Dəvət - Kazım Kazımoviçin yeni hekayəsi

Dəvət - Kazım Kazımoviçin yeni hekayəsi
10 oktyabr 2023
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Kazım Kazımoviçin "Dəvət" adlı yeni hekayəsini təqdim edir.

Hər dəvət öz ilhamını Nuhdan alır
Kazım və Kazımoviç

... Bəşir Səfəroğlu küçəsinin üstünə axşam təzəcə düşmüşdü. Laməkan payız küləyi üzünə bağlanan qapılardan, pəncərələrdən kor peşman geri qayıdır; zirzəmi pablardan küçəyə yayılan şeytani musiqiləri sol, məscid minarəsindən ərşə ucalan azan səsini sağ qulağımın dibində sərgiləyirdi. İki fərqli çağırış, iki ayrı yol, biri işıq gələn, digəri…
Mən isə ürəyimin səsinə tərəf, şəhərin qərbindən
şərqinə, onun sirli dəvətinə tələsirdim...

***

Payız hələ yay üçün öz sarı kartını çıxarmamışdı. Günəş isti ölkələrdən əliboş və yorğun qayıtmışdı Xəzərin üfüqünə.
Bəşir Səfəroğlu küçəsində uzun illərdən bəri dəbdən düşməyən adını indi yaza bilmədiyim pabda pivə içirdim.
Sərxoşluğun amansız təkidi ilə yeraltından şəhərə çıxdım. Küçə boyu arxamca kiminsə gəldiyini sezirdim ritmik addım səslərindən. Macəra artıq başlamışdı. Üzü Ruminin qasidinə tərəf öz ürkək addımlarımı qədəmləyirdim.

Məlum ünvana çatanda ayaq saxladım. Arxamdakı addımın ritmi də öləzilədi azca.
Damı qumruların hava limanı olan, keçmişi tarixçilərə, gələcəyi falçılara məlum olmayan bu miyanə köşklə üzbəsürət dayandım. Rumi mənim hüsnümdə dərin bir təəccübə qərq olmuşdu. İkimiz də mikrafonu sükuta uzatmışdıq. Dəlisov Bakı küləyi danışırdı əvəzimizə.
Birdən-birə elə biləsən; zaman qədəm saxladı, çiynilərimdəki mələklər qələm saxladı...
Küləyə qoşulub əsə-əsə ordan dəniz kənarı bulvara tərəf səmtləndim. Kölgəm kimi arxamdakı addım səsi də ardımca götürüldü, çevrilib arxaya baxmamağı qəti qərara almışdım.
Gözlərimin xumarlığı həm qarşımdakı mənzərəni, həm də yadaşımın pəncərəsində sərgilənən xatirələri göstərirdi mənə; bu hekayəmi onun imzası ilə oxuduğunuz adamla bağlı keçmiş günlərimi.

Uzun-uzun illər əvvəl, fəsillərin payızında, günlərin sərin günündə, tələbə izdihamında Laykanın ipi əlimdən sürüşdü... İt də getdi, ip də...
Qısametrajlı addımlarımın ölçüsünü dəyişdim: BMW kimi irəli şığıdım. Layka sanki teyyül-ərz eləmişdi. Qarşıdan gələn adamlardan çarəsizcə onu görüb-görmədiklərini soruşurdum.
Adamlar hüzünlü bir təəccüblə, təəssüflə üzümə baxışlarını sancırdılar. "Yox" kəlməsi gözlərindən oxunurdu.
Səpsərin əsən gilavardan bir-iki nəfəs uddum, təngnəfəs oldum, qaçdım-qaçdım, yayından tələsik çıxan küt ox təhər izdihamı yardım, axrına çıxdım.
Laykanın izi-tozu yox idi...
Ayaqlarım yerə yapışmışdı, Hüseyn Cavid parkında heykəlləşirdim.
Ümidlərimin edam fərmanı çoxdan verilmişdi.
Parkda buğdagözlü, nənəsi Həvvaxislət bir qız qumrulara dən səpirdi, payız soyuğundan üşüyən skamyada qırmızı saçlı qadın kitab oxuyurdu;
külək sanki ondan öncə oxuyub, üfürüb çevirirdi səhifələri...
Belə halı-pərişanlıqlarda ancaq möcüzələr qəlb-aramını dindirə bilər: bunu çox-çox zaman irəliləyişində öyrəndim, əslində;

"Təəccübçün sənə kiprik, qaş verəcək İlahi,
İnandıqca möcüzələr baş verəcək ilaxır;
Hər gün sənin kipriklərin qaşlarına dəyəcək... "


Bu misraların müəllifi ilə rastlaşandan bəri...
Müəllif ilə sən demə birazdan tanış olacaqdım.
Hind filmlərinin kuliminasiya nöqtəsinə az qalmış səhnə baş verdi qəfildən: mənimlə, daha dəqiq desək, heykəlimlə üzbəsürət qara panamalı, uzun plaşlı, şüşəsiz eynəkli (Eynəyinin şüşəsi yox idi. Sadəcə boş çərçivəni taxmışdı...) gülər üz bir adam peyda oldu.
Əllərini çiyinlərimə qoydu, "bütün tunc heykəllərin ağırlığını hiss elədim çiyinlərimdə¹", qapqara gözlərini gözlərimin içinə zillədi; "Qorxma, itinin yerini bilirəm, gedək onu götürək"...
Onun baxışları ölmüş ümidlərimi diriltdi bir anın içində, sanki; "Bəxş eyləmişdi möcüzü-İsanı Xuda gözlərinə¹"...
Razılığımı gözümü qırpıb-açmağımla bildirib, bu möcüzə adamla yanbayan səmti-qibləyə sarı qədəm basdım.

O məşum gündən götürülüb Kazımoviçin, şəhərin gizli özəl detektivinin asistantı oldum. Müxtəlif müştərilər, qəribə həyat hekayələri, düyünlü məsələlər, qaranlıq işlərin aydınlanmağı və s.
Necəsə oldu Kazım günlərin bir günü yoxa çıxdı.
Bu boyda şəhərdə özümü səmadakı Ay kimi tənha hiss elədim. Elə bil ki, qoca Nuhun başı üstə yol göstərən ulduz söndü.
Əvvəl-əvvəl ürəyimdə ümidlərin ölüm fərmanı verilməmişdi. Qayıtmağı ani ola bilərdi.
Saatlar gün, günlər ay, aylar il, illər xatirə olduqca güman puç oldu.
Onunla keçirdiyim kinoya bənzər günləri detektiv roman kimi qələmə almağa cəhd elədim.
Hələ də davam edirəm açığı.
Məcnuntəki düşdüyüm yaddaş səhrasından məni şütüyən maşınların küləkdələn səsi götürüb addımladığım küçəyə gətirdi. Arxamca gələn adamın ayaq səsləri artıq mənimçün əcəl zənginə çevrilmişdi.
İzdihamın içinə təsadüf elədi yolum.
Bu dəfə bütün şəhərin məni izlədiyi hissi bürüdü canımı. Ruhum bədənimdə zəlzələləndi.
Yüzlərlə adamın içində elə bir adama sataşdıki gözlərim, heyrətdən gecənin mülayim çağında dəniz səmasında bədirləyən gümüş Aya döndü hüsnü-cəmalım. Bu dəqiq o idi. Uzun-uzun illərin unudulmaz qadını. Kazımla film ssenarilərinə meydan oxuyan qaçhaqaçları günlərimizin birində həll etməli olduğumuz ən qəliz işlərin biri idi. Heç yadımdan çıxmaz. Xatırlayıram o günü ki, sarılığa tutulmuş xəstəhal təbiətin bir payız axşamında xüsusi müştərimiz iş adamı Racın təşkil etdiyi ad günü məclisində bu xanımla görüşmüşdü baxışlarımız.
Bu gözəllik ilə ömrün gözlənilməz bir çağında rast düşmək məni müştərimiz Racla tanışlıq gününə apardı.


Dəmbədəm, saətbəsaət gözümün qabağındadır ki, detektiv dostumun qara volqası vardı. Kazımoviç gözünün qarası kimi baxırdı o maşına.
Yeni müştərilər adətən bizimlə köhnə müştərimizin vasitəsilə əlqəyə keçirdilər. Racı isə Kazımın qədim dostu Rumi bilavasitə tapşırmışdı. Məsələnin nə olduğu hələ məlum deyildi.
Ruminin bir kəlməsinə gözümüzü də qırpmadan dəvət olunan ünvana tələsdik.

Dəvətməkana çatanda bizi zilqara limuzin gözləyirdi. Kazım qara bəbirinin açırını Racın etibarlı adamlarından birinə həvalə qıldı.
Limuzinin hər iki arxa qapısını bizimçün açdılar. Əyləşdik. Gözümüzü qara bandla bağladılar.
Qaranlıq bir tunelin içinə düşdüm elə bil.
Az getdik, çox getdik, dərə-təpə, düz getdik, nəhayət dayandığımız qənaətinə gəldim.
Qapıların açılmağı məni öz çakkıltısı ilə təsdiqlədi.
Gözümüz aydınlığa al-əlvan boyanmış üç mərətəbəli villanın həyətində çıxdı.
Malikanənin qapısında ağ əlcəkli, qara kostyumlu ortayaş bir adam bütün bədən üzvləri ilə sükuta qərq olmuşdu.
Əl işarələri bizi naxışları optik illuziya yaradan qapının kandarına yönəldirdi.
Kazımın kölgəsinin ardıyca mən də addımlarımı itilədim.
Ağ əlcəkli adam qapının tək layını özünə sarı çəkdi. Qara dəliyə daxil olduq. Zaman qədəm saxladı.

Təşrif buyurduğumuz birinci mərtəbədə klassik şərq memarlığı öz sözünü belə deyirdi: şəbəkə naxışlarla bəzənmiş səmasürət tavan Hindistan brilliantına bənzər parıltı ilə göz qamaşdırırdı;
Tavanla döşəmə arasında körpü quran sütunlar qədim Çin məbədlərini xatırladırdı nədənsə; divarlardan asılan tablolar huşumu yarımca anın dövründə Luvr müzeynin soyuq dəhlizlərinə aparıb-gətirirdi,
tən ortada mavi sulu şərqüsulu hovuz bulaq təəssüratı bağışlayırdı ona zillənən heyrətli baxışlarımıza.
Mənzərənin sehrinə tam könül təslim edirdik ki, Racın aram addımlarının səsi geniş ürəklərə tən zalda əks-səda verdi.
Kəpənək ömrü qədər qısa çəkən salam-sağolun ardından on iki nəfərlik masanın arxasına keçdik. Yüksək aşbazlıq məharətiylə bəzədilmiş süfrə də quş südü əksik idi hardasa.
Rac başda oturmuşdu, Kazımla mən üzbəsürət.
İsti təndir çörəyinin buğu uzun ömürlü fransız ətirlərinə oxşar ədayla öz sələtənətini davam etdirirdi süfrə uzunu...
Kazım dördüncü quzu antrikotunu mirvari dişlərinə çəkəndə mənə xəyal-məyal elə gəldi ki, bu ilk nahar yeməyi min il davam edəcək.
Dostumun şir iştahı Racın gözündəki heyrəti daha da enniləşdirirdi.
Rac xırıltılı bir öskürəyin kürəyinə iki-üç cümlə ərz etmək istəyəndə: Kazım əlindəki sümüyü qələmfason havada dairələndirib, xəyali bir dairənin son eskizlərin cızıb - aristokratlaraxas rahatlıqla kabab tasına gözlərini tuşlayıb, tənbəl-tənbəl;
- Yemək yeyəndə danışmazlar! - nəsihətini ziyalı mövqeyi kimi ortaya qoydu.
Racın ala gözlərindəki heyrət cins dəyişib təəccübə çevrildi.
Dili ağzında burxuldu elə bil ki...
Biixtiyar təslim oldu tövsiyə olunan məsləhətə.
Sözünü boğazında udqunub, uddu, ürəyinin xatirə mədəsinə.
Bu tərk-silahlıq, təslimiyyət çağı Astara çayının füsunkar ətri kilsə tabutuna əkiz uzun masanın yanındakı divan-kreslo əhatəsində öz ayaqları üzərində dayanmağa çalışan şüşə səthli, boyu balaca, eni geniş "jurnalni mizin" ətrafında yayılana qədər höküm sürdü.


Gözümü yumub açdım ki, izdihamı artıq yarıb keçmişəm. Məni bayaqdan qarabaqara izləyən naməlum adam isə bu gəzintidən bezmir nədənsə.
Küçələr axıb getdikcə gözlərimin qabağında addımlarımı da sərməst atmağı tövsiyə edirəm ayaqlarıma.
Günəş belə vaxtlarda icarəyə verməyə hazırlaşır öz yerini Aya.
İzdihamdakı qadın getmirki getmir fikri-zikrimdən. Racın yadelli sevgilisi. Sirr dolu bir bağlı boğça. Şirin sözlərin sükut çağı.
Bu dəfə isə onunla bağlı xatirələr qoşun çəkir üstümə. Xəyalım yollanır səsi hələ də qulaqlarımda cingildəyən o səs-küylü ad günü məclisinə.
O gecədə keçirdiyim duyğular, indi, bu an kimi məni alır öz isti ağuşuna.
Kadrlar puzzle oxşarlığı ilə düzgün qaydada keçir bir-birinə. Alınan rəsim nəticədə belə olur:
Restoranın foyesində o pəri-çöhrə ilə üzbəsürət gələndə dilimin ucunda Salamın misralarını züm-zümə elədim:
Adamı arxadan gəlib ötərlər,
Ay məni qarşıdan gəlib ötən, qız!
Saçları Nil çayı qədər uzun idi. Buğda gözləri tavandan üzüm salxımı formasında asılan çilçırağın parıltısından güc alaraq rəngini ələ vermirdi. Bu məqamda isə Kazımın misrasına ötürdüm estafeti:
Rəsmini kafir görər, deyər ki,
Allah çəkib!

Günəşin ürəyi yanan dəmlərindəki saçdığı şəfəqin nuru vardı sarışın üzündə. Şux döşlərinin kökü çiyinlərinə yaxın yerdən başlayırdı; boy atırdı qədim hamam gümbəzləri kimi. Südbəyazi boynunda ipincə boyunbağıdan xaç klonu asılmışdı. Şairanə desək: klon intihar eləmişdi.
Rac bu tərsa balası ilə harda, haçan, necə tanış olmuşdu görəsən?!
Sözü gedən mələk-simanı min nəfərin içindən ayırd eləmək olardı. Hündür boyu Himalay dağlarına diss atırdı, sütunsayaq ayaqları Misir məbədlərinə.

Zərif burnunun ucu alın yazısına sarı yoxuş yol sayağı qalxırdı bu rus gözəlinin.
Yanaqlarının allığı Qızıl Əhməd almasının tünd çalarına, qəmzələri Mariana çökəkliyinə meydan oxuyurdu.
Ağ üzdə qara xalı bütün gözəl sözlərin sonuna nöqtə kimiydi.
Məxməri, su şəffafı alınına diqqəti biraz da cəlb etsən, zənn edərdin ki, elə bu an; bu qızılgül üzlü dilbərin tünd mürəkkəbli alınyazısı gözə dəyəcək.

Qar üstə təzə qan damlasın gör, onun dodaqlarını gör, zərrə qədər fərq eləmirdi.
Kirpi kiprikləri, ilan qaşları xəzinə gözləri üstə ilahi imza kimi görsənir, Nyutonun başına düşən alma ağırlığında, xatirimə detektiv dostumun bu misrası düşürdü;
Qaşlar - alın yazısında seçilən, sözlərin altından çəkilən xətlərdi...
Qulaqlarında sanasan şərqlə qərbi bir-birinə kətan köynək misali düymələyən, qırxdüymə şəbəkə sırğalar, səkkiz yüz səksən səkkiz qızıl əyyarının bal rəngini gözqamaşdıran parıltı ilə özündə əsk etdirirdi.

Adamı tilsimə salan baxışları rəhmətlik Leanardo Da Vinçinin mərhum ruhunu çağırırdı dünyaya.
Tər yasəmən ətrini xatırladan həlim parfümü uzaqdan-uzağa halımı məst edir, başımı gicəlləndiridi.
Rəngi-pünhan qıyıq gözləri on dörd günlük Ay kimi bərq vururdu.
Belinin füsunkar incəliyi şeytanı belə yoldan çıxartmaq qüdrətinə malik olan baldırlarına qədər uzanırdı.
Dizlərinin bir qarış yuxarısından başlayan ipək qırmızı paltarı bir-birinə maqnit həssaslığı ilə yapışan əkiz gümbəz döşlərinin orta xətti bilinən yerinə qədər onun əsrarəngiz bədənini öz ağuşuna alırdı.
Bu Paris qumaşını elə bil ki, birbaşa onun əynində tikmişdilər.


Foyenin beton səması altında, pianonun canlı sədası altında bu rəssamı gözəgörünməzə tamaşa etmək ruhumu ekstaza salırdı.
Racla boyları cur gəlməsə də, göbəkkəsdi kimi idilər.
Dəri rəngləri bir-birilərində güzgülənirdi.
Onları bir çılğın gecə radələrində, yataqda təsəvvür etmək; ürəyimi bulandırdı, heç bilmədim niyəsə.


Bu dar caddələrdəki rüzgarla birləşən kofenin ətri burnumdan ruhuma süzüləndə xatirələr qoşunu bu hücümlarında məğlub olub, geri çəkilirlər yaddaşımın müharibə meydanından.
Kafenin çöldəki masasında əyləşdim. Südlü kofe sifariş verdim.
Arxamdakı masada artıq kölgəmlə bütövləşmiş izləyicimin də oturduğunu dəqiqləşdirdim.
Bu dəfə qərarım tam ayrı idi, çevrilib baxacaqdım bu müəmmaya. Kofeni gözləyirdim ki, bir-iki qurtum içim özümü tam hazır hiss edim.
Gözlərimdəki Yəqub intizarı vardı kofedən sarı. Vaxt öldürmək üçün siqaret yandırdım. Sanasan havada nəsə yazırdı siqaretimdən qalxan tüstü öz əyri-üyrü xətti ilə.
Təbiətin fövqündə dayanan ilahi qüvvələr sanki mənə vəsvəsə elədi, bəs, səni güdən adam, hal-hazırda səninlə bir metr məsafəlikdəki adam Kazımdı. Diksindim. Əhvalım çaşdı. Siqaretdən dərin bir qüllab vurdum.
Həyacandan ürəyimin ritmini şəhərin səs-küyündən ayrd edə bilirdim.
Əgər belə olsaydı bu artıq dünyanın 8-ci möcüzəsi olardı axı.
Bu qədər xatirlərin canlanmasının ardından onun gözlənilməz qayıdışı.
Bu təşvişlə çönüb arxaya baxdım. Heç kim yox idi.
Tüklərim biz-biz olmuşdu. Həmin dəm kainatın ən böyük boşluğuna baxdım elə bil.
Məyusluğumu ifadə eləməyə bildiyim yeddi dünya xalqlarının dilindən bir söz tapmırdım.
Bu hüzünlü saniyələr mənə illərtəki gəldi. Bu gün əsrə bərabər oldu.
Məni özümə izləyənimin masada qoyub getdiyi məktub fason kağız parçası özümə gətirdi yarımca anın içində. Tez qalxıb kağızı götürdüm.
Oxuduqca tir-tir əsdim, belə yazılmışdı;
"B Nöqtəsindən A Nöqtəsinə Qayıt"
İsti kofemin buxarını səmaya tapşırıb ordan qalxdım.
Mən qayıdanda Bəşir Səfəroğlu küçəsinin üstünə axşam təzəcə düşmüşdü. Laməkan payız küləyi üzünə bağlanan qapılardan, pəncərələrdən kor peşman geri qayıdır; zirzəmi publardan küçəyə yayılan şeytani musiqiləri sol, məscid minarəsindən ərşə ucalan azan səsini sağ qulağımın dibində sərgiləyirdi. İki fərqli çağırış, iki ayrı yol, biri işıq gələn, digəri…
Mən isə ürəyimin səsinə tərəf, şəhərin qərbindən
şərqinə, onun sirli dəvətinə tələsirdim...

.

# 3695 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #