Yusif Nəğməkar: “Xalq artisti Röyanın adı mənim şeirimdəndir” – Müsahibə

Yusif Nəğməkar: “Xalq artisti Röyanın adı mənim şeirimdəndir” – Müsahibə
7 fevral 2020
# 12:03

Kulis.az tanınmış şair Yusif Nəğməkarla müsahibəni təqdim edir.

- İlk olaraq təxəllüsünüzdən başlamaq istəyirəm. Niyə Nəğməkar təxəllüsünü götürmüsünüz? Modern ədəbiyyatda bu cür təxəllüslər sizcə, artıq köhnəlməyib ki?!

- Bir söz var e, filankəs köhnə kişilərdəndir. Əslində, heç nə köhnə deyil, heç nə təzə də deyil. Biz köhnə ilə təzənin arasındayıq. Elə köhnə var ki, bu gün biz onu təzələrdən də çox yaşatmalıyıq. Əllamə təzədənsə heç vaxt köhnəlməyən antikvar yaxşıdır. Nəğməkar təxəllüsünü özüm götürməmişəm, el-obamızın aqilləri, müdrikləri verib. Bir dəfə ustad Bəxtiyar Vahabzadədən özüm bu barədə soruşdum və o belə cavab verdi ki, oğul, Nəğməkar təxəllüsü sənə köhlənə kişnərti, qartala qıy, pələngə nərə yaraşan kimi yaraşır. Sənin bütün cəhətlərinlə istedadın təxəllüsündə dəqiq ifadə olunub.

Əvvəlki sualınızın cavabı olaraq onu da deyim ki, beş yaş yarımımda birinci sinfə getmişəm.

- Niyə belə tez? Yəqin, yüksək zəkalı olduğunuz üçün...

- Çox dəcəl uşaq olmuşam. Səhərdən axşamadək qonşu uşaqlarla futbol oynamaqdan doymazdıq. Quzu otarardım, at çapardım, bir də dayımın “Moskviç”ini, bibioğlunun “Volqa”sını ora-bura sürməkdən yorulmazdım.

Altı yaşımda digər bibioğlunun traktoru ilə tarlada kultivasiya və baraza çəkərdim. Elə o vaxtlar deyiblər, bunu göndərin məktəbə qulağımız dincəlsin. Dördüncü sinifdə ilk şeirimi yazmışam. Şeir də belə olub. Aşıq Ələsgərin bir qoşması vardı, “Çıxıbdır”. Bu qoşma əlimə düşmüşdü, höccələdim, oxudum. Sonra bu qoşmanın axırına bir bənd əlavə elədim.

- Yadınızdadı o bənd?

- Bu saat o bəndi deyə bilmərəm. Ancaq tam səmimi deyirəm, məktəbli uşağın səviyyəsindən yuxarı misralar idi. Aşıq Ələsgərdə belə idi:

Ay həzərat, sizə bir ərz eləyim,
Bu gün qar yağıbdı dizə çıxıbdı,
Bir gözəlin həsrətini çəkirdim,
Gəzə-gəzə gəlib bizə çıxıbdı.

Mən də bu çıxıbdı sözünün ardına nə çıxıbdı, nə çıxıbdı daha onları demirəm, misralar yazdım... Sonra bir də gördüm, sinif qızları qışqıra-qışqıra qaçdılar müəllimə dedilər, Yusif ayıb bir şey yazıb. İlk şeirim bax belə yazıldı.

Mən ona qayıtmaq istəyirəm ki, əvvəllər də şeirlər yazır, şeirləri də əzbərdən söyləyirdim. Bizim yerlər Qarabağdı, bilirsiniz. Beyləqan Qarabağın giriş qapısıdı. Həm oxuyurdum, həm saz çalır, həm də tarda ifa edirdim. Bir gün dayımgil mənə Nəğməkar deməyə başladılar. Bundan sonra bütün kənd məni Nəğməkar deyə səslədi. Nəğməkar təxəllüsü də belə qaldı. Əslində, Yusif Mədət imzası ilə də çıxış etmişəm. İndi deyirlər, filankəslər nəğməkar şairdi, heç xoşum gəlmir bu ifadədən.

- Çox vaxt bu cür təxəllüslər müasir ruhlu, yenilikçi şair üçün məqbul sayılmır.

- Bəli, ola bilsin. Bəziləri başa düşmür ki, nəğməkar şair deməklə nəğməkar şair olmur. Mənim sözlərimə saysız mahnılar bəstələnib. Hər gün biz o ifaları efir vasitəsilə dinləyirik. Bütün müğənnilər mənim sözlərimi oxuyurlar. Adlarını çəkməyə ehtiyac duymuram. Amma ona görə nəğməkar deyiləm. Xahiş edirəm, heç kim mənə nəğməkar şair deməsin. Mən sadəcə olaraq şair Yusif Nəğməkaram və yaradıcılığımı da təkcə nəğmə mətnləri yazmaqla məhdudlaşdıra bilmərəm. Dəfələrlə bunu televiziyada demişəm. Adlarını demirəm, inciyərlər. O şairlər var ki, özlərinə nəğməkar şair dedirtdirirlər. Mən dərdlərin nəğməkarıyam.

- Hansı məşhur müğənnilər, xalq artistləri sizin şeirlərinizdən mahnılar oxuyub?

- Niyaməddin Musayev, Nazpəri Dostəliyeva, Ağadadaş Ağayev, Tünzalə Ağayeva, Sabir Əliyev, Nüşabə Ələsgərli... Siyahı çox uzundur. Xalq artisti Niyaməddin Musayevin mahnı yaradıcılığında sözlərinin 90 faizi mənə aiddir. Məsələn, “Röya” mahnısı. Biz o mahnını yazanda hələ dünyada Röya adında insan yox idi. Mahnını yazdıq, Niyaməddin də bəstələdi. Çox məşhur mahnı oldu. 1978-ci ildən o tərəfə Azərbaycanda Röya adında qız yox idi.

- Bundan sonra Röya adı məşhurlaşdı...

- Eynilə. Hətta Xalq artistimiz Röya bir dəfə efirdə demişdi ki, “Röya” mahnısını dinləyəndən sonra atam adımı Röya qoydu. 78-dən bəri Röyalar çoxalmağa başladı. Deyir, görünən kəndə, nə bələdçi. Ona görə də Yusif Nəğməkar adi şairlərdən deyil, artıq bu ad daşlaşıb. Təxəllüsümü də doğrultmaq yolunda çarpışıram. Qoy, millətin gözü qarşısında başımız uca olsun.

- Siz Beyləqan rayonunun Birinci Aşıqlı kəndində doğulmusunuz. O rayon əvvəllər Jdanov adlanırdı... Bildiyimizə görə rayonun yeni adının qoyulmasında sizin böyük əməyiniz olub...

- Biz tərəkəmə-elat camaatı olmuşuq. Tərəkəmə - “türkəmən” və ya “türk mənəm” deməkdir. İlin yarısını aranda, yarısını isə Kiçik Qafqaz dağlarında - Laçın, Kəlbəcər və Göyçə yaylaqlarında keçirmişik...

Rayonun adına gəlincə, deyim ki, Qarabağın bu bölgəsi qədim Beyləqan torpağı olub. Biz də ciddi cəhdlə çalışıb, çox çətinliklə də olsa, torpağın qədim adını özünə qaytardıq. Mən də Beyləqan adı ilə bağlı iki şeir yazdım və ikisi də bəstələnərək nəğməyə çevrilib dillər əzbəri oldu.

Gallery

- Həm saz, həm skripkada ifa edrsiniz. Maraqlıdır, necə sintez edərdiniz?

- Mən musiqidən çox, poeziyadan, ədəbiyyatımızın ümumi problemlərindən danışmağımızı istərdim. Çünki, mənim ən vacib sahəm poeziyadır. Amma bir halda ki soruşursunuz, onda bu məsələyə də toxunmamaq olmaz: əmim oğlu Səmədxan müəllim Tovuzda məşhur ustad Azaflı Mikayılla dost olub. Tez-tez onun yanına gedərdi. Bir gün onun sazını evə gətirmişdi. Sazı götürüb o yanına, bu yanına baxandan sonra çalmağa başladım. Saza xobbi kimi baxıram. Amma sazı ustadların dediyinə görə, proffesional şəkildə ifa edirəm. Yəqin, xəbəriniz olar, hətta 1982-ci ildə virtuoz saz ifaçısı kimi respublikada birinci yerə çıxdım.

- Hansı havaları yaxşı ifa edirsiniz?

- Elə hava yoxdur ki, onu bütün varlığımla ifa etməyim. Yaxşı nəyə görə deyirəm, əgər ürəyim boşalırsa, sazı çalanda ölüb-dirilirəmsə, bax onu yaxşı bilirəm. O havada ki, ölüb-dirilmirəm, onu çalmağa dəyməz.

- Aşıq məclislərində olmusunuz?

- Əlbəttə. Peşəkar aşıqları, kamil sənətkarları çox dinləmişəm, hərdən də solo ifa etmişəm. Solo deyəndə də özüm üçün ifa etmişəm. Sazı ürəyimin üstünə qoyub ən lirik, ən fəlsəfi şeir kimi dinləmişəm. O qədər məşhurlar gəlib barmaqlarımdan öpüblər ki... Qaldı skripka... Adını öz aləmimdə dəyişmişəm. Skripka bizim söz deyil.

- Nə ad qoymusunuz?

- Sinə kamanı. Solda ürəyin üstdə, sinənin üzərində çalırsan. O, sinənin üstündə kamandır. Kaman da öz sözümüzdür. Bir dəfə dostum bu aləti mənə bağışlamışdı. İnanırsınız, mən skripkada çalmağı bir günə öyrəndim.

- Saz biliciləri sizin haqqınızda deyib ki, Yusif Nəğməkar sazı şair kimi ifa edir. Bu fikirlərə münasibətiniz necədir?

- Bilirsiniz, zövqlər müxtəlifdir. Məsələn, adam var, efirdən baxırsan, sazı at kimi minib, çapır. Vurur divara, hoppanıb-düşür... Bunlar o müqəddəs aləti təhqir eləməkdir. Belə şeyləri başım götürmür. Düzgün də yol deyil. Eldar Baxışa Allah rəhmət eləsin. Gözəl şairimiz idi. Özümüz yığışdığımız məclislərin birində saz çalmışam. Şair də bu çıxışımdan sonra dəli vəziyyətinə gəlmişdi. Özünü toparlayıb mənə dedi ki, adətən, eldə-obada Quranı öpüb göz üstünə qoyurlar, amma sazı da öpüb-gözlərinin üstünə qoyduqlarını görmüşəm. Əgər saz bizim Quranımız kimi müqəddəs tutulursa, ruzi-bərəkətimiz kimi o alətə elə yanaşmaq lazımdır. Sadəcə olaraq hərənin bir fikri var. Bir də ki, mən sazı hər zaman, hər yerdə çalmıram; hərdən qələmi yazı masasının üstünə qoyub, onu əlimə götürəndə doğrudan da şair kimi ifa edirəm. Elə qəlbimdən gələn şeir kimi də dilləndirirəm.

- Kəramət Böyükçölün də saz haqda fikirləri vardı: Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram. Siz necə düşünürsünüz?

- Sazı tənqid etmək, özünü tənqid eləməkdir. Türk oğlu sazla mayalanıb. Saz bizim beşik laylamızdır.

- Kəramətin özü də tərəkəmədir...

- Hər kim olur-olsun sazın əleyhinə danışmaq olmaz. Burda bir incəlik var. O dediyiniz şəxs, ola bilər, hansısa məclisdə elə zəif bir saz çalan görüb ki, bu fikirlərə gəlib. O qədər mənasız, çayxana aşıqları var. Sazı yaşatmaq üçün, çalmaqdan çox qorumaq lazımdır. Bax əsas məsələ budur. Məsələn, ney səsi üçün ölürəm. Neyi dinləyəndə özümdə olmuram. Bu səs insan səsinə çox yaxındı.

Gallery

- Heç olub ki, ney səsilə şeir yazmısınız?

- Olub. Bir şeirim var. “Boğulma, neyim”. Ney çalınanda sanki haqsızlığa düçar olmuş insan boğulur. Sanki onun azadlığı əlindən alınıb. O insan azadlıq axtarır. Heç nə ilə barışmır. Bax, ney də heç nəylə barışmayan insandır.

- Tənqidçilərimizdən nə umursunuz?

- Ədalətli, qərəzsiz, səriştəli təhlil.

- Mərhum şairimiz Məmməd Aslan Aşıq Ələsgərlə bağlı belə bir fikir demişdi: Aşıq Ələsgərdən sonra qoşma yazmaq ədəbsizlikdir. Razılaşırsınız bu fikirlə?

