“Tənbəllik – Allahın mənə verdiyi keyfiyyətdir”

“Tənbəllik – Allahın mənə verdiyi keyfiyyətdir”
17 sentyabr 2011
# 07:00
Cavanşir Quliyevlə müsahibə Kulis.az-da bu yaxınlarda da olmuşdu, amma “Sənətkarla sənətdən kənar” layihəsi üçün Cavanşir Quliyevin Bakıda olduğunu bilib, onu qaçırmaq qəbahət olardı.

Şəkidən qayıdandan bir gün sonra, Kıprə getməzdən bir gün öncə görüşüb sənətdən kənar maraqlı olan sualların hamısını yağdırdım. Heç bilmirəm necə oldu ki, birinci dominodan söhbət düşdü.

- Nərdi, dominonu heç sevmirəm. Oynayanlar inciməsinlər, mənim aləmimdə onlar bekarların əyləncəsidir. Bekar da olanda insan gərəkli işlə məşğul olar. Yaxşı bir film izləmək olar, kitab oxumaq olar. Yoxsa heç bir mənası olmayan, yalnız əylənmək üçün olan oyunlar mənə görə deyil.

- İdmana növlərinə münasibətiniz necədir?


- Ruslarda idman sporta və fizkulturaya bölünür. Peşə var, məşğuliyyət var. Hər dəfə xəstələnəndə söz verirəm ki, bu gündən idman eləyəcəm. Bir-iki dəfə başlamışam da. Səhərlər dururam, pəncərəni açıram, idman eləyirəm. Əvvəl bel-buxun hamısı ağrıyır, bədən açılır axı. Davam eləsən, ağrılar keçir, bədənə bir yüngüllük, rahatlıq gəlir. Başlayırsan hamıya danışmağa ki, mən idman eləyirəm, sizə də məsləhət görürəm. Sonra nə isə bir iş çıxır ortaya, sifariş gəlir, gecəni işləyirsən, səhər kimdir durub idman eləyən, ara qırılır və tənbəllik canını alır. Əlinə də bəhanə düşür ki, gecə işləmişəm. Bir-neçə dəfə belə olandan sonra daha o fikrə düşmədim, çünki bir başlayana qədər əzab çəkirsən, dayandırandan sonranın da öz əzabı var. Bu stressləri keçirməmək üçün bəri başdan eləmirəm vəssalam. Ən rahatı budur. Mənim tipimdə olan adam heç bir şeyi davamlı surətdə eləmir. Hisslərlə yaşayıram, istədim edirəm, istəmədim yox. Daha onun məsuliyyətini, yükünü daşımaq istəmirəm ki, filan şeyi etməli olduğum üçün etməliyəm. Bəzən bu xüsusiyyətimlə mübarizə də aparmışam, çünki elə olur ki, sənətinə də bu xarakter keçmək istəyir. Onda özüm özümə deyirəm ki, ağ eləmə, sənətə olmaz, sənətin qanun-qaydaları var. Əvvəlcə qara işlərini görməlisən ki, nəticə keyfiyyətli alınsın, yoxsa nəticə olmaz. Onda mən də dönüb olaram “vəhy gəlir yazıram” - deyənlərdən biri. Yanıma belə şairciklər çox gəlib, deyiblər ki, gecə mənə vəhy gəlib şeir yazmışam, ona musiqi bəstələyin. Baxıb adama izah edə bilməmişəm ki, bu, poeziya deyil, anlamır, adam bilmir ki, poeziya nədir, vəhy gəlib yazıb, vəssalam. İndi mən də özümü danlayıram hərdən ki, dönüb onlardan olacaqsan, tənbəllik eləmə.

- Deməli olur ki, özünüzü işləməyə məcbur edirsiniz?

- Olur yox, həmişə elədir.

- İstəmədən necə musiqi yazmaq olar?

- Allahdan mənə bir keyfiyyət də verilib də, neynəyim, tənbəllik keyfiyyəti. Allaha qurban olum, onu niyə verib bilmirəm. İnsana həm istedad, həm də tənbəllik verərlər ki, get zülm çək?! Ömür boyu tənbəlliklə mübarizədəyəm.


- Bəs elə olur ki, işləmək də istəmirsiniz, bu gün özünüzü məcbur etmək fikriniz də yoxdur. Durub çıxıb gedirsiniz, məsələn, dəniz kənarına?

- Yox, əgər bu iş mənim boynumdadırsa, eləməliyəm. Adamlar mənə həvalə ediblər, öldürürəm özümü, eləyərəm.

- O anda istədiyiniz nəticə alınır?

- Bu artıq içində illərin qazandığı ustalıq deyilən bir şey var, onun nəticəsidir ki, alınır.

- Öz musiqilərinizi dinləməyi sevirsiniz?

- Yox, yalnız o halda ki, hansı mahnımdasa hər hansı bir yeri yadıma salmaq istəyirəm ki, görüm onu necə etmişdim. Daha qoyum maşında öz musiqimi dinləyim, yox. Bir yığma diskim var, çox rəngarəng musiqilərdir, onları dinləyirəm. İndi maşınım da yoxdur, hər hansı maşında gedərkən son vaxtlar Motsartın özümlə gəzdirdiyim diskini dinləyirəm. Onun erkən simfoniyalarıdır, birdən beşə qədər. Bəzən sürücüdən icazə alıb o diski qoyuram, Motsartı eşıdən sürücü mənə tərs-tərs baxıb əzab çəkir.

- Maşınınız niyə yoxdur?

- Burda yaşamadığım üçün, bir köhnəsi var onu da atmışam qalıb Şəkidə.

- Kıprdə niyə maşınınız olmasın, işə necə gedib-gəlirsiniz?

- Orda maşınların sükanı sağ tərəfdədir, hərəkət də tərsinədir. Burda qarşıdan gələn maşın solundan keçir, orda sağından keçir. İngilis sistemidir. Mən də qorxuram orda maşın alıb sürməyə, adətimcə sürüb adamların üstünə çıxaram. Özümü məcbur edib öyrənsəm, belə sonra burda mənə çətin olar. Ona görə taksi daha rahatdır. Ora gəzməyə getməmişəm ki, işə-evə, əksinə.


- Yeyib-içməyi xoşlayırsınız?

- Orta statistik azərbaycanlının anlamında yox. Bizdə bir çox adam yeyib-içməyi ölümünə, mizin üstdə nə var hamısını yeyib, içib qurtarmaqda görür. Bakıda bir xudmani yer var, orda Şəki pitisi verirlər. Yer primitiv, köhnədənqalma yeməkxanadır, amma dadlı pitiləri olur. Bakıda yaşayan uşaqlıq dostlarımla görüşüb gedirik ora, kim Şəkidən zoğal arağı gətiribsə, götürür, içmək naminə yox, azacıq içib yeyirik, ünsiyyətdə oluruq. Mənim üçün yemək-içmək ünsiyyət üçündür.

- Onda sevimli yeməyiniz də olmaz?

- Var, bütün dadlı yeməklər.

- Şirniyyatı necə?

- Yeyirəm, istiotu-duzu sevmirəm, şirniyyat olanda yeyirəm, olmayanda yadıma düşmür.

- Uşaqlıq dostlarınızla indiyə qədər ünsiyyət saxlamağınız diqqətimi çəkdi. Necə müyəssər olmusunuz buna?

- 1967-ci ildə Şəkidə orta məktəbi bitirmişəm. 40-cı ildönümümüzdə Seyran adlı bir sinif yoldaşım var, burda yaşayır, hərbiçidir, zəng elədi ki, istəyirəm uşaqları yığaq. Dedim əla, mən hazır. Avqust ayının üçüncü şənbəsi Şəkidə yığışdıq, getdik məktəbə, öz partalarımızda oturduq. Rəhmətə gedən müəllimlərimizin məzarlarına getdik, çiçək qoyduq. Sinif yoldaşlarımızdan birinin də pansionatı var, Şəkidə evi olmayanlar da orda gecələyə bildilər. O ildən hər il biz Şəkidə görüşürük. Avqustdan Şəkidəyəm, orda bir proyektim də var. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqilərini toplayıram. Şəkidə rutullar, hoputlar, udinlər var.

- Toyda olmağı sevirsiniz, yoxsa onu bir borc hesab edirsiniz?

- Borc hesab edirəm. İndi bizim toylarda olmağı heç sevmirəm, hərçənd yayda özüm də qızıma toy elədim. Hamı elədiyi kimi.

- Dəyişə bilərdiniz, Alim Qasımov Şamaxıda təbiətin qoynunda oğluna toy elədi...

- Mənim elə imkanlarım yoxdu, bu bir, ikinci toya çağrılanlar da ora gəlməzdilər. Alim başqa. Bir az fərqli idi, amma ümumilikdə ənənəvi toy idi. Toylarımızın bu günkü vəziyyətdə olması o qədər də toy yiyəsindən asılı olmadığını anladım. Həyat tərzi gətirib buna çıxartdı. Məsələn, deyirik ki, niyə musiqinin səsi yüksəkdir, azaldırsan, bir azdan qonaqlardan biri gəlib deyir ki, əşi, bu nədir, bir az tozanaq qopartmaq lazımdır. Gənclər ortadan çıxmırlar, toy əslində onlar üçündür. Bu gün toya zövqi-səfaya getmirsən, yalnız borc xatirinə gedirsən.

- Yası o həddə necə gətirib çıxartmışıq?

- Bəri başdan deyim ki, məzhəb baxımından atam şiə idi, anam sünni, yəni mən ortadayam. O üzdən də indi deyəcəyim doğru anlaşılsın. Bakıdakı yaslar şiə yasıdır.

- Şiə yası necə olur?

- Çox ağır, üz cırmaq, az qala zəncir döymək.

- Əslində din bunu aşılamır...

- Düzü, dini oxumamışam, amma hesab edirəm ki, yası düşənin yanında olub, dərdini yüngülləşdirmək lazımdır, biz ağırlaşdırırıq. Adam bilmir itkisinə ağlasın, yoxsa yeyib-içməyin, palatkanın, mollanın dalınca düşsün. Borca da düşür, dərdini çəkməyə də vaxtı olmur. Adam dərdini hamı dağılandan sonra təkbaşına çəkməli olur, yas mərasimi bitəndən sonra. Bunlar anti-insan qaydalarıdır. Deyirlər, dini qaydalardır, inanmıram. Əgər dini qaydadırsa, demək, din də düz deyil. Azərbaycanın şimal tərəfində yas da, toy da daha sadə keçirilir. Şəkidə dəfn günü başqa heç bir iş görülmür. Anam rəhmətə gedəndə gördüm, hamı yalnız mərhumu dəfn etmək üçün toplanır. Adamlar gəlirlər görürlər ki, oturacaq yoxdur, gedib evindən gətirir. Hardan maşın tapıldı, hardan cənazə qaldırıldı, xəbərim olmadı, el yığışdı, elədi. Yas mərasimi isə bircə gün verilir, vəssalam. Şəki kimi qədim bir ocaq belə eliyir.

- Həm fikirlərinizə görə, həm də ümumiyyətlə sağ olun ki, varsınız Cavanşir müəllim.


Ramilə Qurbanlı
# 1197 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #