Hər kişidə ərini axtaran qadın

Hər kişidə ərini axtaran qadın
21 may 2018
# 12:22

Dost təklifi

Qustav Floberə “Madam Bovari”ni yazmağı dostu məsləhət görmüşdü. Belə də demişdi: “Burjua həyatından bəhs edən bir əsər yaz.” Sonra əlavə eləmiş, istiqamət vermişdi: “Bəlkə, Delamarların hekayətlərini yazasan?”

Bundan bir gün əvvəl Flober dostlarını evinə dəvət edib onlara “Müqəddəs Antoniya” əsərini oxumuşdu. Dostlar əsəri bəyənməmiş, Lui Buyle adlı şair dostu isə ona təpinmişdi ki, bildiyi şeylərdən yazsın.

Flober isə Delamarların həyatını çox gözəl bilirdi, hətta evlərindəki pərdənin rənginə qədər tanıyırdı onları.

Flober dostunun məsləhətinə qulaq asacaqdı. Yaxşı tanıdığı, bir vaxtlar qonşuluqlarında yaşadığı Delamarların haqqında roman yazacaqdı. Roman üzərində düz 6 il işləyəcəkdi. Əsər çıxandan dərhal sonra isə bütün Parisdə əks səda doğuracaqdı.

Delamarlar kim idi və ya bildiyin şeydən yazmaq

Ejen Delamar Floberin atasının işlədiyi xəstəxanada onun rəhbərliyi altında cərrahlığı öyrənmişdi. Zəhmətkeş tələbə olsa da imtahanlardan uğurla keçə bilməmiş və adi həkim kimi əyalətə yollanmışdı. Ejen Delamar bütün səyini peşəsinə verərək həkimlik edir.

Ejen Delamar birinci arvadı öləndən sonra 17 yaşlı Delfina Kurutye ilə evlənəsi olur. Delfina Ejenin fermer olan pasientlərindən birinin qızı idi. Delfina monastr təhsili görmüş, oxuduğu romanlardakı həyatı yaşamaq istəyən, kübar həyatı arzulayan qadın idi. Gələcək həyat yoldaşının həkim olduğu üzə çıxanda xəyallarının gerçəkləşəcəyini zənn eləmişdi.

Amma elə olmadı. Delfina arzulamadığı bir həyatın içinə düşmüşdü. Əri işinə düşkün bir adam idi. Xəstələri müalicə üçün səhər tezdən evdən çıxıb axşama kimi ev-ev, kənd-kənd gəzir, axşam şam yeməyindən sonra kresloya çöküb mürgü vururdu.

Flober Delfinanın keçirdiyi hissləri Emmanın timsalında çox gözəl verə bilmişdi. Delfina artıq ərinə qarşı laqeydləşir və yüksək cəmiyyətə düşmək naminə ona ilk xəyanətini edir.

Bütün gününü xəstələrə baş çəkməklə keçirən Ejenin xəyanətdən xəbəri olmasa da qonşuları, kiçik əyalət sakinləri dəlisov qadının işləklərindən hali idilər.

Qəhrəmanı yaşamaq

Flober xanım Bovari ilə hələ yumşaq davranmışdı. Əsərdə Emma cəmi iki kişi ilə ərinə xəyanət etmişdi. Delfina isə tamam başqa idi. Hər kişidə bir az çox məyus olurdu. Ağlına, gözəlliyinə güvənən Delfina kübar həyatı onunla oxuyan qızlardan daha çox haqq etdiyini düşünürdü. Elə bilirdi hər yatdığı kişi ona arzuladıqlarını bəxş edə biləcək.

Flober “Madam Bovari”nin 6 ilə yazdı. Bu əsər realist nəsrin başlanğıcı idi. Bu əsər burjuaziyanın ifşası idi. Bu əsər sözlərdən yığılmış qəsr idi. Bir domino daşını çəkəndə bütün konstruksiya dağıldığı kimi “Madam Bovari”də də cümlədən bir sözü çıxarsan mənası itər. Flober hər sözün üstündə yarpaq kimi əsirdi. Üstəlik mövzu da fransız nəsri üçün yeni idi.

Üstəgəl üslub, texnika. Flober yazır, sonra yazdıqlarını oranjereyada ucadan oxuyurdu. Qulağına xoş gəlməyən sözləri dəyişib yenidən işləyirdi.

Əsərin ilkin variantı 1784 səhifə idi. Düzəltmələrdən sonra cəmi 478 səhifə qalmışdı.

Həftəyə altı səhifə yazırdı. Məhkəmədə Flober nahaq yerə “Madam Bovari mənəm” deməmişdi. O, qəhrəmanının obrazına girmək, onun hisslərini duymaq, yaşamaq istəyirdi.

Məktublarının birində yazırdı ki, göz yaşlarımı saxlaya bilmədim, yazı masasından qalxıb burun dəsmalımı götürdüm.

Emmanın zəhərlənmə səhnəsini yazmaq üçün özünü qusmağa məcbur eləmişdi.

Ejenin anası oğlunun gözünü açmağa çalışsa da sadəlövh ər heç kəsə inanmaq istəmirdi. Bankda sıfırlanan hesabından da xəbərsiz idi. Borcluların sayı-hesabı yox idi.

Artıq Delfinanın sərsəmcə xərcləyəcəyi pullar qalmamışdı. Daha ona borc verən də tapılmırdı. Belə olan təqdirdə xanım Delamar intihar etməkdən başqa yol qalmadığını düşünür.

Və siçan zəhəri içərək özünə qəsd edir. Doqquz il evli olduğu əri onu xilas edə bilmir.

Ejen-Şarl arvadının ona xəyanət etməsindən borc verənlər qapısına gələndə xəbər tutur. Amma artıq gec idi. Onu borclulara verməyə bir şeyi qalmamışdı. Bu dərdə dözə bilməyən Ejen vəfat edir. Delamarların balaca qızlarını isə Ejenin anası himayəyə götürür.

Məhək daşı kimi əsər

“Madam Bovari” əsəri 1856-cı ildə “Revyu de Pari” jurnalında dərc olunur. Əsər çap olunandan sonra Fransada geniş əks-səda doğurur. “Madam Bovari” fransız burjuaziyasının saxta əxlaq dəyərlərini darmadağın edir, onların gerçək üzünü açıb göstərirdi. Oxucular deyirdilər, bir fransız qadını belə əxlaqsız ola bilməz, o, ərinə sədaqətlidir, ismətlidir, namusludur. Fransızlar fransız qadınını bu cür görmək, onun ədəbiyyata gətirilməsini istəmirdilər. Onlar bir qadının bu dərəcədə mənəviyyatsızlığa yuvarlana biləcəyini qəbul edə bilmirdilər.

Əsərin çapından bir ay sonra, 1857-ci ilin yanvar ayında Flober və romanın iki naşiri məhkəməyə verir. Məhkəmədə Flober özünü məşhur ifadəsini “Madam Bovari mənəm”i deyir.

“Madam Bovari” təkcə qalmaqallı olması ilə deyil, realizm cərəyanının əsası olduğu üçün və üstəlik mükəmməl olduğu üçün tarixdə qala bildi. Flober ilk dəfə bədii əsərdə “müəllifin ölümü” fikrinin cücərtilərini yaratmışdı. Qəribədir ki, “Madam Bovari”də bir dənə də olsun müsbət qəhrəman yox idi. Oxucuları hiddətləndirən səbəblərdən biri də bu idi. Flober təsəlliyə yer buraxmamışdı.

Bundan başqa yazıçı naturalist detalları olduqca məharətlə və xırdalıqlarına qədər işləmişdi. Madam Bovarinin zəhər içmə səhnəsi, cənazənin dəfnə hazırlanması və başqa hissələr xırdalıqlarına qədər verilmişdi. Hətta bunun üstündə Floberi məzəmmət edənlər də tapılmışdı, karikaturası çəkilmiş, yazıçı Emmanın cəsədini yaran anatom kimi təsvir olunmuşdu.

Qustav Floberin “Madam Bovari” əsəri nəinki məhkəmənin qərarına baxmayaraq bir müddət sonra nəşr olundu və geniş oxucu kütləsinə qovuşdu. O, hətta tarixin sınaqlarından keçərək ədəbiyyat tarixində özünün ən layiqli yerini tutdu. Çünki əsər təkcə mövzuya yeni deyildi, o, üslub, texnika, təhkiyəsi ilə də öz çağdaşlarını aşıb geridə qoymuş, gələcək nəsillər üçün məhək daşına çevrilmişdi.

“Madam Bovari” “Time” jurnalının 2007-ci ildə dərc etdiyi “Bütün zamanların ən yaxşı on əsəri” siyahısında Lev Tolstoyun “Anna Karenina” əsərindən sonra ikinci seçildi.

# 2959 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #