Mübariz Örən: “Hər ad günündə möhkəm ziyana düşürəm” - Söhbət  

Mübariz Örən: “Hər ad günündə möhkəm ziyana düşürəm” - Söhbət  
13 iyul 2021
# 15:30

Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış imzalarından olan yazıçı Mübariz Örənin doğum günüdür. Kulis.az onunla yığcam ad günü söhbətini təqdim edir.

- Mübariz, səni ad günü münasibəti ilə təbrik edirik. Ümumiyyətlə, ad günü sənin üçün nədir?

- Sağ olun. Ad günü bayramdı. Gün başlayandan ta qurtarana kimi səni təbrik edirlər, tərifləyirlər, xoş sözlərdeyirlər, arzular diləyirlər. İndiki monoton, fərəhsiz zamanda bundan gözəl nə ola bilər ki.

- Bu ad günün həm də doğulduğun Cəbrayıl torpağının azad edildiyi vaxta təsadüf etdi. Necə hissdir?

- O hiss nədisə, bir neçə hissin qarışığından ibarət bir hissdi. Orda sevinc də var, qürur hissi də var, qəhər də, kədər də... Mən elə bilirdim, torpaqlar alınanda, qaça-qaça gedib Şəybəkdə ata məzarına sarılacam, kəhrizlərinin gözündən nəfəsim kəsilincəyə qədər su içəcəm, çinarının kölgəsində əllərimi göyə açıb Allahın o gününə şükür edəcəm. Amma torpaqlar alınanda məlum oldu ki, nə kəhriz qalıb, nə çinar, nə də ata məzarı... Amma əsas topaqdır! Torpağı almışıqsa, hər şeyi əvvəlkindən yaxşı olacaq. Təki ömür vəfa etsin...

- İnşallah. Sən ədəbiyyata bir az gec gəldin, amma çox sürətlə tanındın və qəbul olundun. Lakin son vaxtlar elə bil bir az həvəssizsən, məhsuldarlığın azalıb. Bəlkə, yazırsan, biz bilmirik?

- Su gələn arxa bir də gələr (gülür). Söz gərək gəlsin ki, yazılsın. Bir kitablıq söz gəlmişdi, yazdım. Özümü zorlamaq istəmirəm. Yazmaq, məhsuldarlıq xatirinə də yazmaq istəmirəm. Elə olanda, mətn süni, qurama alınır. Sözün sehri var, gərək o sehri canından didərgin salmayasan. Gedir, sonra min xahiş-minnətə də qayıtmır. Yəqin, hardasa perikdirmişəm o sehri. Bir də gəlsə, söz vermişəm, əlimdən gələni edəcəm ki, hürkütməyim.

- Deyirlər, təvazökar yazıçısan. Amma düşünənlər var ki, səndə eqo gizlidir. Özün necə hiss edirsən?

- İnsanın canında hər xassə var. Baxır o üzdədi, ya dərində. Məndə o hisslər hələm-hələm üzə çıxan deyil. Gör nə vəziyyət yaranmalıdı ki, eqo qabarsın. Mətnlərimə inandığım üçün (eqo!) onları müdafiə etməyə, qorumağa - dişi qaz fısıldayıb balalarını qoruyan kimi - həmişə hazıram, varam. Dəyib-dolaşan olmasa, heç kimlə işim yoxdu.

- Axı yazıçının ətrafla bir az da işi olmalıdır. Sakitliyin zahiridir, yoxsa?

- Ətrafla mənim qədər işi olan az adam tapılar. Lakin o narahatlıq çox vaxt üzə çıxmır, içəridə qalır. Bir şey ki, mənim özümü öldürüb-öldürməyəcəyimdən asılı deyil, izafi qışdırıqçılığa nə hacət? Bir də bu təbiət məsələsidir. Ətrafda baş verənlər hərəyə bir cür təsir edir. Hərə bir cür reaksiya verir.

- Ədəbi mühitimiz haqda nə deyə bilərsən?

- Xaos var.

- Bəzən xaosdan da nələrsə çıxır. Yox?

- Nə çıxırsa, xaosdan çıxır. Kainat öz də xaosdan yaranıb. Amma bizim kainatımızı (ədəbi mühitimizi) nizama salan, yerinə qoyan nədisə, o qayıtmalıdı. O da hələ ki... o söz!

- Ad günü keçirirsən?

- Bəli. Hər ad günü möhkəm maddi ziyana düşməliyəm (gülür). Adətən dostlarla. Bu il isə ailəlikcə samovar ətrafında qeyd edəcəyik. Qocalıram yəqin...

- Səni ilk təbrik edən kim oldu?

- Feysbukda Mahir Mehdi. Dünəndən təbrik edib. Yeri gəlmişkən, bütün təbrik edənlərə əziz Kulis vasitəsilə təşəkkürümü bildirirəm. Var olun!

- Səni bir daha təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzu edirik!

- Yaşasın Kulis! Ədəbiyyat mühitimizi xaosdan qurtaracaq güdrətə malik yenə Kulisdi! Var olun!

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #