İlhamiyyə Rza: "İndi təvazökar insana həqarətlə baxırlar" - Müsahibə

İlhamiyyə Rza: "İndi təvazökar insana həqarətlə baxırlar" - Müsahibə
16 iyun 2021
# 09:01

Kulis.az tanınmış jurnalist İlhamiyyə Rza ilə müsahibəni təqdim edir.

- Siz də, Həmid bəy də kifayət qədər məşhur insanlarsınız. Mənə maraqlıdır, Həmid bəy haqqında sizə sual verəndə, hansısa kompleks keçirmirsiniz?

- Mənim bu barədə heç bir kompleksim yoxdur. Yəni, hesab etmirəm ki, Həmid Herisçi kimi maraqlı personayam. Düzdür, Həmid burda olsaydı, məni danlayardı ki, səndə özündən narazılıq kompleksi var, özünü bəyənmirsən. Bəlkə də o, haqlıdır, amma bütün hallarda hesab eləmirəm ki, Həmid olan yerdə mənim personam diqqət cəlb etsin. Yəni, nəyə görə Həmidi qoyub, məndən söhbətə başlamalıdırlar? Doğrudan da bu, belədir. Həmid yaradıcılıqla məşğuldur. O, yazıçı, şair, fikir adamıdır. Mən isə jurnalistəm. Mənim sahəm sadəcə olaraq populyardı. Mən əbəbiyyətə xidmət etmirəm. Bəlkə Həmidin də əbədiyyətə işləmək kimi bir iddiası yoxdur. Bəlkə də var, bilmirəm. Yəqin ki, var.

- İlhamiyyə xanım, tanınmış insansınız, iş qadınısınız. Dinamik həyat tərziniz var. Ailə həyatında, evdə özünüzü yaxşı yazıçı həyat yoldaşı hesab edirsiniz?

- Yox, etmirəm. Mən düşünürəm ki, əslinə qalsa, mən hər şeyi kənara qoyub, Həmidə çay süzmək, ona katibəlik etməklə məşğul olmalıydım. O, çox sürətlə fikir istehsal edir. Bəzən öz dediklərini, düşündüklərini yazmağa çatdırmır. Bu baxımdan, misal üçün indi o, düşündüklərini diktə edərdi, mən isə onları yazardım. Bir-birimizə kömək etdiyimiz məqamlar da olub. Bəzən bizim yazılı mətbuatda birgə layihələrimiz də olub. Bu proses mənim xoşuma gəlir. Çünki biz bərabər nə isə hazırlayanda, yaxşı alınır. Amma düşünürəm ki, əslində, bəlkə də Həmidin onun qulluğunda dayanan, özünü ona həsr edən bir qadına ehtiyac olub. Belə bir qadın Həmidin yaradıcılığına daha çox təkan verə bilərdi.

- Amma sizin sonuncu birgə verilişinizdə tandeminiz daha uğurlu idi. Bir-birinizin sözünü, fikrini tamamlayırdınız.

- Bilirsiniz, niyə sizə xoş gəlirdi? Bəzən orada bizim bir-birimizlə sözümüz çəp gəlirdi. Bizim veriliş zamanı auditoriyamız iki yerə bölünürdü. Birinci qisim bizim bir-birimizi efirdə tamamladığımızı deyirdi. İkinci qisim isə, elə bil, heç o ləzzətli prosesləri görmürdü. Daha çox atmacalarımızı qabardırdılar. Əslində isə verilişdə heç bir atmaca olmurdu. Bu şişirtmə idi.

- Susan tərəf də daha çox siz olurdunuz?

- Hə, elədir. Amma mənim də susub-susub birdən partlamağım olurdu (gülür). Bir dəfə yadıma gəlir ki, Həmid mənə danışmağa imkan vermədi. Əslində, bu, normaldır. Amma həmin vaxt doğrudan da dəhşətli dərəcədə ağ elədi. Nə vaxt ağzımı açdımsa, sözüm ağzımda qaldı, Həmid danışmağa başladı. Bir neçə dəfə belə edəndən sonra elə efirdə dedim, Həmid, daha mən danışmayacam, sən danış, mən qulaq asım. Onda Həmid ayıldı ki, çox abardıb. Sözünü deyib bitirəndən sonra, o mövzuda deyiləcək bütün sözləri deyəndən, fikrini tamamlayandan sonra mənə dedi ki, buyurun, İlhamiyyə xanım, deyəsən axı siz də nə isə deyəcəkdiniz.

- Nə dediniz?

- Dedim, Həmid daha sən hər şeyi dedin. İndi də mən danışmıram. Yəni belə bir neçə saniyəlik, mübahisələrimiz olub. Onda görüb əməlli-başlı incimişəm, deyib, yaxşı da İlhamiyyə, danış. Danışmamışam (gülür).

- Yəqin verilişdən sonra və ya fasilədə kulisdə vəziyyət daha sərt olar?

- Yox, yox. Daha sərt olmaz. Həmidlə ümumiyyətlə sərt danışmaq mümkün deyil. Həmid çox tez inciyəndi. O, İnciyəndə özünə qapanır, uşaq kimi küsür.

- Elə hallarda nə edirsiniz?

- Çox peşman oluram. Haqlı olsam da, özümü həmişə haqsız hesab etmişəm. Amma məsələ burasındadır ki, mən də rahat adam deyiləm. Həmid də mənim nazımla çox oynayır. Mənim sərtliyim var, amma kaprizlərim yoxdur. Yaxşı olar ki, bu barədə danışmayaq, bu barədə Həmiddən soruşarsınız (gülür).

- Həmid müəllim, yazılarını sizə oxuyur?

- Yox, oxumur. Statuslarını, kiçik həcmli yazılarını oxuyur. O, daha çox fikirlərini mənimlə bölüşür.

- Əvvəllər əhatəsi çox geniş idi. İndi sanki təkliyə çəkilib...

- Hə, tək qalmaq istəyir, çoxluqdan imtina edir. Amma sevdiyi insanların əhatəsində deyən, gülən, durmadan yeni fikirlər istehsal edən adamdı.

- Televiziyada müxtəlif dövrlərdə, müxtəlif nəsillər yetişdi, formalaşdı və getdi. Yəni bizim uşaqlıq illərimizə nəzər salsaq, misalçün Dilarə Əliyeva, Kəmalə Əzizqızı, Nərgiz Cəlilova bir nəslin nümayəndələri sayılırdılar. Yəni biz onları bu gün də birlikdə xatırlayırıq. Amma İlhamiyyə Rza bizim yadımızda tək qaldı.

- Yəqin ki, mən özüm qaynayıb qarışmadım. Sizin adlarını çəkdiyiniz insanlar diktorlar idi. Mən də onları çox sevirəm. Amma sizə açığını deyim ki, mən diktorluq sənətini qəbul etmirəm. Çünki mən daha çox müəllifəm. Mən hətta bir yazı yazanda və yaxud məndən müsahibə alınanda görürəm ki, Həmid bu barədə çox orijinal, gözəl fikirlər səsləndirir. Deyir, bu sözü de, filan fikri ifadə et və.s. Amma buna baxmayaraq içimdə bir üsyan, müqavimət var. Mən Həmidin fikirlərini heç vaxt öz adıma yaza bilmərəm.

Bu barədə heç vaxt ondan sui-istifadə etməmişəm. Amma söhbət məlumatlılıq baxımından, orijinal fikirdən gedirsə, hə, Həmiddən faydalanmışam. Hərçənd özü hərdən deyir ki, əşi yaz də, o qədər mənim fikirlərimi götürüb öz adına yazanlar olur. Mən fikirlərimi ehsan eləmişəm. Mən isə etiraz edirəm. Çünki elə etsəm, heç kim bilməsə də, mən biləcəm ki, bunu Həmid deyib. Allah biləcək. Bu oğurluq kimi bir şeydi.

Ona görə də belə şey heç vaxt etməmişəm. Bu baxımdan diktor kiminsə mətnini oxuyur. Amma mən öz mətnimi özüm yazmaq, özüm formalaşdırmaq istəyirəm. Ümumiyyətlə, mən bu məqsədlə jurnalistikaya gəlmişəm. Mənim jurnalistika, peşəkarlıq, müxtəlif həyat hadisələri haqqında yazılarım olub. Onları bir növ esse kimi yazmışam və bədii mətn kimi qəbul edirəm. Çünki bu yazıların funksiyası insanları məlumatlandırmaq deyil, düşündürməkdir. Düşündürmək isə jurnalistikanın yox, bədii yaradıcılığın funksiyasıdır.

- İndiki dövrdə ekran, efir sizin üçün nəyi ifadə edir?

- Ekran auditoriyaya asan çıxışdır, insanlarla ünsiyyətdir. Ekran deyəndə, mən televiziyanın bütün janrlarını sevmirəm. Canlı, spontan efiri çox sevirəm. Misal üçün, “Gecə kanalı” tematik veriliş idi. Ona hazırlaşıb çıxmaq lazım idi. Səhər verilişinə isə hazırlaşmaq lazım deyildi. Biz nədən danışacağımızı əvvəlcədən heç vaxt bilməmişik. Gecə müxbiri xəbərləri hazırlayıb, qoyub biz də gəlib oxumuşuq. Birinci o xəbərləri biz vermişik və o xəbərlərin ətrafında şərhlər aparmışıq. Amma “Gecə kanalı” həftədə iki dəfə efirə çıxırdı. Bizim hazırlaşmağa xeyli vaxtımız olurdu. Amma çox qəribə bir paradoksdur ki, çox ciddi cəhdlə hazırlaşdığım verilişlərdən özüm razı qalmırdım. Çünki canlı efirin özünün bir mistikası, misteriyası var. Canlı efir zamanı insan energetik axına düşür. Bu axın onu hara aparacaq, bilinmir.

- Amma canlı efirdə uğursuzluq da qaçılmazdır.

Əlbəttə, ola bilər. Çünki canlı efirdir. Ümumiyyətlə verilişin uğuru çox şeydən asılıdır. Televiziya işi bir komanda işidir. Bizim “Gecə kanalı” verilişində elə bir təcrübəmiz olub. Kifayət qədər yaxşı danışa bilən, bilikli qonağımız gəlib, kameranın qarşısına keçəndə isə nitqi quruyub, danışa bilməyib. Biz sözü ondan kəlbətinlə çıxartmışıq. Bir və ya iki belə verilişimiz olub ki, mən bunu özümə bağışlaya bilməmişəm.

- “Gecə kanalı”nda ən yadda qalan buraxılış hansı olmuşdu?

- O verilişdə ən yaddaqalan buraxılış Nazim Hikmətlə, rok musiqisi, meyxana ilə bağlı olanlar idi. Ümumiyyətlə, “Gecə kanalı”nın bütün buraxılışları maraqlı alınırdı və mənim üçün dəyərlidir. Bilirsiniz, o zaman heç bir konyuktura yox idi. Biz günün ən aktual mövzusuna müraciət edirdik. Ona görə də gecə kanalı mənim həyatımın ən xoşbəxt dövrüdür. İndi mühit elə deyil. O vaxtkı kimi məmnuniyyətlə, sərbəst, açıq danışan insanlar yoxdur. Baxmayaraq ki, dövr, texnologiya çox ciddi inkişaf edir, amma insanlar komplekslər yaşayırlar. İnsanların içindəki senzura onlara danışmaq, yazmaq imkanı vermir. Mən bunun başqalarına irad tutmaq üçün demirəm. Mənim özümdə də bu var.

- Sizin özünüzün senzuranız nədir?

- Həyat, mühit. İndi səmimi deyilmiş sözlər insana problem yaradır. İnsana sevgi, rəğbət, xal qazandırmır. Ümumiyyətlə, baxın, dövr, epoxa, rəqəmlər dəyişib. Dövr ona görə dəyişməyib ki, rəqəmlər dəyişib. İndi 2021-ci ildir. Dəyərlər sistemi də dəyişib. Məsələn, bizim vaxtımızda deyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə ona səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Amma vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə misal üçün müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. Və yaxud da, o vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. Şəxsi həyat haqqında məlumat hətta insanlarda qıcıq oyada bilərdi ki, bura qədər gedib çıxmaq nəyə lazım idi?

- Bu bəlkə də insanların öz həyatlarının maraqsız olmasından irəli gələn faktdır...

- Ola bilər.

- Televiziya məktəbi bu gün nə vəziyyətdədir?

- Ümumiyyətlə, televiziya tibb sahəsi kimi təcrübə tələb edən bir sahədir. İnsan televiziyaya gəlib təcrübə toplayaraq peşəkar ola bilər. Televiziya doğurdan da məktəbdir. Jurnalistika fakültəsi məktəb olmaya bilər. Və yaxud da həlledici olmaz. Həlledici olan odur ki, insan mütləq təcrübə keçməlidir. Bu baxımdan mən xoşbəxtəm ki, jurnalistika fakültəsini yox, filologiya fakültəsini bitirmişəm. O dövrün mətbuatında diplomsuz insanlar işləyə bilməzdi. Mən televiziyaya gələndə bildim ki, jurnalistikanın təməl prinsipləri haqqında heç nə bilmirəm. Jurnalistika fakültəsindən bizə uşaqlar gəlirdi, mən onlardan jurnalistika haqqında kitablar istəyirdim. Süjet janrı haqqında heç bir təsəvvürüm yox idi. Amma deyəcək sözüm vardı. Bu çox vacibdir. İlkin dövrlərdə mənim komplekslərim vardı. Yazırdım, amma əmin olmurdum ki, demək istədiyim budur, məhz belə olmalıdır. Bu da ondan irəli gəlir ki, mən özümü o cür fəaliyyətə hazırlamamışdım, daha çox qəzet sahəsinə hazırlamışdım. Amma tale belə gətirdi

- Tale belə gətirdi, ya ekran sizi cəlb etdi?

- Yox. Çünki mən televiziyaya gələndə efirə ancaq diktorlar çıxırdı. Jurnalistlərin efirdə tanınmaq, ulduz olmaq ehtimalı yox idi. Sonra yenidənqurma dövrü başlandı. Jurnalistlər efirə çıxdılar. Diktorluq o idi ki, müəllif mətni olmamalıydı. Diktorluq o dövrdə tam totalitar bir rejimin göstəricisi idi. Biz o diktorları ona görə sevmirdik ki, onlar bizə mətnlər oxuyurdular. Biz onların mətnlərdən kənar fəaliyyətlərinə görə sevirdik.

- Sovet dövrünün diktorları çox işıqlı idilər.

- Ona görə ki, onların sənətlərinə özəl qatqıları var idi. İnsani keyfiyyətləri, potensialları, xarizmaları vardı. Çünki həm də, onları çox peşəkarcasına seçmişdilər. Baxın, bir insanın oxuduğu mətn özünün deyil, amma mətndən başqa hər şey mimika, geyim, jestlər onun özünündür. Və bu insan özününkündə özünü ifadə etməyə çalışırdı. Görünür buna görə də biz onları çox sevmişik.

- Həmid bəylə ilk dəfə tanış olanda da indiki kimi idi?

- İndiki kimi deyəndə nəyi nəzərdə tutursunuz?

- Saatlarla danışa bilmək bacarığı. Davamlı olaraq məlumat ötürə bilmək istedadı və başqa bu kimi xüsusiyyətlərini.

- Həmid həmişə elə olub. Danışanda da hər kəlməsi informativ yüklü olub.

- Bu sizi qorxutmamışdı?

- Yox, mənə çox maraqlı gəlmişdi. Mən onun yaradıcılığını, şeirlərini çox sevirdim. Həmid axı maraqlı insandır. İndi Həmidin bir azca ovqatı dəyişib. Mən indi keçmişə nəzər salanda, müqayisə edəndə görürəm ki, "Gecə kanalı" verilişini o, tamam başqa cür aparırdı. İndi tamam başqa cür. Axır vaxtlar Həmidlə ünsiyyətimiz çox az olur. Çünki Həmid bütün günü işlədiyi materialın içərisində olur, internetlə əlləşir. Çox vaxt yeməyə neçə dəfə çağırsam da gəlməyi unudur. Ona görə də son vaxtlar arıqlayıb. Bizimlə birlikdə olanda da başlayır içərisində olduğu materialdakı fikirlərini inkişaf etdirməyə. O, axı həmin materialı oxuyub, sən isə xəbərsizsən. Ona görə də maraqsız təsir bağışlayır.

- Sizə çətin olar.

- Adamı yükləyir. Onun mətnlərində də informasiya yükü çoxdur. Əslində bu çox böyük bir nemətdir. Biz gərək buna görə sevinək.

- Yadıma gəlir, dörd, beş il əvvəl sizinlə ilk dəfə söhbət edəndə demişdiniz ki, efir bizim kimi insanları sevmir, qəbul etmir.

- Əslində efir siyasətini həyata keçirənlər bizim kimi insanları qəbul etmirlər. Çünki biz kifayət qədər sərbəst idik. Bizə hansısa fikri sırımaq mümkün deyildi. Biz uzaq başı qəbul etmədiyimiz, razılaşmadığımız fikirdən imtina edə bilərdik. Amma heç nəyi heç vaxt qeyd-şərtsiz qəbul etməmişik. Ən azı mübahisə ilə qəbul edə bilərdik. Misal üçün, bizə sırınan qonaqla sözümüz tutmursa, biz onun günün qəhrəmanı hesab etmiriksə, ondan imtina edə bilirdik. Bu baxımdan bizimlə işləmək rahat deyil. Hərçənd ki, bizim ən yaxşı vaxtımız Etibar Babayevlə işlədiyimiz vaxt olub. O, bizdən, biz də ondan həmişə razı qalmışıq. Amma bütövlükdə rəhbərlik üçün biz rahat adam deyilik. Onlar bizə deyirlər ki, biz sizi sevirik, amma mən onların səmimiyyətinə inanmıram. Belə götürəndə nə üçün də sevməlidir? Mən o sevgini onlardan gözləmirəm. Bizi qəbul edirlər, amma onlara bizimlə rahat deyil.

- Çox sadə, adama sakitlik gətirən həyat sürürsünüz. Baxmayaraq ki, biz məşhur insanların dəbdəbə ilə yaşamasına öyrəşmişik

- Biz çox dəbdəbəli, zəngin həyat sürsək belə insanlar bizim evin qapısından çox rahatlıqla keçəcəklər. Bizim evdəki aura dəyişməyəcək. Mən əslində parıltını, dəbdəbəni sevmirəm. Amma praktik rahatlığı sevirəm. Mən istəyirəm ki, mənim qonaqlarım gələndə rahat olsunlar. Evimə çox qonaq dəvət etmirəm. Çox istəyərdim ki, böyük bir mətbəxim olsun. Onlara cürbəcür xörəklər bişirim, bir otaqda oturaq, bir otaqda xörək yeyək.

- Ümumiyyətlə mətbəx adamısınız?

- Yox. Bilirsiniz niyə mətbəx adamı deyiləm. Ona görə ki, mən yemək bişirməyi sevirəm. Mətbəx adamları isə sevmir. Bu onlar üçün işə çevrilir. Mənim üçün çevrilmir. Mən onu sevə-sevə edirəm.

- Ən çox nəyi bişirməyi sevirsiniz?

- Nəyi desəniz bişirə bilərəm.

- Qurutlu xəngəl bişirirsinz?

- Əlbəttə. Qurutsuz mümkün deyil. Amma deyim ki, gündə xəngəl bişirirəm, yalan olar. O xörəyi bişirmək mənim üçün hadisədir. Həmin gün gərək başqa heç bir iş görməyim. Bundan başqa küftəni, dolmanı, şah plovu çox yaxşı bişirirəm. Yeyənlər tərifləyir. Ümumiyyətlə, mən reseptlə heç nə bişirmirəm. Yemək bişirmə prosesinə çox yaradıcı yanaşıram. Proses zamanı xörəyə ağlagəlməz şeylər əlavə edə bilərəm.

- Sizi yenidən Həmid bəylə efirdə görəcəyik?

- Başqa bir layihə əlbəttə nəzərdə tutulub.

# 7915 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #