Lağlağıya çevrilən gənc şair - Rauf Ra yazır

Lağlağıya çevrilən gənc şair  - Rauf Ra yazır
9 iyun 2021
# 11:00

Kulis.az Rauf Ranın "Utansan da, oynamalısan" adlı yazısını təqdim edir.

Dünən bir dostum Mark Rotkonun sadəcə şaquli və ya üfüqi bir neçə rəngdən ibarət olan əsərlərinin inanılmaz qiymətlərə satılmasının səbəbini soruşurdu. Hətta deyirdi ki, əli fırça tutan hər bir kəs bu rəsmləri çəkə bilər.

Təbii ki, heç də haqsız deyil, əli fırça tutan hər bir kəs Rotko kimi müxtəlif iki-üç rəngi bucaqlı formada təsvir edə bilər. Çünki bu rəsmləri çəkə bilmək üçün hansısa qeyri-adi rəsm bacarığına sahib olmağa ehtiyac yoxdur.

Rotkonun "Narıncı, qırmızı, sarı" əsərində etdiyi kimi əlimizə fırça götürüb düzbucaqlı formaya salacağımız narıncı, qırmızı və sarı rəngləri alt-alta təsvir edirik. Sonrasında da biz Mark Rotko oluruq, çəkdiyimiz rəsm isə nə zamansa hərracda 86,9 milyon dollara satılır, satılır, satılır...

Yox, təəssüf ki, nə rəsm satılır, nə də biz Rotko oluruq. Artıq burda dayanmaq və əlimizdəki fırçanı bir kənara qoyub düşünmək lazımdır ki, Rotko bizim etdiyimizdən fərqli nə etmişdi?

Rotko mücərrəd ekspressionizm anlayışının ən mürrəkkəb, təsvirinin isə ən sadə halını təsvir edirdi. Rəng sahəsinin təsviri rənglərin yox, rənglər vasitəsi ilə düşüncələrin, duyğuların təsviri və ya təqlidi idi. Yəni rənglər həm təsvir olunana, həm də təsvir üçün vasitəçiyə çevrilirdi.

Platonun sənətə yanaşdığı kimi yanaşsaq, qeyri-varlıqdan varlığa keçid edib yaranan sənətdə, abstrakt ekspressionizmin rənglərinin yoxluğu düşüncə və duyğunun varlığını, varlığı isə yoxluğunu yaradırdı. Mücərrəd ekspressionizm və Mark Rotkonın əsərləri - rəngləri haqqında uzun-uzadı danışmaq olar.

Sözümün kəsəsi odur ki, biz əlimizə fırçanı götürüb Rotkonun etdiyi kimi iki-üç rəngi alt-alta təsvir etdikdən sonra onun bizdən fərqli nə etdiyini düşünməyə başlayırıq. Rotko isə görüntüdə heç bir şey ifadə etməyən rəngləri təsvir etmək üçün əlinə fırçanı götürməmişdən əvvəl uzun illər rəng sahəsinin və mücərrəd ekspressionizmin təsviri barəsində düşünmüşdü. Yəni rəssam ideyasını təsvir etmirdi, sadəcə rəngləndirirdi. Ən əsası Rotko bunları təqdim etməyi bacarmışdı. Doğru təqdimat rəssamın Mark Rotko olmasına, əsərlərinin isə inanılmaz qiymətə satılmasına gətirib çıxardı.

Biz isə modern əsrin bu günündə ən önəmli məsələləri yola verməklə məşğuluq. Yaradıcılığımızı nə doğru şəkildə təqdim edə bilirik, nə də yaratdığımızın dəhlizə açılan ilk qapısına - tərtibatına ciddi yanaşırıq. Məsələn, fikrimizin Samirə Əfəndinin geyimində, bu geyimlə yallı getməsində, sözün hər iki mənasında "Mata Hari"nin yanında olduğu bu günlərdə qarşıma müsabiqədə Fransanı təmsil edən feminist musiqiçi Barbara Pravinin bu ilin martında çıxmış "Les prières" ("Dua") adlı albomu çıxdı.

Albomun üz qabığında uşaq estetikasıyla çəkilmiş qadın obrazı, qadının saçlarının əvəzinə isə tam ortasında göz olan günəş var. Günəşin şüaları isə uzanaraq qadının saçlarını simvolizə edərək dizaynı tamamlayır. Bir zamanlar insanlar günəşi qadın kimi təsəvvür ediblər. Belə olduqda da təsəvvürdə günəşin şüaları qadının saçları ilə yerini dəyişirdi. Bu qədər sadə və qısa məzmun ilə dəhlizə əsrarəngiz bir qapı açılır. Günəşin öz şəfəqini "saçması" ilə mənzərə daha da "aydınlanır".

Bizdə isə təkcə nəşr olunan kitabların üz qabığına baxdıqda dizayn işinə - ilkin təqdimata nə dərəcə ciddi yanaşılıb-yanaşılmadığı anlaşılır. Detektiv motivlərin hələ də qan və qandal, sevginin al qırmızı ürəklə təsvir edildiyi dizaynların yaratdığı monoton yolçuluq təqdim olunanı ilkin görünüşü ilə cəlb etmək yerinə, uzaqlaşdırmaqla məşğuldur.

Yaradıcılığın təqdim edilməsi həm də müəllifin sənət kimliyinin təqdimatıdır. Son illər "gənc şair", "gənc yazar" kimi kimliklərin yumoristik obraza çevrilməsinə səbəb də yaradıcılığın və sənət kimliyinin gülünc təqdimatıdır. Yəni ədəbi kimliyimiz qalstukunu, kostyumunu çıxardı, çox keçmədi, getdi, kloun geyimini geyindi.

Elza Seyidcahanın yazdığı mətnlər də bu tragikomediyanın tragediyasına da, komediyasına da xeyli əlavələr etdi. Artıq hazırda şeirdən müxtəlif sahələrdə komediya janrında istifadə edilir.

Mövzu təqdimat bacarığıdırsa, Elza Seyidcahanın yazdığı mətnlər barəsində qəribə səslənəcək bir sual da əlavə etmək olar. Əgər Elza xanım bu mətnləri dadaistik mətnlər kimi təqdim etsəydi, o zaman nə baş verərdi?

Bunun üçün təxəyyülümüzü işə salaraq Elza Seyidcahanı Tristan Tçara, Ball Huqo, Marsel Düşan ilə birlikdə Volter kabaresində təsəvvür edək və bundan sonra Elza Seyidcahanın yazdığı mətnləri xatırlayıb, əvvəla özümüzə təqdim etməyə çalışaq. Əgər alınmasa, yuxarıdakı suala ritorik yarlığını yapışdırıb keçmək olar.

Lakin istər elə, istər belə Elza Seyidcahanın da yazdığı mətnlərlə bu tamaşaya qoşulması ədəbi mühit üçün "dadaizm sonrası" effektini yaratmalı idi. Gəl ki, heç bir faydası olmadı.

Yazının sonuna yaxın onu da qeyd edim ki, yəqin ki, siz hazırda bu yazını "Kulis"in təqdim etdiyi, yazıdan çıxarılmış hansısa başlıq altında oxuyursuz. Yazıların dijital platformalarda "bəzi" başlıqlar altında yayımlanması müəyyən qədər başadüşüləndir. Çünki bu ilk növbədə tələbə verilən təklifdir. Və ölkədə sənətə qarşı münasibəti göz önünə gətirdikdə bəlkə də bu tələbə cavab verilməsə, sənət platformalarının varlığı və davamiyyəti sual altında qalar. Lakin hər nə qədər bu dijital platformalar üçün başadüşülən olsa da, bundan sadəcə kütlə duyğularının mücərrəd bozluğundan yararlanmağa çalışdıqda hər şey kimi bu da öz təyinatından çıxaraq yumoristik obrazlar yaratmağa başlayacaq. Bununla yanaşı platformalar da öz ciddiliyini itirəcək.

Artıq ədəbi mühitdə yaranmış və ya yaradılmış vəziyyət elədir ki, elə bu yazının da təqdimatındakı "gənc yazar"ı gördükdə istər-istəməz özüm də düşünəcəm ki, bu "gənc" etiketi həqiqətən gənc olmanın göstəricisidir, yoxsa...

Bilmirəm.

# 2460 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #