Qadın kolonunun dəhşətləri MƏTN

Qadın kolonunun dəhşətləri MƏTN
23 iyul 2012
# 04:00
Zinyət o gecə Səbirənin uzun müddət yatağında olmamasının, səhər yoxlamasında nazlana-nazlana durmasının səbəbini indi başa düşdü:

- Doğrudan sevirlər bir-birini?

- Kim bilir. Səbirədən kim baş aça bilər? Zabitin ailəsi var. Bəlkə də arvadı bilmir. Bilsə, başına oyun açar. Ağılsızlığı ondadır ki, əzəl gündən Səbirəyə «rədd ol» komandasını vermədi, guya centlemendir. Səbirə də otağına gələ-gedə, hamıya bəyan etdi ki, sevirəm. «Sevgi azaddı, onu heç kim qadağan edə bilməz. Nə olsun ki, o zabit, mən məhkumam. Mən sevgisiz yaşaya bilmərəm, onu olmasa da kimisə sevməli idim.» Odu-budu, gecə-gündüz sexdən bayıra çıxmır. Xəbərdarlıq da edib ki, bilsəm mənə şərik olmaq istəyən var, özündən küssün. Hə, dünən o zabit növbədən sonra evinə getdiyi üçün darıxdığından Səbirə sənə yoldaşlıq edib, bu gün sevimlisi işə gəldiyinə görə səni unudub.

- Aydındır, başa düşdüm, - Zinyət razılıqla başını tərpətdi.

- Qulaq as, sənə bir söz deyim, yadında saxla. Ona hər sirri açıb danışma ha... Səbirə bildi, hesab eylə ki, bütün “zon” bildi. Çünki onun «geniş ürəyində» hamıya yer var, hamı ilə dostdur.

Nə yaxşı ki, dünən mənə danışmağa aman vermədi, - Zinyət fikirləşdi - həyatımdan danışsaydım, ağzımdan gərəksiz söz qaçıracaqdım.

- Səbirədən qeyri də kişi zabitləri sevən məhkumlar var?

- Niyə yoxdur?! Püstəni tanıyırsan? O rəisin müavinlərindən biri ilə sevişir. Səbirə kimi haray salmayıb gizlin saxlamağa çalışsa da, deyirlər bir neçə dəfə onu müavinlə öpüşüb qucaqlaşan görüblər.

Zinyət düşünmədən qeyzləndi:

- Kişini başa düşdük ki, kişidir. Bəs bu həyasızlar utanmırlar, sabah çölə nə üzlə çıxacaqlar?

- Əsəbiləşmə boş yerə. Əvvələn, burda çox kişi zabit işləmir, ikincisi də qadınlar kimi onların da bərki, boşu var, hamısı bir ağılda deyil. Elə işçilər olub ki, nəinki məhkum, heç qadın həmkarları ilə də gəzməyiblər.

Zinyət maraqlandı:

- Deyirsən, işçilər arasında da məhəbbət macəraları baş verir?

- Bəli, niyə də yox? Könülə qadağa yoxdur. Şayiəsi də olur, həqiqəti də. Bir də ki, istənilən qadına get yalandan söylə ki, səndən filan kişinin xoşu gəlir, üzdə bildirməsə də, ürəyində sevinəcək. Nədən utanmalıdır? Əksəriyyətinin onsuz da həyatı pozulub. O qapıdan içəri ayaq basdınsa, istər bir ay olsun, istər on il olsun, adın türmədə yatandır. Kişi tərəfindən istənildiyini hiss edən qadın üçün elə bil zülmətdə işıq közərmiş olur. Utanmaq nədir, əksinə, fəxr edirlər, lovğalanırlar ki, türmədə də onları qadın sayan var. Hələ harasıdır, aralarında bəziləri vurulduğu «ofiser”lərdən etinasızlıq görəndə yandıqlarından «kişi deyil» deyirlər. Rəhmətliyin qızı, nə itirib, nə axtarırsan... Hələ bunların içində qadın zabitlərə də aşiq olanları var.

- Ay Allah, mən daha heyrətlənməkdən yoruldum. Nə qədər qəribə işlər baş verir burada, - Zinyət başını əlləri arasına aldı.

- Səbirə sayağı birisi var – Vüsalə. Qadın zabitlərdən birinin yanından əl çəkmir. Başqa birisi öz dəstə rəisinə tez-tez sevgi məktubları yazır. Ona görə deyirlər ki, eh qadınlar, qadınlar... Sizin ürəyinizi heç şeytan da bilə bilməz.

- Azadlıqda bu «vurğunlar» güman ki, öz ərlərini belə sevməyiblər.

- Heç şübhəsiz. Sevsəydilər, türməyə düşməzdilər. Başları qarışardı ailələrinə, daha qəlblərinə pis niyyətlər yol açmazdı. Soruşsan kimsə özünü təqsirli saymayacaq. Açığı, içi biz qarışıq, çoxu ailəsi ilə lazım olan münasibəti qurmağı bacarmamasının, ya da bunu istəməməsinin cəzasını çəkir. Cəza evindəki məhkumların təqribən hər dörd nəfərdən birisi bir yastığa baş qoyduğu insanı tək və ya kömək vasitəsilə öldürmüşdür. Səbəb nədir? Sadəcə, yolunu azmaq, bu yolda əngəl olacaq insandan canını qurtarmaq. Mən ötən beş ildə belələrinin əksəriyyəti ilə ayrı-ayrılıqda maraq naminə söhbət etmişəm və həmişə də heyrətlənmişəm. Bu adamlar vicdan əzabı çəkməkdən uzaqdırlar. Yadımda olanlardan bir neçəsini misal çəkim. Biləndə özün də məəttəl qalacaqsan ki, indi özlərini gör necə əməlisaleh göstərirlər.

Yeməkxanadakı aşpaz Əfilə. Yuxulu ərini bıçaqla öldürüb, sonra da yandırmaq istəyib. Etdiyini boynuna almır. Çayçı Səltənət. Beş uşaq anası. Özündən cavan oğlanı qızının nişanlısı adı ilə evə salıb gizlin aşnalıq etməyi azmış kimi, ərini aradan götürmək qərarına gəlir. Bir gün əri yuxuda olanda aşnası ilə köməkləşib onu çəkiclə öldürüb. Dəhşətlisi odur ki, səsə yuxudan ayılan uşaqlar atalarının vəhşicəsinə öldürülməsinin şahidi olublar. Tükürpədicidir. Lakin, o səhnəni xatırlayanda Səltənət xəcalət çəkməkdənsə yersiz, bayağı ifadələrlə lağlağı edərək əməlinə haqq qazandırır. Hələ özünü balalarından ayrı düşmüş yazıq ana kimi aparır. Nə ana? O uşaqlar inanmıram ki, onu gələcəkdə qəbul etsinlər.

Sonra, televiziya otağına baxan Xavərin əri uzun müddət Rusiyada işləsə də, arabir evinə gələndə arvadının azdığını hiss edib, düz yola qaytarmaq istəyir. Xavər «qoçaq» bir gecə onu balta ilə öldürüb, həyətdə basdırır. Hamıya da deyir ki, yoldaşı təcili Rusiyaya gedib. Məsələnin üstü iki ildən sonra təsadüfən açılır. İki il rahat yatıb duran qadın, bu gün təəssüf hissi keçirmir.

Və yaxud ana və bala Şamilovalar. Gəzdikləri iki cavan oğlanla razılığa gələrək evin kişisini yatarkən öldürüb, sonra da yandırıb çalada basdırırlar. Həmin gecəni kabab bişirib yeyib-içməklə qeyd edirlər, səhəri kişinin xaricə getdiyini deyirlər.

“Zon”un qazanxanasında işləyən Nadya ərinə qoşulub Azərbaycana gəlir. Kişi orda sərxoşluğa qurşandığından burda da içməyə davam edir. Ərinin “alkaş”lıq etdiyini görən qonşu oğlan Nadyaya girişir, nəhayət bir gün köməkləşib kişini öldürüb basdırırlar. Hadisəni görən balaca oğlu polisə xəbər verən gündən, indiyədək özünü günahkar hiss etmir.

Həyəti süpürən «yumru» Səmayəni tanıyırsan? Aşnası ilə rahat görüşməyə maneçilik törətdiyinə görə gərəksiz hesab etdiyi ərinin yeməyinə siçan dərmanı qatır. Müəmmalı ölümdən şübhələnən qohumları meyiti yoxlatdıqdan sonra Səmayənin əməli aşkara çıxsa da, hərəkətindən heç də peşman deyil. Hansını deyim, bu adamların pozulmaq niyyəti olmasaydı, belə faciələr baş verərdimi? Onların indi günahsız mələk donuna girmələrinə inanmaq sadəlövhlükdür. Gör biz kimlərin əhatəsində cəza çəkirik...

***

Kişilərdə olduğu kimi, adam öldürmə maddəsi ilə məhkum olunanların içərisində namusu hər şeydən üstün bilib, uca tutan, həyatından qiymətli sayan qadınlar da var idi. Belələrinə öz aralarında böyük fərq qoyulmasa da, müəssisəsinin işçiləri tərəfindən xüsusi münasibət bəslənilirdi. Əri tərəfindən qumara qoyulduğu üçün və ya açıq xəyanətə görə ərini öldürən, dəfələrlə edilən xəbərdarlığa əhəmiyyət verməyərək, yad kişilərlə gəzdiyinə görə bacısını zəhərləyib və ya boğub öldürən, şərəfsizliyi qəbul edə bilməyənlər, nə yaxşı ki, az da olsa, hələ tapılırdı. Hətta bir neçəsi müntəzəm, zorakı, qeyri-təbii cinsi əlaqəyə dözməyib ərlərini yatdığı yerdə baltalamışdılar.

Adam öldürmə cəzasına məhkum olunmuş qadınların böyük əksəriyyəti ərlərini öldürən olmasına baxmayaraq, aralarında tamah məqsədilə kimisə qətlə yetirən və ya dəstə içərisində ölümlərin törədilməsində iştirak edən qadınlar da az deyildi. Belələri əsasən gəzəyənlikdən savayı, hadisə ərəfəsində narkotikadan və alkoqoldan istifadə edənlər idi.

Əksəriyyətinin nəzərində müxtəlif kişilərlə nikahdan kənar «gəzib əylənmək» fahişəlik hesab olunmurdu. Hətta, bu adi pis vərdişə bərabər tutulurdu. Yalnız siflisə yoluxub uzun müddət müalicə keçənləri, bədənlərini hər yetənə pula satmışları fahişələrə aid etmək doğru sayılırdı.

Sifilisə yoluxanlardan bir qismi həm də narkomaniyadan əziyyət çəkirdi. Müalicə kursu keçmələrinə baxmayaraq, çoxu azadlığa çıxan kimi təkrar narkotikaya qurşanıb, yenidən iş alıb zonaya qayıdırdılar. Burada isə narkotika əldə etmək çətin olduğundan, əllərinə pul düşəndə nəzarətçilərlə dostluq yaradıb gizlin gətirtdikləri dərmanlarla azarlarını öldürürdülər.

Məhkumların böyük bir hissəsi dələduzlar – yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirənlər idi. Mehriban, xoşqılıq, tükü-tükdən seçən bu xanımların «qurbanları» avam, sadəlövh adamlarla yanaşı, az xərclə çox qazanmaq, irəli düşmək, heç nədən varlanmaq istəyən tamahkarlar idi. Onlar, başqa insanlardan fərqli olaraq, tamahkarı tez təyin edib, etibarını qazanmaqla öz şikarına çevirirdilər. Özlərini vəzifəli şəxslərə yaxın adam kimi təqdim edib daşınmaz əmlak alveri edənlər, iş yeri, vəzifə düzəldənlər, xaricdə cənnət vəd edənlər elə mələk cildinə girməyi bacarırdılar ki, təəccüblənməmək mümkün deyildi.

Dələduzların ən yaşlısı və təcrübəlisi “zon”un avtoriteti sayılan Zəhra xanım idi. Ali hüquq təhsili alan Zəhranı keçmiş Sovet dövlətinin altı ölkəsində üst-üstə on yeddi dəfə həbs etmişdilər. Ömrünün qırx ilini həbsdə keçirmişdi. O, iyirmi dörd yaşından sonra beş dəfə ayrı-ayrı vaxtlarda amnistiyaya düşüb, azadlıqda ən çoxu bir il tab gətirmişdi. Yaşı yetmişi haqlayan Zəhra ağlını itirmədiyindən həmişəki kimi məhkumların müşkül işlərinin asanlaşdırılmasında məsləhət verir, rəhbərliklə münasibət yaradır, ağbirçəklik edirdi. Bu missiyasına görə rəhbərlik də ona normal şərait yaradır, lazımi qayğı göstərirdi. Ayrı “barak”da yaşayan avtoritet xanımın məişət çətinlikləri yox dərəcəsində idi. Cinayət aləmində özünə görə hörməti olan Zəhraya digər kişi “zon”larından, lotulardan bəzən «qrev» də gəlirdi.

Zəhra qanunu yaxşı bildiyi üçün gənc yaşlarından xırım-xırda cinayətlərə görə deyil, ölkə əhəmiyyətli maliyyə fırıldaqlarında təqsirləndirilmişdi. Sanki gözəgörünməz qüvvə belə işlərin həllində ondan «desant» kimi istifadə etmiş, sonra da cəzadan çox, təhlükəsizliyini qorumaq məqsədiylə həbsə saldırmışdır. Getdikcə peşəkarlaşan Zəhra yaşlaşanda da adətkara çevrildiyindən bütün bilik və bacarığından faydalanmaqla adamların etibarından istifadə etməkdə davam etmişdir.

Müəssisə rəhbərliyi məhkumlara Zəhranın “müdrik” məsləhətlərini dinləməyi məsləhət görsə də, işləyən məhkumlara böyüklüyü briqadir seçilən Azadəyə tapşırmışdı. Orta yaşlı, dolu bədənli Azadə üçüncü dəfə idi ki, dələduzluğa görə mühakimə olunmuşdu. Rəisin dəstəyi ilə göstəriş verib tələb etməyi bacaran Azadəyə də Zəhrasayaq müəyyən güzəşt və imtiyazlar verilmişdi.

Özünün orta savadı və diribaşlığına baxmayaraq, bəzi ağzıgöyçəklər onun briqadir seçilməsinin «yuxarıdan» tapşırıldığını güman edirdi. Çünki kefinin xoş çağında kiçik briqadirləri başına yığıb söhbətləşəndə gəncliyində indi Baş idarədə işləyən bir əməliyyatçı kişi ilə yatağa girməyindən fəxrlə söz açmışdı. Sözbazlar həmin an o sözə əsaslanıb Azadənin arxalı olduğunu uydurmuşdular.

Məhkumların müəssisədənkənar aləmlə əlaqələri əsasən yatabdan və görüşə çıxmaqdan ibarət idi. Əgər hər həftə bir neçə nəfər cəza müddəti başa çatıb azadlığa çıxırdısa, təqribən bir o qədər də yeni məhkum istintaq təcridxanalarından etap olunub gedənlərin yerini tutardı. Təcili yardım gərək olmazsa, müayinə və müalicəyə cəlb edilənləri həftədə bir gün məhkumların mərkəzi xəstəxanasına “konvoy” maşınında aparıb gətirirdilər. Xəstələri həkim Lətafət müəyyən edirdi. Gedənlər içərisində, əsl xəstələrdən əlavə, Lətafət xanımın «hörmətini» edib, «havasını dəyişmək» istəyənlər də olurdu. Bunlar əsasən, Zəhranın təbirincə desək, «könüllərinə kişi düşənlər» idi. Belə ki, mərkəzi xəstəxana onlar üçün cinayət törədərkən tərəfdaş olan və ya sonradan tanış olduqları kişi məhkumlarla görüşməyə münasib yer idi.

Müəssisəyə girişdə yerləşən görüş otaqlarında yanlarına gələn yaxın adamlarla bir neçə saatlıq görüşə icazə verilirdi. Gələnlərin əksəriyyəti isə analar idi. Bir dəfə Zinyət bu barədə maraqlanıb Mahirə xanımdan soruşdu:

- Siz bilərsiz, görüşə kiminsə əri gələrsə, heç olmasa bir gecəlik görüşə icazə verilir? Mən neçə vaxtdır burdayam, əri ilə görüşə çıxanı görməmişəm.

Mahirənin həmişəyaşar təbəssümü üzünə qondu:

- Gələn oldu ki, icazə vermədilər? Əlbəttə, icazə var. Gəl ki, bura düşənlərin əlli faizinin gələndə evliliyi olmur, qırx faizini də tutulandan sonra ərləri boşayır. Qalır on faizi, onlar da hərdənbir, necə deyərlər bayramdan-bayrama gəlirlər. Ərləri bir yana, oğuldan-qızdan, ya qardaşdan-bacıdan axtaranı olur ki? Təsadüfən!.. Anadan başqa kim gəlir?..

Zinyət yaxınlaşıb utana-utana qulağına pıçıldadı:

- Bəs doğrudurmu, gətirilən ərzaqların içində kolbasa və ya forması ona oxşayanları içəri buraxmırlar?

Mahirə gülməkdən uğundu:

- Bunu sənə kim deyib? Mən biləni yazılı elə göstəriş yoxdur. Əgər şübhələnsələr ki, yeməkdən savayı niyyət var, o halda doğranmış şəkildə buraxırlar. Yenə sualın var? Maşallah, hər şeylə maraqlanırsan…


Rövşən Yerfi
“Qadın düşərgəsi” povestindən
# 2028 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #