saatı kitablardan çox adamlara baxırdım. Heç kimin məni tanımadığını anlayandan sonra masalara düzülmüş, bir-birindən gözəl və dəyərli kitablara tərəf yönəldim. Ucuz olanlarından səkkiz kitab aldım. Üstündə it rəsimləri olan, gözəl tərtibatlı ensiklopediya diqqətimi çəkdi. Əlimə alıb, xeyli vərəqləyəndən sonra yerinə qoydum. Çox baha idi. Tanımadığım bir yazarın təqdimatını diqqətlə izlədim. Sərgidən bir az tez çıxıb Eminönünə gəldim. Balıq-əkmək, midyə yeyib, iki bardaq türk çayı içdim. Aya Sofiya və Sultan Ahmedi, Topqapı muzeyini gəzdim. Gülhanə parkında qoz ağacını axtardım.

Axşamtərəfi bir əlimdə içində sərgidən aldığım kitablar, o birində atışdırmalıq paxlava, bamiyə və kola olan sellofan torbalar (ala dostumu da unutmamışdım, onun üçün it yeməklərinin ən yaxşısından almışdım) hotelə girəndə, elə bildim, yas məclisinə gəlmişəm. Lobbidə təkəmseyrək oturan adamlar günahkar uşaqlar kimi bir-birinin üzünə baxmadan, əllərindəki telefonu barmaqlayırdılar. Qeydiyyat masasındakı şux oğlanın üzü sanki tüklənmişdi, şax qəddi əyilmişdi. Başımla salam verib birbaş bağçaya çıxdım. İt yemini torbadan çıxardıb, ağacların, kolların arasında ala dostumu axtarmağa başladım. Həmişə dibində yatdığı ağacın ətrafını fırlandım, küçə itlərinin yanına qədər gedib hamısına bir-bir baxdım. Mənim itim heç yerdə yox idi. Qeydiyyatdakı oğlanın son sözlərini xatırlayıb pilləkənlərlə qaça-qaça otağıma çıxdım. Otağın kandarında da yox idi. Təkrar lobbiyə enəndə, çirkin itin sahibi ilə qarşılaşdım.

– Mənim itimi görməmisiniz? – soruşdum.
Hürməkdən başqa əlindən bir iş gəlməyən itin sahibi itimin yoxa çıxmağından çox, mənim də bir itim ola biləcəyinə təəccübləndi.

– Sizin itiniz vardı? – soruşdu.

– Bəli, qara, qap-qara, bax bu boyda idi, – qollarımı geniş açdım, – sinəsi ağ, gözləri, gözləri gözəl idi. – dedim.

– Xeyr, görməmişəm. – deyib, başını yersiz bir əda ilə yellədi.

Lobbiyə enib, qeydiyyat masasındakı oğlana yaxınlaşdım:

– Mənim itimi görməmisiniz?

Cavan oğlandan da eyni cavabı alanda, səbrim tükəndi. İçimdəki bütün ağrı, hirs, qəzəb, kin sözlərə çevrilib, boğazımı yırta-yırta ağzımdan çıxdı.

– İtimi verin!!! İtim itə bilməz!

Adamlar təəccüblə mənə baxdılar. Səsimi zorla qısıb pıçıldadım: “Ola bilməz axı heç kim mənim gözləri kədərli, fağır, bəxtsiz, sadiq, darıxan ala itimi görməsin!”.

# 3021 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #