Piti hambal yeməyi imiş

Piti hambal yeməyi imiş
8 sentyabr 2011
# 20:00
Şəkidən reportajın ikinci və sonuncu hissəsini təqdim edirik.

Yazının ilk hissəsini bu linkdən oxuya bilərsiniz

Gələn il Mirzə Fətəli Axundovun doğumun iki yüz illiyi münasibəti ilə Şəkidə də qızğın işlər gedir. Böyük ustadın ev muzeyi təmir olunur deyə ona məxsus muzey eksponatları Sənətkarlıq muzeyinin bir otağına həbs olunub.

Otaqda çox az əşya var. Ən gözə gəlimli eksponat isə yazıçının masası və qələmdanıdır. Axundova hədiyyə olunmuş qılıncın da yararsız haldadır. Taxta qını sınıb, qılıncın ucu görünür. Qılıncı əlimə götürüb qınından sıyırıram, bir zamanlar bu tiyədən beş komediyanı yazmış barmaqların tutduğunu düşünürəm.

Muzeyin işçisi Ələhməd dayı Axundov ailəsinə məxsus rəsm əsərlərini bizə göstərərək qürurla deyir ki, bu rəsmlərdə rəssamın səhvini tapıb. Misal üçün, yazıçı “Püşkinin ölümünə” şerini yazanda cavan olsa da, rəsmdə qocalıq vaxtları təsvir olunub.

Ələhməd dayı ilə mübahisə etmirəm, amma onun canfəşanlığını görüb daha hansı səhvləri tapdığını soruşuram.

Güvəcdəki fəlakət

Naharı “Qaqarin” restoranında edirik. Adı özünə uyğundur. Restorandan şəhərin böyük hissəsi, Xan sarayı, karvansaray görünür. Kirəmit damlı evlər adama rahatlıq verir. Şəki küçələri kimi bu mənzərə də adamı orta əsrlərə alıb aparır.

Təbii, piti sifariş veririk. Bu tərifli yeməyi Bakıda da yemişdim. Amma Şəkidə piti yeməyin ayrı ləzzəti var. Hər şey yaxşı ikən axşam qəfildən mədəm pozuldu.

Səhər Marxalda dünənki pitidən sonra özümü pis hiss etdiyimi ofisianta dedikdə o pitini qaydasında yemədiyim üçün belə olduğunu bildirib mənə kömək etdi. Suyunu kasaya çəkdi qabdakı əti və noxudu isə yaxşıca əzdi. “Di ye”.

Bu dəfə də eyni nəticə. Piti mədəmə düşmədi. Və mən bu tərifli yeməkdən heç bir ləzzət almadım.

Piti hədsiz dərəcədə yağlı yeməkdi. Adamı qüvvətləndirən yemək olduğuna görə keçmişdə pitini hamballar yeyərmişlər ki, enerjili olsunlar. Keçmiş zamanlarda piti hambalların “Red bull”u sayılırmış.

“İncimə, incimə” deyib inciyən adam

Ofisiant çayımızı çox gec gətirdikdə ona məşhur şəki lətifəsini danışıram.

İki dostun Şəkiyə yolu düşür. Yol üstü bir çayxanaya girib çay sifariş verirlər. Xeyli müddət gözləyirlər, sifarişlərindən xəbər olmur. Gözləməkdən bezən müştərilər mətbəxə girib görürlər ki, çayçı üç plitə qoyub. Əlində tutduğu çayniki növbə ilə bu plitələrin üzərində gəzdirir.

Müştərilərdən biri çayçının niyə belə etdiyini soruşduqda o cavab verir.

- İşığı işıqfordan çəkmişik.

Hər sözünün başında “incimə” kəlməsini işlədən ofisiant deyəsən lətifəmdən inciyir.

Halvanın da ənənəvisi, müasiri var

Restoranda illərlə Bakıda rastlaşmadığım sinif yoldaşım Romandan başqa gənc fəal Turxan Qarışqa ilə də rastlaşırıq. Masalarımızı birləşdirib şəhərdə qoyub gəldiyimizi zənn etdiyimiz məsələlərdən danışırıq. Çayı Turxangilin çay qırağında yerləşən evlərində içmək qərarına gəlirik.

Əliboş getmək istəmədiyimdən və bir də Şəki halvasını da dadmağın vaxtıdır deyib halva almağa yollanırıq əvvəlcə. Maşında mübahisə düşür. Turxan təkid edir ki, Əlhəmədin halvası yaxşıdır. Mənsə Mahmudun halvasının tərifli olduğunu deyirəm.

Şəkiyə gəlməmişdən qabaq hansı ustanın halvasının yaxşı olması mövzusunda kiçicik bir sorğu aparmışdım. Şəkidə də bu sorğumu davam etdirərək bu qənaətə gəldim ki, yaxşı halva zövq müxtəlifliyinə uyğun olaraq dəyişir. Mahmudun da, Ələhmədin də, Çingizin də, Tofiqin də, Yahyanın da halvası yaxşıdır. Sadəcə kim həmişə hansı halvadan yeyibsə onu da tərifləyir.

Mahmudun halvası ənənəvi qaydada bişirilir. İndikilər halvanı qalın edirlər. Mahdudun halvası isə dədə-baba qaydasına uyğun olaraq nazik bişirir. Evində qaldığımız yaşlı qadın deyirdi bunları. O uşaq olanda da halva üçün evdən Mahmuda göndərərmişlər.

Səhər Mahmudun paxlavaxanasına gedəndə halvanın günorta 4-də hazır olacağını dedilər. Saat 6-da dükana gələndə isə artıq onun halvaları bitmişdi. Məcburən Ələhmədin halvaxasına yolandım. Orda isə yarım saatdan çox növbədə gözləyəsi oldum.

Qafqazın ilk kilsəsi

Şəkinin görməli yerlərindən biri də Kiş kəndində yerləşən qədim Alban kilsəsidir. Ehtimallara görə kilsə həvari Pyotrun Qafqaza yolladığı Müqəddəs Yelisey tərəfindən qədim ay tanrısı Selenanın şərəfəinə ucaldılmış məbədin üzərində tikilmişdir. Bəzi alimlərə görə isə kilsə 10-cu əsrlərin abidəsidir. Kilsənin təmirinə pul ayırmış norveçlilər də onun tarixinin bizim eranın əvvəllərinə qədər gedib çıxmadığını iddia edirlər.

Qafqazın ruslar tərəfindən işğalından sonra Alban Həvari kilsəsi ləğv olunur, məbəd də erməni qriqorian kilsəsinin tabeçiliyinə verilir. Ermənilər də kilsədə bəzi dəyişikliklər aparırlar. Əclaflar!

Kənd Şəkidən beş kilometrlik məsafədədir. Məbədə gedən yol isə kəndin girəcəyindən başlayıb darısqaldır. Qarşı-qarşıya gələn iki maşının keçməsi mümkün deyil.

Kişdə əsas tikinti materialı çay daşlarıdır. Bütün yollar çay daşları ilə döşənib. 68-ci ilin fransız gəncliyi Kişdə inqilab eləsəydi çay daşlarından korluq çəkməzdilər.

Yolların ortasından isə dağdan gələn sərin bulaqlar bihudə axaraq Kiş çayına tökülür. Bakıda pul verib aldığımız dağ suyu orada küçənin ortası ilə axır.

Çay daşı hasarların, evlərin tikintisində də geniş istifadə olunur. Kişdə bu diqqətəşayan kilsə olmasaydı, kənd yenə də öz gözəlliyi ilə qonaqları heyrətləndirəcəkdi.

Hələlik isə kəndin mərkəzində qədim Alban kilsəsi ucalır və bu kiçik kilsə dünyanın bir çox ölkəsindən olan xristianların bizim balaca ölkəmizi tanımasına vasitə olur.

Şəkililərin dilini şirin edən halva

Şəki camaatı qonaqpərvərdir. Bunu bu yazıda əlavə qeyd etməyə ehtiyac da yoxdur. Şəkililəri şirin lətifələri, baməzə olmaları ilə də tanıyırıq.

Qaraqabaq adam lətifə yarada bilməz. Şəkililərin qonaqpərvərlikləri ilə şirindilli olamaları bir-birini tamamlayır. Şirin Şəki halvasının da bölgənin rəmzi olmasında təsadüf yoxdur məncə.

Taksiyə minən kimi orta yaşlı sürücü cibindən konfet çıxarıb uşağa uzatdı. Mən hələ danışa bilməyən oğluma ənənəvi olaraq “adam əmiyə nə deyər bala” deyəndə şofer də “varsa birini də ver” söyləyir şirin ləhcədə.

Uşaqlar onun işdən gəlməyini gözləyirdilər

Bizim kənddə Atamalı deyə biri varmış. Hər gün işdən qayıdanda dayanacaqda düşüb evinə qədər olan yolu gələnəcən qabağına çıxan uşaqlara konfet, qənd, qovurğa, xırda pul verərmiş.

Bu 40-50 il qabağın, konfetin, şəkərin toydan-toya yeyildiyi dövrün söhbətidir. Uşaqlar onun bu xasiyyətinə o qədər öyrəniblərmiş, hər gün yola çıxıb işdən gəlməsini gözləyərmişlər.

Bəzən hiyləgər uşaqlar konfet paylarını aldıqdan sonra sivişərək qabağa qaçar, bir-iki ev qabaqda yenidən Atamalı kişinin qarşısına çıxarmışlar. O yenə əlini cibinə aparıb uşaqlara konfet verərmiş.

Hərdən bu hadisə mənə inanılmaz gəlir. Atamalı kişi saatlarla düşüncələrimi məşğul edir. Şəkkaklığıma salıb bunun əfsanə olduğunu düşünürəm. Bir adam cibində nə qədər şirni gəzdirə bilər?

Onun uşaqlara sevgisi nədən qaynaqlanırdı? Görəsən o hər gün axşam uşaqların qabağında xəcalətli olmamaq üçün nə qədər şirni alırmış?

Taksidən düşəndə sürücü əlini cibinə aparıb bir konfet də uzadır uşağa verir. Mən Atamalı kişini yada salıram.

Hələlik, asudə həyat

İki günlük Şəki səfərimiz bitir. İki gündə Şəki ilə qismən də olsa tanış olduq. Taksi ilə Şəkinin mərkəzindən xeyli uzaqda yerləşən stansiyaya yola düşürük. Günəş dağların dalında gizlənməyə qaçır. Qaçmaqdan rəngi də qızarıb.

Maşında yadıma bir şey düşür. Adətən sənəd-sünəd üçün istifadə etdiyim portmanatımı çıxarıram. Onun içində iki illik əmanət yatır. Portmanatı açıb əmanətləri götürürəm.

2009-cu il, yanvarın ikisinə olan qatar biletləri. Şəkiyə iki il əvvəl bu tarixdə gəlməli olsam da bəzi səbəblərdən gerçəkləşdirə bilməmişdim. Bu biletlər iki il portmanatımda həyata keçməyən arzuların xatirəsi kimi qalmışdı.

Daha vaxtı idi. Qəriblikdə ölən adamın nəşinin doğma torpağına gətirilməsi kimi biletləri də bu torpaqda məhv etmək lazımdır. Onların da ömrü bura qədər idi. İki il gözlədilər, yetər!

Vağzala az qalıb. Biletləri cırıb yelə verirəm.

Nədən belə etdim? Səfərini əsrarəngiz etmək istəyən bir romantikin duyqusallığımı, yoxsa yazını kədərli notlarla bitirmək istəyən ədəbazın hoqqasımı?

Mirmehdi Ağaoğlu
# 2416 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #