Müəllimini güllələyən şagirdin dəhşətli sirri

Müəllimini güllələyən şagirdin dəhşətli sirri
6 fevral 2026
# 12:19

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bu gün Bakıda, "İdrak" liseyində zəng səsini başqa bir səs əvəz etdi: Güllə səsi.

10-cu sinif şagirdi müəlliminə atəş açıb. Xəbər lentlərində quru cümlələrlə yazılan bu hadisə, əslində, cəmiyyət olaraq uçuruma yuvarlanmağımızın sübutlarından biridir. Gəlin, "filankəsin oğlu", "vəzifəli şəxsin övladı" kimi başlıqları bir kənara qoyaq. Çünki məsələ kimin oğlu olmaq deyil, məsələ necə yetişdirilməkdir.

***
Bəlkə də ən böyük bəlamız budur: Uşaqlarımız bizim yanımızda, eyni evin içindədirlər, amma, əslində, çox uzaqdadırlar. Onlar “Monitor” adlı oyun dövlətinin vətəndaşıdırlar. O 10-cu sinif şagirdi üçün, bəlkə də, müəllimə tuşlanan silah illərdir oynadığı o kompüter oyunlarındakı növbəti "level"i keçmək kimi bir şey idi.

Biz uşaqların əlinə planşeti, telefonu verib "sakit otursun, başımı ağrıtmasın" dediyimiz gün uduzduq. O uşaqlar illərlə ekran qarşısında insan öldürməyin, qan tökməyin sadəcə bir "klik" qədər asan olduğu oyunlarla böyüdülər. O oyunlarda "Game Over" olanda yenidən başlamaq şansı var. Amma həyatda yoxdur... Təəssüf ki, şüuraltı zorakılıqla bəslənən uşaq üçün real həyatla virtual dünya arasındakı sərhəd çoxdan silinib. O, müəllimini yox, oyundakı hədəfi vurduğunu zənn edirdi, bəlkə də...

Bu güllə onun "sirri"ni faş etdi...

***
Burada ən ağır yük valideynin çiyinlərindədir. Bir uşaq evdən çıxanda çantasına kitab-dəftər əvəzinə silah qoyursa, o evdə nə baş verir? Valideyn məsuliyyətsizliyi artıq sadəcə biganəlik deyil, cinayətə şərik olmaqdır.

Evdə silahın əlçatan yerdə olması bir bəladır, ümumiyyətlə, evdə silahın olmağı bir bəladır, o uşağın psixoloji vəziyyətindən, nə ilə məşğul olduğundan, məktəbə nə apardığından xəbərsiz olmaq başqa bir bəla. "Övladım üçün hər şəraiti yaratmışam" demək, ona bahalı telefon almaq, yaxşı məktəbə qoymaq valideynlik deyil. Valideynlik uşağın ruhunu doyurmaqdır, eqosunu yox. Əgər sən uşağının çantasına baxmağa vaxt tapmırsansa, sabah o çantadan çıxan silahın açdığı yaraya baxmağa məcbur olacaqsan.

***

Və təbii ki, məktəb... Təhsil ocaqlarımızın mühafizə sistemi. Biz hələ də məktəbə girərkən şagirdin saçına, formasına, qalstukuna fikir veririk. "Saçın uzundur, kəsdir", "Forman niyə yoxdur?" deyənlər, bəs o çantanın içindəki silahı niyə görmədi?

Bu hadisə göstərdi ki, məktəblərimizdəki təhlükəsizlik sistemi sadəcə "yad adam girməsin" prinsipi üzərində qurulub. Halbuki, təhlükə bəzən elə doğma divarların arasından, parta arxasından gəlir. Məktəbə silah keçirmək bu qədər asandırsa, biz hansı təhlükəsiz təhsil mühitindən danışırıq? Bu gün o güllə müəllimə dəydi, sabah parta yoldaşına, o biri gün başqa bir günahsıza dəyə bilərdi.

Təkcə odlu silah yox... Bu gün neçə məktəblinin, neçə tələbənin belində, çantasında bıçaq var. Və o bıçaqların istifadə olunduğunu dəhşətli xəbərlərdən öyrənirik.

***
İndi müəllim xəstəxanada canıyla əlləşir. Cəmiyyət isə şokdadır. Amma bu şok effekti keçəndən sonra nə olacaq? Yenə "uşaqdır, səhv edib" deyəcəyik, yoxsa aynaya baxıb "biz harada səhv etdik?" sualını verəcəyik?

Güllə sadəcə o müəllimə atılmayıb. O güllə biganə valideynlərə, boşluqda qalan gəncliyə, nəzarətsiz internetə və qorunmayan məktəb sisteminə atılıb.

# 5598 dəfə oxunub

Oxşar xəbərlər

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu

13:30 6 mart 2026
Məşhur seriyadan iki yeni kitab çap olunacaq

Məşhur seriyadan iki yeni kitab çap olunacaq

12:00 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər