İlqar Muradov: "Ailəm dayım qızı ilə evlənməyimi istəmirdi" - Müsahibə

İlqar Muradov: "Ailəm dayım qızı ilə evlənməyimi istəmirdi" - Müsahibə
29 sentyabr 2021
# 13:29

Xalq artisti İlqar Muradovun APA-ya müsahibəsini təqdim edirik.

İlqar Muradov həmişə mənə olduğu kimi olan yox, olmalı olduğu kimi bir adam təəssüratı bağışlayıb. Onun hər çıxışını dinləyəndə, məni bu sual düşündürüb “görəsən, bu səbirli davranış görüntü üçündür, yoxsa həqiqətən belədir?”

Əslində, müsahibədə olarkən onunla ünsiyyətimizin ilk dəqiqəsində davranışındakı səmimiyyətdən sualımın cavabını almışdım. Ancaq hər ehtimala qarşı bir də düşündüyümü dilə gətirirəm:

- İlqar bəy, mən bu gün senzurasız İlqarla həmsöhbət olmaq istəyirəm.

- (gülür) Söz verirəm heç bir senzura olmayacaq, inanın ki, söhbətimiz çox səmimi alınacaq.

- Siz, ümumiyyətlə, əsəbiləşə bilirsiniz?

- Əlbəttə, mənim də əsəbiləşdiyim məqamlar olur. Ancaq çalışıram ki, bacardığım qədər təmkinli davranım. Mən həmişə deyirəm səbir və şükür.

- Deyəsən, həqiqətən də şükür ediləsi həyat yaşamısınız. Keşməkeşli həyat yaşayan birinə bənzəmirsiniz.

- Çətin günlər mənim də həyatımda olub. Çətinliklər olmasa, insan həyatın qədrini bilməz.

- Ancaq, deyəsən, sizdə az olub.

- Az olsa da, hər halda olub. Şükürlər olsun ki, Allahın və xalqımızın sayəsində mən tanınıram, sevilirəm. Bu, mənim ən böyük xoşbəxtliyimdir.

- Biz Sizi həmişə klassik obrazda, klassik mahnılarla görürük. Bu çərçivədən çıxmaq istəməməsiniz heç?

- Ümumiyyətlə, özümü çərçivəyə salmağı sevmirəm. Sadəcə, mən özümə bu janrı yaxın bilirəm, həmişə də ruhuma yaxın mahnılar oxumuşam. Mən musiqiçiyəm, istəsəm, hər şey oxuya bilərəm. Doxsanıncı illərdə muğam-caz da oxumuşam. Ancaq son on beş ildə necə söhbət edirəmsə, o cür də oxuyuram. Çünki mənə belə rahatdır.

- Toylarda da repertuarınıza sadiq qalırsınız?

- Bəli. Ümumiyyətlə, otuz ildir ki, mən tanımadığım, mənə uyğunsuz olan məclislərə getmirəm. Digər tərəfdən, mən toya öz repertuarımla gedirəm. O vaxtlar birdən bizə başqa cür baxarlar deyə, toya getdiyimizi gizlədirdik. Konsertə getməyi daha çox istəyirdik. Toy biznesi sonradan bu qədər inkişaf elədi. Otuz illik təcrübəmdə də rast gəlməmişəm ki, toyda gəlib məndən bayağı mahnı istəsinlər.

- Axı, Sizin mahnılarınıza oynamaq olmur.

- Mən oynamaq üçün oxumuram. Mən oxuyuram ki, məni dinləyib zövq alsınlar.

- Bir anlıq toy mühitini gözümün qarşısına gətirirəm: Toyun vurhavuru, musiqi, dinləmək və zövq almaq. Ağlabatan deyil.

- Mənim mahnılarım lirik olsa da, onların içində sevinc də var. Müəyyən toylarda da o musiqilər vacibdir. Nə qədər oynamaq olar axı? Arada balaca pauzalar da olmalıdır. Qaldı siz deyən kimi, insanların məni dinləməsinə, mən toya gələndə dua edirlər ki, bayaqdan gəl çıx qulağımız dincəlsin. Elə toy olub ki, məni yarım saatlıq dəvət ediblər, ancaq cəmi iki mahnı oxuyub çıxmışam. Mənim iştirakım həm toyun ahənginə, həm də mənə bağlıdır.

- İxtisasca tarixçisiniz.

- Mənim musiqi təhsilim də var. Ali təhsil olaraq isə tarix fakültəsini bitirmişəm. Buna baxmayaraq, bütün ömrüm boyu musiqi ilə məşğul olmuşam. Pionerlər evindən indiyə qədər. Tarixə sevgi var idi. Atam da, bacım da tarixçi olduğu üçün tarix mənə yad deyildi. Şükürlər olsun ki, mən musiqi ilə məşğul olmuşam. Allah mənə o istedadı verib. Onu da deyim ki, tarix fakültəsində oxuyanda da universitetdə musiqi ilə bağlı tədbirlərdə iştirak edirdim. Amma qismət elə gətirdi ki, hələ cavan vaxtlarımdan professional musiqi ilə məşğul olmağa dəvət olundum.

- Ailəniz bu dəvəti, ümumiyyətlə, musiqi yolunu tutmağınızı necə qarşıladı?

- Anamın musiqiyə böyük sevgisi var idi. Atam da çox musiqisevər insan olub. Amma onu da deyim ki, atam mehriban olduğu qədər də çox tələbkar idi. Atam həmişə rəhbər vəzifələrdə çalışıb. Biz ona həmişə “Siz” deyə müraciət etmişik. Necə ki, bu gün bizim övladlarımız bizimlə o cür danışır. Nə yaxşı ki, onun qanunları olub. O, heç vaxt mənim musiqi ilə məşğul olmağıma qarşı çıxmayıb. Mən balaca vaxtı pianoda çalanda, o, həvəslə məni dinləyirdi, ifamdan zövq alırdı. Bir az toylara getməyimə pis baxırdı. Çünki mən orta məktəbdən-səkkizinci sinifdən toylara gedirdim. O vaxtlar atam bir az narazı idi bundan. Düşünürdü ki, içki məclisləri-filan mənə təsir edə bilər. Sonralar Rafiq Babayev kimi bir adam məni Bakıya dəvət edəndə, o hiss elədi ki, mən yaxşı musiqi ilə məşğul oluram və bu sənəti çox sevirəm. Buna görə icazə verdi ki, Bakıya köçüm.

- Danışığınızda Naxçıvan ləhcəsi hiss olunmur amma...

- Hərdən Naxçıvan sözlərindən istifadə edirəm. Amma professional estrada musiqisində ləhcə ilə oxuya bilməzdim. Düzü, oturub bunun üzərində işləməmişəm, sadəcə, çalışmışam ki, düzgün tələffüz qaydalarına həmişə riayət edim. Zamanla özü təkmilləşib.

- Kitab oxuyursunuz?

- Səmimi deyəcəm, təəssüf ki, yox. Axırıncı dəfə Dronqo çəkiləndə onu oxumuşam. Kitab oxumağa vaxt tapa bilmirəm. “Vaxt amansız, ömür qısa”. Zəlimxan Yaqub demiş.

- Dronqo demişkən, filmdə çəkilmək təşəbbüsü kimdən gəlmişdi?

- Mən həmişə əsa, şlyapa kimi kişiyə aid olan aksesuarlardan istifadə etməyi sevirəm - Dronqo kimi. Bu məqam filmin rejissoru Yavər Rzayevin diqqətini çəkmişdi. Yavər Rzayev çox istedadlı insandır. Biz film çəkilişləri zamanı çox yaxın dost olmuşuq. Əslində, Dronqo obrazına namizəd olan professional aktyorlar da var idi. Ancaq Yavər Rzayev məni çəkmək istəyirdi. Çəkdi də. Çingiz müəllim başda olmaqla, hamı mənim rolumu bəyəndi. Çingiz müəllim hətta dedi ki, mən bu rola çəkilən onuncu Dronqoyam və ən çox bəyəndiyi Dronqo da mənəm.

- Mən bildiyim qədərilə Kinostudiyada Bədii Şura sizin namizədliyinizi dəstəkləmirdi.

- Əvvəldən etiraz var idi. Çünki bu rol üçün başqa aktyorlar da təklif olunmuşdu. Heç əvvəldən özüm də razı deyildim. Bu mənim üçün də sensasion bir şey idi. Ancaq Dronqo obrazına müəyyən dərəcədə bənzərliyim olduğu üçün bu rola çəkildim. Əgər yenidən Dronqo çəkilsə, mən orda da çəkilməyə razıyam. Ancaq başqa film, yaxud başqa rola çəkilmək fikrim yoxdur.

- Bir tamaşaçı kimi deyim ki, hətta mənim kimi Fuad Poladov pərəstişkarı belə Dronqo obrazında onun səsini qəribsədi. Bu filmdə sizin obrazınızla onun səsində bir uyğunsuzluq var idi.

- Hə... Allah Fuad Poladova qəni-qəni rəhmət eləsin. O, peşəkar idi. Bilirsiniz, filmin çəkilişlərində mən çox yorulmuşdum. Rejissor təklif etdi ki, sən yorulmusan, həm də Fuad Poladovun dublyajı daha professionaldır, o səsləndirsə, daha yaxşı olar. Kaş elə mən özüm səsləndirərdim. Çox təəssüf edirəm buna. Çünki rolu oynayan mən idim, kaş, elə mən də səsləndirərdim. Məncə, onda daha effektiv olardı. Bəlkə gələcəkdə dublyaj olsa, özüm səsləndirərəm.

- Sizi İqor Krutoya da bənzədirəm.

- Məni ona, yoxsa onu mənə?

- Sizi bir-birinizə.

- Ola bilər. Amma mən atama çox oxşayıram. Atam mənim ən böyük idealım olub. Həmişə də çalışmışam ona bənzəyim.

- Övladlarınızdan yolunuzu davam etdirən olmadı. Özləri istəmədi, yoxsa siz?

- Üç oğlum var, heç birini musiqi məktəbinə qoymamışam. Onların öz yolu var, ancaq onlar da çox musiqisevərdilər. Düzü, mən heç özüm də istəmirdim ki, övladlarımdan hansısa musiqiçi olsun. Çünki bu sənətin çətinliklərini bilirdim. Peşman da deyiləm. Əgər hansındasa istedad olsaydı, bəlkə də yönləndirərdim. İki oğlumda istedad, ümumiyyətlə, yox idi. Balaca oğlumda vardı, o da getmədi. Uzun sözün qısası, ailədə bir musiqiçi var, bəsdir.

- Həyat yoldaşınız dayınız qızıdır. Sevib evlənmisiniz, yoxsa ailənizin istəyi ilə?

- Sevgi evliliyi olub. Əslində, evdəkilər bizim evlənməyimizi istəmirdilər, narazı idilər. Deyirdilər ki, hər şey ola bilər, birdən alınmaz. Yaxın qohumluqdur. Ancaq biz qəti qərara gəlmişdik ki, evlənəcəyik. Evləndik də. Bu gün də çox xoşbəxtəm.

- Deməli, hərdən valideynlərin sözünü eşitməməkdə də fayda var.

- Bu, onları eşitməmək deyildi. Sadəcə, sevgi məsələləri bir az başqadır. Biz valideynlərimizi inandıra bildik ki, bir-birimizi sevirik.

- Sənətçinin həyat yoldaşı olmaq da asan deyil.

- Gənc vaxtlarda müəyyən çətinliklər, qısqanclıqlar ola bilir, ancaq mənim həyat tərzim yoldaşıma bəlli idi. Məncə, o da xoşbəxtdir ki, İlqar Muradovun həyat yoldaşıdır.

- Son illər gördüyünüz işlərdən danışaq. “Peşman olarsan” mahnınız çox sevildi. Fikrimcə, klipi də fərqli və maraqlı idi.

- O klip Riqada çəkilib. Təklif klipin rejissoru Vüsaldan gəlmişdi. Mən də razılaşdım. İkimiz də fərqlilik axtarırdıq. Orda əsas hadisələr ofisdə baş verir. Bəxtimizdən klipin çəkilişləri olan vaxt Riqada atəşfəşanlıq olmalı idi. Biz də buna görə çəkilişləri bir neçə gün geriyə çəkdik. Mahnı da, klip də çox uğurludur.

- Yaradıcılığınızda ən çox sevdiyiniz mahnı hansıdır?

- Repertuarımda xeyli mahnı var, demək olar ki, bütün mahnılarımı sevirəm. Ancaq konkret olaraq bir ad çəkməli olsam, “Bu dünyanı nağıl bilək” deyərəm. Çox vaxt çıxışlarımda birinci o mahnını salıram. Bu mahnını həm mən sevirəm, həm insanlar. “Qurban adına”, “Bir ömür nəğməsi”, “Peşman olarsan” da kifayət qədər sevilib.

- Bugünkü estradamızın vəziyyəti barədə nə düşünürsünüz?

- Mən Milli Konservatoriyada işləyirəm. Bizim konservatoriyada da istedadlı gənclər çoxdur. Konkret ad çəksəm, kimlərsə inciyə bilər. Amma bir çox müğənni var ki, onları çox bəyənirəm. Ümumiyyətlə, bu gün Azərbaycan musiqisində inkişaf çoxdur. Papaq altında olan xeyli istedad var. Çox təəssüflər olsun ki, bu gün kommersiya xarakterli verilişlər bayağı mahnıların yayılmasına səbəb olub. Bədii Şura televiziyalarda çox vacibdir. Mən, ümumiyyətlə, istəmərəm ki, televiziyalar haqqında mənfi bir şey danışım. Amma müəyyən bayağı mahnıların təbliğatında televiziyalar günahkardır.

- Axı, hər şeyi televiziyaların üzərinə də atmaq olmaz. Bu gün internetdə trend olan bayağı mahnıların günahkarı ki televiziyalar deyil.

- İnternet dövrü bu günün işidir. Mən, ümumiyyətlə, son 20 ili nəzərdə tuturam. Hansı ki, kommersiya kanalları açıldı və başladılar kimi gəldi, verilişlərə dəvət edib, təbliğatını aparmağa. Sosial şəbəkələr nə qədər aktual olsa da, televiziyaların da bu işdə mühüm əhəmiyyəti var.

- Təsəvvür edin ki, bir əsr sonra bir tarixçi kimi İlqar Muradovun Azərbaycan musiqisində tutduğu yerdən, ümumiyyətlə, İlqar Muradovdan danışırsınız. Nə deyərdiniz bu adam haqda?

- Xalq bilir ki, mən necə bir həyat yaşamışam, necə bir həyat yaşayıram. Hər şey göz qabağındadır. Mən danışardım ki, İlqar Muradov şəxsiyyətini sevən, şəxsiyyətini sənətinə qurban eləməyən adam olub. Özünəməxsus bir janrı olub. Qəlbindən gələn musiqiləri oxuyub.

Bəlkə bu sənətdə yeganə adam mənəm ki, bu sərhədi qoruya bilirəm. Bir musiqiçi belə mənim haqqımda mənfi fikir deyə bilməz. Çünki mən buna yer qoymamışam. Uşaqdan böyüyə hər kəsə hörmət edirəm və bu ,içdən gəlir. Düşünürəm ki, bu, sənətimdən daha çox insaniyyətimə bağlıdır. Hərdən çox mədəni olanda elə bilirlər ki, zəifsən. Hər kəslə öz dilində danışmaq lazımdır. Bunu da həmişə nəzərə alıram.

Ümumilikdə isə çox xoşbəxt insanam. Çox şanslı adamam. Çox səmimi deyirəm. Mən insanların sevgisini həmişə hiss edirəm, ailəmdə hər şey qaydasındadır. Mənim heç Xalq artisti olmaq, tanınmaq kimi arzum da olmayıb, həyat bu cür gətirib, nə yaxşı da gətirib.

Aytac Sahəd

Foto: İlkin Nəbiyev

# 4895 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
# # #