Puşkin və 44 günlük Vətən müharibəsi – Cavid yazır...

Puşkin və 44 günlük Vətən müharibəsi – Cavid yazır...
24 fevral 2021
# 15:13

Kulis.az yazıçı-esseist Cavid Ramazanovun “Necə etməli?” essesini təqdim edir.

Aleksandr Sergeyeviç Puşkin 1828-ci ildə sürgündə olan dostlarını ziyarət etmək üçün Qafqaz səyahətinə çıxır. Moskvadan Vladiqafqaza, oradan da Gürcüstan Hərbi Yoluyla Tbilisiyə gəlir. Amma burada ona əyan olur ki, dostları Osmanlı üzərinə təşkil olunan hərbi yürüşə qoşulublar. Şair də həvəslənir, qələmini itiləyir, altdan geyinib üstdən qıfıllanır və Ərzuruma yola düşür.

Artıq xəstə və yorğun Osmanlının dizlərində taqət qalmayıb, var gücüylə müqavimət göstərsə də, ruslar onu yerə yıxıb daha bir dişini əzab-əziyyətlə damağından çıxarırlar: beləcə türklərin Asiyadakı ən vacib qalası sayılan Ərzurum da gavurların əlinə keçir.

Puşkin şəhərin alınmasını təfərrüatları ilə təsvir edir: məğlub müsəlman əhali rusları düşmən nəzərlərlə qarşılayır, ermənilər isə şəhər meydanında bayram edirlər.

Səyahətnaməni oxuyarkən, bu coğrafiyada təxminən iki əsr ərzində bəzi şeylərin necə radikal şəkildə dəyişdiyinə, bəzi şeylərin isə necə olduğu kimi qaldığına təəccüb edirsən. Ətrafa şairin gözləriylə baxarkən, şimali qafqazlıların ipə-sapa yatmadıqlarını, kefcil gürcülərin mahnı oxuyub şənləndiklərini, ermənilərin əllərində xaçlarla rusları “Xristian!” deyib qarşıladıqlarını, türklərin isə ölümcül yaralara baxmayaraq, təslim olmaq istəmədiklərini görürsən.

Bölgənin xalqları barədə də təfsilatlı yazır Puşkin: çərkəzləri, osetinləri, gürcüləri, erməniləri, türkləri müfəssəl təsvir edir. Amma bircə azərbaycanlılara, həmin dövrdəki adlarıyla tatarlara növbə çatanda, o, sanki nədənsə həvəssizləşir, kinayəli də olsa, bir-iki söz demək ehtiyacı hiss edir:

Image result for puşkin

"Səyahətin ləngliyi (birinci gün cəmi on beş verst yol gedə bilmişdik), qovurucu isti, ərzaq qıtlığı, gecə düşdüyümüz yerlərin narahatlığı və arabaların susmaq bilməyən qıcırtısı axırda əhvalımı əməllicə korladı. Tatarlar arabalarının qıcırtısı ilə öyünürlər. Şərəfli insanlar kiminsə qarşısında nəyisə ört-basdır etmək məcburiyyətində deyilmiş. Qoy hamı onların səfərdə olduğunu eşitsin... Səmimi desəm, bir də şərəfinə bu qədər düşkün olan bir camaatla səyahət etmək istəmərəm".

Başqa bir məqamda isə şair, tatarların yaralı türk əsgərlərini necə amansızlıqla qarət etmələrindən yazır:

“Türklər əks-hücumu görəndə, geri qayıtdılar. Bizim tatarlar yaralı türkləri bir göz qırpımında soyub tarlanın ortasında çılpaq vəziyyətdə qoyurdular. General Rayevski xəndəyin kənarında idi. Polkovnik Simoniç tatarları arxaya qaytardı”.

Puşkinin Qafqaza və Ərzuruma səyahət qeydlərini oxuyarkən, sənə bir daha aydın olur ki, təxminən 2 əsr əvvəl azərbaycanlılar bölgədə “səssiz çoxluq” olublar. “Nə” kimi, yəni subyekt kimi mövcud olsalar da, “necə” mövcud olmaları, yəni üslubları elə də cəlbedici olmayıb. Puşkinin müşahidələri əsasında mühakimə qurmaq doğru olmazdı bəlkə də, çox güman, məhz elə belədir. Amma bəzi məqamları əxz etmək üçün bu səyahətnamə maraqlı ipucları verə bilər.

***

Əvvəla, ondan başlayaq ki, biz istəsək də, istəməsək də xalqları həmişə üslublarına görə qəbul edir və qiymətləndiririk. Bizim gözümüzdə almanlar dəqiqdirlər məsələn, ingilislər siyasətçi, fransızlar kübar, amerikalılar işbaz, türklər çılğın, ermənilər xain, hindistanlılar yoxsul, çinlilər çox, yaponlar isə ağıl dəryasıdırlar.

Rus-Türk müharibələri: 350 ilin qarşıdurması – TARİXİ ARAYIŞ

Bu cür radikal ümumiləşdirmələri oxuyan hansısa akademik təmayüllü birinin başından tüstünün çıxmayacağına heç kim zəmanət verə bilməz. Amma neyləməli, yaradıcı düşüncə insana geniş təsəvvür və təsvir imkanları qazandırır. Kimin necə fikirləşməyindən asılı olmayaraq, sadə insanlar təkcə fərdlərin deyil, xalqların da davranış və düşüncələriylə bağlı stereotiplərə sahibdirlər və bu stereotiplər nadir hallarda dəyişir. Puşkini kənara qoyub götürək görkəmli avstriyalı yazıçı Tomas Bernhardı, o, muzeydə oturub həndəvərini müşahidə edərkən, xalqları belə təsvir edir:

“Axır vaxtlar Sənət Tarixi Muzeyini fransızlarla müqayisədə italyanlar, amerikalılarla müqayisədə ingilislər daha çox ziyarət edirlər. İtalyanlar anadangəlmə istedadlarıyla sanki doğuşdan mütəxəssisdirlər. Fransızlar muzeydə bezgin-bezgin gəzir, ingilislər elə davranır, elə bi,l hər şeyi bilir və hər şeyə bələddirlər. Ruslar heyran qalıblar. Polşalılar hər şeyə təkəbbürlə nəzər yetirirlər. Almanlar isə Sənət Muzeyində salonları gəzərkən ancaq kataloqlara baxırlar, divarlardan asılı orijinalları demək olar ki, görmürlər, elə ancaq kataloqlara baxır, muzeydə gəzdikcə kataloqlara daha da inadla baxırlar, ta ki, kataloqun axırıncı səhifəsinə gələnə və muzeydən çölə çıxana qədər. Avstriyalıların, məxsusən vyanalıların cüzi hissəsi Sənət Tarixi Muzeyinə gəlir, hər il muzeyə məcburi ziyarətlər edən məktəbliləri saymasaq..”

Üslubu bəzən kinayə, bəzən mədhiyyəylə ayırd etmək, nəticə çıxarmaq və mühakimə yürütmək sadəcə olaraq insanın təbiətindədir. Bəs azərbaycanlıların üslubunu necə təsvir etmək olar? Ümumiyyətlə, bizi öz gözümüzdə və başqalarının gözündə özünəməxsus göstərəcək hansısa üslubumuz varmı? Biz nə vaxtsa bu üslubu, onun müsbət və mənfi cəhətlərini kəşf etmək və analiz etmək üçün şüurlu şəkildə nəsə etmişikmi?

***

Məncə, bizim üslubumuzun qeyri-müəyyən, qeyri-kamil və cazibəsiz olmasının əsas səbəblərindən biri odur ki, biz üsluba əksərən əhəmiyyət verməmişik. Bizim üçün “necə” əksərən taleyüklü sual olmayıb. Necə danışmaq, necə davranmaq, necə yazmaq, necə siyasət aparmaq, necə fəaliyyət göstərmək, necə yaşamaq, necə mövcud olmaq kimi suallar birinci dərəcəli əhəmiyyət kəsb etməli ikən, bizim üçün çox vaxt ikinci, üçüncü, dördüncü, beşinci dərəcəli əhəmiyyət kəsb edib, bəzən isə ümumiyyətlə, heç bir məna daşımayıb.

Əgər öz aləmimizdə sənətlə məşğul olmuşuqsa, fikirləşmişik ki, nə təhər gəldi uzun bir mətn yazıb ora-burasına bir-iki dialoq, təsvir, bədii element əlavə edib adını roman qoyduqsa, kifayətdir. Əsas odur, ortada “nə” isə var, “necə” olması isə o qədər də əhəmiyyət daşımır. Olana şükür.

Əgər öz aləmimizdə siyasətlə məşğul olmuşuqsa və haqlı olduğumuza inanmışıqsa, fikirləşmişik ki, “nə“ isə demək kifayətdir. “Necə” demək isə bir o qədər də böyük əhəmiyyət daşımır. “Necə” demək, əlavə başağrısı, zəhmət, hətta söhbəti yayındırmaqdır. “Nə” isə deyəndə, bizi başa düşən düşər, düşməyən isə ya “qanmaz”dır, ya da özünü “qanmaz”lığa qoyub.

Əgər öz aləmimizdə ictimai fəaliyyətlə məşğul olmuşuqsa, fikirləşmişik ki, bir yerə yığışıb başdansovdu bir tədbir keçirdiksə, bir-birimizə çəpik çalıb dağılışdıqsa, kifayətdir. Daha “necə” edib əlavə əziyyət çəkməyə, ürək qoymağa, əmək sərf etməyə ehtiyac yoxdur. Əsas odur, “nə” isə elədik. “Nə” isə var.

“Nə” sualı bəsit bir mövcudluğu ifadə edirsə, “necə” sualı artıq üslub və sənətkarlıq barədə düşünməyə vadar edir. Bizim fəaliyyətimiz isə əksərən “nə”lərlə məhdudlaşdığından, işlərimizdə də mövcudluq xatirinə bir mövcudluq, elementarlıq və həvəskarlıq olub.

Bizdə çox vaxt “necə” sualı, yəni üslub və sənətkarlıq yanğısı çatışmayıb.

***

Bəs son müharibə?

Bəli, müharibə də bir üslubdur. Şübhəsiz ki, 44 günlük müharibə bəlkə də ilk dəfə çoxluğun şüurlu şəkildə səssizliyini pozması, “Mən də varam!” cavabını verməsi idi. Puşkin “tatarların” bir vaxtlar anlaqsızca soyduqları türk qardaşlarının köməyilə Rus İmperiyasının sadiq təbəəsinin belini yerə vurduqlarını və məhv edilmiş rus silahlarını paradda sərgilədiklərini görsəydi, yəqin, həyatının növbəti tir-tapını yaşayardı. Amma hər halda “tatarların müharibəsi” haqqında, misralarına dövrün insan hüquqları, pasifizm və liberalizm ədviyyatını əlavə etməklə, iynəli bir həcv yazmağından da qalmazdı.

Müharibə kəskin bir üslub olsa da, nə qədər haqlı olmağından asılı olmayaraq, əksərən rəğbət doğurmayan üslubdur, gözdən salınmağa, həcv olunmağa, iynələnməyə açıq üslubdur.

Ona görə də əgər müharibən haqlıdırsa belə, başqalarının ona haqq qazandırmamasından küsüb inciməkdənsə və ya coşub gurlamaqdansa, sən özün ona haqq qazandırmağı bacarmalısan. Alternativ bacarıqlarını və keyfiyyətlərini ifadə etməyə qabil olmalı, ən azı bunun üçün çalışıb çabalamalısan. Saysız-hesabsız “necə” sualını vermədən isə bu çətin ki, mümkün olsun.

44 günlük müharibə azərbaycanlıların qarşısındakı “Olmaq, yoxsa olmamaq” sualının cavabının “Olmaq!” olduğunu göstərdi.

Amma növbəti bir sual ortaya çıxıb: necə olmaq?

Bax, indi budur əsas məsələ.

# 2840 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #