Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri

Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
12 may 2021
# 14:24

Kulis.az dahi Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin seçmə şeirlərini təqdim edir.

Niyə getdin? Niyə döndün? Niyə baxdın?

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Qızlar məktəbində

— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
— Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...

Mənim tanrım

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.

Vərəmli qız

Sarı gül! Ey şikəstə, solğun nur!
Niçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oqunur,
Söylə, bir söylə, sən niçin soldun?!

Düşünüb durma böylə incə, dərin;
İncəlik, ya dərinlik afətdir.
Nerdə əvvəlki tatlı cilvələrin?
Bu nə halət, nasıl qiyafətdir!?

Bən dilərdim ki, cümlə züvvarın
Sana həmşireyi-səfa deyələr!
Niçin ağlar nigahi-bimarın,
Səni qoynunda bəsləmişmi kədər?!

Ah... bilməm nə sehr var səndə,
Könül ancaq səninlə nəşə bulur.
Sən mələksin, təvərrüm etsən də,
Yenə ruhum sənin əsirin olur.

Görmədim

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,
Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,
Bən hənuz əsla cəfadən başqa bir şey görmədim.

Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,
Həp visali daima təqib edər bir ayrılıq,
Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!
Seyr edib boş iddiadən başqa bir şey görmədim.

Gördüyüm hər müztərib simayə duydum mərhəmət,
Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;
Aşina zənn etdiyim hər yüzdə heyhat!.. Aqibət
Boş təməllüqdən, riyadən başqa bir şey görmədim.

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.
Hər səadət rühü oxşar pək sönük bir şölədir.
Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir...
Görmədim, əsla bəladən başqa bir şey görmədim.

# 18859 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

12:00 2 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər