Kiçik qardaşın ad günü - Mövlud Mövludun hekayəsi

Kiçik qardaşın ad günü - Mövlud Mövludun hekayəsi
16 mart 2020
# 12:02

Bu gün yazıçı Mövlud Mövludun anım günüdür. Kulis.az mərhum gənc yazarın “Kiçik qardaşın ad günü” hekayəsini təqdim edir.

Özü danışırdı ki, əvvəllər qardaşımın doğum günlərində çox sevinirdim. Belə bir günün mənimçün də olacağını düşünürdüm. Həyətdə səliqə ilə açılmış süfrəyə oturmağa ərinib kabab çəkə-çəkə manqalın qırağındaca araq gillədən əmi-dayıların, evdə gülüşə-gülüşə, bir-birini tələsdirə-tələsdirə salat hazırlayan xala-bibilərin mənim ad günümdə də evimizi şənləndirəcəyini sanırdım.

Vaxt ötüb, vədə yetişirmiş. Gəlib çıxırmış avqustun 20-si – kiçik qardaşın ad günü. Elə həmin gün bəlli olurmuş ki, nənəgilin yolu uzaqdır, malı-heyvanı toyuq-cücəni tapşırmağa adam da yoxdur. Dayı ailəsi ilə Nabranda istirahətdədir – ilboyu işi çox olub, əminin qızı imtahan verib, cavabı gözləyirlər, onları yerindən tərpətmək olmaz, həyəcanlıdırlar. Xalanın ərinin "mərət” təzyiqi qalxıb yenə. Dədənin iş yoldaşları da ki, hərəsi bir dərədə. Tətildir axı. Gücü ağlamsınıb:

"Məni niyə belə pis vaxtda doğmusan, ay mama?” - deməyə çatırmış.

"Caaan! Nə olub özümüzə bu saat sənə elə ad günü düzəldək ki!” Anası deyirmiş bunu. Atası əlini cibinə atıb ovcuna pul basan kimi sakitləşirmiş bir az. Qonşu qadının sifarişlə bişirdiyi "Napoleon” tortu hazır olar-olmaz dünyanın xoşbəxti olurmuş. Qonşuda nə qədər uşaq var yığırmış evlərinə.

***

Uzun-uzadı araq məclislərindən sonra qoluma girib "mən ölüm-sən ölüm”lə, "burda bir dənə pivə içək, gedərik” – deyə-deyə gətirdiyi pivəxanaların birində gülə-gülə danışırdı. Ailəcə plovu elə də çox sevmədiklərini, əlamətdar günlərdə elə-belə bişirdiklərini deyirdi. Onu da deyirdi ki, anam plovu bir babamın ölüm ildönümlərində dəmləyirdi, bir də mənim ad günlərimdə. Sonra da şaqqanaq çəkib gülürdü. Axırda etiraz üçün qəribə üsul tapır dostum. Bir də böyük qardaşın ad günündə qohum-əqrəba, dost-tanış onlara yığışanda ilim-ilim itir evdən. Hamı onun uzun müddət ortalıqda görünmədiyini görüb narahat olur. Hər yeri axtarırlar, hər yerə xəbər salırlar. Tapılmır ki, tapılmır. Axırda anasının ağlamsındığını görüb ürəyi dözmür, qorxur, gizləndiyi zirzəmidən çıxır. Atası əl vurmur balaca oğluna. Evə qanqaraçılıq salmaq olmaz! Böyük qardaşının ad günüdür axı.

Bir dəfə bütün qohum-əqrəba yığışıb doğum günü keçiriblər balacaya. Böyük qardaşının universitetə qəbul imtahanından kəsildiyi il. Bütün qohumlar əziz-xələf nəvənin kəsilməyindən çox uşağın kefinin pozulmasına pis olurmuş.

Avqustun 20-də əməlli dəfə-daraq açılır evlərində. Hər şey qardaşının ad günündə olduğu kimi təkrarlanır. Qohumlar bir-birindən bahalı hədiyyələrlə, şirniyyatlarla təşrif buyururlar. Vur-çatlasın, çal-oynasın. Gətir-götür! Sağlıqlar deyilir, badələrin cingiltisi ilə gülüş səsləri bir-birinə qarışır. Saz, qarmon, sintezator. Yalan olmasın deyir, bir 35-40 qonağımız var idi. Arvadlar evdə, kişilər həyətdə. Deyir, ömrümdə aldığım ən bahalı hədiyyəni həmin gün veriblər mənə. Stolüstü kompüter!

Bir yerdə satmışdıq o kompüteri. Mənim Türkiyə istehsalı gödəkçəmin pulunu ikicə günün içində Bakının ucuzxanalarının birində əyyaşlığın arxivinə göndərəndən sonra onun ağlına gəlmişdi ki, kompüteri satsın. Həmin gün onun üçün keçirilmiş ad günündə çəkilmiş fotolara baxıb gülmüşdük xeyli. "Sən canın, nənəmə bax, hiss olunur ki, mənə görə gəlməyib, qardaşıma görə narahatdır. Mən ölüm, dayıma bax, əli qardaşımın çiynindədir. Elə bil onun doğum günüdür. Xalama bax, məni bağrına basıb, amma and içərəm, qardaşımı fikirləşir. Əmim möhkəm vurub, soruşsan, elə biləcək qardaşımın ad günündədir. Heç nədən xəbəri yoxdur” – deyirdi. Güldüyümüz yerdə qəfildən əl atıb fotoları masadan yığışdırdı.

- Neynirsən eyyy, arağımızı içək də, başını burax, – dedi.

Nə qədər israr elədim. Dedim, a kişi, imkan ver baxaq, razılaşmadı. Tərsliyi tutmuşdu. Fotoları pencəyinin döş cibinə qoyub:

- Bir azdan baxarıq, – dedi.

Onda bir əhvalat danışdı mənə, belə maraqlı idi, nəsə belə qəribəydi e, o əhvalat.

Demək, bu, 10-cu sinifdə oxuyanda bir qıza vurulur. Qız şəhər qızı imiş. Yerli-yataqlısından. Özü də bizimkindən yalan olmasın, bir 9 yaş böyük. Qızlarda olur axı, belə yeniyetmələrlə məzələnmək istəyi. İllah da ki, yeniyetmə təkərə düşməyə hazırdısa. Mən bunun danışdıqlarından belə başa düşdüm ki, qız, elə bil, bundan bir az istifadə eləyirmiş. Deməli, bu qızın ərə getmək istədiyi bir gədə var imiş. O da nə bilim, gündə orda-burda qızlarla kefə baxırmış. Bu qız da sevgilisini qısqandırmaq üçün istifadə eləyirmiş bizimkindən. Nə bilim, vallah, mən belə başa düşdüm. Nəsə, sözüm onda deyil, deyir, bu qızla şərtimiz var idi: ancaq dost kimi görüşə bilərdik. Qıza lazım olanda çağırırmış bunu sevdiyi oğlanı qısqandırmaq üçün, adını da qoyurmuş, dost kimi görüşmək. Bizim gədə də səydərəşdi axı, nə cür olursa-olsun, hansı statusla olursa-olsun, razıymış görüşməyə. Qız bunu əlində saxlamaq üçün arada xoş üz də göstərirmiş. İçə-içə səhəri qarşıladığımız günlərdə danışıb hamısını. Qız bununla bulvarda gəzməyə çıxanda xoşbəxt olurmuş. Deyir, bir dəfə şəhərdə qoluma girdi, öz-özümə: "Elçiliyə Zəlimxan Yaqubumu aparım, Aqil Abbasımı?” - deyə xəyal qururdum.

Bunu danışanda elə gülürdü, elə gülürdü, deyirdin, bu saat uğunub gedəcək özündən. Nəsə, qardaş, sözüm onda deyil, nəyi deyirdim, axır vaxtlar huş da qalmayıb məndə. Spirt yudu apardı sən ölməyəsən.

Hə, hə, deyir, bir dəfə ad günümdə sevgili-cananım təbrik eləmədi məni. Arayıb-axtardım, öyrəndim ki, sevdiyi oğlanla konsertə gediblərmiş. Unudub mənim ad günümü. Pah! Bizim oğlan qəm dəryasına baş vurmazmı ola? Hər gün içmək, ağlamaq, qızın üzr mesajlarına cavab verməmək, zənglərini rədd eləmək - bunlar ləzzət edirmiş dostumuza. Hər dəfə zəng eləyib, mesaj yazan qızın bundan ötrü ağladığını, barışmaq istədiyini xəyal edib xoşbəxt olurmuş gizli-gizli. Bir belə, beş belə, axırda qızdan buna bir mesaj gəlir. İnan, mesajı telefonunda saxlayırdı. O qədər oxutmuşdu, indi də yadımdadır:

"Əgər birindən ayrılmaq istəyirsinizsə, onun ad gününü təbrik etməyin. Özü sizdən əl çəkəcək”.

Guya bunu bir rusdilli yazıçı yazıbmış. Bizim gədə deyir, rus dilini öyrənəndən sonra həmin yazıçının bütün əsərlərini oxudum. O fikri gördüm deyən olmadı. Qız balacanın rus dilini bilmədiyini bilirmiş deyə, öz fikrini yazıb bir rusdilli yazıçının adından. Əşi, nə bilim, qız da başqa aləm imiş eyyy.

Kəsəsi, qardaş, axırıncı mesajdan sonra, doğrudan da, zənglər və mesajlar kəsilir. Bir gün, iki gün, axırda dözmür oğlan, qızı yığası olur. Bahoo, bu dəfə də qız yaxın qoymur oğlanı. Sən ölməyəsən, gədə deyir, indi peşman olmuşam qıza etdiyim qısamüddətli naza görə, yalvarıb-yaxarıram. Deyir, get eyy.

Dostum münasibəti qaydaya salana kimi bir xeyli əziyyət çəkir, ondan sonra özü-özünə söz verir ki, bir də heç vaxt ad gününü unudan adamlardan inciməsin...

Ə, hə, ad günləri də başı bəlalı idi yazığın. Deyir, qardaşım ikinci il universitetə sənəd verəndə imtahandan sonra kəndə nənə-babamın yanına getdilər. Mən evdə atamla qaldım. Atamın da, deyir, möhkəm içən vaxtları idi. Hər gün dostları başına yığırdı, ley-pey olurdu evimizdə. Anamgilin getdiyi üç gün deyildi, evimiz ucuz kafe iyi verirdi. Üç gündən sonra isə artıq ucuz kafe yox, ucuz kafe tualetinin iyi gəlirdi evimizdən. Bir belə, beş belə. İsti yay günlərindən birində evdəki ab-havadan bezib yay kimi dartılıb, ox kimi çıxdım evdən. Məhəllə uşaqları üzümü görən kimi: "Pah, ad günü olan kişi də gəldi. Bu gün niyə bizi çağırmadın?” – dedilər. "Nə ad günü, - deyib, - ad günü nədi?” Uşaqlar qayıdıb ki, bəs deməzsənmi yalan danışırsan, bizdən gizlədirsən, bu gün sənin ad günündür. Özü də evinizdə qonaqlıq olub. Bu yazıq da qayıdıb ki, qonaqlıq hər gün olur, amma mənim ad günüm... Birdən qonşunun oğlu dillənir ki, bəs mamam bu gün gözlədi ki, ona "Napoleon” tortu deyəcəksiniz. Bu da handan-hana yadına salır ki, hər il avqustun 20-də: "Qardaşıma ad günü keçirirsiniz, mənə yox” - deyən oğlunun könlünü almaq üçün "Napoleon” bişirtdirirdi qonşuya. Pah, uşaqlardan ayın tarixini soruşur, xorla dillənirlər: avqustun 20-si! Yəni sənin ad günün! Yalançı!

Nəsə, qardaş, deyir, min bir bəhanə ilə onlardan aralanıb təkliyə çəkildim. Avqustun 20-si idi və bunu hamı unutmuşdu. Hamı qardaşımın qəbul imtahanlarının nəticəsini gözləyirdi. Hamının başı qarışmışdı.

Deyir, mən evə gələndə atamın qonaqları dağılışmışdılar. Atam döşəməyə uzanıb xoruldayırdı. Ağzından selik axırdı. Yerimə uzandım. And içir, deyir, avqustun 20-si – qorabişirən bir gecədə bir də onda gördüm ki, üşüyürəm, çox pis üşüyürəm...

Hə, yadımdadır, bu əhvalatı danışanda birdən dodağı əsdi, udqunub özünü ələ aldı:

"Allah haqqı, – dedi, mənə bircə dəfə yaxşı ad günü keçirsəydilər, nə əyyaş olardım, nə o qancığı sevərdim, nə də ömür adlı imarətimə od vurardım belə. Bircə dəfə ürəkdən ad günü...” – dedi.

Sonra da: "əşii, nə bilim, bəlkə də, elə belə yaxşıdır…” – deyib, burnunu çəkdi.

Yadımdadır, udqunması, səsini mümkün qədər az titrətməyə çalışması, mənə dediklərinin hamısı şeir kimi yadımdadır:

- Yazacam bunların hamısını, yazacam. Mənim əhvalatımı başqa adam danışırmış kimi yazacam.

Girişi də tapmışam:

"Deyir, qardaşım birinci nəvə idi. Nənə-babanın, xala-bibinin əmi-dayının sevimlisi...”

Hə, dostum idi o mənim...

# 3648 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #