Ərəblərə hansı haqla gülürsüz?

Ərəblərə hansı haqla gülürsüz?
11 iyul 2017
# 12:33

Son günlər sosial şəbəkələrdə ərəb turistlərin lağ hədəfinə çevrildiyini görüb düşündüm: heyhat, bu əzize-mənlərim ərəblərə nöş gülür, ey büt? Zarafat eləmirəm, əməlli-başlı düşündüm, sonunda depressiyaya düşdüm. İnanın, bunu da zarafat eləmirəm.

Ümumiyyətlə, elə şeylər var, fərqinə varmırıq, amma çox ciddi məsələdir. Həqiqətən.

Şəxsən mən ərəblərə gülə bilmirəm. Bacarmıram.

Şəxsən mən ərəbləri görəndə utanıram. Məhz bu utanc hissindən onlara sonsuz hörmətlə yanaşıram şəhərdə rastlaşanda.

Yaxşı, mən ərəbə niyə gülə bilmirəm? Ona görə ki, haqqım çatmır. Bütün məqamlarda sadiq qaldığım dəyərlərimdən biri də bu – haqqı çatmaq!

Bəs sən hansı haqq ilən gülə bilirsən ərəblərə, ey dost? Axı sənin aşağı-yuxarı heç bir fərqin yoxdur güldüyünlə. Dinin ərəbindir.

Yüzillərdir ərəbin dininə tapınmısan.

Yüzillərdir ərəbin kitabını müqəddəs bilirsən, and yerindir.

Ərəbin namazını qılırsan, ərəbin duasını oxuyursan, ərəbin şəhərlərini ziyarətə gedirsən, adının qabağında səslənməsini fəxr bilirsən. Hətta bütün bunları ərəbcə edirsən.

Ərəbvari düşünürsən. Ol səbəbdən toy-yas mərasimlərin də ərəbidir, ölünü ərəbi üsulla dəfn edirsən, ərəbi ehsan verirsən, ərəbi qız köçürürsən, ərəbi oğlan evləndirirsən.

Rəngin də ərəbin rəngidir.

Bakılılar demiş, bə nöş gülürsən ərəbə?

Dünyanın birmənalı şəkildə alternativsiz turizm mərkəzi də ərəbin.

Hər il milyonlarla insan Məkkə şəhərinə üz tutur, milyardlar xərclənir, trilyonlar qazanılır.

Heç nə yox, elə sən özün gedib Həccdə biri 3 dollardan bir qucaq çaylaq daşı alırsan, aparıb atırsan dərəyə. Ki, şeytanı daşlayırsan.

İndi deyin görək kimin-kimə gülməyə haqqı çatır?

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

# # #