Messi futboldan böyükdür!

Messi futboldan böyükdür!
17 iyun 2026
# 10:47

Kulis.az Şəhriyar del Geraninin yeni yazısını təqdim edir.

Heç şübhəsiz, Messi dəlidir. Onun etdikləri normal zəkanın, orta statistik insan ağılının işi deyil. Bu, heç.

Gəlin belə danışaq: müasir futbol təxminən 160 il qabaq yaranıb. Amma Maradonaya qədər bu, sadəcə top-top idi. Çoxlu sayda adamlar top-top oynayırdılar və birdən Maradona gəldi, top-top oyununu futbola çevirdi. Əlbəttə, “Tanrının əli”ylə neçə-neçə mötəbər futbolçu da yarandı, parladı, futbola xidmət etdi. Di gəl, əfsanəyə çevrilən “Qızıl Oğlan” oldu. Bəli, Maradona top-top oyununu futbola döndərdi.

Daha sonra Ronaldinyo gəldi. Onun oyunu çox adam üçün futbolun “ən şən versiyası” idi. O, sanki oynamaq üçün yox, əylənmək üçün oynayırdı. Bu “Sehrbaz” da futbola teatrallıq qatdı. Əgər Maradona “Tanrının əli” idisə, belə demək mümkünsə, Ronaldinyo da “Tanrının hər yeri” oldu. Demək olar, bütün əzalarıyla qol vurdu. Əlbəttə, teatra çevrilməkdə olan futbolda neçə-neçə mötəbər oyunçu da yer aldı, parladı, teatral futbola xidmət etdi. Di gəl, əfsanəyə çevrilən “Sehrbaz” oldu. Bəli, Ronaldinyo futbolu teatra döndərdi.

Və günlərin bir günü fiziki göstəriciləriylə, psixoloji dəliyə, Allahın səməsinə oxşayan bir qaqaş peyda olur: Messi - “Tanrının özü”! Bəli, GOAT - Greatest Of All Time - Bütün Zamanların Ən Böyüyü.

Bəs Leo nə etdi?

O, futbolu teatrdan çıxardıb filmə gətirdi. O, futbolu ən modern sənətə döndərdi. Bayaq, çox yox, yarım saat qabaq, DÇ 2026-da, 39 yaşında, 80 dəqiqəlik oyununda vurduğu 3 topla göstərdi ki, o, futbolçu deyil, rejissordur; o, futbol oynamır, film çəkir. Özü də art-house - ən yüksək səviyyəli sənət filmi. Ssenarist özüdür, rejissor da, qəhrəman da.

Əlbəttə, filmə çevrilən futbolda neçə-neçə möhtəşəm oyunçu da rollandı, parladı, sinematik futbola xidmət etdi. Di gəl, əfsanəyə çevrilən “GOAT” oldu.

Heç şübhəsiz, Messi filmə çevirdiyi futbolun dünənki və əbədi əfsanəsidir. Çox adam futbolu yüksək səviyyədə oynayır müasir dünyada - Yamal, Neymar, Ronaldo, Salah, Haaland, Mbappe və sairə onlarla futbolçu sadalamaq olar. Amma onların oynadığı Maradonanın futboludur, Ronaldinyonun teatrı, Messinin filmi deyil.

Heç kəs inciməsin, Messi futboldan böyükdür.

Bu sadə, gözəl və maraqlı oyunu ən yüksək səviyyəli, zövqlü sənətə çevirdiyin üçün sənə sonsuz məhəbbət sinəmdə tutmuş məkan, gözəl oğlan. Bəli, sən futbolu filmə döndərdin…

# 291 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər