Birinci tərifdi, yazıram sənə - Ramiz Rövşəndən yeni şeir

Birinci tərifdi, yazıram sənə - Ramiz Rövşəndən yeni şeir
4 aprel 2022
# 20:05

Kulis.az Ramiz Rövşənin "Vətənə tərif" adlı yeni şeirini təqdim edir.

"Yayın bəd nəzərdən, göz dəyər sənə." (Qurbani)

Neçə hirsli şeir yazdım sənə mən,
Qorxmadım, küsərsən, söz dəyər sənə.
Səni tərifləmək keçir içimdən,
Birdən təriflərəm, göz dəyər sənə.

Günbəgün dirilən, durulan vətən,
Gör necə ayıqsan, sayıqsan indi.
Yalan təriflərdən yorulan vətən,
Doğrudan, tərifə layiqsən indi.

Daha dərdin-qəmin axırına çıx,
Hər günün toy-bayram içində olsun.
Bir əlin həmişə hamıya açıq,
Bir əlin yumruqtək cibində olsun.

Çoxdur sənə tərs-tərs baxanlar hələ,
Adın çox gözlərə batır tikantək.
Səni sevməyənlər, vətən, var hələ,
Səni Allah sevsin! Səni biz sevək!

Bülbül cəh-cəh vursun hər gül kolunda,
Daha qan sızmasın yaralarından.
Ölüm uzaq dursun sənin yolunda
Qurban gedənlərin balalarından.

Daha dağlarından, dərələrindən
Tütək səsi gəlsin tüfəng yerinə.
Daha bayraqlara şəhidləri yox,
Bükək körpələri bələk yerinə.

...Mən tərif yazmadım heç zaman sənə,
Amma qınamadın, vətən, sən məni.
Birinci tərifdi, yazıram sənə,
Bilirəm, peşiman etməzsən məni!..

# 17637 dəfə oxunub

Oxşar xəbərlər

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

12:30 19 sentyabr 2026
"Özüm üçün yaşamaq alnıma yazılmayıb..." - Gülxani Pənahın şeirləri

"Özüm üçün yaşamaq alnıma yazılmayıb..." - Gülxani Pənahın şeirləri

11:30 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər