Alnı qanlı əsgər, yola düzülmüş kənd camaatı, bayraqlı maşın karvanı: Möcüzəvi şəkildə sağ qalan Nahidin qarşılanması - Reportaj

Alnı qanlı əsgər, yola düzülmüş kənd camaatı, bayraqlı maşın karvanı: Möcüzəvi şəkildə sağ qalan Nahidin qarşılanması - Reportaj
11 dekabr 2020
# 12:06

Kulis.az Ayxan Ayvazın Xaçmazın Susayqışlaq kəndində əsgər Nahid Abdullayevin qarşılanmasından hazırladığı reportajı təqdim edir.

Kənd əsgərini qarşılamaq üçün iki gündür hazırlıq görür, kimi bayraq tapıb gətirir, kimi maşın düz-qoş edir, kimi də həyəcanla onu gözləyir. Hamı bir nəfər kimi o qayıdışı möhtəşəm hala salmaq, əsgərin gözləmədiyi qarşılanma təşkil etmək üçün dəridən qabıqdan çıxır.

Nahidi, əsgərimizi qarşılamaq üçün kəndin mağazasının qarşısına toplanmışıq. Hamı evindəki Azərbaycan, Türkiyə bayraqlarını gətirib. “Mən pəncərə tərəfdə oturaram, bayrağı tutaram”, “Zəng eləyin görək çıxıblarmı?”, “Qabaqda sənin maşının durar, arxadan da biz düzülərik”, “Qəşəng əsgər mahnıları yığmışam” – o günün söhbətləri...

Biz Nahidin qardaşı Nicatla gözləyirik. Fikir verirəm, Nicat həyəcanlıdır, döyüşdən sağ çıxmış qəhrəman qardaşını layiqincə qarşılamaq üçün hər nə desən etməyə hazırdır. Bu hazırlığın təşvişi və həyəcanıyla yerində dura bilmir, gah kiməsə tapşırıq verir, gah harasa zəng edir.

Maşınlar bir sapa düzülmüş muncuq kimi yola düzəldi, bayraqlar dalğalana-dalğalana kənddən çıxdıq, Xudata çatdıq, gözlədik, gözlədik, həyəcanlandıq, söhbət etdik, siqaret çəkdik, ancaq Nahid gəlmədi. Dedilər ki, sabah səhər buraxılacaq. Maşınlar təzədən eyni qaydayla, siqnal səsi verə-verə və bayraqları küləklərin ixtiyarına buraxaraq kəndə qayıtdı.

“Mənə görə o boyda adam gözləyib, istəməzdim belə olsun” – sabah Nahidi Qusarda qarşılayanda ilk dediyi bu oldu. Deyir, bilsəydi, camaatı ora yığmazdı, adamların soyuqda donmasına, onu gözləməsinə ürəyi dözməyibmiş. Hamımız eyni ağızdan dedik:
“Bəs, Nahid, sən bizə görə, Vətənə görə nə qədər soyuqda donmusan, bunu hara yazaq? Biz səni hələ 10 gün də gözləyərdik”.

Nahid bir az sınıxsa da, çox yaxşı görünürdü, hərbi formada ayrı bir adama çevrilmişdi. Hiss etdim ki, danışığı da, yerişi də dəyişib. Müharibə onun qəlbində başqa duyğular oyadıb. Maşında gedə-gedə danışır, o dəhşətli və həm də şərəfli günlərdən bəhs edir, hazırda mülkü həyatda olduğuna inana bilmirdi. Hətta yanından keçdiyimiz sısqa ağaclar, təpələr də Nahidə döyüş səhnələrini xatırladırdı.

Bir təpəliyin yanında maşını saxladıq. Nahid döyüşdə yaralandığı anı danışmağa başladı. Yuxarıdakı təpələri göstərdi, dedi, bax, ermənilər ordan PK-yla vururdular. Sən demə, sakit getdikləri vaxt ürəyinə damıbmış, bu sakitliyin arxasındakı fırtınanı hiss edibmiş. Bir az gedəndən sonra güllələr yağış kimi yağmağa başlayıb. Nahid özünü bir kolluğa atanda ayağından vurulubmuş, güllələr isə dayanmaq bilmirmiş, elə hey uçurmuş havada. Nahid uzanıb, qulağını dayayıb indi bizdə olan hansısa kəndin yaş torpağına və güllələrin gəlib yanına dəydiyini hiss edib, içindən dualar oxuyub, Kəlmeyi-şəhadətini gətirib, deyib ki, indi güllə dəyəcək və hər şey bitəcək. O gün isə Nahidə dəyməyən güllələr kənddəki qadınların, anasının, atasının, bacısının, yəni bizim Nərminin duaları ilə böyür-başına sancılıb.

Yaralanma, üstəlik dayanmayan güllə səsi, əsgərlərin təlaşı, çisələyən yağış da bir yandan... Əsgərlər o halda düz səkkiz kilometrə yaxın gediblər, bizimkilər köməyə gəlib, Nahidə dəyməyən güllələr arxada qalıb. Ondan sonra Nahidi paradda göstərilən (adını demişdi, yadımdan çıxdı) hansısa bir hərbi zirehli maşında xəstəxanaya aparıblar və...

- Hər şey elə bil kinoydu. Ordan çıxmaq möcüzəydi, qaqa. Həqiqətən. Allah qurtardı. Demişdim, “vsyo”, hər şey qurtardı, öləcəm. Hələ bir neçə dəfə ölümdən qayıtmışam. Yanıma mərmi düşüb partlayıb, yenə bir şey olmayıb. Eee, o qədər belə şeylər yaşamışam ki... - əlini yelləyib gülümsündü.

Nahid bu əhvalatı – mühasirəyə düşdükləri vaxt yaralandığını və möcüzəli şəkildə sağ qaldığını ayrı-ayrı bütün kənd camaatına səbrlə danışdı. Hər dəfə əhvalata yeni rəng qatılırdı, yeni ifadələr əlavə olunurdu. “Can bala, can”, “Allah qoruyub”, “Anan namaz üstəymiş” – qadınlar, kişilər onu dinlədikcə bir ağızdan eyni sözləri deyir, əllərini birləşdirib sinələrinə qoyur, içlərindən dualar oxuyurdular.

Maşınımız Qusardan çıxanda kənddən – Nahidin doğma kəndi Susaydan – gələn maşın karvanı bizi görüb siqnal verməyə başladı. Nahid maşından çıxdı və o zaman ömründə görmədiyi sevinc səhnələri ilə qarşılaşdı. Qucaqlar o an nə koronanı, nə başqa şeyi vecinə aldı. Hamı Nahidi qucaqlamaq üçün sinov gedir, qabağa düşməyə çalışır, qucaqlayanda dünyanın xoşbəxti olurdular. Bayraqlar da hər qucaqlaşmada Nahidin, əsgərin qolunu sığallayırdı. Hər tərəfdən də qışqırıq, yoldan keçən maşınların salamlama mənasında siqnal verməsi, gəlib keçən adamların alqışlamağı, “Dünən bu əsgəri neçə saat gözlədilər” deyənlər, “Ən böyük əsgər bizim əsgər”, göz yaşları – hər şey Nahid üçün yazılan himnin sözləriydi, qovuşmağın, qələbənin, ağrıların-acıların bitdiyi günün parçaları idi.

Bu səhnələr maşınla kəndə girdiyimizdə də təkrarlandı, hər evin qabağında adamların durub əllərini yelləyə-yelləyə Nahidi salamlamağı, onu bellərində daşıyan iki kəndli balası, atasının, anasının yarı kədərlə, yarı sevinclə onu öpüb bağrına basmaları sevinc üstündə yeriyən kövrək addımlar idi.

Evin həyətində alov məşəlləri göründü – sən demə, bu, döyüşdən sağ qayıdan əsgərlər üçün yandırılan şam imiş. Orda qəribə bir şey də dedilər. Sən demə, bu kənddən döyüşə gedən bütün əsgərlər geri qayıdıbmış. Gedənlərin hamısına güllələr qıymayıb, onları öldürməyib, eləcə yaralayıb və ata-anasına bağışlayıb. O güllələrin qıymadığı əsgərlərdən biri və sonuncusu da elə Nahid idi. İndi Nahid qələbəliyin içində şaşqın, eyni zamanda sevincli görünür, məşhurlar kimi hamıyla bir-bir şəkil çəkdirirdi. Nahiddə dəyişən tək şaşqınlıq deyildi, alnında qırmızı, nöqtə boyda qan vardı. Bayaq qurbanlıq kəsilmiş, atası gələnlərə çox sağ ol demiş, hamıya gözaydınlığı vermiş, xalqımızı qələbə münasibəti ilə təbrik etmiş, şəhidlərimiz üçün Allahdan rəhmət diləmişdi. Nahid o an öpüşlərlə, qucaqlamayla, sevgiylə əhatələnmişdi və hiss edirdim ki, gördüyü bu xoş qarşılanmadan xeyli məmnundur.

Sonra hər kəs içəri keçdi, süfrə açıldı, qonaqlara qurbanlıq verildi, hamı dualar oxudu, Nahidin sağ-salamat gəldiyi üçün ata-anasına gözaydınlığı verdi. Nahid evdə olduğuna, yaşadığına təəccübləndiyini dedi, kənd camaatının bu rəftarından çox razı qaldığını da deməyi unutmadı.

Ardınca suallar başladı. Bəs nə təhər oldu? Necə getdin, necə yaralandın? Erməni öldürdünmü? Və s. və i. Nahid təmkinlə, səbrlə hamının suallarına cavab verir və hiss edirdim ki, özü də bunları danışmaqla canındakı ağrılardan xilas olmaq istəyir.

Dava başlayanda ilk gedənlərdən olub Nahid. O gedəndən sonra Vətən müharibəsi başladı, nə başladı. Və Nahidin səsini arada-sırada eşidirdik. Vaxt tapıb zəng edir, yaxşı olduğunu deyir və təbii ki, bundan artıq heç nə deyə bilmirdi. Narahatlıq, gərginlik, gözlənti – indi hər şey geridə qalmışdı. Ata-anasının üzündə indi daha doğma və isti cizgilər qalmışdı. Canla-başla gələnlərə xidmət göstərir, Nahidin sağ-salamat qayıtdığına görə Allaha şükranlıq edirdilər.

Üç gün üç gecə kənd Nahidi görmək üçün onların evinə axışdı. Kənd uşaqları, qohumlar, qonşular, sinif yoldaşları, uşaqlıq dostları – həmin günlər gedəcək bir ev vardı, o da qəhrəman Nahidin yaşadığı ev.

Yağış da yağmışdı o üç gündə və o yağış Nahidin evinin həyətinə bərəkət yağdırırdı.

# 6927 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #