Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı

Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
30 oktyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Maya qədər evlə bağlı bütün işləri yoluna qoydum. Otaqlarımızı gözəl pərdələr, xalçalar, çilçıraqlar, mebellərlə bəzədik. Cavidin otağını Taylanın ixtiyarına verdik.

Evimizin abıra salınmağı üzünə yaman yara düzülmüş Doneşin şəkərini kəlləçarxa qaldırdı. Gözündən, ağzından dil uzadan ilanlara güc gələ bilmədiyindən hər işdə bir nöqsan tapmağa çalışırdı:

- Bu pərdə divar kağızlarına yaraşmır. Bu xalça təbii yundan deyil. Mətbəx mebeli qoz ağacından düzəldilməyib. Səni aldadıblar. Hər şeyi sənə baha satıblar.

Ən sonda nənəmdən qalma bir neçə mis qabı mebelin içinə düzdüyümə lağ eləyəndə səbrim daşdı:

- Get dəlləkliyini öz evində sına, - dedim, - mənə belə xoşdu.

Dərhal şantaja keçdi:

- Hə, mən deyənlər yavaş-yavaş çıxır üzə. Sən tək qadın bu qədər pulu hardan aldın? Hansı sevgilin sponsorluq elədi sənə?

Firəngiz bir kasa üzərliyi Doneşin burnunun ucunda yandıranda elə bil onun erməni toylarında tamadalıq eləyən atasının qəbrinə od vurdular. Kəsərini itirmiş gözlərini qabağına qatıb qapıdan yelbə kimi çıxdı...

***

Əsgərlik müddətinin bitməsinə iki ay qala oğlum o qədər səbirsizlik elədi, məcbur olub Tahir əminin Elyar oğluna bir də ağız açası oldum. Onun köməyilə Cavid mayda yenə məzuniyyətə buraxıldı. Budəfəki gəlişi sırf Mehribana görəydi – qiyabi münasibətləri əyani dostluğa çevrilmək üzrəydi. Maraqlı burasıydı ki, oğlum bacımın bacılığının üç qızından ikisini görmüşdüsə də Mehribanla heç üz-üzə gəlməmişdi.

Xalası qızları Cavidi yaxşıca bəzəyib-düzəyib görüşə yolladılar. Əsgərimiz görüşdən qayıdanacan biz yüz fikrə düşdük:

- Xala, birdən Mehriban Cavidi bəyənməz.

- Bəyənməz bəyənməsin.

- Birdən bəyəndi, Nefertiti də bu yandan peyda oldu, onda neylərik?

- Hələ bir qoy bəyənişsinlər, gerisinə baxarıq.

Axşam oğlum görüşdən gülə-gülə qayıtdı:

- Ana, indi planın nədi?

- Magistratura, sonra nişan, sonra toy...

***

Tahir əminin bir zaman mənlə evləndirmək istədikləri İdrisdən sonrakı oğlu Avroviziya mahnı yarışına müşayiətçi kimi cəlb olunmuşdu. Məndən on yaş böyük Niyazı uşaqlığımda görmüşdüm. Anamın dayısı qızı olan analarını uşaqkən itirmiş oğlanlarını Tahir əmi analıq yedəyinə verməmişdi - birinci arvadından yadigar iki oğlunu internatda oxudub uşaqlıqdan onları sərt, sərbəst həyata alışdırmışdı. Sonucda hər iki qardaş əsgərliyini çəkəndən sonra biri hərbçi, o biri polis kimi ali təhsil alıb mənsəb qazanmışdı. Kəndə-kəsəyə az-az gələn qardaşların uzaqdan yaxşı sədalarını eşidirdik. Niyazı uzun illər sonra bacısı Gülzarın oğlunun toyunda görmüşdüm.

Axırıncı əməliyyatımdan yeddi ay keçmiş Səməndərlə Kamil anamı mənə dəyməyə göndərdilər. Onun bizdə olduğunu eşidən Gülzar qardaşlarını başına yığıb qohumuna baş çəkməyə gəldi. Niyazı bir də onda gördüm, dostluğumuz da elə ordan başlandı.

Həmişə xala deyib əzizlədikləri anama yaxşı sovqatlar gətirmişdilər. Niyaz evin bütün otaqlarına baş təpdi, qazanlarımın ağzını açıb nə bişirdiyimlə maraqlandı, mürəbbələrimi bəh-bəhlə həzmi-rabedən keçirdi. Əziz-xələf qohumları gedəndə anam aşı, dolmanı, dovğanı qazan qarışıq onların maşınlarına yığdırdı, mürəbbələrimi, şorabalarımı öz malı kimi onlara peşkəş elədi.

- Nəyim vardı hamısını sırtıq qohumlarına qoydun, - dedim, - indi özümüz nə yeyək, barmağımızı sümürək?

Anam cavabımı ləngitmədi:

- Sırtıq niyə olurlar, sevin ki, onlar sənin evində tikə dadırlar.

- Sənin əziz Niyazının evdə burun soxmadığı dəlik-deşik qalmadı.

- Ay sözbaz, ərk eləyir dayna, - anam qınaqlı baxışlarını üzümə qamçı kimi çəkdi. - O yazıq ana qucağı görmədi, bacı bişmişi yemədi. Özü yetimxanada böyüdü, qazancını analıq yedi.

- Bir azını da sən yeyəydin.

- Təki canı sağ olsun, mənim öz çörəyim özümə bəsdi.

Anamın gəlişi hesabına Niyazla qohumluq münasibətimiz bərpa olundu. Dostlarının da, özünün də maliyyə işlərinə çox köməyim dəydi. Sonradan bilmişəm ki, o müddətdə öz peşə vərdişindən gəlmə bir adətlə məni dönə-dönə yoxlayıb sınaqdan keçiribmiş.

Ona gördüyüm işlərin heç birini ailədə, qohum-əqrəba yanında dilimə gətirməzdim. Belə-belə mənim etibarıma bel bağlayan simsarım bir gün zəng vurdu:

- Xeyli qiymətli ayın-oyunum var, onları bir aylığına evində saxlaya bilərsənmi?

- Mənim evim Həsəngəl dəyirmanıdı, - dedim, - manşırlı bağla ver işdə seyfimdə saxlayım.

- Seyfdə saxlanası şeylər deyil – hədiyyəlik içkilər, yeygilər, geyimlər qabğarılmış bir neçə iri bağlamadı.

Bir həftə sonra qızlar tətilə çıxıb rayona gedəcəkdilər. Taylan Cavidi gözləyirdi, gələn kimi bir-birinə qoşulub Türkiyəyə yollanacaqdılar – Taylan evlərinə, Cavid gəzməyə. Qızların otağını etibarlı bildim:

- Sentyabra qədər sənə bir otaq verə bilərəm.

Axşama qohumum yükünü gətirdi – Azərbaycan konyakları, Şəki kəlağayıları, Lənkəran çayı, bahalı qablarda bal, quzu dərisində pendir... Hamısı milli mədəniyyətimizin örnəkləri kimi Bakıya gələsi qonaqlara bağışlanacaqdı.

Taylanla köməkli bağlamaları nömrələyib səliqəylə otağın ortasına yığdıq. Qiymətli hədiyyələri siyahıya aldıq – bir nüsxəsini Niyaza verdik, o birini özümüzdə saxladıq. Taylanın mənə canı-dildən kömək elədiyini görən qohumum ona yarışmanın xüsusi kostyumunu (bir dəstini də gələcək gəlinim üçün alıb çantasından çıxarmadan Cavidin çarpayısının üstünə qoydum), üstəlik, biri açılış, biri də bağlanış mərasiminə iki bilet bağışladı. Daha sonra mətbəx mebelimizin boş gözlərini bahalı içkilərlə, balla, çayla, kofeylə doldurdu:

- Bu da mənim sənə hədiyyəm olsun, - deyib getdi.

Taylanı qaşınma tutdu:

- Annəm, Solmazla Doneş bu biletləri görsələr çatlayacaqlar.

- Sən də göstərmə, gizlə.

- Bunu məndən istəmə, gizləməyəcəm, lap elə bu dəqiqə Solmaza zəng vurub deyəcəm. İki aydı onlar bu yarışmaya bilet arayırlar...

***

Bu yandan da Nuşu xalanın yükü üstümə gəldi – qızı Vyanaya yerləşib burdakı evlərini satmışdı. Təzə qonşular mənzili boşaldıb təmir eləmək istəyirdilər. Qız gəlib satılası əşyaları dəyər-dəyməzinə satdı. O da anasının qiymətli mal-madarını Moskvaya yola salana kimi bizə yığmaq üçün məni dilə tutmağa başladı.

- Ay Roza, bir azdan Cavid gəlir, qızların otağına da Lalənin mir-mitilini yığmışam - yalandan dedim, - bu qədər toz-torpaqlı yükü mən yenicə təmirdən çıxmış evin harasında saxlayım?

- Bilmirəm, ay Bircə, anam deyir əziz qonşum mənim malımı çölə atmaz.

Keçə yamanmış üzüm duz-çörəkdən keçə bilmədi, gecəylə Niyazın qiymətli mallarını daşıyıb otağıma yığdım, Nuşu xalanın tozlu yükünü qızların otağının ortasında tayaladım. Öz otağımın qapısını bir dəqiqə açıq qoymurdum, bağlayıb açarı Taylana verirdim.

Az keçmiş Taylan biletləri göstərib Solmazı şişirtdi, Niyazın bağışladığı kostyumu geyinib Şəfaya yandıq verdi. Bu səfər çöpəgülən də mənə hücuma keçdi:

- Bilirsən ki, biz neçə aydı o biletlərin, o geyimlərin sorağındayıq. Heç olmasa birini Solmaza hədiyyə verəydin.

Kostyumun iki şalvarı, iki köynəyi, bir jileti, bir kurtkası, iki papağı, iki cüt də corabı, ayaqqabısı vardı.

- Bircə, Taylanı yola gətir hərəsindən birini Solmaza versin.

- Onu Taylana bağışlayıblar, uşağın əlindən ala bilmərəm.

- Heç olmasa biletin birini bizə versin.

- Vallah onu da deyə bilmərəm.

- Taylan Solmaza deyirmiş ki, səndə bir topa bilet var.

Məni gülmək tutdu:

- Taylan Solmazla zarafat eləyib.

Solmaz Cavidin otağından gəlinimin adına götürdüyüm dəsti gətirəndə ikimiz də bir-birimizə girdik:

- Apar yerinə qoy, - dedim qıza, - onun yiyəsi var.

Şəfa çantanı qamarlayıb sinəsinə sıxdı:

- Verməyəcəm, bu mənim qızımın olmalıdı.

Əri kimi üzbar, kəlləmşah, sırtıq gəlinin əlindən paltarı güclə aldım:

- Ay balam, bunları bizə bağışlayıblar, - dedim, - yaxşı nə varsa gərək elə sizin olsun?

Dəsti yenidən çantaya basdım, çantanı oğlumun otağına qoyub geri dönəndə Şəfayla qızı qapıdan yelli çıxdılar. Taylan sevincindən uçurdu:

- Ya annəm, ovum gülləyə gəldi, bu gecə onlarda Avroviziya başlamış olacaq.

Taylana cocudum:

- Ovçu Əhmədin dağarıdı, sən də dığırlat, mən də. İtlərin ağzını niyə açdırdın üstümə?

- Annəm, Əhmədi-Məhmədi mən bilməm, hələ də özümü çimdikləyirəm – doğrudanmı o arenanı, o stadı mən də görəcəm?

O geyimlər, o biletlər ikimizə də baha başa gəldi – yarışma başlayana qədər Doneş neçə dəfə üstümüzə hücum çəkdi. Bileti, formanı hardan aldığımla çox maraqlandı, məndən bir şey qopara bilməyəndə başladı Taylanı dilə tutmağa. Tapdığım ona tutalğamı verərdi?

Amma uşağımın kiçicik ehtiyatsızlığı bizim həmişəlik ayrılmağımıza səbəb oldu...

***

Yarışmanın açılış günü Taylan səliqəli geyinib bəzəndi, boynuma sarılıb dedi:

- Sən çox böyük qadınsan, gözəl annəsən. Bir oğlun Vətənin sərhədlərini qoruyur, bir oğlun da bəzənib Avropanı qarşılamağa gedir.

- Şişmə, ehtiyatlı ol, itib eləyərsən.

- Annə, qorxma, itmərəm, - dedi, - ancaq oturum iznimin vaxtı bitib, polisə yaxalansam elə bu geyimdə aeroport və deport.

Tapdığın qulaqlarından sallaşdım:

- İraq olsun! Ona görə də dilini qoy dinməzinə, heç kimə ilişmə, çalış danışma.

O, qapıdan çıxhaçıxda Niyaz də özünü təntik yetirib bağlamalardan bir neçəsini götürdü. Taylanı qoşdum qohuma:

- Bunu sənə tapşırıram, sənədləri qaydasında deyil.

Niyaz telefon nömrəsini Tapdığıma verib dedi:

- Mən başqa yerdə olacam, qonaqları qarşılayıb restorana aparacam, çətinliyin olsa zəng vur.

Onlar pilləkəni enəndə Həmid qalxırdı. Taylan duruxub üzümə baxdı, qayıdıb pilləkən yuxarı mənə tərəf qalxdı. Uşağın üzündəki qorxunu sezdim, barmağımı dodağıma söykəyib onu kiritdim:

- Get, qonaqlar səni gözləyirlər, sənsiz açılış olası deyil.

Üzümə təbəssüm şəkli çəkib Taylanı arxayın saldım. Doneş onların ikisinə də diqqətlə baxa-baxa yuxarı ilmanırdı. Niyaz geri qanrılıb mənə səsləndi:

- Ola bilər bir azdan yenə qayıdım, yəqin evdə olarsan.

- Hə, evdəyəm, - deyib qapını möhkəm vurdum.

Doneş xeyli zəngi basdı, qapını döyəclədi, telefonları çığırtdı, heç birinə cavab vermədim. Az keçmiş bacısı Ofeliya məni yığdı:

- Ay Bircə, o biletləri, kostyumları hardan almısan, - soruşdu, - bəlkə bizə də görüm-baxım eləyəsən?

- Onları mənə bağışlamışdılar, - dedim, - mən də Taylana verdim.

- Nolar bizə də versinlər, açılışdan əlimiz çıxdı, heç olmasa bağlanışa gedək. Bu, bir tarixdi ee, bunu görmək lazımdı. Sən o adamın əlaqə nömrəsini ver, mən özüm danışaram onunla.

- Danışmağın mənası yoxdu, adam bizə öz payını verdi.

Əlbəttə, yalan deyirdim – Niyaz o biletlərdən bizə bir topa gətirmişdi, mən də hamısını iş yoldaşlarıma, qohuma, qonşuya paylamışdım. Axıra qalan bir neçəsini isə Cavidin otağında gizləyib oğlumun kolleksiyası üçün saxlamışdım.

Xınfısburun nəfəs dərmədən mənə mesaj yazırdı: “Sən o sırtıq, qapı tulası türkü konsertə göndərdin, mənim kraliçamı, şah damarımı ağlar qoydun. Bunun qisasını səndən alacam...”

***

Televizorla Avroviziyanın təntənəli açılışına baxa-baxa əvvəlcə Laləylə, sonra Səməndərlə telefonlaşdım. Niyaz yenə amanatlarının dalınca gəlirdi, onun aparası olduqlarını daşıyıb qapının ağzına yığdım. Mənə üstü bəzəkli bir torba da uzatdı:

- Bunu bir çex dostum verdi, deyəsən yaxşı şeydi, mən də sənə bağışlayıram.

Niyaz qapıdan çıxmamış Həmidlə Şəfa özlərini yetirdilər. Qohumum onlarla tanışlıq eləyib dedi:

- Bu günlük işim bitdi, dincəl, daha səni narahat eləməyəcəm.

Doneş dəli dana kimi gah mənə, gah Niyaza baxırdı. Şəfa əlimdəki torbanı eşirdi. Kişi pilləkəni düşən kimi çöpəgülənin başını torbadan çıxardım, otağımın qapısı ağzında əlini belinə vurub üstü yarışmanın holoqramıyla möhürlənmiş qutulara baxan Həmidi geri dartdım, torbanı çarpayımın üstünə vızıldadıb qapını açarladım.

Şəfa əlindəki şokoladı ağzına ötürüb heyrətlə üzümə baxdı:

- O cür konfetləri niyə bizdən gizlədirsən, versənə yeyək. İçində əla bir kofe də vardı.

Açarı ovcumda bərk-bərk sıxıb əlimi xalatımın cibinə basdım:

- Mənim deyil, amanatdı, yemək olmaz.

Doneş mətbəxdə Niyazın verdiyi bahalı içkiləri saytallayırdı:

- Ay Şəfa, mən sənə deyirdim bunun gizli işləri var? Bəlkə də hansısa mafiyanın üzvüdü. Bu evi-eşiyi necə təzələdi, bu mebelləri nəylə aldı? Pərdələri mənim maşınımdan bahadı ee.

- Şokolad çox dadlıydı, - Şəfa ağzını marçıldatdı.

Həmid büllur konyak şüşəsini işığa tutub dedi:

- On iki illik konyakın bilirsən nə qədər qiyməti var?

Şüşəni Doneşin əlindən alıb yerinə qoydum:

- Malınız oğurlanıb, nə axtarırsız, sizi bura kim çağırdı?

- Sən küçədən tapdığın türkü konsertə göndər, mənim qızımı da ağlar qoy. İndi de görək o kişi kimiydi bayaqdan sənin evindən qutular daşıyır? Şəfa, bax görərsən, deyəcək qohumumdu.

- Bəli, qohumumdu.

- Otağının qapısını niyə bağladın, açarı da cibində bərk-bərk tutmusan?

- Sizə nə var, ev mənimdi, özüm bilərəm.

Qaçıb Cavidin otağından dörd bilet gətirdim, dördünü də onların gözünün qabağında cırıb atdım:

- Yaxşı elədim sizə bilet vermədim! Niyə verim, səni öhdəmə götürmüşəm? Bəsdi yoldan keçənə yumaq açdırdığın. Mənim evimə gəlib-gedəndən sənə nə? Haydı, açılın başımdan, rədd olun evimdən!

Həmid arvadına gözlərinin ağıyla baxa-baxa dedi:

- Şəfa, bu, belə qara-qışqırıq salırsa deməli nəsə ciddi bir şey var, bəlkə də otağında adam gizlədib.

Şəfa pambıq çiyidinə bənzər gözlərini üzümə dikib:

- Mənə heç nə lazım deyil, - dedi, - o şokoladdan yeyim, kofedən də içim, gedim yatım.

Sonra ərinə sarı çöndü:

- Sən necə kişisən e, niyə Bircənin aldığı şeylərdən sən də almırsan?

- Mənim onları almağa gücüm çatmaz. Bircə almır ki, ona alırlar. Xidmət elədiyi mafiya onu belə şeylərlə mükafatlandırır.

Əyilib biletlərin cırıqlarını yerdən yığdı, kağız parçalarını birləşdirib tarixinə baxdı, baxmağıyla da balası ölmüş eşşək kimi içini çəkməyə başladı:

- Şəfaaaaa, açılış biletlərinə baaaax! Mənim qızımı gözüyaşlı qoyduuuu!

Dediyim kimi, onları oğlumdan ötrü saxlamışdım – Cavidin konsert, kino biletlərindən ibarət kolleksiyası vardı. Həmid mənlə deyişdikcə Şəfa otaqları gəzib əlinə keçəni ağzına dürtürdü.

- Heç olmasa adamın kimliyini de evimizə rahat gedək.

- Heç rahat olma, qalx süpürül burdan.

Xoşluqla bir şey qopara bilməyəndə yenə şantaja keçdi:

- Eybi yox, onda mən də polisə məlumat verərəm, deyərəm sən kimləsə əlbir olub dövlətin malını talayırsan.

Mərdimazardan qorxduğumu gizlətmək üçün qışqırıb-bağırmağa başladım:

- Bəsdi canımı boğazıma yığdığınız, - dedim, - durun rədd olun evimdən!

Özümə-sözümə nəzarəti itirmişdim, nə dediyimi, nə danışdığımı bilmirdim. Birdən Şəfa çiyid gözlərini bərəldib üstümə şığıdı:

- Ay Bircə, qapı döyülür.

Səsimi xırp kəsib saata baxdım: Taylan hələ konsertdəydi. Ağlıma Xədicə gəldi. Qaçıb qapını açdım. Gülü xala məzlum-məzlum üzümə baxıb titrəyirdi:

- Təzyiqim qalxıb, ay Bircə, mənim iynəmi vur, - deyə-deyə bizi yarıb özünü qonaq otağındakı divana yıxdı.

Ər-arvad donuxmuşdular. Tanometri qonşumun qoluna bağladım.

- Ay qızım, heç bilmədim qonağın var.

İti sözlü, kəsə danışıqlı Gülü xala divarda saata baxdı, qonaqlarımı süzüb dedi:

- Bu vaxta da qonaq qalmaz ey, sabah işə getməlisən axı.

Onların dəbərmədiyini görən arvad ərklə məni buyurub:

- Bir çay süz gətir, - dedi, - onsuz da türkün gəlməyincə yatan deyilsən.

Ardınca da qonaqlarıma yağlı bir güllə vurdu:

- Dəyirmanda dəniniz də yoxdu, şahad üstündə başınızı niyə yardırırsız? Gərək o hırrıxanaya siz də gedəsiz, dul arvad hardan alsın sizin istədiyinizi?

Torpağı bir yerdən, özü də çox tapdaq bir yerdən götürülmüş ər-arvad qapıdan çıxan kimi Gülü xalanın eyni açıldı:

- Az, özünə hək gəlmə, - dedi. - mənə heç zad olmayıb. Gecənin bu vaxtı çay içsəm gərək yatmayam. Səsini eşidib özüm qəsdən gəldim. Sən Allah bir də elə qışqırma, başına qan sıçrayar.

Dörd övladdan artırdığı şəfqətindən mənə də pay düşən ananı qucaqlayıb doyunca ağladım, silinsimiş üzümü onun iri döşlərinin arasında gizlədim:

- Bu şəhər həya pərdələrimin hamısını yırtıb məni lümlüt qoydu, - dedim, - abrımı üzümdən yuyub apardı, diri gözüm ölü canıma baxınc oldu.

- Ay Bircə, sən tilicə-tilicə qızılsan, elə demə, - arvad da mənə qoşuldu. - Olacaq olmalıydı. Heç olmasa indən belə o dediyin abırsız üzünü abırsızlara göstər. Mən gedirəm, yat canını dincə qoy. Qəddini əymə, qovanın qabağından qaçma, qaçdıqca yazıq olacaqsan...

# 9359 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #