Kulis.az Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin Xalq rəssamı Eldar Mikayılzadə haqqında yazdığı "Unikal xalçalar müəllifi" yazısını təqdim edir.
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan xalçaçılığının dünya mədəniyyətində önəmli yer tutması danılmazdır. Onun lap qədim yaradıcılarının adları bizə bəlli olmasa da, onların elə zamanında bu el sənətini el şöhrətinə çevirdikləri birmənalıdır. Gözəllik duyğularını ilmələrlə ifadə edən həmin yaradıcıların bədii irsi barəsində XX əsrdən başlayaraq tədqiqat işlərinin aparılması xalça sənətinin tarixi və özünəməxsus estetikası barəsində müəyyən bilgi əldə etməyə imkan vermişdir. Məlum olmuşdur ki, iyirminci yüzilliyin ortalarında bu sənətin elmi əsaslarını yaradan və onun tədrisini respublikada gerçəkləşdirən Lətif Kərimovun sayəsində qədim el sənətimizin layiqli davamçılarının yetişməsini şərtləndirmişdir. Onlardan biri də haqlı olaraq bu gün xalçaçılq sənətimizin lideri hesab olunan Xalq rəssamı Eldar Mikayılzadədir...
O, əvvəlcə məşhur “Əzimzadə məktəbi”ndə təhsil almaqla rəngkar ixtisasına yiyələnmişdisə, bundan sonra onu respublika ali təhsil ocaqlarında yenicə tədris olunan xalçaçılıq cəlb etmişdi. Rəngkarlığa sevgisinin güclənməsində dahi mənzərə ustası Səttar Bəhlulzadə ilə ünsiyyətinin böyük rolu olmuşdusa, o, ilmələrin bədii-texniki sirlərini böyük xalça ustası Lətif Kərimov və Cəfər Müciridən öyrənmişdi. Maraqlıdır ki, gənc rəssam elə ilk toxuculuq nümunələrini yaradanda, müxtəlif tutumlu bu əsərlərin estetikasında onun xalçaçı və rəngkar duymunun nəticələri duyulmaqda idi. Bu günə kimi də ərsəyə gətirdiyi xalçaların bədii həllində miniatür üslubu estetikasından incəliklə istifadə edən sənətkarın əsərlərinin ümumi tutumunda bu qovşağın uğurlu nəticələri görünməkdədir...
Eldar Mikayılzadənin ilk böyük sənət uğurunu hələ tələbəlik illərində qazanması çoxları üçün gözlənilməz olsa da, onun özü üçün bu, daha məsuliyyətli nəticələrə yönəli apardığı davamlı axtarışların ilk işartısı idi. Onun hələ tələbəlik illərində ictimailəşdirdiyi “Şəbi-hicran”(1981) xalçası doğrudan da milli xalçaçılığımızda yeni söz idi. Ona görə də iki il sonra həmin xalçanın Bakıda keçirilən Şərq xalçaları üzrə Beynəlxalq simpozium (1983) iştirakçılarını da heyran etməsi təbii oldu. Bu ilk uğur ona daha ciddi bədii tapıntılara imza atmaqda yardımçı oldu desək, yanılmarıq.
Hazırda görkəmli xalçaçı-rəssamın bədii irsini təşkil edən çoxsaylı süjetli və ornamental xalçaların bənzərsiz estetikaya malik olmaları da onun tələbəlik illərindən başlanan peşəyə yaradıcı yanaşmasının sonrakı illərdə də uğurla davam etdirilməsinin göstəricisidir. Onun müxtəlif illərdə yaratdığı “Şəbi-hicran” (1981, 2006), “Nağıllar aləmi” (1983), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daima axtarışa meylli olan ustadın ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq. Rəssamın son on ildə ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (hər ikisi 2012) xalçaları da bunun təsdiqidir.
Yuxarıda adları çəkilən xalçaların hər birində onun müəllifi qarşısına müxtəlif yaradıcılıq məsələlər qoyduğundan və onları uğurla həll etdiyindən sənət incilərinə çevrilən bu sənət nümunələri həm cəlbedici, həm də düşündürücü görünürlər. Bəzi əsərləri şərh etməklə buna əmin olmaq mümkündür. Hazırda Azərbaycan Xalça Muzeyini bəzəyən “Şəbi-hicran” xalçası adından da göründüyü kimi dahi Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub.
Asimmetrik kompozisiyada şairin və onun şah əsəri sayılan nakam məhəbbət dastanı “Leyli və Məcnun”un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi-obrazlı “bədii güzgü” bütün mənalarda yeni idi. Xalçanın bədii örtüyünü təşkil edən əksər elementləri – ağacların, qayaların, buludların ikimənalı rəmzi görkəmi əsəri sirli-soraqlı etməklə yanaşı, həm də heyrət mücəssəməsinə çevrilməsini şərtləndirib. Buludların həm də şairin dilindən süzülən məşhur beytə çevrilməsi, ağacın gül açmış çiçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını, qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz xiridarının geyimini əvəz etməsi çox maraqlı və düşünülmüş bənzərsiz bədii həll tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obraz və elementlərin hamısının da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur.
2006-cı ildə yenidən “Şəbi-hicran” kompozisiyasına qayıdan rəssam əvvəlki əsərdə eləyə bilmədiklərini burada reallaşdırmaqla, özünəməxsusluğu və ecazkarlığı danılmaz olan sənət nümunəsi yaratmağa nail olmuşdur. Başqa sözlə desək, bir vaxtlar duyulası sirliliyinə görə “gələcəyə göndərilmiş məktub” ayaması qazanmış xalça sənətinin qeyri-adiliyi göz qabağında olan töhfələrlə zənginləşdirməyin mümkünlüyünü sərgiləmişdir. “Şəbi-hicran” xalçası əfsanəyə dönmüş məhəbbətlə Füzuli poeziyası arasında obrazlı bir körpüyə bənzəyir, desək, yanılmarıq...
Mürəkkəb kompozisiyalı, çoxfiqurlu “Yaranış” əsərinin süjet xəttini isə xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Müəllif özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olub. Əsərin ən maraqlı xüsusiyyəti süjetlər məcmusunun rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim edilməsidir. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib...
2012-ci ildə Eldar Mikayılzadə “Səttarın arzusu” və “Kəhkəşan” əsərlərini tamamlayıb. Dahi mənzərə ustasına həsr olunmuş xalçada o rəssamın 36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olub. Əslində çoxsaylı əsərlərdən “məcmu”, “qurama” və yaxud “kollaj” yaratmaq elə də çətin bir proses deyil. Ancaq xalçaçı-rəssam çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaradıb. Onun qənaətincə, “Səttarın arzusu” yalnız bu bədii tutumda ola bilərdi. Odur ki, bu əsər də dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və duyğulandırıcıdır...
Sənətkar elə həmin il çağdaş dünya incəsənətində oxşarı olmayan “Kəhkəşan” xalçasını tamamlamaqla, yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə doğrudan da bu gün bənzərsiz olduğunu bir daha təsdiqlədi. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapınılan xalçada qiymətli daş-qaşlardan istifadə olunub. Başqa sözlə desək, kompozisiyaya müvafiq olaraq xalçanın naxış örtüyündə 725 ədəd feonit və svarov daşlarını (ağ, sarı, mavi, yaşıl və qırmızı rəngin yeddi çaları) görmək və onların bədii-estetik gücündən zövq almaq mümkündür. Bu yerdə xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində “zili” texnikası ilə əldə olunub. Bu alt arğaclara və daşlara isə 1,382 qram qızıl işlədilib.
Eldar Mikayılzadənin 2018-ci ildə yaratdığı “Şəki xalçaları” silsiləsini isə milli dekorativ-tətbiqi sənətimizi zənginləşdirən yeni və unudulmaz səhifə hesab etmək olar. Belə ki, o, bununla da məlum dörd xalça qrupuna özünəməxsus estetikaya malik olan yeni bir qrupun əlavə olunmasını şərtləndirmişdir. Sənətkarın “Şəki xalçaları” silsiləsini dəyərləndirməli olsaq, onda öncə onun müəllifinin gələcək çeşnilərin bədii tutumunu təşkil edəcək təsvir və naxışların seçimində bilavasitə yerli mühitin bədii qaynaqlarına tapındığını qeyd etməliyik. Daha dəqiq desək, ictimailəşən on üç xovlu xalçanın məna-məzmun yükünü Şəkidəki iki məşhur tikilinin – Şəki Xan sarayının və Hüseyn xan imarətinin (Şəkixanovların evi) interyerində istifadə olunmuş tərtibat ünsürlərindən tərtib olunmuşdur. “İlin fəsilləri”, “Ləçək-turunc”, “Nar ağacı”, “Adəm və Həvva”, “Şəbəkə”, “Bəndi-Rumi”, “Göllü”, “Xan ovu”, “Ovçuluq”, “Döyüş” və s. xalçalarının çeşniləri də bunun təsdiqidir.
Sonda onun xalçaçılıqla yanaşı rəngkarlıq, qrafika, numizmatika (o, Azərbaycanın ilk milli pullarının eskiz müəllifidir), monumental və medalyer sənəti sahəsində ərsəyə gətirdiyi sənət nümunələrini də qeyd etməsək, yəqin ki, onun yaradıcılıq portreti yarımçıq görünərdi. Bu mənada bu günlər 65 yaşı tamam olan - əsərləri Beynəlxalq mükafatlara layiq görülən, nüfuzlu muzey və şəxsi kolleksiyaları bəzəyən sənətkarın arxada qalan ömür yolu həm özü, həm də çoxsaylı pərəstişkarları üçün qürurverici görünür. Qənaətimizcə, bir yaradıcı kimi bunu onun ən böyük qazancı hesab etmək olar...
"Kaspi" qəzeti