Pessimistlərə heykəl qoymurlar

Pessimistlərə heykəl qoymurlar
6 oktyabr 2017
# 15:25

Şəhla Aslan

Məşhur xristian vaizi, amerikalı Robert Şuller insanları dörd qrupa bölür:

1. Sürünənlər. Belə insanlar öz qarşılarına heç bir məqsəd qoymadan və heç bir qərar qəbul etmədən yaşayırlar.

2. Projektorlar. Onların gözəl arzuları olsa da, qətiyyətləri çatmır ki, arzuları reallaşdırmaq üçün hansısa bir addım atsın.

3. Qeyri-sabitlər. Onlar öz arzularına çatmaq üçün fəaliyyətə başlayırlar, lakin ilk uğursuzluqdasa təslim olurlar.

4. İşgüzarlıq. Bu cəsur insanlar öz istiqamətlərini dəqiq bilirlər və ora çatmaq üçün zəruri olan hər şeyi edirlər.

Hər şey məqsəddən başlanır. Əbəs yerə deyilmir ki, əməl niyyətə bağlıdır. Bu gözəl İslam hökmünə əsasən eyni bir nəticə iki adamdan birində savaba, digərində isə günaha səbəb ola bilər. Çünki, nəticələr eyni olsa da, niyyətləri müxtəlif ola bilər. Məsələn, camaata xoş gəlmək üçün kimsə ibadət edir. Bir başqası isə Allahın razılığını qazanmaq üçün ibadət edir. Nəticələr eyni olsa da, əcrlər müxtəlifdir.

Qaliblər həmişə qarşısına dəqiq məqsədlər qoyurlar və onu reallaşdırmaq üçün çalışırlar. Uğursuzlar isə həmişə özlərinə bəraət qazandırmaq barədə düşünürlər.

Siz nə haqqında düşünürsünüzsə, o cürsünüz. Həyatınızın necə olacağı sizin üçün maraqlıdırmı? Onda mən deyirəm: Siz onu necə təsəvvür edirsinizsə, elə də olacaqdır.

Bir nəfər əyalətdəki restorana girərək ofisianta deyir:

- Məni işləmək üçün bu şəhərə dəyişdiriblər. Heç vaxt burada olmamışam. Buranın adamları necədirlər?

- Bəs sizin əvvəlki iş yerinizdə adamlar necə idilər?

- Soruşma. Onlar adam yox, cır-cındır idilər.

- Onda, elə burada da adamlar sizə qarşı o cür olacaqlar.

Bir azdan yenə bir nəfər yad adam içəri girir və ofisianta deyir:

- Mən buraya təzə gəlmişəm. Bilmək istəyirəm ki, camaat burada nə cürdür?

- Sizin əvvəlki yerinizdə necə idilər?

- Əla. Heç ordan çıxmaq istəmirdim. Yaşamaq çox gözəl idi. Adamlar da xoşrəftar, gülərüz idilər.

- Onda elə burada da gününüz xoş keçəcəkdir.

Birinci müştəri təbdən dönmüş halda ofisianta deyir:

- Mənə düzünü deyin görüm, bu şəhərin adamları həqiqətdə necədirlər?

- Bu asılıdır sizin adamları necə qəbul etmənizdən. Siz nəyi görmək istəsəniz, onu da görəcəksiniz.

Tale hərənin öz əlindədir. Madam ki, belədir, niyə yaxşı taleni yaşamayaq?

Məşhurlardan kimsə demişdir ki, mən həyatım boyu pessimist adama heykəl qoyulduğunu görməmişəm.

Belə çıxır ki, pessimistlər dahi ola bilmirlər. Onlar hər bir imkanı problemə çevirirlər. “Quş südü” ifadəsini yada salın. Optimist hətta onun da mövcudluğuna inanır. Pessimist isə ən tez ələ gələn şeyi də quş südü kimi problemə çevirir.

Riskə gedərək bütün enmə və qalxmaları rahatlıqla yaşamaq üçün ən mürəkkəb situasiyalarda da hər şeyin işıqlı tərəflərini görmək lazımdır. Uğurun uğursuzluqlarla əlaqəli olduğunu nə qədər tez dərk etsəniz, öz işinizi və həyatınızı o qədər tez istədiyiniz məcraya sala biləcəksiniz.

Optimistlər yaxşı başa düşürlər ki, həyat yolu tikanlı və çala-çuxurdur, amma hər halda bu yol harasa aparıb çıxarır. Onlar uğursuzluqlardan düzgün nəticələr çıxara bildikləri üçün səhv etməkdən qorxmurlar. Onlar bilirlər ki, yıxıldığın zaman tez ayağa durursansa, deməli, hələ məğlub olmamısan.

Bu gün zirvədə olanların hansı birinin keçmişinə baxsaq, uğursuzluqlar silsiləsinə rast gələrik. Amma onlar inamla qalxıb irəliləmiş və taleyin onlara bəxş etdiyi bəxt payından da bacarıqla istifadə etmişlər.

Deyl Karneginin “Qorxmağı qurtararaq, yaşamağa necə başlamalı” kitabında belə bir hekayət var:

Bir gənc oğlanın əsəbləri pozulmaq üzrə idi. Onu hər şey əsəbiləşdirirdi. Öz çəkisi, saçları, sevdiyi qız, işi, valideynləri onu narahat edirdi. Oğlan qorxurdu ki, mədəsində xora yaransın.

Psixi durumunu yaxşılaşdırmaq üçün yaşayış yerini dəyişmək qərarına gəlir. Yola düşəndə atası ona bağlı bir zərf verir və tapşırır ki, çətinliyə düşəndə zərfi açarsan.

Gənc bir müddət təzə yerdə yaşasa da, vəziyyət dəyişmir. Yenə də həyat darıxdırıcı, adamlar acıdil və bədxah görünür ona. Bir dəfə atasının məktubu yadına düşür və onu açır. Görür ki, atası yazıb: “Oğul, mən bilirəm ki, yeni vətənində də həyat səni sıxır. Çünki pis həyat tərzi sürməyin bütün səbəblərini sən özünlə aparmırsan. Məsələn, qüssə gətirən situasiyalarda deyildir, sənin onlara münasibətindədir. İncildə yazılmışdır: “Sənin qəlbin, orada olan fikirlər kimidir”. Evə qayıt və bunları dərk edərək problemlərini həll et”.

Bəli, səbəblər özümüzdədir. Biz öyrəşmişik hər şeyi başqaların üstünə ataq, ən yaxşı halda əsəbi ya şeytanda axtaraq, ya da ki, Allahda.

Amma özünüz də gördünüz ki, gələcəyimiz, onu görmək istədiyimiz cür olacaqdır. Elə isə, niyə də onu yaxşı təsəvvür etməyək, niyə də onu təsəvvür etdiyimiz cür qurmağa çalışmayaq?...

# 2636 dəfə oxunub

Müəllifin son yazıları

# # #