- O cür demək olmaz. Allah rəhmət etsin. Məmməd Aslan gözəl şair idi. Dilimizin şəhdi-şirəsi onda vardı. Bu öz yerində. Şəxsi münasibətimiz də olub. Ramiz Rövşənin qoşmaları ədəbsizlikdir? Belə insafsız danışmaq olar? Yusif Nəğməkarın qoşmaları ədəbsizlikdir? (gülür). Elə deyil. Ədəbsizlik yaza bilməyənlərin qələm götürüb yazmağıdır. Ədəbsizlik bəzi istedadsızların efirə çıxıb, özünü şair adlandırmağıdır. Belə şey olar? Senzuranın tərəfdarı deyiləm, amma senzura lazımdı e buna. Yalandan çıxır efirə, püləyir. Heç ədəbiyyatdan da başı çıxmır. Ədəbsiz bax bu adamdır. Məmməd Aslanın fikirlərinə qalsa, demək istəyir ki, zəif qoşma yazmayın Ələsgərdən sonra. Yazsansız, ədəbsizsiniz.

- El şairləri haqda belə fikir var: İrfan ədəbiyyatından halı deyillər, bilmirlər. İrfan ədəbiyyatını hansı səviyyədə bilirsiniz?

- İndi durum deyim, nəyi nə səviyyədə bilirəm, nəyi bilmirəm, o bir az yaxşı alınmaz. Çünki üçüncü şəxs deməlidir mənim haqqımda. Bir kəs ki, özü haqqında deyirsə, bu, çox çətin məsələdir. Şeir yaradıcılığı haqdan, ilahidən gəlməlidir. Əgər o yoxdursa, qalan yaradıcılığı saxta hesab edirəm. Ruhən, daxilən yazılan ədəbiyyat irfandır. Burda bir dərvişanəlik də var. Özüm çox xırdalamaq istəmirəm. Aşıq Ələsgərdən danışdıq. Elə o başdan ayağa irfandı da.

- Aşıq Ələsgərdən bir qoşma var. Onu başa düşə bilmirəm. Bəlkə siz kömək edəsiniz. “Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm”. Burda nə demək istəyib şair?

- Belə misraları çoxdu Ələsgərin. Yaradıcılığı elə o irfana gedib çıxır. Çünki irfan, ruh şairi idi. Aşıq Ələsgər o ruhdadır ki, yəni yükü kamal yüküdür. Yenə gedib haqqa dayanır. Bəs niyə Ələsgərə haqq aşığı deyirlər?! Ələsgər təkcə haqq aşığı deyil. Həm də haqq aşiqidir. Aşiqdi, işıqdı, aşıqdı onların hamısı bir kökdən gəlir - eşq. Ələsgər də ona işarə verir. Doğurdan da onun yükü kamaldır. Təki çəkimiz amal, yükümüz kamal olsun...

- Bu yaxınlarda “Sevgi məbədi” adlı yeni şeirlər kitabınız nəşr olundu.

- Bu kitabda olan şeirlərin əksəriyyəti keçən ildə, bir ilə yazdığım sevgi şeirləridir.

- Niyə məhz sevgi? Xüsusi bir önəmi varmı bir ilə yazdığınız sevgi şeirlərinin?

- Çətin sualdır. Olur da, həyatdı. Sevgi insanı heç vaxt tərk etmir. Sevgi bizlə yaşayır, biz də onunla. Sevgi olduğuna görə yaşayırıq. Sevgi olmasa necə yaşayaq?! Ona görə də hər şeydən kənar yalnız sevgi. Bu sevgi şeirlərinin fəlsəfəsi, zövqü-səfası, bəxş etdiyi həsrəti, kədəri, sevinci şeirlərimdə əks etdirdim. Qarşıma məqsəd qoydum ki, yalnız məbəd olan sevgidən söhbət açım. Ona görə də kitabın adını “Sevgi məbədi” qoydum.

Gallery

- Sevgi haqda çoxlu fikirlər, deyimlər var. Sevgini bir cümlə ilə necə ifadə edərdiniz?

- Sevgi insanı yaşadan qüdrətdir. Çox sadə və çox dəqiq mənim aləmimdə budur. Əgər sevgin varsa insansan. Söhbət şəhvətdən getmir. Vətənə, insana, pula sevgi var. Hər şeyin ifratı sevgidən kənar nifrətdir. Ona görə də normada olan sevgidən söhbət gedir. Normadan çıxanda sevgi dəlilik olur. Amma sevgi əslində yaxşı mənada dəlilik dərəcəsində daha müqəddəs, etibarlı və dayanıqlı olur.

- Hazırda nələr yazırsınız?

- “Qurbannamə” adlı poemamı artıq bitirmək üzrəyəm. Əsərin qəhrəmanı el şairlərimizdir. El şairlərimiz gözdən uzaq olublar. Regionlarda yaşayıblar. Amma onların içində elə tutarlı şairlər var ki...

- Nəsr əsərləriniz də varmı?

- Tək-tək var. “Sınıq güzgü” adlı bir povest də yazmışam. Amma nəsrlə məşğul olmaq mənim üçün iynəylə gor qazmaq kimi bir şeydir. Mən heç vaxt nasir ola bilmərəm; çox ağır işdir, məşəqqətli əzabdır. Nəsrlə yazdıqlarımı da çap etdirmirəm.

- Rəsul Rza sizin haqqınızda məqalə yazmışdı. İstərdim bu tanışlıqdan da danışaq.

- Universitetdə oxuduğum vaxtlara düşür. Dövri mətbuatda müəyyən qədər çap olunurdum. Onu da deyim, o vaxt çap olunmaq çətin idi. Amma bir nigarançılığım vardı. Düşündüm ki, şeirlərimə bir ağsaqqal şair qiymət versin. Ədəbiyyatımızın novator, yenilikçi şairi Rəsul Rzaya şeirlərimi göstərməyi qərara aldım. Çox götür-qoy etdikdən sonra onun evinə zəng etdim. Dedi: “Ay oğul, mən qocalmışam. Get Yazıçılar Birliyinə, onlar sənə məsləhət versinlər.” Mən də cavabında dedim ki, Rəsul müəllim, mənim sizə sözüm çoxdur, sizinsə vaxtını yoxdur. Bu sözləri deyəndə onu gülmək tutdu. Axırda Rəsul Rza mənlə şərt kəsdi. Mənə telefonda dedi: “Bir saatdan sonra AYB-də olacam. Bir qovluq şeir gətirməkdənsə, seçib 10 güvəndiyin şeirini gətir, əgər onundan birini bəyənsəm, söhbətimiz tutacaq. Yox, bəyənməsəm, onda söhbətimiz, tutmayacaq”.

Bir saatdan sonra birliyə yollandım. Rəsul Rza məni otağının yarımaçıq qapısının ağzında saxlayıb elə burada şeirlərimi oxumağımı istədi.

- Hansı şeirinizi oxudunuz?

- Düzü öz aləmimdə ən zəif şeirimdən başladım. Orta məktəb illərində yazmışdım. İndi də bu şeiri şedevr hesab etmirəm. “Oyuncaq mağazası” şeirim idi. Rəsul Rza şeiri dinləyəndən sonra duruxdu. Rəhmətliyin mavi gözləri vardı. Elə bilirdin, Xəzər dənizi baxırdı sənə. Həyəcanlandı. Elə bil, dili sürüşdü. Birdən qayıtdı ki, keç içəri, oğlum. Dil sanki birdən açıldı. Ürəyimdə dedim, Allah sənə şükür, birinci şeirdən içəri keçdik.

- Ədəbiyyata belə gəldiniz...

- Bəli. Həmin gündən, necə deyərlər, ədəbiyyatın qapıları üzümə açıldı. Bu tanışlıqdan sonra Rəsul Rza mənim haqqımda “Təsadüf” adlı bir məqalə yazdı. Məqalə çıxandan sonra başıma nə iş gəldi. Bir gün Yazıçılar birliyində Xəlil Rza Ulutürklə rastlaşdım. Məni görəndə dedi ki, ey igid, ey Yusif Nəğməkar, sən bizi ötdün, keçdin. Bu sözlərdən sonra tər basdı məni. Dedim, ustad siz nə deyirsiniz, sizi keçmək nədi, ömrüm boyu sizdən öyrənməliyəm. Cavabında bildirdi ki, Rəsul Rza bizim heç birimiz haqda heç nə yazmayıb. O, sənin haqqında yazıb. Sən bizi vurdun, keçdin. İndi bunlar zarafat olsa da axır deyirdi.

Sonralar Bəxtiyar Vahabzadə ilə 30 ilə yaxın ata-bala kimi yaxın olduq, dostluq etdik. Bunlar unudulmazdır!

- AYB-nin üzvüsünüz?

- Bəli, üzvüyəm.

- Tez-tez gedirsiniz?

- Tez-tez getmirəm. Bəzi kitablarım çıxanda ora gedirəm. Vacib görüşlər olanda mütləq gedirəm.

- Bildiyiniz kimi, Xalq yazıçısı Anar AYB sədrliyinə yenidən namizədliyini verəcəyini açıqlayıb - bu xəbərə münasibətiniz necədir?

- Normal. Allah xeyir versin. Bir də ki, axı hələ bilinmir, qurultay keçirilməyib. Olanda inşallah bilərik.

# 5600 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #