Azərbaycan ədəbiyyatının ən kədərli şairi - Zərdüşt Əlizadə

Azərbaycan ədəbiyyatının ən kədərli şairi - Zərdüşt Əlizadə
2 yanvar 2024
# 15:00

Qəm-qüssə, kədər şairi

Kulis.az Zərdüşt Əlizadənin "Mahir N.Qarayevin şeirlər toplusu barədə düşüncələr" adlı məqaləsini təqdim edir.

Həyat rəngarəng və əsrarəngizdir, insan sevinc və nikbinlik, kədər və bədbinlik üçün səbəbi eyni asanlıqla tapa bilir, bu, onun özünün istəyindən asılıdır. İnsan var heç cür və heç nəyə sevinə bilmir, daim hüzn içindədir, insan var daima şaddır və dinclik bilmədən hər şeyə hırıldayır.

Bu bölgü bütün insanlara, o cümlədən o qədər də nadir olmayan şair tayfasına aiddir. Şərq dünyasında şeir yazmayan gənc çətin tapılar. Bu keçici xəstəliyin yaş həddi var, əksəriyyət yaşa dolandan sonra bu mərəzdən qurtulur və bəzən nisgillə, bəzən tam laqeydliklə öz gəncliyinin “şairlik dövrünü” xatırlayır.

Fəqət bəzi insanda bu mərəz keçmir, ruhuna hopub onun dünyaya baxışını tam dəyişir, insan dönüb olur “şair”. Yəni dünyaya öz könül pəncərəsindən baxır, insanları, hadisələri və təbiəti yalnız ona məxsus olan şəxsi baxış bucağından görüb qiymətləndirir.

Bu şairlik bir ilahi vergidir, kiməsə bol verilir, kiməsə simicliklə; kimsə onun qədrini bilir, kimsə onun dəyərini anlayammır. Şair var zəmanəsinə, onun ruhuna açılır, bu ruhu hiss edir və elə qüdrətlə ifadə edir ki, özü zəmanəsinin bayraqdarına, əsərləri isə dövranının təkzibedilməz sübut və nişanəsinə çevrilir, eləsi də var ki, gecə səmasında axan ulduz kimi sayrışıb yoxa çıxır, unudulur.

Nəhəng istedadlı şairin zəmanə ruhuna aldanması, aldadılması onun istedad qüdrətini əsla kiçiltmir, sadəcə, həyatda mütləq həqiqətin yoxluğundan, həyat əlamətlərinin nisbiliyindən xəbər verir.

Çox az şair tapılar ki, əsərləri bütün bəşəriyyət üçün əbədi və dəyərli olsun. Çox az şair tapılar ki, əsərləri hətta öz xalqı üçün dəyərli və sevilən olsun. Belə şairləri olan xalq, maddi vəziyyətindən asılı olmayaraq, bəşəriyyətə dəyərli töhfə vermiş sayılmalıdır.

Məncə, Azərbaycan ədəbiyyatı XX əsrdə üç nəhəng şair yetişdirib: Sabir, Səməd və Şəhriyar. Təbii ki, bu mənim rəyimdir və mən əsla mütləq həqiqəti söylədiyimi iddia etmirəm. Nisbətən kiçik çaplı şairimiz çoxdur, bu baxımdan əhalimizin şikayət üçün əsası yoxdur. Fəqət, istedad meyarı əsas götürülsə, bu üç zirvə şair gözgörəsi ucalır, zira öz zəmanələrinin ruhunu düzgün və dərin ifadə edə biliblər.

Sabir insanlıq, insaf və ədalət meyarlarının xalqımız üçün dəyərini açıb çatdırmış şairdir. Təsadüfi deyil ki, Sabir Füzulu məktəbinin cığırdaşı, onun ənənələrini müasirliyə calamış dahidir.

Səməd bütün bəşəriyyəti xoş gələcəyə aparmağı inamla vəd edən və bunun naminə ümumbəşəri bir təcrübəyə cəsarət etmiş ictimai bir hərəkatın nikbinliyini ifadə etməyi bacarmış digər bir nəhəngdir. Onun bivaxt ölümü bəlkə də bəxtindən idi, zira bu təcrübənin cırtdan məxluqatın əlilə gömülməsini görsəydi, özünü dünyanın ən bədbəxt insanı sayardı.

Şəhriyar tək İranın deyil, bütün Şərqin gerilik və tənəzzül faciəsini dərindən duymuş və ifadə etmiş üçüncü nəhəngimizdir.

Bu üç nəhəng – xalqın və dövrün ictimai və siyasi hadisə və cərəyanlarını həssas duymuş və onları ifadə etmiş şairlərdir. Mən bir oxucu kimi onları hədsiz sevirəm və uca tuturam.

İndi daha bir şairi oxuyuram. Diqqətlə, təkrar-təkrar oxuyuram. Ömrümdə böylə diqqətlə oxuduğum cəmi bir şair olub: Dante Aligyeri. Onun iri həcmli “İlahi komediya”sını üç dəfə oxumuşam, macal tapsaydım, dördüncü dəfə də oxuyardım. Dante mənə insanlara düzgün dəyər verib onların layiq olduqları yeri müəyyənləşdirməkdə bələdçi olub. Vergiliy Danteyə axirət dünyasında bələdçilik etdiyi kimi, Dante də mənə gerçək dünyada insanları tanımaqda, onların yerini bilməkdə bələdçilik edib.

İndi müasir Azərbaycan ədəbiyyatının ən qəm-qüssəli, ən kədərli şairinin kiçicik şeirlər toplusunu oxuyuram. Bizim ədəbiyyat üçün bu növ şeir nadirdir, zira şairin ötəri dünya ilə əlaqəsi zəifdir, cəmiyyəti maraqlandıran hadisələrə biganədir, insanları qayğılandıran və həvəsləndirən maddiyyata laqeyddir.

Bu şeirlər bir insanın ruhundan, zəngin daxili dünyasından doğan hissiyyatın və fikirlərin ifadəsidir.

Bu şairi cəmiyyət deyil, bir insan, daha doğrusu, özü maraqlandırır. Bu şair sonsuz ilham mənbəyini digər insanlarda, hadisələrdə və təbiətdə deyil, bu insanların, hadisələrin və təbiətin onun özündə, öz daxili aləmində doğurduğu hisslərdə və fikirlərdə tapır. Ona hisslər və fikirlər maraqlıdır, bu hissləri və fikirləri doğuran özü maraqlıdır.

Qəribədir, əsla özünə vurğun da deyil. Görünür, ağlı kəsəndən şəksiz inandığı “hər bir insanın sonu ölümdür” fikri onun özü üçün qurub yaratdığı dünya mənzərəsində ən danılmaz həqiqət, ucaltdığı dünya binasının təməl daşı sayılır. Ölümün böylə şəksiz mənasını dəqiq bildiyindən, ona soyuqqanlı, sadəcə sıravi bir təzahür kimi baxmağı da öyrənib. Nəinki özü öyrənib, hətta inadla əzizlərini də çağırır ki, onun ölümündən sonra onu unutsunlar.

“Oğlum! Balam!

Mənə qalmayan, məndən qalan!

Ölən kimi,

üzlərdən-gözlərdən çəkilən kimi

unut, unutdur məni!”

“Dənizlər giləsi!

Sular sonası!

Qağayı səsindən diksinən mələk!

Daha neyləmək?!

Unutmaq çətindir… Döz, unut məni!”

“Ay nuru!

Gün işığı!

Dəcəl, qaragöz qızım!

Mən öləndə yatmışdın,

oyatmağa qıymadım…”

(“Vəsiyyət məqamları” silsiləsindən)

Həyat əgər labüd ölümlə nəticələnirsə, faciədirmi? Şair belə düşünmür, zira ölüm faciə deyil, su və külək kimi adidir. Faciə varmı? Məncə, şair dünyanı faciə kimi deyil, sadəcə, bizdən əsla asılı olmayan bir gerçəklik kimi qəbul edir. Onun üçün dünyanın faciə olması əsas deyil, onun üçün əsas olan bu dünyanın onda doğurduğu qəm-qüssə və kədər hissləridir.

Özü ilə gerçəklik arasında böylə möhkəm ayırıcı səddi çəkməyi bacarmış şair intəhasız dünyanın onun intəhasız ruhunda doğurduğu hiss və fikirləri ifadə etməyə çalışır. Onun əsas müşkülü dünyanın dərki deyil, bu dərkin ifadə çətinliyidir. Onun üçün dünya bəsitdir, bu bəsitliyin onun ruhunda doğurduğu hiss və fikirlərin dolğun ifadəsi əsl mürəkkəb müşküldür. Bu təzadın ən danılmaz ifadəsi Azərbaycan xalq mahnılarının motivləri əsasında yazılmış “Əcəl zəngləri – oğuz boyları” silsiləsidir.

Saf bulaq suyu kimi təmiz və anlaşılan xalq mahnıları şairin dərk dünyasından keçəndən sonra hədsiz qəlizləşir, çoxlaylı dolaşıq bir düyünə çevrilir. “Yar bizə qonaq gələcək” xalq mahnısı. Şairin duyğusunda bu mahnı:

“Neyləmək?!

Mən hazır! Dünəndən hazır!

Mən dünəndən hazır, amma o mələk –

bilmirəm heç bizə nə vaxt gələcək;

Dünən ha gözlədim, gəlib çıxmadı –

heç söz də verməyib sabah gələcək…”

sətirləri ilə həyatın qeyri-müəyyənliyi ifadəsinə çevrilir.

“İt ömrü” silsiləsini oxumağa başlayanda zənn etdim ki, şair Nazim Hikmətin həyat və məfkurə dünyasının təzadlarını həssaslıqla təsvir edib. Sona qədər oxuyub elə belə də düşünürdüm. Hətta şairin digər bir nəhəng yaradıcı adamın daxili dünyasına böylə həssaslığına qibtə etdim.

Şair öz üslubuna xilafmı çıxıb?

Şair öz yaradıcılığını təsvir və təhlil edəndə deyir ki, bu silsilədəki sətirlər yalnız və yalnız onun özünün ani vəziyyətdən doğmuş duyğu və fikirlərinin ifadəsidir, Nazim Hikmətdən gətirdiyi sətirlər isə sonradan ağlına gəlmiş bəzək və haşiyə naxışları imiş…

Bunu oxuyub xeyli güldüm, yadıma Mahmud Qəznəvinin şair Firdousini məhbəsə salması, şairin öz qismətindən şikayət şeirini oxuması və onun zindan yoldaşı çobanın ağlaması barədə rəvayət düşdü. Şair zənn edir ki, çobanı onun şeiri mütəəssir edib. Ehtimalını yoxlamaq üçün çobandan ağlamasının səbəbini soruşanda zindan yoldaşı cavab verib ki: “şeiri oxuyanda şairin tərpənən saqqalı ona sevimli keçisini xatırladıb…”

Görünür, Mahir Qarayevin şeirlərinin əsl mənasını açmaq və anlamaq üçün hətta təcrübəli oxucu belə, zehninə ciddi zəhmət verməlidir. Belə növ şeirlərə dünyada “intellektual poeziya” deyirlər. Mən həmin balaca toplunu artıq iki dəfə oxumuşam və hər dəfə bilmədiyim, duymadığım layları kəşf etmişəm.

Üçüncü oxunuşa hazırlaşıram. Hazırlıq mərhələsi özü də ayrıca xüsusi zəhmət tələb edir.

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #