Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə

Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
26 noyabr 2020
# 12:11

Yaxın gülərdə Azərbaycanın görkəmli bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 70 yaşı tamam oldu. Kulis.az bəstəkarla yubiley müsahibəsini təqdim edir.

- Cavanşir müəllim, səhhətiniz necədir? Bir müddət əvvəl sizinlə danışanda müalicə aldığınızı söyləmişdiniz

- Müalicə bitməsə də, indi xeyli yaxşıyam, fəaliyyətə döndüyümü deyə bilərəm.

- İnsan həyatının hər mərhələsi bir dayanacaqdır deyirlər. Qazanclarımız qədər itkilərimiz də olur. Bu dayanacaqlarda itirdiklərinizə rəğmən “həyat gözəldir” düşüncəsində olanlardansınız, yoxsa həyata üsyan edənlərdən?

- Təbii ki, həyat hər vəziyyəti ilə gözəldir. İtkilər və qazanclar həyatın fəlsəfəsidir, bunları təbii qarşılamalıyıq. Çünki bunları biz dəyişə bilmərik. Önəmlisi hər yeni doğulan həyatın gedən həyatın qoyduqlarını davam etdirməsidir. Belə olanda əhali millət olur və sınaqlardan qələbə ilə çıxır.

- Üzeyir bəy “O olmasın bu olsun”da Məşədi İbadı 50 yaşında qoca kimi təsvir etdiyi üçün sonralar peşman olub. Özü yaşının o çağında olanda deyib, 50 yaş o qədər də qoca yaş deyilmiş. 20 il bundan əvvəl indi olduğunuz yaş sizə necə görünürdü?

- Bu günlərdə bu rəvayəti tez-tez danışıram dostlarıma və birlikdə Üzeyir bəyin yumoruna doyunca gülürük. Həqiqətən, insan özünü hiss etdiyi qədər yaşı olur. Deyə bilərəm ki, bu məsələdə Üzeyir bəylə eyni düşüncədəyəm.

- Cavanşir müəllim istəyirəm bir az qayıdaq 90-cı illərə. Musiqinin, kinonun ümumiyyətlə mədəniyyətin də bir durğunluq dövrü idi o illər. Bu durğunluqda ən gözəl marşı yazdınız. Bu marşın yazılma tarixçəsi oxucularımız üçün də maraqlıdır.

- O zaman ordumuz yeni yaranırdı və Bakının küçələrində hərbi geyimdə bir azərbaycanlı gəncə rast gəlmək müşkül idi, hərbi texnika isə Bakı küçələrində heç yox idi. Bir dəstə sənətçi və qəzetçi ilə əsgərlərə mənəvi dəstək vermək üçün Laçına və Şuşaya getdik. Laçında Azərbaycan əsgərini gördüm, tanklarımızı, toplarımızı gördüm və çox təsirləndim, qürürlandım, anladım ki, ordumuz olacaq. Batalyonun zabiti Əhliyyət Süleymanov mənə bir şeir verdi və xahiş etdi ki, bir hərbi marş yazım. Çünki gənclər hərbi təlimlərdə əsasən rus marşları oxuyurlar. Əhliyyət istədi ki, öz marşımız olsun. Mən o şeiri götürüb Bakıya qayıtdım. AzTV-yə yenidən sədr təyin olunmuş Elşad Quliyevlə studiyanın dəhlizində təsadüfən rastlaşdıq. O da mənə dedi ki, milləti mübarizəyə qaldırmaq üçün ruhlandırıcı musiqiyə ehtiyacları var və mənə bir əsər yazmağımı təklif etdi. Özümün də içim dolu idi Laçından və Şuşadan sonra. Belə oldu, çox qısa zamanda, bir günün içində yarandı o marş. Marşın ilk adı "Laçın batalyonunun Marşı" olub. Sonra millət ona "Əsgər marşı" dedi, mən də etiraz etmədim.

- Qəribə bir ömür yaşayırsınız. Uşaqlığınız müharibənin yeni bitdiyi illərə təsadüf edir. Ömrünüzün orta çağları da müharibə dövrünə düşdü. İndi hesabla siz 3 müharibə görmüş sayılırsınız. Müharibələrlə əhatəli bir ömür sənətkara yaradıcılıq baxımından nə verir?

- Müharibə ehtiras deməkdir, həyəcan deməkdir, coşqu deməkdir. Sənətin də əsasını bu hisslər təşkil edir. Əsərlər üçün çox sayda mövzular verir müharibə. Bu baxımdan, əcaib səslənsə də, bəxtimdən razıyam ki, ən azından iki müharibənin şahidi olmuşam.

- İçinizdəki o coşqunu ürəyiniz istədiyi qədər musiqilərinizdə əks etdirə bildinizmi?

- Ürəyim istədiyi qədər yox, lakin düşünürəm ki, hələ bir az zamanım var.

- Şəkidə doğulub Şuşa üçün darıxmaq... Sizə mahnı yazdıracaq qədər əhəmiyyətli bir sevgidir. İndi Şuşa yenidən bizdədir. Xəbəri eşidəndə hansı hisslər keçirdiniz?

- Sevindim, təbii...Uşaqlığımın tutarlı bir hissəsi Şuşada keçib, oraları əzbər bilirəm O dağları və qayaları üzü yuxarı çox dırmanmışam. Ona görə də Şuşanın getməsi içimdə böyük yara açdı, sanki uşaqlığımı əlimdən aldılar. Çox şükür olsun ki, Şuşa Vətənə döndü...

- 1993-cü ildə həm də qələbə marşını yazdınız. Hansı ki, həmin illərdə biz torpaqlarımızı itirmişdik. İnsanların bir gün qələbə qazanacağımıza sizin qədər ümidli olmadığı illər idi. O vaxtkı inamınız özünü 27 il sonra da olsa doğrultdu. Yeni bir qələbə marşı yazmaq varmı planınızda ?

- İstərdim...Lakin bu işlər bəzən planlamayla olmur...Yaşayarıq, görərik. Şimali Kiprdə sıldırım qayanın təpəsində bir tank var. 1974-cü ildə müharibə zamanı əsgər onu qayanın başına çıxarıb ki, ordan düşmənə atəş açsın.. Müharibə bitdikdən sonra həmin əsgərə deyiblər o tankı indi də aşağı sal. Deyib, sala bilmərəm. Soruşublar niyə? Deyib qorxuram... Yenə sual veriblər ki, bəs onu sən çıxartmadınmı? Əsgər cavab verir: Mən çıxartdım, çünki savaş var idi, həyəcanlı idim. İndi sakitləşdim və özüm də təəccüb etdim ki, o tankı dağın başına necə çıxartdım... Sənətdə də oxşar hadisələr, bənzər hisslər öndə olur.

- Cavanşir müəllim bu günlərdə bir paylaşım etdiniz. “Fəryad” filminin soundtreki ilə bağlı. Qeyd etdiniz ki, həmin hissə o vaxt “Fəryad” filmində yayımlanmadı. Bunun xüsusi bir səbəbimi oldu?

- Yox, xüsusi bir səbəbi yoxdur. Bilirsiniz ki, bədii filmin musiqisi filmin çəkilməsi ilə paralel olaraq yazılır, yəni, film çəkilərkən, musiqisi də hazırlanıb lentə yazılır. Bəzən elə olur yazılan musiqinin hamısı filmə daxil olmur - montajın özəlliyinə bağlıdır. Bəzi musiqi parçaları istifadə olunmur, çünki onlara yer qalmır. Bu xor parçası da elə oldu. Montajdan sonra ona ehtiyac qalmadı, mənim arxivimdə qaldı. Qarabağ müharibəsi gedərkən düşündüm ki, yerinə düşər və yayımladım.

- Çox tanınmış müğənnilərə işləmisiniz. Mahnılarınız hətta o müğənnilərin əksəriyyətini məşhur edib. Daha çox hansı müğənni mahnılarınızı ürəyiniz istəyən kimi ifa edib?

- Akif İslamzadə

- Bəzən də olub mahnılarınızı özünüz ifa etmisiniz. Məsələn Şuşa haqqındakı mahnı. Bu mahnını sizin kimi duyğu ilə ifa edəcəyinə inandığınız müğənni yox idi?

- Vardı. Flora Kərimova. Flora Kərimova əslində bu mahnının Sara Qədimovanın filarmoniyada keçirilən yubileyində ifa edib. Lakin lentə yazılmadı, ona görə çox adam elə bilir ki, məndən başqa heç kim oxumayıb bu mahnını. Flora xanımın ifasında yazdıracaqdıq, başımız qarışdı başqa proyektlərə, qaldı.

- İndi o mahnını kimin ifasında eşitmək istərdiniz

- Elə Flora xanımın ifasında. Yeni müğənnilərin də içində bəzi o mahnıya uyğun səslər dinlədim. (adlarını bilmirəm, təəssüf).

- Cavanşir müəllim, sizin Azərbaycandan getməyiniz mənə qəribə gəlib. Düzdür, Türkiyə yad ölkə deyil, amma insanın doğulduğu torpaq bir başqadır.

- Mənim Azərbaycandan getməyim məcburi olub. Tarixçəsi uzundur. Düşünürəm ki, belə gözəl gündə o tarixçəni danışmaq bizim söhbətimizin tempinə uyğun deyil.

- Bu qələbədən sonra vətənə dönmək planı varmı?

- Burda yaşadığım 15 ilin hər saniyəsində Bakıya dönməyə hazır olmuşam...Fəqət, geri dönməyim üçün orda lazım olduğumdan əmin olmalıyam. Bundan əmin deyiləm...

- Ən çox nə üçün qəribsəmisiniz?

- Hər şey üçün. Xaricdə yaşayanlar məni anlayar. Bakıdakılar üçün önəmsiz görünən bir nəsnə üçün də burdakılər darıxır. Daşı, torpağı, havası, suyu, benzini, mazutu, hər şeyi üçün. Və əlbəttə, insanları üçün, qohum-əqrəba, dost-tanış üçün. Xiffət pis şeydir...

- Azərbaycanın qələbə sevinci Türkiyədə necə yaşandı?

- Bizim Türkiyədəki insanlarla həmişə sevgi bağımız olub, əsrlərlə - bu sevgi quruluşlara, hakimlərə baxmaz, çox dərin və əbədidir. Ona görə də birinci gündən müharibəni bizim qədər izləyirdilər və sanki özləri qalib gəlmişlər kimi sevinirdilər. Hətta burdaki dostlarım tez-tez mənə telefonuma yeni hərbi xəbərləri göndərirdilər. Mən bu sevgidən heç vaxt şübhə etməmişəm və əminəm ki, əbədidir.

- Siz sovet dövründə böyümüsünüz. Bizim nəsildən fərqli olaraq rus dilini daha yaxşı mənimsəmisiniz. Türk dilində sözlər uzun müddət sizin nəslə aydın olmurdu. Hətta sərhədlər açılandan sonra Türkiyəyə gedib gələn insanların arasında iki qardaş xalqın dialoqu lətifəyə çevrilirdi. Türkiyədə yeni yaşamağa başlayanda anlaşma mövzusunda çətinliyiniz oldumu, yaxud da gülməli situasiya yaşadınızmı?

- Yox, yaşamadım. Çünki hələ tələbəlik illərindən Əbülfəz Elçibəyin sayəsində türkçülük axınına qoşulmuşdum. Türkiyə və türklər haqqında o zamankı gənclərin çoxundan daha məlumatlı idim. Bir vaxtlar, hətta, pantürkist damğasıyla da yaşayırdım. Mahnılarım televiziyanın bədii şurasından çətinliklə keçirdi. Məni türkçü hesab edirdilər. Mən də bundan, əslində, gizlincə xoşlanırdım və qürurlanırdım. Bu baxımdan bura gəldiyimdə heç bir narahatçılığım olmadı. Əksinə - Böyük Vətənimin bir guşəsindən o biri guşəsinə gəldiyimi hiss edirdim.

- Cavanşir müəllim bədii ədəbiyyatla aranız necədi?

- Ədəbiyyatsız musiqi olarmı? Onlar əkiz qardaşlar kimi bir-birinə bağlıdır. Anam Azərbaycan ədəbiyyatı və dili müəllimimi olub, evimizdə böyük kitabxana vardı - indi də var. Rus məktəbində oxumağıma baxmayaraq, evdəki Azərbaycan kitablarının da hamısını oxuyurdum.

- Maraqlıdır, Cavanşir Quliyev ilk oxumağa kimdən başlayıb?

- Yadımda deyil, 65 il keçib... Yəqin ki uşaq nağılları olub.

- Cavanşir müəllim ədəbiyyatın insanı dəyişdiyinə inanırsınız?

- Ədəbiyyat insanı nəinki dəyişir, o insanı elə başından formalaşdırır. Oxuduğum bütün ədəbi əsərlər bu və ya digər şəkildə düşüncələrimə təsir edib.
Azərbaycan Dastanları (bir neçə cild), Koroğlu dastanı, Dədə Qorqud dastanı, Füzuli - "Leyli və Məcnun", Sabir - Hophopnamə, M.F.Axundov - pyeslər və oxuduğum bütün əsərlər mənə təsir edib.

- Cavanşir müəllim sonda özünüzə nə arzu edirsiniz?

- Can sağlığı.

- Biz də sizə həmişə onu arzu edirik. Bir daha yubileyinizi təbrik edirik.

- Çox sağ olun.

# 7403 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #