O insanlar heç vaxt vətəndaş ola bilmir - Şəhriyar Del Gerani yazır...

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

30 iyun 2022
# 16:20

Kulis.az Şəhriyar Del Geraninin “Qəribliyə və qürbətə dair…” adlı yazısını təqdim edir.

“Geçti dost kervanı eyleme beni…”

Çox adama elə gəlir qürbətdə səadət var. Amma elə deyil. Qürbətdə səadət yoxdur. Hara olmasından və necə olmasından asılı olmayaraq qürbət elə qürbətdir. Dünənə qədər adamları cəzalandırmaq üçün sürgün edirdilər. Hətta bəzi ölkələrdə yenə də var bu cəza metodu. Ən ağır cəzalardandır sürgün. Adı gələndə adamın tükləri ürpərir. Qürbət fərli olsaydı amansız adamlar belə bir metodu cəza olaraq qəbul etməz, heç ağıllarının ucundan da keçirməzdilər. Əlbəttə, sürgünün məkanları və şərtləri başqadır, bilirik. Hər halda 5-3 kitab üzü açmış, ucundan-qulağından dünyanı da görmüşük. Sürgünlə qürbəti birləşdirən ortaq nəsə olmasaydı, yazmazdıq burada. Bir az düşünsək, görərik sürgündə əsas məqsəd qürbətçilik yaşatmaqdır adamlara. Hətta deyə bilərik ki, bütün qürbətlər mahiyyətcə sürgündür. Fərqi yoxdur səni sürgün ediblər, yaxud özün özünü “sürgün etmisən”. Deyəndə də acığınıza gəlir, kim istəməz doğulub böyüdüyü torpaqlarda dost-doğma adamlarla keçirsin ömrünü? Ömürdür də. Bir göz qırpımında gəlib keçir. Hansı nadan, hansı cahil istəməz bir göz qırpımında ötüb keçən ömrünü doğmalarıyla birlikdə, birgəlikdə olsun?

Düzü, heç kəs kefindən qaçaq düşmür vətənindən. Hərənin bir səbəbi olur. Hərəni bir səbəb qaçaq salır. Şəxsən mənim vətəndən kənarda bütün sferalardan dostlarım var, mütəmadi olaraq da əlaqədəyik. Məsləyindən asılı olmayaraq hər birinin burnunun ucu göynəyir Azərbaycan üçün. Bunu hər dəfə danışdığımız söhbətlərdə, mövzularda onların səsindən, intonasiyasından hiss edirəm, duyuram. Asan deyil. Sizə zarafat gəlməsin.

Qürbətdən danışırıq, qəriblikdən söhbət açmışıq. Çalışırıq ən sadə münasibətlər, sıradan məsələlər üzərindən dərdləşək, fikir bölüşək, anlayaq bir-birimizi, ürəyimiz soyusun ən azı. Yoxsa, bəlli bir mərhələyə çatmış, özünü yetişdirib məlum həqiqətləri idrak etmiş adamlar yaxşı bilir dünya dediyimiz bu məkan elə qürbətlərin ən yekəsidir. Gerçək vətən axtarırsan, dünyada axtarma, Allahın yanında axtar. Sezai Karakoçun məşhur misralarındakı xəfif yalvarışı xatırlayaq, deyir, “Sevgili, ey sevgili, ən sevgili, uzatma dünya sürgünümü mənim…” Sevgili xitabı Allaha aiddir burada. Olsun, bir söz demirik. İndi, başa düşürük, hər kəs o mərtəbəyə yetişə bilmir. Nə edək? Kimisə məcbur o mərhələyə qaldırmaq da olmaz. Heç mümkün də deyil. Gərək bir variant tapıb yaşayaq. Bizim kimi ortabab adamların vətən anlayışı doğulub boya-başa çatdığımız məkanlar, dünyaya göz açdığımız yerlərdir. Biz özümüzü həmişə o məkanlara, o yerlərə aid hiss edirik. Bizim kimi adamlar üçün həmin məkanları, həmin yerləri doğma edən həm də vətən kimi adamlar – ailəmiz, dostlarımız, aid olduğumuz cəmiyyət, uşaqlığımızın fərəhli sədaları gələn küçələr, məhəllələrdir. Ayrılmaq olmur o yerlərdən, o adamlardan.

Necə ayrılasan? Coğrafiya da taledir axı. Məsləhət olsaydı, məsələn, Allah səni Laçının Qarakeçdi kəndində yox, İstanbulda, Londonda, Parisdə, Vyanada dünyaya gətizdirərdi. Allahdan çox bilməyəcəksən ki? İndi tale belə gətirib, Allah istəyib sən İstanbulda, Londonda, Parisdə, Vyanada deyil, Laçının Qarakeçdi kəndində dünyaya gəlmisən. Ona görə də bu kimi dünya şəhərləri sənin üçün vətən faktı deyil, gəzməli, əylənməli, görməli şəhərlər faktıdır. Bu şəhərlərin heç biri Qarakeçdinin bir qara daşı qədər dəyərli, doğma ola bilməz sənin üçün. Bu, ruhani məsələdir, izahı yoxdur. Yalan olmasın, 5-3 kitab oxumuş adamlarıq, nə az, nə çox, düz əlli iki ədəd səbəb saya bilərik “Niyə belədir?” barədə, əsaslandırarıq da. Amma bu əlli iki səbəbin heç biri əsas ola bilməz.

İstanbulu bilirsiniz, izah etməyə söz tapmaq çətin. İstanbuldur, bildiyimiz İstanbul, bütün şəhərlərin paytaxtı. Dünən Üsküdardan Eminönünə keçirəm gəmiylə, rayonda yaşayan əmim “WhatsApp”da səsli mesaj göndərdi, dinlədim, heç nə, hal-əhval tuturdu. Rayonda evimizin arxasından arx keçir, bildiyiniz arx, iki metr enində, metr yarım dərinliyində, suyu da daima qıt, o da çirkli, zibilli. Deməli, əmim danışır, fonda da arxdakı qurbağaların səsi gəlir, qurultuları götürüb aləmi, əmimin səsi güclə eşidilir. Deyəcəm inanmayacaqsınız, təxminən iyirmi dəfə ard-arda qulaq asdım mesaja, kövrəldim, duyğulandım, qəhərləndim, dalıb getdim 10 il, 15 il, 20 il o tərəflərə, uzaqların ən unudulmaz, uzaqların ən əlçatmaz, ən ünyetməz yerlərinə. Dəhşətdir gerçəkdən. İstanbuldayam, bir qitədən o biri qitəyə keçirəm gəmiylə, Asiyadan Avropaya, boğazdan keçirəm, Qara dənizlə Mərmərə dənizini birləşdirən boğazdan, şəhərin Anadolu yaxasından – Üsküdardan Avropa yaxasına – Eminönünə. Bu məqamda əmimdən gələn səsli mesaj, bir doğma insanın hal-əhval tutması, intonasiyasındakı sevgi, qayğı, üstəlik fonda da uşaqlığımın ən mübarək simfoniyası - evimizin arxasındakı arxdan gələn qurbağa qurultuları bu boyda şəhəri beş qəpiklik edir mənim gözümdə. Bu nəhənglikdə şəhər, qitələr, dənizlər, gəmilər, mənzərələr, turistlər hamısı uduzur həmin o 20-25 saniyəlik səsli mesaja. Hə, necə izah edəcəksən bu hikməti? Ağıllı tərəfinə salıb nə qədər çərənləyirsən çərənlə, nə qədər üyüdüb tökürsən tök, kimdir sənə inanan? Nəinki inanan, heç qulaq asan varmı sənə? Nə isə, xahiş edirəm zəhləsini tökməyək bir-birimizin, onsuz da bilirik bütün dediklərin puçdur, havadır, onların heç biri səbəb deyil. Boş ver.

Qürbətdən danışırıq. Qəribliyin ən məşəqqətli tərəflərindən biri də bu ki, sənə hər fürsətdə yad olduğunu hiss etdirirlər qürbətdə. Söhbət təkcə adamlardan getmir, təbiət də sənə hiss elətdirir yad olduğunu, gəlmə olduğunu, buralara aid olmadığını. Baxırsan, hava xoşdur, günəşli, isti, yüngül bir geyimdə çıxırsan evdən, bir də görürsən leysan elə yerdə haqladı səni, bir solaxay soyuqdəymə, al, xoş getdin. Yaxud tam tərsi, hava soyuqdur, palto, plaş, nəyin varsa atırsan üstünə, yarım saatdan sonra hava dəyişir, olursan qan-tərin içində. Heç cür tutuzdura bilmirsən. İndi kimsə çıxıb deyəcək, “Əşi, əlinin altında telefon, internet, hava proqnozuna bax da”. Elə deyil, dostum. Dayı canı, biz ondan danışmırıq, başqa şeydən danışırıq. Belə şeylər internetdə yazılmır.

Sözüm ona, hər fürsətdə adama yad olduğunu hiss etdirmək, adamın bunu hər gün hiss etməsi travma yaşadır əməlli-başlı. Adam özünü nə qədər təqdim edər, İlahi? Haradansan? Nəçisən? Nə iş görürsən burada? Özü də fikir verirsən, heç maraqlı da deyil soruşana, sadəcə, soruşur, azarını öldürür, sənə hiss elətdirir ki, bax, mən buralıyam, sən yadsan. Qəsdən eləmir çox vaxt, şüuraltı baş verir bunlar, qeyri-iradi. Öz aramızdır, Türkiyədə bizə qarşı münasibət çox yaxşıdır, çöldə-bayırda, olduğun ortamlarda azərbaycanlı olduğunu biləndə ilıq bir təbəssüm qonur üzlərə, bu təbəssüm az şey deyil, hətta, hər şeydir. Təkrarçılıq olmasın, dil bir, din bir, soy bir millətik, başqa cür olması anormal olardı. Amma nə gizlədək, qürbət elə dünyanın hər yerində qürbətdir.

Deyirəm, qərib insan heç vaxt vətəndaş ola bilmir. Qərib insan yaşadığı ölkənin bir parçasına çevrilə bilmir. Qərib insan yaşadığı ölkəyə qaynayıb-qarışa bilmir, onun nəinki ictimai-siyasi həyatında, mədəni-sosial həyatında, heç məişətində də iştirak edə bilmir. Qürbətin dözülməz tərəfləri həm də bunlardır. Məna tapa bilmirsən həyatda. Məzmun yoxa çıxır. Kaş fikrimi ifadə edə biləydim, kimsə oxuyub düşünməzdi, “Bu nə danışır? Nədən danışır?”

Hər bir insanın damaq dadı da doğulduğu coğrafiyaya görə kodlaşır. O coğrafiyadan uzaq düşəndə heç bir yeməkdən doğma ləzzəti ala bilmirsən. Bəlkə də sənin yediyin yeməklərdən dəfələrlə üstün, dəfələrlə daha dadlı, daha ləzzətlidir bu təamlar, amma bu yeməklər sənə heç nə ifadə etmir, sənə heç nə demir. Çünki sənin damaq dadın başqa şifrələrlə kodlaşıb, bu yeməklər sənin damağına düşmür. Sizə zarafat gəlməsin, yemək söhbəti çox ciddi söhbətdir. Xoşbəxtliyin birbaşa təməl prinsiplərindəndir qida məsələsi. Xahiş edirəm “İnsan yemək üçün yaşamalı deyil, yaşamaq üçün yeməlidir” düşüklüyünə getməyək, lazım deyil, gül kimi söhbət edirik. Bunu etiraf edək ki, yemək şərtdir. Bu qədər sadə və səmimi. Qürbətdə adam damağından da qərib düşür, yeməyindən, suyundan, çayından da.

Ya zəlzələdən, ya vəlvələdən, qürbətin hər üzünü görmüşəm. İran zindanlarında təkadamlıq kameralardan tutmuş Kiyev, İstanbul kimi hər kəsin ən azı bircə dəfə olmaq istədiyi şəhərlərdə yaşamışam. Qürbətin ən zülmətini, ən məşəqqətini, ən zillətini də dadmışam, ən gözəlini, ən ləzzətini, ən ürəkaçanını da, amma məmləkətin doğmalığındakı səadət, Vətənin sadəliyindəki fərəh heç yerdə yoxdur. O əzablar da, o xoş günlər də unudulur, primitivləşir zaman keçdikcə, qupquru xatirəsi qalır eləcə, amma vətəndə yaşanan o sadə günlərdəki sıradan şeylər xatırlandıqca fərəhləndirir, dincəldir adamın ruhunu. Həyətimizdə iki ev vardı, biri babamla nənəmin yaşadığı çiy kərpicdən olan ev, digəri bizim yaşadığımız təzə - daş ev. Mən həmişə gedib kərpic evdə qalardım uşaqlıqda. Orada aramlıq tapardım, nənəmin yanında. O evin qoxusu burnumdan çəkilmir heç cürə. Dəmir tordan çarpayı vardı, o çarpayıda yatdığım kimi heç bir istirahət mərkəzində, heç bir ay, nə bilim neçə ulduzlu otellərdə yatmadım, yata bilmədim. Tələbə vaxtı da Bakıdan qaçıb gedərdim, gedib o tor çarpayıda yatardım, sonra qayıdıb gələrdim. Heç kimə deməzdim əslində nə üçün getmişəm rayona. Desəydim, gülərdilər. Amma həqiqətən də, səbəblərdən biri bu idi. Gülürsünüz, gülün, incimirəm. Amma bu, belədir.

Pir Sultan Abdalın misrasıyla giriş etmişik mövzuya, Barış Mançonun məşhur musiqisində himn kimi səslənir bu misra. Şeirdəki “eyleme beni” çağdaş Türkiyə türkcəsində anlaşılmır, əksəriyyət başa düşmür söhbətin nədən getdiyini. Amma Barış Manço yaxşı bilirdi bu söhbətləri. Pir Sultan Abdal Cənubi Azərbaycandandır, bilirsiniz. Şah təhrik edir, Osmanlıya qarşı qiyamlarda iştirak edir şair, əsir düşür. Deyir, xahiş edirəm, dost karvanı gedir, burax məni, buralarda nə işim var axı? Əyləmə məni, yəni, saxlama məni buralarda, burax çıxım gedim. Amma kimdir şairi eşidən? Casusluqda ittiham olunur, Xızır Paşa fərman verir, Sivasda edam edirlər şairi. Əsir düşmək, sürgün olunmaq, bütün bunların ümumi adı qürbətdir. İnanın, bu gün qürbətdə yaşayan hər bir insanın könlündən, ruhundan himn kimi keçir bu misranın gerçəyi.

Qəriblikdən danışırdıq, qürbətdən söz açmışdıq. Ömür də su misalı, axıb gedir, məna tapa bilmirsən, məzmun yox, qəribçilik, qürbət, bir yandan da doğmalar, dostlar köç edir bu dünyadan başqa dünyalara. Göz görmür, könül unudur. Kimiləri ölüm alıb aparır, kimiləri həyat. Nə yanlarında ola bilirsən, nə də dəfnlərində. Ən dəhşətlisi də bu ki, sağımız-solumuz Xızır paşalar. Nə isə, başımız sağ olsun. Getdi dost karvanı…

/oxu.az/

# 2544 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #