10 min $-lıq cizgi filmi - ARAŞDIRMA

10 min $-lıq cizgi filmi - ARAŞDIRMA
11 iyul 2011
# 06:00
Cizgi hələ qədim dövrlərdən yaranan məfhumdur, animasiya filmlərinin tarixini həmin sözlə bağlasaq ibtidai icma quruluşuna gedib çıxır. Elə Qobustan qaya üstü rəsmlər cizgi deyilmi...?

“Multfilm” sözü isə sovet dövründə yaranıb. Multi, yəni xırda hərəkətlər.

Mütəxəssis fikrinə görə, ən yaxşısı və yerinə düşəni animasiyadır. Dünyada tarixi o qədər də dəqiq olmayan animasiya Azərbaycana 30-cu illərdə gəlib çıxıb. İlk Azərbaycan animasiya filmlərinin yaradıcılarının arasında Müslüm Maqomayevin atası Məhəmməd Maqomayevin də adı var.

Sovet dönəmini də nəzərə almaqla indiyə qədər “Azərbaycan” kinostudiyasında 100-ə yaxın animasiya filmi çəkilib, amma onlardan çox nadir hallarda, o da yalnız köhnə filmlər telekanallarda nümayiş olunur. Niyə? Hansı səbəbdən indiki nəsil uşaqlar o filmləri görə bilmirlər? İndinin özündə animasiya filmləri çəkilirmi? Çəkilirsə, niyə onların da nümayişini görən olmayıb? Bütün bu suallara mövzu boyu aydınlıq gətirməyə çalışacağıq. Buna çalışdığımız üçün də elə başlanğıcdan problemdən başlamalı olduq.


Əsir qalmış “Cırtdan” və “Təpəgöz”


Sovet vaxtı çəkilən multfilmlərin hamısının lentləri məhv olub. İttifaq dağıldıqdan sonra respublikaların özlərində film fondlar yaradıldı, filmlər dərhal onlar üçün münasib olan saxlama yerlərinə köçürüldü.
Azərbaycanda belə münasib olan yer film fond yaradılıncaya qədər, sonra da ayrılan yerdə filmlərin lentlərini saxlamaq üçün şərait düzəlincəyə qədər bəzi filmlərin lentləri, o cümlədən milli multfilmlər yararsız vəziyyətə düşdü. Onların bərpası isə yeni multfilm çəkməkdən baha başa gəlir. Bahalığı ilə bahəm bu məsələ həm də müşküldür. Çünki restavrasiya etmək üçün əvvəlcə o filmlərin Moskva film fondunda qalan orijinal variantları əldə etmək lazımdır. Bunun üçün isə danışıqlar hələ də bir nəticə verməyib. Əgər o danışıqlar aparılırsa, hər halda Bakıda fılm fond yaradılandan Mədəniyyət və Turizm Nazirliyi Moskva film fondu ilə danışıqlar apardığını deyir. Məsələ isə ondadır ki, Moskvadakı film fondu sovet dönəmində çəkilmiş bütün filmlərin orijinal variantlarını müəllif kimi özündə saxlayır. O filmlər sovet hökumətinin vərəsəsi kimi Rusiyaya qalıb.

1992-ci ildən bəri çəkilmiş cizgi filmlərinin orijinalları öz film fondumuzdadır, onları da aşqarlamaq lazımdır. Aşqarlamaq üçün də bizdə laboratoriya yoxdur, bu iş ya Moskvada, ya da Kiyevdə həyata keçirilir. Kinolarımız üçün başlıca olan bu problem animasiya filmləri üçün artıq öz yoluna qoyulub. Artıq animasiya fılmləri kampyüter qrafikası ilə çəkilir, lentlərə deyil, disklərə köçürülür. Belə halda isə animasiya filmlərinin nümayişi kinoteatrlar üçün deyil, yalnız televiziya üçün nəzərdə tutulur.


Ucuz ətin şorbası


Yeni çəkilən, əsasən 2000-ci ildən bəri kompüter qrafikası ilə ərsəyə gələn filmləri isə bu səbəbdən görə bilmirik. Onların nümayişi televiziya üçün nəzərdə tutulub, telekanallar isə bunun üçün ödəməli olduqları 20 ABŞ dolları həcmində qonorarı ödəmək istəmir. Niyə istəmirlər? Əslində bu sualın cavabını ölkədə fəaliyyət göstərən telekanallardan almalı idik, ala bilmədik, biri o birinin səlahiyyətli şəxsin koordinatlarını deməklə, o birisi isə daha başqa bəhanələrlə cavabdan yayındılar.

Elçin Hami Axundov ona televiziyanın özündə bu sualla müraciət olunduğunu deyir: “Niyə milli animasiya filmləri telekanallarda nümayiş olunmur?” “Sualı qaytarıb özlərinə ünvanladım cavab verə bilmədilər. Nə desinlər, cavab axı bir məntiqə söykənir, onu da demək onların özləri üçün ayıbdır. 20 dollar verib yeni, milli animasiya filmlərini nümayiş etdirməkdənsə cəmi 1-2 manat verib prokatdan istənilən animasiya filminin kasetini götürüb nümayiş etdirmək əlverişlidir. Daha dərin ağıla qulluq edib düşünən yoxdur ki, cəmi 20 dollar ödəməklə nümayiş etdirəcəyimiz animasiya filmləri öz “Məlikməmməd”, “Cırtdan”, “Təpəgöz” kimi xalq nağıllarımız əsasında çəkilir və uşağın bünövrəsinin o nağıllarla formalaşmasında qazancımız misilsizdir. Öz balalarımız öz animasiya filmlərimizə baxsınlar, əvvəlcə evin içi, sonra çölü. Birbaşa çöldən başlayan uşaq heç vaxt evə bağlı ola bilməz. O uşaq əsil övlad, qardaş, ər, nəhayət vətəndaş olmayacaq. Çingiz Aytmatovun manqurt qəhrəmanı olacaq, vəssalam. Bir sözlə, öz əlimizlə öz uşağımıza ucuz ətdən şorba bişirib yedirdirik daha onun mədəsində bu hansı nəticələri verəcəyi barədə düşünmək heç kimin ağlına gəlmir”.


Biz orijinal “Tom və Ceri” heç görməmişik


Keçək, telekanallarımzda hegemonluq edən plagiat animsaiya filmlərə. “Tom və Ceri” dünyanın ən böyük animasiya istehsalçılarının sənət əsəridir. Sən demə, çoxbilmişlər onun da yolunu tapıblar, oxşar “Tom və Ceri”lər çıxıb dünya ekranlarına. Orijinal, yəni “Disney”in istehsalı olan “Tom və Ceri” animasiya filmləri ilə o qədər də fərqlənməyən “Tom və Ceri” nüsxələrində orijinalın qayda-qanunları pozulur. Yəni müəyyən səhnələr var ki, onu orijinal “Tom və Ceri” filmlərində görə bilməzsiniz, istehsalçıların fikrincə həmin səhnələr ona baxan uşaqda yalnız aqressiya yaradır.

Uşaq insana, həyata, təbiətə sevgisini itirir, nəticədə ondan daha çox cinayətkar, cəmiyyətdə yararlı olmayan insan formalaşır. Bizim telekanallarda nümayiş olunan animasiya filmləri məhz həmin nüsxələrdir ki, video satış məntəqələrində plagiat üsulu ilə əldə olunur. Film də beyin qidasıdır, uşağın beyni yaxşı, yüksək səviyyəli sənətlə qidalanmalıdır ki, düşüncəsi bizim düşüncəmizdən irəli getsin, bəlkə o böyüyüb belə anomaniyaların qarşısını ala.


Ən bahalı animasiya 10 min $-a başa gəlib


Animasiya filmləri yeganə ekran işidir ki, əvvəlcə səs y aranır, sonra ona forma verilir. Səsin əsasında cizgi yaranır və hərəkətə gətirilir. Məsələn, kinoda əvvəlcə ayrı-ayrı kadrlar çəkilir, hamısı hazır olandan sonra səsləndirilir. Animasiyada isə əksinə. Səs, cizgi, onun hərəkətə gətirilməsi. Cizgilərin də qaralaması olur, sonra onlar ağlamaya köçürülür. Bir sözlə, hər prosesin özü də bir-neçə prosesdən keçməli olur. Ortaya qoyulan işə baxıb bəzən “multfilmdir də” deyənlər də olur. Belələri üçün qeyd edək ki, çəkiliş prosesində iştirak etdiyimiz “Güzgü” adlı animasiya filminin də əvvəl səsini eşitdik, sonra bizə o səs əsasında cizgilənmiş rəsmi göstərdilər, onun hərəkətləri əsas animator Elçin Hami Axundov tərəfindən bəyənilib qəbul olunduqdan sonra cizgini rənglədilər.

Bəzən olur ki, cizgiyə verilən hərəkət onu qane etmir, məsələn, dovşanın hərəkəti ürəyincə olmadığından göstəriş verdi ki, hərəkət dəyişdirilsin, dovşan bu yerdə saymazyana yox, əksinə diqqətli hərəkət etməlidir. Bu üsulla, həm də kompüter qrafikası ilə “Azərbaycanfilm” kinostudiyasında özünə yer almış “Azanfilm”də “Cavanşir”, “Basat və təpəgöz”, “Qızıl”, “Qarğa balası və özgə yuvası” animasiya filmlərindən sonra artıq 5-cı “Güzgü” adlı film çəkilib. İldə bir animasiya filmi çəkilir, hər il dövlət bunun üçün ayrıca vəsait ayırır.

Elçin Hami Axundovun dediyinə görə, vəsait ildən ilə artırılır. “Güzgü” filmi üçün 60 min manat ayrılıb. Ən bahalı animasiya filmi “Cavanşir” olub, animatorlara 10 min $-a başa gəlib.


Animasiya çəkmək üçün rəssam olmaq kifayət deyilmiş


Elçin Hami Axundov bir-neçə il öncə kompüter problemlərinin olduğundan danışırdısa indi deyir bu problem deyil, əldə edirik çəkirik. “İndi əsas məsələ kadr məsələsidir, animator yoxdur”. “Azanfilm”də cəmi 3 animator işləyir: İradə Quliyeva, Rauf Dadaşov, Şirinova Aleksandra.

Animatorların xüsusi məktəbi olmur, hətta Ssvet vaxtı Moskva Kinemotoqrafiya institunun özündə də belə fakültə olmayıb. Bu peşəyə yalnız təcrübə ilə yiyələnmək mümkündür. Bunun üçün gərək rəssamlıq məktəbini qurtarasan, amma hər rəssam da animator ola bilməz. Həmin rəssamın bir az da aktyorluğu olmalıdır, özüdə animator-aktoyr olmaq da adi aktyor olmaq demək deyil. Bir sözlə, peşənin elə spesifik cəhətləri var ki, hər adam bunu bacarmaz. Moskvada təcrübə keçib bu peşəyə yiyələnmiş bir-neçə animatordan qalan indi yalnız Elçin Hami Axundovdur.

Peşənin qıtlığını nəzərə alan animator 1988-ci ildə özü məsələ qaldırıb 20 nəfər gənc rəssamla məşğul olmağa başlayıb. Onlardan həm də aktyorluq bacarığı olan 6 nəfər animator yetişib. Təəssüf ki, indi o 6 nəfərdən biri də Azərbaycanda yoxdur. Dünyanın müxtəlif ölkələrində, o cümlədən yaxın Sankt-Peterburqda müqəddəs peşəni davam etdirirlər.

Kadr problemini aradan qaldırmaq üçün Elçin Hami Axundov xüsusi konsepsiya hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Əgər o layihə qəbul olunarsa gələcəkdə “Azanfilm”də yalnız 10 dəqiqəlik deyil, yarım saatlıq da cizgi filmləri çəkilə bilər. Bu da dünya bazarına çıxış deməkdir, çünki dünyada 10 dəqiqəlik animasiya filmləri artıq çoxdandır ki, qəbul olunmur. Belə çıxır ki, “Azanfilm” hələlik nə özümüz üçün, nə də dünya üçün çəkmir, sadəcə animasiya filmləri çəkir. Onları balacalırın görməyi o qədər də müşkül deyil, bunun üçün sadəcə, böyüklərin təpəri lazımdır.


Ramilə Qurbanlı
# 2516 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #