İlkin Əhmədov: "Qadın ailəsinin xidmətində durmalıdır" - Müsahibə

Əməkdar artist İlkin Əhmədov

Əməkdar artist İlkin Əhmədov

2 iyun 2023
# 11:00

Kulis.az Əməkdar artist İlkin Əhmədovla olan müsahibəni təqdim edir.

“Şamaxıda məskunlaşdığımız illər idi. Qonşunun həyətinə keçdim. Gördüm gilas yetişib. Mən də uşağam, özümü saxlaya bilmədim, gilasdan yedim. Qonşu bunu görən kimi belimə bir-iki ağac vurub, məni qovdu. Ağlasam da, özümü toxdadıb evə gəldim. Amma o saat hiss olunurdu ki, ağlamışam. Ağacın yerini anam görsə də atama bildirmədi ki, atam nəsə hadisə törədə bilər. Atam ümumi məsələdən xəbər tutan kimi Şamaxının bazarından gilas tapıb gətirdi. Bizim Cəbrayılda - öz həyətimizdə çoxlu gilas ağacları vardı. Əvvəllər atamın imkanı da çox yaxşı olub. Sonralar isə biz çadırda da yaşamışıq”.

İllər öncə İlkin Əhmədovdan eşitdiyim bu hadisə mənə çox təsir eləmişdi. O vaxt nədənsə bu haqda xanəndədən götürdüyüm müsahibəyə bir cümlə də yazmamışdım. Bu söhbətimizdə isə hər ikimiz daha ürəkli davrandıq. O, qaçqınlıq həyatının ən ağrılı məqanlarından danışdı, mən də ixtisarsız yazdım.

— Cəbrayıla qayıdacaqsınız? (Söhbətimizin məramından dolayı sözü çox uzatmadan müsahibəyə bu sualla başlayıram)

— Əlbəttə, bunu böyük bir səbirsizliklə, sevinc hissi ilə gözləyirəm. Qayıtmaq haqqında düşünməyə gərək yoxdur, bu, bizim məqsədimiz, amalımızdır. Cəbrayılı səkkiz yaşımda tərk eləmişəm. İnanın, torpaqlarımız işğaldan azad olunana qədər demək olar ki, hər gün ordakı günlər yadıma düşürdü. Hər zaman demişəm ki, torpaqlarımız azad olunsun, gedib orda məskunlaşaram.

— Bəs illərdir burda qurduğunuz həyat?

— Azərbaycanın hər kəndi, hər şəhəri bizim vətənimizdir. Hə, mən bu gün burda qurub-yaratmışam. Qoy bir evim də Bakıda olsun. Azərbaycanın Bakısı da mənim vətənimdir, Şəkisi də. Qazaxlı, şəkili, şamaxılı da deyə bilər ki, mənim Qarabağda evim olsun. Niyə də olmasın?

— Bu yaxınlarda Cəbrayıla getmisiniz?

— Elə yenicə qayıtmışam.

— İşğal oralarda çox şeyi dəyişmiş olmalı.

— Hə. Mənim üçün ən sarsıdıcı məqam əzizlərimizin məzarlarının təhqir olunmasını görmək oldu. Orda bir məzar gördüm- uşaq məzarı. 1982-ci ildə doğulub, 1987-ci ildə dünyasını dəyişib. Təsəvvür edin, beş yaşlı bir uşağın qəbrini qazıblar, məzar daşından uşağın gözlərini oyublar. Bu mənzərə məni çox sarsıtdı. O məzarlıqlarda gənc yaşlarında dünyasını dəyişmiş dayılarım, mamoğlularım, kəndimizin xeyli sayda şəhidləri vardı. 1993-cü ilin avqustunda biz kənddən çıxanda təzə şəhid olanlar vardı ki, onların üstü hələ götürülməmişdi. Hamısı dağıdılıb. Bir neçə qəbir vardı ki, onları hələ uşaq vaxtı görmüşdüm. O qəbirlərin üstü bahalı daşlardan, mərmərlərdən idi. Ermənilər həmin mərmərləri aparıb, həyətlərində pilləkən yığıblar.
Mən ata-baba ocağımdan qovulmuşam, evim viran olub. O evi tikib yaratmaq üçün nə qədər illər lazımdır. İçində xoş xatirələrin olan evdən indi quru divarlar qalıb. Evlər də var ki, onların daşlarını belə aparıblar. Bu sarsıntılar qəlbimdən heç vaxt silinə bilməz. Ancaq onu da deyim ki, ora gedəndə bir tərəfdən də ürəyim açıldı, sevindim ki, doğulduğum torpaqlardayam. Orda atamla o qədər xatirələrim olub ki. Atam həm müəllim idi, həm də təsərrüfatı çox sevirdi. Kəndimizdə atamın mənə təsərrüfatı gəzdirməyi yadıma düşdü. Qayıdandan sonra atamın məzarının üstündə bir şeir yazdım.
Dur ay ata, evimizə gedirik.
O evin, həyətin səni gözləyir.
Əlinlə tikdiyin hovuz da durur,
Suyu quyusundan səni səsləyir.
Atam çox dözümlü, güclü xarakterə malik adam idi. Sonradan hər şeyə yenidən başlamaq bizim üçün çox çətin oldu. 2000-ci ilə kimi didərgin həyatı yaşamışıq, ordan-ora köç, burdan-ora köç.

— Bəs necə oldu ki, Bakıya gələsi oldunuz?

— Kiçik qardaşım Rüfətin çox gözəl səsi vardı. O vaxt Şamaxıda yaşayırdıq. Kənd camaatı atama dedi ki, bu uşağı aparmalısan şəhərə inkişaf eləsin. Atam da təhsil üçün qardaşımı Bakıya gətirdi. Qardaşım burda gimnaziyaya qəbul oldu. Birinci sinif uşağı üçün evdən uzaqda, tək yataqxanada qalmaq çətin idi. Dedilər ki, Rüfət burda zülm çəkir. Buna görə, məni Bakıya gətirəsi oldular ki, qardaşıma həyan olum. 2000-ci ildə Rüfətin yanına gimnaziyaya gəldim, onuncu və on birinci sinfi burda oxudum. Sonradan mutasiya dövründə Rüfətin səsi dəyişdi, mənim səsim açıldı, başladım oxumağa. Dedilər, daha İlkin oxuyur, biz də gələk şəhərə. Beləcə atam-anam da Bakıya gəldi. Bakıya da çox acınacaqlı vəziyyətdə gəldik. Atam burda yaşadığımız evin birinci mərtəbəsini tikəndən sonra pul tükəndi, ikinci mərtəbəni tikə bilmədik, zirzəmidə yaşayası olduq. Elə bil qismətdə yazılmışdı ki, zirzəmidə yaşayacaqsınız həmişə. Demək olar ki, üç-dörd ildən çox o vəziyyətdə yaşadıq. Təsəvvür edin, şiferləri betonun üstünə düzüb, o cür yaşayırdıq. Üst beton, aşağıda isə döşəmə vurmağa imkan olmadığına görə, torpaq üzərinə palaz, kilim sərmişdik. O illərdə hamımız xəstələndik. (fikrə gedir) Sonra 2002-ci ildə konservatoriyaya daxil oldum.

— 2005-ci ildə də muğam müsabiqəsi başladı. Yəni sizin həyatınızı dəyişən müsabiqə. Necə qərar verdiniz müsabiqəyə qoşulmağa?

— Kanallardan reklamın getdiyini görürdüm. Müraciət etmək istəyirdim, ancaq məndə qorxu vardı - kənddən gəlmiş uşaq. Elana baxıb düşünürdüm ki, görəsən, mən də burda ola bilərəmmi? Deməli, konservatoriyada Arif müəllimin dərsidir. (xatırlamağa çalışır) ikinci-beşinci günlər Arif müəllimin dərsi idi. Birdən Sevinc Sarıyeva qayıtdı ki, “Ə, nə oxuyassan?” Şirin də bir ləhcəsi vardı, indi Sevinc necə danışırsa, onda da elə danışırdı. Dedim ki, oxudum da. Cavab verdi ki, “Burda yox e, orda nə oxuyassan? Müsabiqəyə sənət verməmisən?” Cavab verdim ki, yox. Sevinc də qayıtdı ki, “Sənin başın çatmır, niyə sənəd veməmisən?” Dedim axı, Arif müəllim deməyib. Elə bilirdim ki, bunu müəllimim deməlidi. Sevinc dedi ki, sənin başın batsın, Arif müəllimin yüz dərdi- səri var. Arif müəllim niyə deməlidi sənə? Bu qədər “kəndoşluq” olmaz e, mən də kənd qızıyam da, nə olsun? Sən niyə beləsən axı? Tez get, sənədlərini ver”. Buna görə, Sevincə özümü hər zaman borclu hesab edirəm. Sənəd qəbulunun bitməsinə bir gün qalmışdı. Dərsdən çıxan kimi gedib təcili sənədlərimi hazırlayıb müsabiqəyə təhvil verdim.

— Və müsabiqədə də ikinci oldunuz. Qardaşınızın yanına gəlişiniz, Sevinc Sarıyevanın israrı... Deyəsən, sənət yolunuzda şans həmişə sizdən yana olub.

— Hə. Mən həyatımdan o qədər razıyam ki. Həyat məni darda qoymadı, uşaqlığımı yaşamadım, ancaq zülm-zillət... Sonra Allah mənə ağ yol nəsib etdi. O müsabiqədən sonra böyük səhnələrə ayaq açdım.

— O vaxtdan belə mühafizəkarsınız?

— Hansı mənada?

— Geyim, danışıq, davranış və s.

— Bəli. Çünki bizim xalqımız muğam sənətini ciddi bir sənət kimi qəbul edir, mənim həddim deyil ki, tamaşaçıya sayğısızlıq edim. Bu sayğının içində gedir davranış, əxlaq, rəftar və digər bu kimi şeylər. Çalışıram ki, bunlara diqqət edim. Bu yaxınlarda biri mənə demişdi ki, İlkin xalqa sayğısızlıq edir.

— Söhbət Rövşanə xanımdan gedir?

— Ad çəkməyək. Bu, mənim üçün ciddi bir məsələ idi, çox ciddi də reaksiya verdim. Bəli, efirə 25 dəqiqə gecikmişdim. Bu, mənim günahımdır. Üzr istəmək borcum idi, onu da etdim. Amma bu şeyləri xalqın adından danışmaq... Bunu təxribat sayıram. Bunu heç vaxt bağışlamaram və reaksiyasız qala bilmərəm.

— Məsələ necə yekunlaşdı?

— Bu, mənim üçün ötüb keçən məsələ idi. O bir xanımdır və mən onu pis xanım kimi tanımıram. Bəy əfəndinin də borcudur ki, xanıma xanım kimi baxıb, öz sayğısını göstərsin. Amma o demək deyil ki, xanım sənə desin xalqa hörmətsizlik edirsən. Ümumilikdə dedim ki, xanımdır, məsələni çox şişirdib qabartmadım. Belə.


— Səsiniz irsidir, deyəsən. Ailədə siz və qardaşınızdan başqa səsi olan var?

— Hə, irsidir. Bəli, ailə üzvlərimdən də səsi olanlar var.

— Bacılarınızın da səsi var?

— Bəli.

— O bacılarınızdan biri gəlib sizə desəydi ki, müğənni olmaq istəyirəm, nə deyərdiniz?

— Qəti olaraq yox. Bilirsiniz, bu sənətin çətinlikləri gözümün qabağındadır. Bu çətinlikləri mən xanıma necə rəva görə bilərəm? İfaçı ola bilər, buna etirazım olmaz. Televiziyaya çıxsın, mahnılar yazdırsın, böyük səhnələrdə oxusun, ancaq sonra gəlib evində oturub ailəsi ilə uşağı ilə məşğul olsun. Bunu edəcəksə, qəti etirazım yoxdur. Ancaq bir xanım mənim düşüncəmə görə, saat altı-yeddi işini bitirib, ailəsinin xidmətində durmalıdır.

— Nə xidməti? Burda bir qadın olaraq sizinlə əsla razılaşa bilmərəm. Qadın ərinin xidmətçisi olmalıdır?

— Mən demirəm ki, xanım xidmətçidir. Xanımın borcudur ki, həyat yoldaşına hörmət gətirsin, bu xidmətin içində həyat yoldaşının şərəfini uca tutmaq, həyat tərzini yaxşılaşdırmaq, onun pal-paltarı ilə məşğul olmaq və bunun kimi şeylər var. Bu cür olmasa, düzən pozular, hər şey qarışar bir-birinə. Biz Avropa deyilik. Avropada o qədər gözəl şeylər var ki, biz onları inteqrasiya etməliyik, amma Avropanın o məsələsini götürüb gəlsək ki, qadın-kişi eynihüquqludur, qadın əlini yerə vuran kimi kişi “I’m sorry” deyib pencəyini də götürüb küsüb getsin... Bu şeylər bizim mentalitetə uyğun deyil. Deyirlər e, mentalitetdən çıx. Nəyə görə çıxıram? Sən mentalileti mədəniləşdir, amma pozma. Niyə pozursan?


— Belə başa düşdüm ki, sizin xanım adından gözləntiləriniz çoxdur.

— Bəli, elə də olmalıdır. Dönə-dönə üzr istəyirəm, mən ailəliyəm, iki övladım var. Xanımım bir sözümdən çıxmaz, çünki bilir ki, mən ona pis məsləhət vermərəm. Amma elə şeylər olur ki, xanımım düz deyir, onda mən onu dinləyirəm. Yoxsa ki, xanım kişisinə desin, mən gedirəm bara, diskotekaya. Sən məndən narahat olma... Narahat olmasın yazıq kişi? Elə şey olur?

— Muğam ifaçılarının estrada oxuması birmənalı qarşılanmır. Sizin də bu janrda ara-sıra oxuduğunuzu görürük. Belə tənqidlər sizi qıcıqlandırmır?

— Muğam ifaçılarının əksəriyyəti sırf muğam ifaçısı olaraq formalaşdığı üçün rok, pop janrlarında naşı ola bilərlər. Ancaq xanəndələr də bəstəkar və estrada mahnıları oxuya bilər. Oxuyurlar da. Onlardan biri də mənəm. Muğam ifaçısının səsi imkan verir ki, o bütün janrlarda ifa etsin. Elə muğam ifaçısı var ki, səs diopozonu güclü olduğu üçün vokalist də ola bilər. Şəxsən mən vokal ifalarını bacarıram. “Sevgili canan”ı “Sənsiz” romansını, “Şükriyyə”ni oxuyuram.

— “İndi məndən küs görüm” sizin ifanızda çox sevildi.

— Bilirsiniz də, o mahnının bəstəkarı da, ilk ifaçısı da Məhəbbət Kazımovdur. Ruhu şad olsun. Bir zamanlar mənə çox nöqsan gördülər ki, nə qədər Məhəbbət Kazımovdan, Məmmədbağırdan oxuyacaqsan? Bu gün baxıram ki, mənə irad tutanlar o mahnıları oxuyur, o manhılarla populyarlıq qazanmağa çalışırlar.

— Bəzən onu da irad tuturlar ki, siz ifalarınızı Məhəbbət Kazımova bənzədirsiniz.

— Xırda çalarlar, müəyyən ştrixlər var ki, uyğun gəlir, edirəm. Amma daima kimisə parodiya etmək sənət deyil, iş deyil. Detallara gəldikdə isə mən təkcə Məhəbbət Kazımovdan yox, Məmmədbağır Bağırzadə, Vidadi Bərdəli, Elçin Cəlilovun texnika və çalarlarından istifadə edirəm.

— Solo konsert verməyi hələ düşünmürsünüz?

— Tam qərarlaşdırmışam, inşallah bu il mütləq mənim konsertim olacaq. Yəqin ki, sərin aylara təsadüf edəcək.

— İlkin bəy, Qarabağ məktəbinə yaxın olduğunuzu bilirik, amma bu məktəbdən savayı digər yolların hansı sizə yaxın gəlir?

— Deyərdim ki, bu yolların hamısından bəhrələnmişəm. Hərəsinin öz şirinliyi var. Onu da vurğulayım ki, həm Şirvan, həm Qarabağ xanəndələri gəlib Bakı kəndlərində püxtələşib. Abşeron kəndləri doğurdan da təkmilləşmə yolunda hər iki bölgənin ifaçılarına çox böyük dəstək olub. O “palatka” toyları bir məktəb idi. Şəxsən özüm görmüşəm ki, beş-altı nəfər xanəndə toyda oturub, hərəsi bir dəsgah oxuyur, sanki imtahan verirlər.

— Toy sənətçini peşəkar səhnədən uzaq salmır ki?

— O söhbət düzgün deyil, toy sənətçinin püxtələşməsi, açılıması üçün böyük bir məktəbdir. Bu da o demək deyil ki, sən bütün fəaliyyətini toy üzərində qur, professional səhnəni arxa plana at. Belə də olmaz.

— Neçə ildir ki, Məcnunsunuz?

— 2009-dan Məcnunam. Sentyabrda 53-cü dəfə Məcnun obrazında çıxış etdim. Hardasa 20 dəfə “Əsli və Kərəm”də, 15-20 dəfə də “Aşıq Qərib” də ifa etmişəm. Şükürlər olsun ki, opera fəaliyyətim davam edir.

— Həqiqətən, əlli yaşdan sonra sənətdən gedəcəksiniz?

— O vaxt məni müəyyən məsələlərdə əsəbləşdirdilər. Əslində, demək istəyirdim ki, əlli yaşdan sonra görsəm ki, müəyyən tədbirlərdə, yerlərdə görünmək mənə başaşağlıq gətirəcək, oralara getməyəcəm. Mən bu cür demişəm, onu başqa cür qələmə verdilər. Hətta dedilər ki, İlkin operadan da gedəcək. A, niyə gedirəm? Sadəcə operada elə rollar var ki, düşünürəm ki, mən o yaşda həmin rolları bacarmaram.

— Məsələn?

— Əlli yaşdan sonra mən Məcnunu yox, Məcnunun atasını oynayaram.

# 11939 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #