"Qələbə çox yaxşıdır, amma..." - Qurban Qurbanovun ən böyük sirri

"Qələbə çox yaxşıdır, amma..." - Qurban Qurbanovun ən böyük sirri
17 sentyabr 2025
# 12:00

Kulis.az Orxan Həsəninin "Azərbaycanlı azərkeşlərin kiçik qardaşlığı" yazısını təqdim edir.


"Qarabağ" dünən axşam Portuqaliya və Avropa futbolunun ən məşhur, ən köklü klublarından biri "Benfika"nı əzmkar oyun ilə məğlub etdi.

Bütün Azərbaycan evdə, işdə, maşında, restoranda - hər yerdə telefona, televizora zillənib bu tarixi anlara şahid oldu.

Axşam evə gec qayıtdım deyə oyun yadımdan çıxmışdı.

Ümumiyyətlə, gərgin oyunlara baxmaq mənim üçün həmişə çətin olub. Həyəcandan əlim-ayağım əsir, ürəyim sürətlə döyünür, özümü itirirəm.

Nəyə lazımdır bütün bunlar? Həyatı mürəkkəbləşdirməyin tərəfdarı deyiləm.

Bəlkə, buna görə bilərəkdən unutmağa çalışmışam?

Yəqin.

Məhəlləyə girincə əlində telefonla yanımcan yeriyən oğlan sevincək qışqırdı:

– Qo-ol!

Demək oyun başlayıb.

Blokun qabağında dayanıb günün sonuncu siqaretini çəkərkən, yaşlı bir kişi yaxınlaşdı, mənə maraqla baxıb dedi:

– Ağlın nə kəsir?

– Bilmirəm. Çətin sualdır.

– Bəlkə, bərabərlik?

– Ola bilər.

– Bərabərlik olsa, yaxşı nəticədir.

– Udsa, necə?

Bunu elə-belə dedim. Nəsə təqvimə baxıb “payız gəldi”, göyə zillənib “sabah yağacaq”, köhnə ayaqqabılarımı görüb “təzəsini almaq lazımdır” demək kimi.

Elə-belə!

Kişinin qayğılı sifəti əyilib sevincək vəziyyətə düşdü. Görünür, buna hazır deyildi.

– Siqaretindən birini də mənə ver.

Ona siqaret verib yandırdım və “udsa, necə?” sualının üzünə necə ləzzətlə yayılmasına tamaşa elədim.

Doğrudanmı, insanları sevindirmək bu qədər asandır?

Tamaşanı dayandırıb yuxarı - mənzilimə qalxdım.

Oyun bitdi.

Qalib gəldik.

Qələbə yaxşı sözdür!

Bu sözü son illərdə tez-tez eşidirik!

O bu günün, dünənin qələbəsi deyil, illərdir pillə-pillə gedilən yolun, yaradılan sistemin nəticəsidir. Yalnız sistemlə səndən on dəfə yüksək büdcəyə sahib komandanı məğlub edə bilərsən. Mübarizə komandanı bir səviyyəyə qədər gətirir, qitənin ən böyük klub çempionatında isə sistem və mübarizənin ahəngini yaratmalısan.

"Qarabağ" bunu bacardı.

Ancaq demək istədiklərim yalnız bu deyil.

Azərbaycanlı azərkeşlər, sosial şəbəkə səhifələri bir daha imtahandan kəsildilər.

Özlərini türk qardaşlarımızın qabağında kiçik qardaş kimi alçaldıcı mövqedə görməkdən zövq aldılar.

Nə demək olar?

Təəssüf, təəssüf, bir daha təəssüf!

Türkiyənin aşağı ranklı sosial şəbəkə səhifələri, futbol ekspertləri "Qarabağ"ın qələbəsi haqqında danışır, azərbaycanlılar tökülür həmin səhifənin şərhlərinə.

Ay haray!

Türkiyənin aşağı ranklı sosial şəbəkə səhifələri, futbol ekspertləri "Qarabağ"ın qələbəsi haqqında danışır, azərbaycanlılar onları həyəcanla paylaşır, xəbər saytları tirajlayır.

Ay haray!

Türkiyənin aşağı ranklı səhifələrinin əvvəlki paylaşımlarına baxıb onları heç kimin saya salmadığını görürəm.

Üç-beş bəyənmə.

Vəssalam!

Keçən həftələrdə Türkiyənin ən köklü klublarından biri olan "Fənərbağça" "Qarabağ"ın dünən məğlub etdiyi "Benfika"ya uduzmadımı?

Uduzdu.

Təkcə Türkiyədə yox, bütün dünyada "Qarabağ"dan danışırlar. Bu uğurun resepti araşdırılır.

"Qarabağ" Azərbaycan sərhədlərini çoxdan aşıb.

"Qələbə" yaxşı sözdür.

Amma onunla necə rəftar eləməyi öyrənməliyik.

Deyəcəklərim bu qədər!


# 537 dəfə oxunub

Oxşar xəbərlər

“Sony Pictures”dən kinematoqrafçılar üçün unikal imkan

“Sony Pictures”dən kinematoqrafçılar üçün unikal imkan

13:45 17 sentyabr 2025
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası İğdırda

Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası İğdırda

13:40 17 sentyabr 2025
Britannik gəmisindən nadir əsərlər üzə çıxarıldı

Britannik gəmisindən nadir əsərlər üzə çıxarıldı

13:20 17 sentyabr 2025
Marneulidə Azərbaycan Milli Musiqi Günü

Marneulidə Azərbaycan Milli Musiqi Günü

12:50 17 sentyabr 2025
“18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb

“18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb

12:38 17 sentyabr 2025
Əlisəmid Kürün son vəziyyəti - Qızından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Qızından açıqlama

12:35 17 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər