Çe Qevaranın bacısı ilə hoteldə görüşdü, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qoca haqqında

Çe Qevaranın bacısı ilə hoteldə görüşdü, oğlunu amansızlıqla öldürdülər – Fikrət Qoca haqqında
25 avqust 2023
# 15:00

Bu gün mərhum Xalq şairi Fikrət Qocanın doğum günüdür.
Kulis.az onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Fikrət Göyüş oğlu Qocayev 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

***

1956-cı ildən ədəbi mətbuatda çap olunmağa başlayıb. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.

***

Fikrət Qoca iki dəfə ailəli olub. İlk evliliyindən Yalçın və Pərvanə adlı övladları doğulub. Sonra atasının dostunun qızı Raya ilə tanış olur. Raya xanım şairdən on beş yaş kiçik olsa da, valideynlərin razılığı ilə ona ərə gedir.

Raya xanımın sözlərinə görə, Fikrət Qocanın əvvəlki həyat yoldaşından ayrılmasına səbəb o deyil:

“Övladı danmaq olmaz. Ona görə də mən həmişə Fikrətin uşaqlarına öz övladım kimi baxmışam. Çox şeylər danışırlar. Guya evli olduğu vaxtlarda məndən xoşu gəlib, bəziləri deyirdi, Rayaya görə ailəsindən ayrılıb. Amma biz Fikrət həyat yoldaşından ayrılandan 7 il sonra ailə qurmuşuq. Onda heç Fikrət Qocanı yaxşı tanımırdım. Övladlarına qarşı isə həmişə yaxşı olmağa çalışmışam. Çünki Allahdan qorxmaq lazımdır. Mənim də övladlarım var. Nə tökərsən aşına, o da çıxar qaşığına...”

***

Fikrət Qocanın hazırda ABŞ-də yaşayan qızı Günay xanımın da bəstəkarlıq qabiliyyəti var. O, atasının sözlərinə ondan çox mahnı bəstələyib. Mahnıların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb.

Fikrət Qoca sözlərinə ən çox mahnı bəstələnən şairlərdəndir. Onun yüzlərlə şeiri nəğməyə çevrilib. Məsələn, Tofiq Quliyevin “Mehribanlıq səadətdir”, Emin Sabitoğlunun “Payız gəldi”, Polad Bülüloğlunun “Gəl ey səhər” mahnısı.

***

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" poemaları Azərbaycanda gedən azadlıq mübarizəsi haqqındadır. "Ölüm ayrılıq deyil", "Hələlik-qiyamətədək" povestləri isə 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirir.

Fikrət Qoca müsahibələrinin birində yaradıcılığı haqqında deyir:

“Bəlkə də, yazılacaq “şah əsər” mənimlə birgə qəbirə gedəcək. Şeir yazmaq qızdırma xəstəliyi kimidir. İnsanı darıxdırır, oturmağa, yazmağa məcbur edir. Hətta yer yoxdursa belə, masanın altında yazırsan. Necə ki, uşaq böyüyür, gəzənə qədər onunla məşğul olursan, elə ki ayaq tutub yeriyir, müstəqil olur, artıq bir o qədər narahat olmursan: Deyirsən, Allah, özün qoru! Tapşırırsan taleyə. Yaradıcılıq da elədir. Nə qədər ki, mənim canımdan çıxmayıb, düşünürəm ki, o, mənim “şah əsərimdir”.

***

Fikrət Qoca “Bacıqızı” adlı ilk şeirini 1954-cü ildə yazıb. Müəllim tez-tez parta yoldaşı haqqında "xətrinə dəyməyin, bacıqızıdır." - deyirmiş. Sonra məlum olub ki, həmin qız müəllimin sevgilisi imiş. Bu şeir “Kirpi” jurnalında da dərc olunub.

Filippinli cavan şair Xose Risal, kubalı Ernesto Çe Qevara və bir çox ölkələrin milli azadlıq liderləri haqqında poemalar yazıb. Şair Kubada olanda Çe Qevaranın bacısı və bacısı oğlu hava limanının hotelində Fikrət Qocayla görüşüblər.

***

1965-ci il təvəllüdlü oğlu Yalçın Qocayev İnşaat Mühəndislər İnstitutunun gecə növbəsinə daxil olur. Gündüzlər fəhlə işləyir, gecələr isə oxuyur. Onun şeirlər kitabı çap olunur, Yazıçılar Birliyinə üzv olur. 1996-cı ildə onu Xarici İşlər Nazirliyinə işə dəvət edirlər. İki il işləyəndən sonra istefa verir.

Fikrət Qoca iki dəfə oğlunun adını təqaüd siyahısından sildirib. Üçüncü dəfə yazıçı Anar deyir ki, ay Fikrət, olmaz belə, sənin oğlundur deyə, onu boğub öldürməliyik?

2017-ci il martın 12-də Fikrət Qocanın 52 yaşlı oğlu Yalçın Qocayev vəfat edir. Fikrət Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirsə də, sonradan məlum olur ki, Yalçın Qocayevi üç nəfər döyə-döyə, amansızlıqla öldürüblər. Ölümünə səbəb isə başından aldığı ağır zərbə olub:

"Mən oğlumu itirmişəm. Daxili İşlər Nazirliyi çox sağ olsun ki, bu məsələyə aydınlıq gətirib. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər, yüz adam tutsunlar. Nə xeyri var? Əlbəttə, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər, niyə öldürüb. Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu necə düşməni ola bilərdi ki? Yalçının döyülərək öldürülməsini mətbuatdan eşitdim. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb. Polis məsələnin təfərrüatını açar, mən də bilərəm. Heç şübhələnmirdim ki, kriminal hadisə ola bilər, onu öldürə bilərlər".

***

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illərdəki yaradıcılığına görə "Humay" mükafatına layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Əkrəm Əylisli ilə çox yaxın dost olublar. Hətta Əkrəm Əylisli “Kür qırağının meşələri”ni Fikrət müəllimgilə qonaq gedəndən sonra yazmaq qərarına gəlib. O, deyir ki, Kür qırağına getmişdik, çayın qırağındakı gözəllik, xoş hava mənə çox güclü təsir etdi, əsərin rüşeymi orda yarandı.

Sonra münasibətləri pozulub, araları dəyib. Səbəb isə Əkrəmin AYB və onu rəhbərləri ilə bağlı sərt tənqidləri idi. Əkrəm Əylisli müsahibələrinin birində deyib ki, Fikrətlə tonlarla araq içmişəm. Fikrət Qocanın isə cavabı belə olmuşdu: Görünür, elə araq dostluğunun axırı belə olur.

***

Fikrət Qoca ağciyər xəstəliyinə tutulur. Heydər Əliyevin yardımı sayəsində yenidən həyata qayıdır. Onun ağciyərinin yarısı götürülür və elə o vaxtdan şairin səsi batır.

***

Məşhur tərcüməçi Hamlet Qoca Fikrət Qocanın qardaşıdır.

***

Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib.

# 8850 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #