Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri
13 may 2024
# 15:00

Kulis.az Cavid Qasımovun yeni şeirlərini təqdim edir.

***

Kim nə deyirsə, desin,
Üzümün qırışına,
Saçlarımın ağına .
Hər ötən gün güzgüdə
Özümü oxşadıram
Ölümə məhkum olmuş
Katorqa dustağına.

Bəlkə də, bu qırışlar
Dəmir barmaqlıqların
Üzümdəki əl izi?
Bəlkə, bu ağ saçlarım
Evinə yolun azmış
Qağayının dənizi?

Kim nə deyirsə, desin,
Gözüm görmək istəmir
Gecə boylanan Ayı,
Gündüz çıxan Günəşi.
Nə yaxşı ki, mən idim
Allahın yaratdığı
Ən gözəl, ən sevimli,
Ən sonuncu əl işi.

***

Qəfəs necədirsə,
İçindəki quş elə danışar,
Kəsik-kəsik, doğram-doğram.
Elə də eşidər,
Kəsik-kəsik, doğram-doğram...

Özümü eşidirəm,
Uzaqdan, çox uzaqdan...

Sən necə?
Kəsik-kəsik, doğram-doğram?

Kölgə

Nəyin kölgəsi varsa,
Dağılacaq, uçacaq...
Nə qədər möhkəm olursa, olsun
Kölgəsi varsa, dağılmalıdır körpü,
Yıxılmalıdır bina,
Yox olmalıdır dağ,
Çürüməlidir insan.

Su haqqında düşünmə,
Dənizdən bir az aralı
Özündən sonra
Qara-qara kölgələri qaldı gölməçələrin...

Yadına sal,
Hansı boşluğa düşür
Kölgəsi Ayın, Günəşin,
Yer kürəsinin?

İstər duaların,
İstərsə də adamların getdiyi yerdən əskilmir heç vaxt,
Təkcə yolların kölgəsi olmur...

***

Ağırdır, çox ağırdır,
Ölümü sevirsənsə,
Boynuna keçirdiyin
Kəndir də boyunbağıdır.

Sevin,
Dabanlarında kətilin
Öpüş izi qalar.

Qapını açanda
Tanrıya de,
Yaşamaqdan gəlirəm...

***

Dil bilməyən sərçələr
Bu qışı da qarşıladı
Həyətimizdə.
Yenə dua edirlər:
-Bol olsun süfrələrin çörək qırıntıları...

Dəyirmanların ürəyi daşdan olmasaydı
Köçməzdi ölkədən ölkəyə quşlar...

Zaman ötdükcə anlayıram ki,
Sünbül günəşdən də yandırıcıdır.
Yoxluğu nə ki yeriməyi bacaranlara,
Uçmağı bilən quşlar üçün də utandırıcıdır.

Gileylənmirəm, İlahi, gileylənmirəm.
Buna da şükür,
Bizi sərçələrin duaları saxlayır,
Sərçələri sən.

***

Mən nəsə axtarıram,
Yağışsız buludların səmayla arasında,
Gündüz gedən günəşin boş qalan yuvasında.
Balıqların başında dənizləri dolaşıb
Sahilinə boy verən azadlıq havasında .

Mən nəsə axtarıram,
Payızı əks etdirən çiçəklərin gözündə,
Bəzənib-düzənməyən qışın çılpaq üzündə.
Hələ heç bir insanın ayağı toxunmayan,
Üfüqlərdə yox olan pəmbə çölün düzündə.

Mən nəsə axtarıram,
Döyülən qapıların köhnəlmiş yaddaşında,
Yanağa ilıq-ilıq cuman gözyaşlarında.
Sonra... Sonra gözlərin qırpmadan uzaqlara
Zilləyən o qapqara, qapqara başdaşında...

Mən nəsə axtarıram,
Durna qatarlarının soyuq qanad səsində,
Dua kimi səmimi qu quşu nəğməsində.
Üzüm tənəkləritək bu günümə sarmaşıb,
Sabaha əl uzadan dünənin kölgəsində...

Mən nəsə axtarıram,
Yazmağa çalışdığım şeirin ortasında,
Birinci misrasında, sonuncu misrasında...

***


Mənəm, masamdı,
Bir də masamın qonağı -
Üstündə illər öncə
Külqabıya çevrilmiş tısbağanın çanağı...

Ömür çox ləng gedir,
Bir adam da tapmıram ki,
Soruşum, içimdəki bu kül nədir?..

# 3988 dəfə oxunub

Oxşar xəbərlər

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər