"Balaca Fuad"ın son xahişi - Anarın yeni hekayəsi

"Balaca Fuad"ın son xahişi - Anarın yeni hekayəsi
15 noyabr 2023
# 15:00

Kulis.az Xalq yazıçısı Anarın "Balaca Fuad"ın son xahişi" adlı yeni hekayəsini təqdim edir.

Taksi Fəxri xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: - Gözlə, indi gəlirik - dedi.

Sürücü: - Burda çox dayana bilmərəm, - dedi, - cərimələyərlər.

- Tez qayıdacayıq.

Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül qoydular.

Şövqü Şəfizadənin boya-boy heykəli onlara zəhmlə, bir az da məzəmmətlə baxırdı sanki.

Rumiyyə yanındakı məzara narazı nəzər atdı: - Elə bil ayrı yer qəhətdi, burda da yanaşı olmalıydılar, - dedi.

Sağ tərəfdəki məzarın üstündə:

FUAD SALAHLI (1918-1976)

yazılmışdı.

Ağ mərmər başdaşının üstündə mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış qabartma-portret vardı. Fuad Salahlıdan fərqləndirmək üçün hamının "balaca Fuad" adlandırdıqları Fuad Mehdiyev daxilən gülümsündü. Təsadüfənmi, ya bilərəkdənmi Şövqünün heykəli və Fuad Salahlının qabartma - portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər. Rumiyyə bəyaz dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Fuad: - Gedək - dedi - sürücünü cərimə edərlər.

- Sən get, indi gəlirəm. Fuad çıxışa tərəf addımladı. Rumiyyə atasının heykəlinə bir az da yaxınlaşdı. Əlini heykəlin başına, üzünə çəkdi, sığalladı, sonra çönüb iti addımlarla ərinə çatdı. Taksiyə mindilər, Fuad sürücüyə ünvanı dedi, Rumiyyə açıq sezilən istehzayla: - Oqtay bəyin hüzuruna gedirsən? - dedi.

- Qasım deyib ona xahişimi.

Rumiyyə köksünü ötürdü: - Gör nə günə qalmışıq, Qasımın minnətçiliyinə ehtiyacımız var.

Fuad dinmədi.

Qasım haçansa - Nuh əyyamında - Şövqünün, ondan sonra da Fuadın sürücüsü olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb. İndi də bu, yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi Oqtayın sürücüsüydü. Bütün səylərinə baxmayaraq, heç cür Oqtayla rabitə yarada bilməyən Fuad axır Qasımın vasitəsiylə xahişini ona çatdırdı.

Evlərinin yanında Rumiyyə taksidən endi, Fuad yoluna davam etdi.

lll

Qasımın sürdüyü maşın İdarələrinin qabağında dayandı, Qasım:

- Oqtay qədeş, unutmamısan ki, bu gün Fuad qədeş yanına gələcək.

Oqtay: - Unutmamışam - dedi, maşından düşdü. Qarşısına çıxa biləcək növbənöv xahişçilərdən yayınmaq üçün ətrafa baxmadan iri addımlarla İdarənin qapısına tərəf yeridi. İçəri keçmək istədiyi an qadın səsi eşitdi: - Oqtay!

Oqtay qanrılıb baxdı. Onu çağıran dümağ saçlı qadın idi. Ondan başqa səkidə heç kəs yoxdu. Səs Oqtaya tanış gəldi, həm də məhrəm adam kimi onu adıyla çağırırdı. Oqtay diqqətlə baxdı və diksindi:

- Əsmər? Sənsən?

Əsmər yanaşıb əlini uzatdı - mənəm - dedi - yaxşı ki tanıdın. Çox dəyişmişəm?

Oqtayın etiraz eləməyə dili gəlmədi, amma həm də Əsməri incitmək istəmədi, odur ki, sadəcə: - Sən hara, bura hara? - dedi. - Haçan gəlmisən?

- Bir həftə olar. Telefonun cavab vermir, odur ki, səni burda gözləməli oldum. Bilirəm, başın çox qarışıqdır. Məni beş dəqiqə qəbul edə bilərsən?

- Əlbəttə, bu nə sözdür? Keç.

İkinci mərtəbəyə qalxdılar. Qəbul otağında hələ Fuad Mehdiyevin vaxtından katibə işləyən Nelli onlara salam verdi. Oqtay otağının qapısını açdı, Əsməri içəri buraxdı, sonra özü keçdi, indicə verdiyi sualı təkrar etdi: - Haçan gəlmisən?

Əsmər də təkrarən: - Bir həftə olar, - dedi.

- Xeyir ola?

- Xeyir deyil. Eşitməmisən? Camal rəhmətə getdi.

Oqtay təəssüf hissiylə: - Yox, bilmirdim - dedi, - Allah rəhmət eləsin.

Əsmər:

- Camalın vəfatından sonra Moskvada yaşamaq çox çətin oldu bizə, - dedi. - Xumarı da götürüb - qızımı deyirəm - Bakıya gəlməli olduq.

Oqtay bu gözlənilməz görüşdən, Əsmərin belə dəyişməsindən, Camalın ölüm xəbərindən çaşıb qalmışdı, qarışıq hisslər keçirirdi, adda-budda, dağınıq fikirlər içindən sıyrılıb çıxmaq istəyirdi, hər şeyi ayıq başla dərk etməyə çalışırdı.

Əsmər Oqtayın iş otağına göz gəzdirirdi. Divarda şəhərin ayrı-ayrı binaları, meydanları, küçələri, çeşidli layihələr, Məhəmməd Əmin Rəsulzadənin iri şəkli.

- Nə yaxşı məni o saat tanıdın. Bir daha soruşdu: - Çox dəyişmişəm?

Oqtay nəzakət naminə:

- Yox, - dedi. - Əlbəttə, illər keçib, ikimizin də başı ağarıb. Rəhmətlik haçan vəfat edib?

- İki ay bundan qabaq. İnfarkt.

Son illərdəki həyatlarından danışmağa başladı. Camalı xaricdən, diplomatik işindən geri çağırdılar. Perestroyka dövründə təzə nazir bütün köhnə kadrları bir-bir dəyişməyə başladı. Qatı rus şovinisti idi, Azərbaycan müstəqilliyini elan edəndən sonra: "Qayıdın öz müstəqil ölkənizə" demişdi Camala. Müavinlərindən biri erməni idi. Camalı görməyə gözü yoxdu. Bir sözlə, Camalı ən aşağı təqaüdlə işdən çıxardılar. Altı ay sonra elə evdəcə...

Əsmərin səsi əsdi:

- Elə gözümüzün qabağında beş dəqiqənin içində keçindi. Heç təcili yardıma zəng edə də bilmədik.

Oqtay stəkana su süzüb Əsmərə uzatdı, Əsmər bir qurtum aldı.

- Bağışla, - dedi.

Araya üzücü sükut çökdü.

lll

Fuad taksinin hesabını ödəyib İdarənin qabağında maşından düşdü. Ömrünün neçə ilini verdiyi idarənin qapısının üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı.

Qapıda əsgər qiyafəli saqqallı gənc Fuadın pasportunu uzun zaman o tərəf-bu tərəfə çevirdi. Sonra qarşısındakı siyahıya bir də nəzər atıb, nəhayət:

- Keçin - dedi, - İkinci mərtəbə, 5-ci otaq.

Fuad qeyri-ixtiyari:

- Bilirəm - dedi, tanış pilləkanlarla ikinci mərtəbəyə qalxdı. 5-ci otağın qapısını açıb içəri girdi. Qəbul otağı bir qədər dəyişmişdi. Amma katibə masasının arxasında onun, Fuadın vaxtındakı kimi Nelli əyləşmişdi. Bir qədər yaşlanmış və tosqunlaşmış Nelli Fuadı görüb dərhal ayağa qalxdı: - Ooo Fuad Qurbanoviç, salam, necəsiz?

- Sağ ol, yaxşıyam. Sən necəsən, Nelli?

Nellinin cavabını gözləmədən əlavə etdi: - Oqtayın... Oqtay bəyin qəbuluna gəlmişəm. Özü bilir.

Nelli:

- Bəli, bilirəm - dedi - burda qeyd eləmişəm. Amma bir az gözləyin, yanında adam var. Çay?

- Yox, sağ ol. Gözləyərəm.

Keçib qarşıdakı stulda əyləşdi. Bu qədər tanış qəbul otağına göz gəzdirdi. Bir elə dəyişiklik yoxdu. Onun keçmiş kabinetinin qapısında Oqtayın ad famili, qarşı-qənşər otağın qapısında müdirin ad-famili yazılmışdı: QAFUR ƏHMƏDLİ.

Fuad gözlərinə inanmadı. Bir vaxt Fuadın atasını - Qurban kişini işdən çıxarmış məsul raykom işçisi, indi dəbdə olan sözlə qart partokrat Qafur Əhmədov? Xalq cəbhəsi iqtidarında belə mühüm vəzifədə? Ağlasığmazdır.

- İndi burda müdir Qafur Əhmədovdur? - deyə Nelliyə mənasız sual verdi.

Nelli başıyla təsdiq etdi.

- Otağındadır? - daha bir mənasız sual. Guya yanına girəsiydi.

Nelli:

- Yox - dedi. - Bir azdan gələcək. Qonşu otaqda namaz qılır.

Fuad: "Nə yaxşı ki, o vaxt qəribə bir şıltaqlıqla o mühüm tədbirə getmədim, - deyə düşündü. - Elə bil məni şeytan yoldan çıxardı ki, ora gedib çıxış etmə. Demə, bu şeytanın əməli deyilmiş, mələyin işiymiş. Ora gedib uğurlu çıxış etsəydim, mütləq məni müdirin yerinə təyin edəcəkdilər. Çünki Əhməd Nəzərovun məsələsi artıq doxsan faiz həll olunmuşdu. Mənim üzrsüz çıxışa gəlməməyimi: - Bu nə məsuliyyətsizlik, nə saymazlıqdır, - deyə pis yozmuşdular. Şövqü işə qarışmasaydı, hələ yəqin müavin vəzifəsindən də atacaqdılar. Əl-qərəz, beləliklə, Əhməd Nəzərovun müdirlik vəzifəsi bir qədər də uzadıldı. Ta o günə qədər ki...

O gün Fuadın yaxşı yadındaydı, bəylər hakimiyyətə gələndən on gün sonra avtomatlı cavanlar Nəzərovun kabinetinə girib onu birdəfəlik işdən atdılar. O gün Fuad bir balaca soyuqlamışdı, işə çıxmamışdı. Bu xəbəri ona telefonla Nelli çatdırdı.

Səhərisi Fuad istefa ərizəsini yazıb göndərdi.

Yaxşı deyiblər ki, şər deməsən, xeyir gəlməz. O həlledici tədbirdə çıxış etməməsi Fuadın xeyrinə imiş. Yoxsa onu da Əhməd Nəzərov kimi müdir kabinetindən avtomatla çıxaracaqdılar.

lll

- Bəs harda qalırsız?

Əsmər: - Bir rəfiqəmgildə, - dedi və ani tərəddüddən sonra əlavə etdi. - Elə sənin yanına da bu xahişlə gəlmişəm. Səndən başqa burda ərk edəcəyim kimsə yoxdu. Deyirlər, bu, sənin əlindədi. Birotaqlı mənzil istəyirəm səndən. Harda olur olsun, şəhərin lap ucqar yerində. Düzdü, rəfiqəm deyir, nə qədər istəyirsiz qalın. Amma mən başa düşürəm axı, sıxılırlar. Üç otaqda invalid əri, özü, iki uşağı. Lap kiçik otağa da razıyıq, təki başımızın üstündə bir dam olsun.

lll

Qafur Əhmədli, ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da, tanımamış kimi ağızucu salam verib tələsik otağına keçdi. Amma onunla gələn saqqallı kişi - guman ki, Əhmədlinin cangüdəni idi - Fuadı tanıdı:

- Yallah Fuad müəllim - dedi - Nə əcəb səndən belə? Xeyir ola...

Fuad: "Görəsən, bu namərbud adam məni hardan tanıyır" - deyə düşündü.

- Məni tanımadın? Zeydullayam da. Axır dəfə səninlə aeroportda görüşmüşdük.

"Aeroportda?" Fuad yadına salm

ağa çalışırdı ki, avtomatlı kişi: "Mən onda nosilşik işləyirdim də" - dedi.

An içində Fuad xeyli ixtiyarlaşmış bu yekəpər adamı, ibtidai məktəbdən tanıdığı, unutmaq istədiyi pis bir vaqiyəylə bağlı olan şəxsi, çox illər sonra aeroporta nosilşik kimi rastlaşdığı Zeydullanı və onun işlətdiyi "oxartana" sözünü xatırladı. - Zeydulla - dedi.

- Həri, Zeydullayam da...

- Görürsən də, Fuad yoldaş - yoldaş sözünü açıq istehzayla dedi, - kiminin əvvəli, kiminin axırı.

Fuad: - Bəli, elədir - dedi, Əhmədovun cangüdənisən?

- Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı sağ olsun, partiyasına da üzv elədi.

- Partiyasına? Əhmədovun partiyası var?

- Bə nə bilmisən? "İrşad" partiyasın qurub da Qafur bəy. Dindarlar partiyasıdır, halallıqla işləyirik.

lll

Oqtay siqaretini odladı. Çətin vəziyyətə düşmüşdü. Bir neçə an içində Əsmərlə ta məktəb illərindən başlanan və məktəb boyu davam edən, yuxarı siniflərdə az qala sevgiyə çevrilə biləcək və əfsus ki çevrilməmiş münasibətləri gözlərinin qarşısından keçdi. Bəlkə də bu saf dostluq münasibətləri mehriban ailəyə dönə bilərdi. Amma heç kəsin gözləmədiyi halda Əsmər ingilis dili müəllimləri, yaşca hamısından çox böyük olan Camala ərə getdi. Oqtay da, sinif yoldaşları - oğlanlar və qızlar da - bu nikahdan şoka düşmüşdülər. Dedi-qodular, gümanlar, fərziyyələr, xoş, ya bəd niyyətlə deyilmiş sözlər baş alıb gedirdi. Bir müddət sonra Camalı Moskvaya apardılar, oradan da müxtəlif xarici ölkələrdə diplomatik işə keçdi. Təbii ki, Əsmər də əriylə birgə Bakıdan, anasından, İçərişəhərdəki köhnə evlərindən, məktəb yoldaşlarından tamamilə ayrılıb uzaqlaşdı, başqa bir aləmə düşdü. Və yalnız bir gün - Oqtayın ad günü ərəfəsində qəfilcən uçub Bakıya gəldi - Oqtayı təbrik etməkçün. Bütün günü bir yerdə olsalar da, aralarındakı bu qeyri-müəyyən münasibət, Zamanın, ictimai mövqelərin, həyat tərzinin yaratdığı sədlər aşılmadı. Əsmər növbəti dəfə ərinin kübar həyat sürməsindən danışanda Oqtay nə isə cod bir söz işlətdi və aeroportda çox soyuq vidalaşdılar. Oqtaya elə gəldi ki, bu səfər həmişəlik ayrılırlar, bir daha heç vaxt, heç yerdə görüşməyəcəklər. Yalnız səhərisi gün Əsmərdən qəribə bir imzayla - Kamikadze imzasıyla gələn teleqramı alanda Oqtay dərk etdi ki, Əsmərin zahirən firavan görünən həyatı o qədər də qayğısız deyilmiş, ağrı-acısını, nisgilini büruzə vermədən içində daşıyırmış. Və budur bax, artıq bir ömür keçib gedəndən, yalnız ərini deyil, illər uzunu vərdiş etdiyi həyat tərzini də itirəndən sonra indi Oqtayın qarşısında yaşa dolmuş, solmuş, aciz və köməksiz bir qadın əyləşmişdi. Oqtaydan yardım umurdu və nə yazıq ki, Oqtay onun xahişinə heç cür əməl edə bilməyəcəkdi. Səbəbini Əsmərə izah etmək də asan iş deyildi. Səbəb isə ondaydı ki, Oqtaya təklif olunan bu vəzifəni istəməyərək qəbul edəndə özünə söz vermişdi ki, heç vaxt qanuna zidd heç bir iş görməyəcək, heç bir şəxsi dostluq, tanışlıq hisslərinə məhəl qoymayacaq, dürüst işləyəcəkdir. Bütün bunları ayrı bir dünyadan gəlmiş Əsmərə necə izah edəydi? Həm də axı Oqtay bu yöndə müəyyən addım atsaydı belə, Qafur Əhmədli kimi bir vaxt sital kommunisti, indi qatı dinçini necə inandıra, razı sala bilərdi? "Necə, kiminçün ev istəyirsən, mənfur sovet diplomatının dul qadını üçün? - deyəcəkdi. - Hələ də cibində rus pasportu gəzdirən adamçün? Bəs minlərlə ev növbəsi gözləyən vətəndaşlarımıza nə cavab verəcəyik? Hələ mətbuatın nə şəbədə çıxaracağı bir yana dursun".

Məsələ ondaydı ki Qafur Əhmədli Qafur Əhmədov olsa da, bu söylənməmiş, amma söylənə biləcək iradlarında haqlıydı.

Əsmər Oqtayın tərəddüdlərini gözlərindən oxuyurmuş kimi yorğun və üzgün bir səslə:

- Səni çətinə salmışam, həmi? - deyə xəbər aldı.

Oqtay sözləri sanki kəlbətinlə içindən dartıb çıxarırdı:

- Bilirsən, Əsmər, - sözünü davam edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. Həyatda ilk, son və yeganə xahişinə, nə qədər istəsəm də, əməl edə bilməyəcəm.

Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi - məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla heç kəsin qarşısında əyilməyən qadın.

Oqtay: - Dur - dedi və hardansa sanki vəhylə ağlına gələn qəfil fikirlə az qala qol qaldırıb oynayacaqdı. Çıxış yolu tapmışdı. Sevincək:

- Mənim mənzilimdə qalarsız, - dedi.

Əsmər təəccüblə:

- Sənin mənzilində? Necə yəni...

- Çox sadə. Mənim ikiotaqlı mənzilimdə.

- Bəs sən, ailən?

- Mənim ailəm yoxdur. Təkəm. Bilmirdin?

Əsmər, əlbəttə, bilirdi bunu, bilirdi ki Oqtay tək yaşayır. Sırf qadın marağıyla, Oqtayın evlənmədiyini də öyrənmişdi. Rəfiqəsiylə hər telefon söhbətində bu barədə müfəssəl məlumat alırdı. Amma bununla məsələ çözülmürdü axı.

- Bəs sən?

- Mənim, vəzifəmə görə, Zuğulbada Hökumət bağında iki otağım var, - bunu düz deyirdi. - Onsuz da ilboyu orda qalıram, - bu isə yalan idi. Olsa-olsa, ayda bir, ya iki gün orda qalmaq imkanı olurdu.

- Yox, axı... - Əsmər hələ də özünə gələ bilmirdi. Bilmirdi ki nəyə, nədən və nə üçün etiraz etsin...

Oqtay cibindən açarları çıxarıb Əsmərə uzatdı: - Sürücüm sizi aparar, şeylərinizi daşımağa da kömək edər - dedi.

Əsmərin üzü sanki işıqlandı, elə bil son vaxtların bütün ağırlıqları, qeyri-müəyyənliyi, qayğıları sifətindən silinib getdi, əvvəlki bir az şıltaq, bir az işvəli, amma mülayim və mehriban Əsmər oldu.

Boynunu uzadıb Oqtayın yanağından öpdü. Oqtayın bütün vücudu gizildədi. Əlli illik tarixi olan münasibətlərində Əsmər ilk dəfə öpürdü onu.

lll

Fuad saatına baxdı, yarım saatdı burdaydı. "Görəsən, mən də o vaxtlar qəbuluma gələnləri bu qədər gözlətmişəm?" Xoş bir hisslə xatırladı ki, haçansa həmin bu Oqtay ömründə ilk və yeganə dəfə Fuadın qəbuluna gələndə, onu bir dəqiqə belə gözlətməmişdi. Elə bu an Oqtayın kabinetinin qapısı açıldı, əvvəlcə ağbaşlı bir qadın, ardınca Oqtay çıxdılar.

Oqtay:

- Salam, Fuad - dedi - bağışla, səni bir az gözlətdim, üzrlü səbəbim var. Əsməri tanımadın?

Aman Allah, bu ağsaçlı qadın Əsmər imiş. Məktəblərində oğlanların hamısının, o cümlədən də Fuadın özünün hayıl-mayıl olduqları Əsmər. Əsmər də Fuadı tanımadı, yadına salmalı oldu, sonra:

- Xoş gördük, Fuad - dedi.

- Xoş gördük. Necəsən...eee... necəsiz, Əsmər... xanım?

- Sağ ol... sağ olun...

Aydın olmadı - Əsmər Fuada "siz"lə müraciət edir, ya buradakıların hamısıyla sağollaşır. Oqtay Əsməri qapıyacan ötürüb Fuadı içəri çağırdı:

- Buyur...

Fuad tanış kabinetə girdi, istər-istəməz otağa nəzər saldı. Divarlardakı layihələri göstərib:

- Sənin proyektlərindir? - deyə xəbər aldı.

Oqtay:

- Heç biri mənim deyil - dedi.

- ???

Oqtay səssiz suala:

- Hamısı rəhmətlik Fuad Salahlınındır, - dedi. - Çalışırıq, heç olmasa, bir neçəsini həyata keçirək.

- Hə, indi Fuad Salahlı zəmanənin qəhrəmanıdır.

Bu sözlərdə xəfif bir istehza hiss elədi Oqtay, odur ki, qəti şəkildə:

- Fuad Salahlı elə o zəmanənin də qəhrəmanı idi, - dedi.

Sanki danışmağa söz tapmırdılar. Halbuki Fuad şübhəsiz hansısa bir iş üçün gəlmişdi. Nəhayət, gərginliyi aradan qaldırmaqçün Oqtay:

- Görürsən də, Fuad, bir vaxt bu otaqda sən məni qəbul edirdin, indi mən səni qəbul edirəm. "Oxartana"nın sözləri Fuadın yadına düşdü:

- Kiminin əvvəli, kiminin axırı...

Oqtay:

- Boşla görək - dedi - nə əvvəl-axır, canım. İnan ki, yatsam, yuxuma girməzdi ki, haçansa bu vəzifəni tutacam.

- Sən tutmayıb kim tutacaqdı bu vəzifəni?! Bu "bəy"lərin içində yeganə professional elə sənsən də...

Oqtay bu sözlərə qarşılıq vermədən:

- Bəy təkid elədi, - dedi.

- Kim?

- Böyük bəy - Elçibəy - Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə dost idilər. Görünür, o vaxtdan yadında qalmışammış. Məni çağırdı. Dedi, dinçilərin dəstəyinə ehtiyacımız var, odur ki, hələlik Qafur Əhmədlini müdir təyin etmişik. Amma belə mühüm yerdə bizim inandığımız dürüst, etibarlı adamımız da olmalıdır. Həm də yadımdadı, rəhmətlik Fuad Salahlı səndən ağız dolusu danışardı. İndi sən bu vəzifəni tutsan, onun da ruhu şad olar.

Nə isə razılaşmalı oldum.

- Düz eləmisən. Əbülfəz bəy doğru seçim edib. Fuad Salahlının o vaxt həyata keçməmiş işlərini dirçəltməyiniz də doğrudur. Amma...

Oqtay:

- Amma nə? - deyə soruşdu.

- Amma birini qaldırmaqçün başqasını yıxmaq vacib deyil.

- Kimi yıxmışıq ki?

Fuad siqaret çıxartdı:

- Olar?

- Əlbəttə.

Siqaretini odladı, bir qüllab vurub:

- Elə Şövqü Şəfizadəni... Yanına da bu məsələyçün gəlmişəm.

- Nə olub ki Şövqü Şəfizadəyə?

- Guya bilmirsən? Tikdiyi binaları bir-bir sökürlər.

- Şəhərin siması müasirləşməlidir də. Mikayıl Hüseynovun da bir neçə binası sökülüb.

- Çox nahaq yerə, Sən memarsan, bilirsən ki, binalar həm də dövrün, epoxanın rəmzidir.

- Elə ona görə sökürlər də, deyirlər ki, sovet dövrünü xatırladan heç nə qalmamalıdır. Doğrusu, mən də bu ifrat yanaşmanın əleyhinəyəm. Amma çox vaxt fikrimi isbat edə bilmirəm. Ən çox da bu sahədə canfəşanlıq edən bilirsən kimdi? Həmin elə mənim bu müdirim.

- Yaxşı, binalar, tutalım, sovet rejiminin timsalıdır, bəs küçələrin nə təqsiri var?

- Küçələrin?

- Bəli, küçələrin. Rima... Rumiyyə... Yoldaşımı deyirəm.

- Bilirəm. Şövqü Şəfizadənin qızı.

Fuad bir qədər kəskin şəkildə:

- Bəli, Şövqü Şəfizadənin qızıdır. Gecə-gündüz ağlayır ki, elə bil atam bunlara düşmənmiş. Binalarını bir-bir sökmələri bəs eləmir, hələ küçənin də adını dəyişdiriblər. Özü də elə bil qəsdən o küçəyə Fuad Salahlının adını veriblər. Guya ayrı küçə tapılmırdı...

- Fuad Salahlı o küçədə yaşayırdı axı...

- Şövqü Şəfizadə də o küçədə yaşayırdı.

- Düz deyirsən. Bunu kimsə qəsdən eləyib. Axı sağlıqlarında yola getmədiklərini hamı bilir. Doğrusu, mənim bundan xəbərim olmayıb. Kimsə, kinlinin biri - Şövqü Şəfizadənin vaxtilə Fuad Salahlıya etdiklərinin heyfini çıxmaq istəyib. İncimə, Fuad, axı çoxları Fuad Salahlının başına gələnlərdə, yəni sağlığında heç bir layihəsinin tikilməməsində Şövqünün barmağı olduğunu düşünür.

Fuad "Şövqü Şəfizadə-Fuad Salahlı qarşıdurması"nın təfərrüatına varmaq istəmədi, bununçün gəlməmişdi bura. Xahişi başqaydı.

- Sənin yanına ömrümdə ilk və son xahişlə gəlmişəm, - dedi. - Heç olmasa, yaşadığı evin divarından Şövqünün xatirə lövhəsini çıxarmasınlar. Yoxsa Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə Şövqü haqqında yazılanları ondan gizlədirəm.

Oqtay başını buladı:

- Təəssüf ki, belə şeylər o vaxt da vardı, indi də var. Fuad, bilirsən, yalandan söz vermək istəmirəm. Amma var gücümlə çalışacam ki, o lövhəni çıxarmasınlar. Hər halda Şövqü Şəfizadənin də - kim nə deyir desin - müəyyən xidmətləri olub.

Fuad ayağa durub əl uzatdı:

- Çox sağ ol, Oqtay, - dedi.

Oqtayın otağından qarışıq hisslərlə çıxırdı. Bir yandan Oqtay sözünü yerə salmamışdı, hətta Şövqünün xidmətlərini qeyd etmişdi. O biri tərəfdən tam əminlik də yoxdu ki, Oqtay istəsə belə, bunun qarşısını ala biləcək. Hər halda Rumiyyəni bir az sakitləşdirə bilərəm.

Küçəyə çıxdı. Adəti üzrə köşkdən bir neçə qəzet aldı. Sabir bağında skamyaya əyləşib qəzetlərə baxmağa başladı.

"Azadlıq" qəzetinin birinci səhifəsində Şövqü Şəfizadənin və onun, Fuadın iri şəkilləri verilmişdi.

Şəkillərin altında "Dağılan tifaqlar" başlıqlı yazını oxumağa başladı.

"Sovet memarı Şövqü Şəfizadənin eybəcər kommunist üslubunda layihələşdirdiyi binalar bir-bir sökülür. Şükür ki, onun adını daşıyan küçənin də adı dəyişdirilmiş, həmin küçəyə sovet rejiminin amansız repressiyalarına uğramış, məhz elə deputat və laureat Şövqü Şəfizadə tərəfindən amansızcasına təqib olunmuş həqiqi millətpərvər, dahi memar Fuad Salahlının adı verilmişdir. Mənbə onu da nəzərə çatdırır ki, Fuad Salahlıdan fərqləndirmək üçün "balaca Fuad" ayamasıyla tanınan Fuad Qurbanoviç Mehdiyev sovet vaxtı qayınatası həmin o Şövqü Şəfizadənin vasitəçiliyilə yüksək vəzifələr tutmuşdur. Hazırda təqaüdçüdür".

Küçədən keçən avtomobil bağın qarşısında dayandı. Qapısı açıldı, qıvrım saçlı cavan oğlan maşından düşdü. Maşının açıq qapısından mahnı eşidildi:

Yar gəlir görüşə...

sürüşə-sürüşə...

Fuad qəzeti bir kənara atıb bərkdən güldü.

"Sürüşə-sürüşə ha... Nədi, yar görüşə xizəklə gəlir?"

Uzun zaman güldü, toxtaya bilmirdi. Maşından düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, görəsən, qəzetdə nə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, uğunub gedir?

5-8 noyabr 2023,

Ankara, İstanbul.

525-ci qəzet

# 3561 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #