***
Amma əslində onun, yəni babasının yolu ilə gedib. Çox gec, 14 yaşında idmana gəlsə də. Amma bir il keçməmiş özünü təsdiqləyə bilib. Azərbaycan çempionu olub. Türkiyənin Kayseri şəhərində keçirilən Avropa çempionatına hazırlaşdığı bir vaxtda…
Yox, nə zədə, nə filan. Üç yüz manat pul tapa bilməyib.
Hə, bax belə.
***
.jpg)
***
…Danışmaq istəmir. Küsülü imiş kimi sözü az qala kəlbətinlə çıxardırıq ağzından. Onu başa düşmək olar. Dostumuza bildirdiyi iraddan da hər şey aydındır: «Nəyə lazım idi, deyirdin mən kiməm. İşimi işləyirəm. Hər şey qurtarıb gedib».
21 yaşlı bu uşaq, hələ uzun ömrün astanasında olan bu gənc indidən onun üçün hər şeyin bitdiyini düşünür…
***
Bayaqdan haqqında danışdığımız bu uşağın adı Rüfətdi. 1991-ci ildə Xaçmazda anadan olub. Babası tanınmış güləşçi, SSRİ çempionu Şahismayıl Əliyevin övladlarından heç kim onun yoluyla getməyib. Elə Rüfətin də əvvəl-əvvəl güləşə marağı olmayıb. Amma bir gün babasının giley-güzarını eşidəndə fikirləşib ki, gec də olsa, gedib güləşə yazılacaq.
- Mənim onda 14 yaşım vardı. Bu yaşda nadir hallarda güləşlə məşğul olmağa başlayırlar. Babamın xətrinə Xaçmazdakı «Gənclər klub»na yazıldım. Əslində elə belə, məktəbdən sonra özüm üçün məşğul olmaq istəyirdim. İlk müəllimim də Həbib Müslümov olub. Beləcə 14 yaşımda ilk fəndləri öyrənməyə başladım. Yavaş-yavaş texnikamı artırdım. Həbib müəllim usta adam idi. Mənim hərəkətlərim nə isə xoşuna gəlmişdi. Bir gün dedi ki, səndən yaxşı güləşçi çıxacaq. Güləşi atma. İşinə məsuliyyətlə yanaş. Bir qədər bu sözlər mənə həvəs verdi. İlk dəfə rayon çempionatına qatıldım. İkinci yeri tutdum. Məndə qəribə qisas hissi yarandı ki, məğlub olduğum güləşçi ilə yenə üz-üzə gəlib ondan əvəz çıxım. Başladım məşqlərin sayını artırmağa. İdman zalından demək olar ki, çıxmırdım. Növbəti çempionatda yenə finalda həmin güləşçi ilə qarşılaşdım. Bu dəfə ondan fərqli xal hesabı ilə yox, təmiz qalib gəldim. Məhz bu qələbədən sonra özümə söz verdim ki, babamın yolunu davam etdirib güləşlə məşğul olacağam.
***

***
Bütün Xaçmaz həmyerlilərinin bu qələbəsinə sevinir. Hamı Şahismayıl kişini təbrikə axışır. Nəvəsinin daha böyük uğurlar qazanacağına inanan Şahismayıl kişinin də uçmağa qanadı olmur.
Bir gün Həbib müəllim Rüfətə deyir ki, Bakıdan zəng ediblər, Avropa çempionatına gedirsən.
- Çempionat Türkiyədə, Kayseri şəhərində keçirilirdi. Elə həvəsli idim ki! Dost-tanış, qohum-əqrəba - hamı sevinirdi. Çempionata iki gün qalmış, artıq Bakıya getməyə hazırlaşırdım, xəbər gəldi ki, 300 manat pul verməliyəm. Mən Həbib müəllimə dedim ki, biz kasıb adamlarıq. O qədər pulumuz yoxdu axı... Həbib müəllim də bildirdi ki, Bakıdan belə deyiblər. Mən son ana qədər fikirləşdim ki, yəqin Bakıda mənə kömək edərlər. Amma…
Amma Bakıya gedən Rüfət ordan Kayseriyə yox, Xaçmaza qayıdır. Çox pərt olur.
- 300 manatı niyə istəyirdilər ki?
- Bilmirəm. Dedilər ki, bu qədər pul verməlisən.
- Qohum-əqrəbadan tapmaq olmazdı?
- Niyə olmurdu ki? Olardı. Babam razı olmadı. Mən isə dost-tanışa yalandan dedim ki, Bakıda məşqdə zədələndim…
.jpg)
Qəhrəmanımız Sərhəd Qoşunlarında xidmət edir. Özü də elə xidmət edir ki, komandanlıq həqiqi hərbi xidmətdən sonra onun çavuş kimi qalıb işləməsini istəyir.
- Mən Sərhəd Qoşunlarının keçirdiyi bütün yarışlarda ancaq birinci yeri tuturdum. Təkcə güləşdə yox. Qaçışda, ağırlıqqaldırmada da. Ordudan evimizə məktub yazdılar ki, uşağınızın qalıb xidmət etməsini istəyirik. Nəsə, valideynlərim razı olmadı. Əsgərlikdən qayıtdım, indi də belə. Görürsünüz də, səhərdən axşamacan burda girələnirəm. Günü 6 manata.
Rüfət bunu deyib qarşıdakı stoldakı sifarişi qəbul etməyə gedir. Bir qədər də var-gəl etdikdən sonra yenə yanımıza qayıdır. Elə ağzımızı açıb sualımızı verməmiş ürəyimizi oxuyubmuş kimi özü dillənir:
- Müəllim, bu işdən bezmişəm. Gündəlik çörək pulu üçün işləyirəm. Güləşmək istəyirəm. Bunu kimə demək olar?
Maraqlı sualdır: Görəsən bu suala kim cavab verə bilər?
Səbuhi Məmmədli, Xaçmaz