Hamı məzarına hörmət etsin - Sonuncu laureatın Nobel nitqi

Hamı məzarına hörmət etsin - Sonuncu laureatın Nobel nitqi
15 fevral 2021
# 17:50

Kulis.az 2020-ci ildə poeziya üzrə Nobel mükafatına layiq görülən Luiza Qlükün nobel nitqini təqdim edir.

Beş-altı yaşım olanda dünyanın ən yaxşı şeirini seçmək üçün fikrimdə bir yarışma təşkil etmişdim. Finala iki şeir çıxmışdı: Vilyam Bleykin “Balaca zənci uşaq” və Stiven Fosterin “Svanni çayı”. Nənəmin Lonq Aylendin cənub sahilindəki Cedarhast kəndindəki evinin yataq otağında Bleykin unudulmaz şeirini səsli yox, ürəyimdə oxuyaraq, Fosterin qüssəli nəğməsini də içimdə təkrarlayaraq var-gəl edirdim. Bleyki oxumağa necə başlamağım müəmmadır. Deyəsən siyasət və tarix kitabları, xeyli də roman olan evimizdə bir neçə şeir antologiyası da vardı. Ancaq mən Bleykin poeziyasını nənəmin eviylə eyniləşdirirəm. Nənəm kitab xəstəsi deyildi, amma evində Bleykin “Məsumiyyət və təcrübə nəğmələri” ilə yanaşı, əksəriyyətini əzbərlədiyim Şekspirin pyeslərindəki nəğmələrdən ibarət balaca bir kitabça da vardı. Şekspirin “Simbelin” pyesindəki nəğməni xüsusilə çox sevirdim, bircə misrasını başa düşməsəm də, onun utancaq, qorxaq bir uşaq olan mənə həyəcanlı gələn üslubunun, qafiyələrinin və əks-səda verən buyruqlarının cazibəsinə qapılmışdım: “Məzarına hamı hörmət etsin.” Mən də buna ümid edirdim.

Kimisə şərəfləndirmək, ona böyük mükafatlar vermək üçün təşkil edilən bu cür yarışmalar mənə təbii gəlirdi; oxuduğum ilk kitablar olan miflər və əfsanələr bu cür mükafatlarla dolu idi. Dünyanın ən yaxşı şairi olmaq, o yaşımda belə, mənim üçün ən böyük mükafat idi. Bu bacımla mənim tərbiyə olunmaq tərzimizlə bağlı idi: Fransanı xilas etmək (Janna Dark), radiumu kəşf etmək (Mariya Küri). İyerarxik düşünməyin təhlükə və məhdudiyyətlərini daha sonra anlamağa başladım, amma uşaqlıqda bir mükafata layiq görülmək mənə çox əhəmiyyətli gəlirdi. Dağın zirvəsinə çatmış, hər tərəfdən boyu görünən şəxs ordakı yeganə cəlbedici şeyə çevrilir. Ondan bir az aşağıdakı şəxs görünmür.

Mövcud vəziyyətdə poeziya mənim üçün bu cür idi. Xüsusilə Bleykin necəsə xəyalımda tərtib etdiyim yarışmadan xəbərdar olduğunu hiss edirdim, əmin idim ki, nəticəni səbirsizliklə gözləyir. Öldüyünü bilirdim, amma hiss edirdim ki, yaşayır, mənimlə danışan səsini eşidirdim, özünü gizlətsə də, bu səs onun səsiydi. Təkcə mənimlə, ya da məhz mənimlə danışdığını hiss edirdim. Özümü seçilmiş, imtiyazlı görürdüm; üstəgəl, həmişə danışmağa can atdığım Bleyklə, Şekspirlə yanaşı, hal-hazırda söhbətləşdiyimi hiss edirdim.

Yarışmanı Bleyk qazandı, amma sonradan iki şeirin bir-birinə nə qədər oxşadığını gördüm; indi olduğu kimi o vaxt da kədər və həsrətlə yoğrulmuş insan səsi məni özünə çəkirdi. Yaşım ötdükcə, qayıdıb yenidən oxuduğum şairlər, mənə öz şeirlərində seçilmiş tamaşaçı qismində iştirak etdiklərim oldu. Səmimi, yoldan çıxaran, çox vaxt isə qapalı və məhrəm şeirlər. Onlar stadion şairləri deyildi, özləri özləriylə danışan şairlər də.

Bu razılaşma (pakt) xoşuma gəlmişdi, şeirin bəhs etdiyi şeyin həm vacib, həm də rahibə, yaxud psixoanalistə danışılanlar kimi şəxsi olmasını sevmişdim.

Nənəmin yataq otağındakı mükafatlandırma mərasimi gizli olduğuna görə mənə poeziyanın yaratdığı intensiv duyğuların davamı kimi gəlirdi: davamı kimi, pozulması yox.

Bleyk mənimlə balaca zənci uşaq vasitəsilə danışırdı; o, bu səsin gizli mənbəyi idi. Gözəgörünməz idi, eynilə balaca zənci uşaq kimi, ya da sadəcə dərrakəsi zəif, təkəbbürlü balaca ağ uşaq onu yaxşı görmürdü. Amma bilirdim ki, danışdıqları düzdür, fani, ölümlü bədəni işıqlı, saf bir ruha sahib idi; bunu bilirdim, çünki zənci uşağın dedikləri, ötürdüyü duyğular və təcrübələr ittihamsız idi, onda intiqam hissi yox idi, ancaq ölümdən sonrası üçün vəd olunmuş ideal dünyada necə var elə, olduğu kimi qəbul ediləcəyinə, böyük sevinc içində dəymədüşər olan ağ uşağı ani işıq selindən qoruyacağına inanırdı. Bu ümidin real olmaması, həqiqəti görməzdən gəlməsi, şeiri daha təsirli və daxilən daha siyasi hala gətirir. Zənci uşağın özündən aralı tutduğu, anasının onu qorumağa çalışdığı ağrı və haqlı qəzəb, oxucu, yaxud dinləyici tərəfindən hiss edilir; həmin oxucu uşaq olsa belə.

Hamının qabağında mükafatlandırılmaqsa, başqa mövzudur.

Həyatım boyunca böyük həvəs və ehtirasla oxuduğum şeirlərin hamısı bəhs etdiyim tipdə olub: səmimiyyətilə seçilən və gizli bir razılığa söykənən, dinləyicinin və ya oxucunun ordakı məhrəmliyə, ordakı fəryada həssaslıqla həmrəylik göstərdiyi şeirlər. Emili Dikinson belə yazırdı:

“Mən heç kiməm! Sən də heç kimsən?
Onda biz cütlüyük – heç kimə demə!”

Ya da Eliot:

“Gəl gedək, sən və mən,
Axşam göyə sərilmişkən

əməliyyat masasındakı narkozlu xəstə kimi…” – deyəndə skautlara çağırış etmir, cavabı oxucudan gözləyir. Məsələn, Şekspirin “Səni bir yaz gününə bənzətməkmi?” misrasının əksinə, Şekspir məni yaz gününə bənzətmir.

Bu parlaq ustalığa qulaq müsafiri olmağıma icazə verilir, amma şeiri mənim varlığıma ehtiyac duymur.

Mənim cazibəsinə qapıldığım sənətdə kütləvi səs, yaxud hökmlər təhlükəlidir. Səmimi danışmağın riski şeirin və oxucunun gücünə güc qatır. Poeziyanı qaçılmaz şəkildə müdafiə etmək, ya da onun hörmətini qorumaq oxucu vasitəsilə mümkündür.

Əgər cəmiyyət şairi açıq formada sürgün etmək, yaxud görməzdən gəlmək əvəzinə, onu alqışlayır və ucaldırsa, həmin şairin başına gəlir? Məncə, bu şair özünü təhdid altında, küncə sıxışdırılmış hiss edəcək.

Dikinson şeirlərində bu məsələdən danışır; həmişə yox, amma tez-tez.

Cavanlıqda Emili Dikinsonu böyük ehtirasla oxumuşam. Adətən gecə gec saatlarda, hamı yatandan sonra, qonaq otağındakı divanda.

“Mən heç kiməm! Sən kimsən?
Sən də heç kimsən?”

O vaxtlar oxuduğum, hələ də təqdir etdiyim şeirində dediyi kimi:

“Onda biz cütlüyük – heç kimə demə!
Sürgün edərlər bizi, bilirsən də…”

Orada, divanda oturarkən, Dikinson məni seçmişdi, ya da məni tanımışdı. Biz seçilmişlər görünməzlikdə bir-biriylə çiyin-çiyinə yoldaşlıq edirdik və təkcə ikimiz bunun fərqindəydik. Biz dünyanın gözündə heç kimiydik.

Lakin bizim kimi bir ağac kötüyünün altını sığınacaq sayanlar üçün sürgünün mənası nədir? Sürgün kötüyün yerindən tərpədilməsidir.

Burada Emili Dikinsonun gənc qızlar üzərindəki zərərli təsirindən bəhs etmirəm. Mən Dikinsonun ictimai həyata şübhəylə yanaşmasından, onu həssaslığı məhv edən ümumiləşdirmə, tərəfli həqiqətlərin səmimiyyətə və dürüstlüyə qalib gəldiyi müstəvi kimi görməsindən danışıram. Məsələn, təsəvvür edək ki, Dikinsonun adamı yoldan çıxaran səsinin yerinə məhkəmənin, hakimin səsi keçib: “Biz heç kimik, bəs sən kimsən?” Qəfildən cümlənin mesajı pisləşir.

8 oktyabr səhəri özümü burda bəhs etdiyim təlaşa qapılmış şəkildə görmək məni heyrətləndirmişdi. İşıq çox parlaq, miqyas çox böyük idi.

Biz – yazı adamları, çox güman ki, daha çox insana çatmağı arzulayırıq. Ancaq bəzi şairlər daha çox insana çatmağı böyük auditoriyaya çıxmaq kimi, yəni məkan kontekstində qavramırlar. Onlar daha çox adama çatmağı yavaş-yavaş, sırayla, gələcəkdə reallaşacaq məsələ kimi dərk edirlər. Oxucular isə qəribə və təsirli şəkildə həmişə bir-bir, tək-tək gəlirlər.

İnanıram ki, İsveç Akademiyası mənə bu mükafatı verərkən, kütləviliyin zaman-zaman çoxalıb sıxışdırdığı, ancaq heç vaxt yerinə keçə bilmədiyi fərdi, məhrəm səsi şərəfləndirib.

Artlogos.az

# 2151 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #