Bu cavanlar niyə fışqırıq çalmırlar?

Bu cavanlar niyə fışqırıq çalmırlar?
12 mart 2019
# 10:39

Şəhla Aslan

Nərgiz nənəm evə gələndə çox qayğılı idi. Dilindən bircə kəlimə eşidə bildik: “Balam, bu cavanlar niyə fışqırıq çalmırlar?” Bunların axırı çox çətin olacaq! Vəssalam. Daha nə biz bir şey soruşa bilmədik qorxumuzdan, nə də özü bu mövzuya toxunmadı. Yedi-içdi, qollarını yelləyə-yelləyə, addımlarını gen ata-ata keçdi öz “kabinetinə” yatmağa.

Nərgiz nənə bizə qonaq gəlib. Bizə deyəndə ki, yəni şəhərə. Özü kənddə yaşayır. Əsli Bakıdan olsa da kəndli balası ilə evlənib. Allahqulu babamla evlənib köçüb ora. Babam da rəhmətə gedəndən sonra sonuncu oğlu ilə qalır kənddə. Hər il soyuqlar düşəndə gəlir şəhərə, altı oğlu burdadır axı. Əslində heç evdə də tapılmır. Gündüzlər gəzir şəhəri, gənclik illərini yada salır, nəslindən sağ qalanları yoxlayır, sənəd-sünəd dalınca idarələri dolaşır. Axşama yaxın da zəng eləyib bir oğluna xəbər verir ki, sizə gəlirəm. Bu gün də bizim bəxtimizə düşüb.

Əstəğfürullah!... Necə yəni cavanlar niyə fışqırıq çalmır? Fışqırığa aid nə bilirəmsə çevirdim-tökdüm ortalığa, heç nə başa düşmədim. Yaxşı ovqat arzulayanda “fışqırığın gəlsin!” deyirlər. Hətta fışqırığın qoyuna ziyanı yoxdur” da deyilir. Nə isə, bunlar heç. Gördüm fikir məni rahat buraxmır, qapını döyüb girdim yanına. Arvad qayğılı görkəmdə oturmuşdu. Yazığım gəldi şanlı keçmişi olan qoca nənəyə. 75 yaşı var, amma heç kəs bu yaşı verməz ona.

Ucaboy, ətli-canlı, yeriyəndə sanki yer titrəyir. Bir az kişiyə də oxşarı var. O vaxt babam kənddən gəlib Bakıda sənət məktəbi deyilən məktəbdə dəmirçilik öyrənirmiş. Nə olub, necə olub, dağda, daşda böyümüş bu pələng balasına oxşayan Allahqulu könlünü verir kirayə qaldığı evin qızı Nərgizə. Nənəm də o vaxt feldşerlik oxuyurmuş. Hər ikisi məktəbi bitirdikdən sonra, yüngülvari məclis qurub toy edirlər, bir-birinə qoşulub gedirlər kəndə.

...Yenə nənəmin yüz dəfə danışdığı xatirələr aldı, apardı məni. O da heç nə demədən əlimdən tutub saçımı sığallayırdı. İndiki gənclik barədə onun qəribə mühakimələri vardır. Amma onu bu gün nə narahat etmişdi, - fişqırıq çalmağın mətləbə nə dəxli var idi, məlum deyildi. Nəyləməliyli gənclər, küçədə fit çala-çala yeriməlidir? Hələ heç nə demirdi. Fikri uzaqlarda idi. İşlədiyi vəzifələri, yoxsa sevdiyi mərhum ərini xatırlayırdı? İndi hər şey onun üçün keçmişdə qalmışdı. Pah! Bunun elə parlaq gələcəyi olub ki...

Kəndə gəlin köçəndə onu hər dərdə çarə eləyən həkim kimi tanıyıblar. Sanki adi feldşer yox, məşhur terapevt təşrif buyurub. Təsəvvür edin ki, elə vəziyyətdə nənəm nə qədər hörmət qazanmışdı da. Pul-para, pay-püş, maaş da öz yerində. Tezliklə vəzifə pillələrində yüksəlir, rayonda irəli çəkilir, o vaxtın nə vəzifəsi imişsə, özünün deməyinə görə kolxozları komissiyanın rəhbəri imiş. Deyir camaatın ağası zənn edən kolxoz sədrləri tir-tir əsirdi qabağımda. Zibillərini üzə çıxarandan sonra, daha dərinə getmirdim. Hə, lap pul da verirdilər, sonra? Onsuz, vəzifədə qalmaq olardı o dövrdə?

Firavan həyat, var-dövlət, hörmət-izzət, Allahqulu kimi ərə sahib olan nənəm gözəllikdə bir tamaşa imiş. Allahqulu da bığlarını eşib Koroğlu kimi qoyarmış qulağının dibinə. Nənəm danışır ki, toylarda bizim havanı çalanda kişi çıxardı ortaya. Ayaqlarını yerə çırpanda mağar titrəyərdi, Qartar baxışlarını kimə zilləyərmişsə canına vəlvələ düşərmiş. Deyir, dizini yerə vurub məni çağırardı ortaya. Sonra ətrafımda quş kimi süzərdi. Çəkic döyməkdən daşa dönmüş əzələli bədəni ilan kimi qıvrılırdı. Sanki “Bu mənimdir! Ona kəmbaxanın gözünü ovaram!” deyirdi. Mənə kim əyri baxa bilərdi ki? Allahqulunun bığının bir tükü mənim üçün on kişiyə dəyərdi. Eh!...

Ərinimi düşünürdü? Nə isə!.. Çox uzandı deyəsən mətləb. Onları sonra deyəcəyəm onsuz da. İclasda Partiyanın siyasətini ifşa etməyini, həbs olunmağını, nənəmin Qaqarinlə görüşməyini... İndi isə qayıdaq “fışqırıq” məsələsinə. Hə...nənəm birdən dilləndi ki, bala, biliriəm sən bayaqkı sözə görə gəlmisən. Qoy deyim, bilməsən, sakit olmazsan. Yazarlar belədir də. Bir az da mənə oxşadığın üçün çox istəyirəm səni. Amma indiki gəncliyin sonunu yaxşı görmürəm. Elə bir dərd qəm içindədirlər. Telefonda nəyə qulaq asırlar mən bilmirəm. Amma heç sifətlərinə təbəssüm qonmur. Sevinmirlər, ay bala! Mən də buralıyam da. Cavanlar xəlvətə düşəndə fitdə mahnılar çalırdılar! Qəlblərinin fərəhi, yaşamaq eşqi, arzu, diləklərinin ifadəsi idi onlar. Day kəndi demirəm heç. Dağda, meşədə cavanların zəngulələrini eşidəndə hamıya güc-təpər gəlirdi.

Əşii fışqırıq çalmaq nədir ki? Bilirəm ee ayıbdır. Böyüyün, kiçiyin yanında olmaz. Amma ürəyində bir şadlığın varsa çölə vurmalıdır, əlaməti. Bu “qəbahəti” üstündə cavanlar yaxalananda sifətinin qızarması da xoşdur. Nə olub ki, fit çalır da! Telefonda səviyyəsiz mesajları xəlvətcə ona buna göndərmək yaxşıdır, bu pis? Bulvarı bu başdan o başa qədər yeridim, nə bir mahnı zümzümə eləyən, nə də fitlə mahnı çalan eşitmədim. Məni düzgün başa düşün. Deməyin ki, qoca arvaddır da, nə danışır. Ürək fərəhlə dolmursa, gələcəyə ümidlə baxa bilmirsə, yerə-göyə sığmayan kimi görünmürsə, daha nə gənclik oldu? “Cavanlar niyə qışqırıq çalmır” simvolik deyim olsa da, həqiqət var onda. Qəmginsiniz, fikirlisiniz, elə bil qayğı yükü basıb əzir gəncləri, çiyinləri düşüb qocalar kimi. Nə olacaq bunların axırı? Düşünürəm, səbəbini tapa bilmirəm. Bəlkə də biz nəsir günahkarıq, bunların belə vəziyyətə düşməyinə? Bilmirəm!

# 2573 dəfə oxunub

Müəllifin son yazıları

# # #